Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda ötən əsrin
ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən
şənbə saylarımızda)
Bağırov və Şəkinski
M.ŞƏKİNSKİ - Azərbaycan Politexnik
İnstitutunun yaradılmasından 10 il keçir. Təəccüblüsü budur
ki, bu ali
məktəbin binasında arxivə münasib
yer tapılmamışdır, qiymətli
sənədlər zirzəmiyə atılmış və
hörümçəklərin "mühafizəsin"nə
verilmişdir. İnstitutun
direktoru bizimlə söhbət zamanı bildirdi ki, sentyabrda
arxivi birinci mərtəbəyə
köçürəcəkdir. Ümid
edirik ki, Əliyev yoldaş vədinə xilaf
çıxmayacaqdır.
Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun rektoru Vəkilov yoldaş arxivi binada yerləşdirsə
də, sənədlər baxımsız haldadır. Arxivin
ştatda olan iki işçisi boş-bekar günlərini
keçirir, mühüm sənədlər isə döşəməyə
atılmış qalaqlar içərisindədir, o cümlədən
institutun Əsasnaməsi. Belə bir biabırçı
faktı göstərmək istəyirəm. Konservatoriyanın
dosenti İsa İsayev 1952-ci ildə APİ-nin qiyabi
şöbəsini bitirmişdir. Onun əmək
kitabçasını axtarıb tapa bilmirlər. Arxivin vəziyyəti
barədə söhbət zamanı partiya təşkilatının
katibi Əlizadə yoldaş gileyləndi ki, rektor Vəkilov vəziyyəti
yaxşılaşdırmaq üçün heç bir təbir
görmür. Vəkilov yoldaş həqiqətən vədinə
əməl etmir. Arxivin sahmana salınması məqsədilə
4 nəfər ayrılacağı havada qalır.
On üç ildir ki,
Azərbaycan Həmkarlar İttifaqları Şurası yenidən
qurulmuşdur. Ancaq şuranın öz arxivi yoxdur. Bizim təkidimizin
nəticəsi olaraq, nəhayət, Ali Sovetin binasının
zirzəmisində 1959-cu ildən bəri saxlanılan sənədlər
AHİŞ binasına gətirilmişdir. Ancaq nə
faydası, burada da kiçik bir otaqda döşəmədə
qalmışdır. Təəssüflər olsun ki, həmkarlar
ittifaqları komitələrində də vəziyyət
yaxşı deyildir. Məsələn, Yerli sənaye və
kommunal təsərrüfatı işçiləri respublika həmkarlar
komitəsində arxiv, nə qədər qəribə
görünsə də, binanın çardağında yerləşdirilmişdir.
Toxuculuq və yüngül sənaye işçiləri
respublika həmkarlar komitəsində arxiv sənədləri
dəhlizdə və əmək mühafizəsi şöbəsində
divanın üstündədir. Arxiv idarəsinin əməkdaşlarının
müəyyən etdiyi kimi, burada 1933-1941-ci illərə aid
vur-tut 11 iş qovluğu mövcuddur. Yüzlərlə dəyərli
sənədlər itirilmişdir. Bu yaxınlarda AHİŞ-in
bufetində su kəmərindən sızmalar nəqliyyat və
şosse yolları işçiləri həmkarlar
ittifaqları respublika komitəsinin binasına dolmuş, arxiv
materiallarının 30 faizi zay olmuşdur.
Hamımıza
yaxşı məlumdur ki, teatrlarımız xalqımız
üçün əvəzsiz mədəniyyət mərkəzləridir.
Buna görə də aktyor və rejissorlarımızın sənədli
irsini göz bəbəyi kimi qorumalıyıq. Teatrlarımızın
arxivləri bu tələblərə cavab verirmi? Əsla yox! M.F.Axundov adına opera və balet teatrı
1924-cü ildən fəaliyyət göstərir. 1932-ci ilədək
arxiv sənədləri yoxdur,
1932-ci ildən başlayan arxiv
materialları isə 33 işdən ibarətdir. Teatrın fəaliyyət
göstərdiyi 28 il ərzində vur-tut 33 arxiv işi?! Bunun üçün kimlər məsuliyyət
daşıyır? Hər şeyi bərpa
etmək mümkündür -
maşınları da, körpüləri
də, binaları da. Ancaq arxiv
sənədinin əslini bərpa etmək mümkün
deyildir, əgər biz
maddi mədəniyyət abidələrini
qoruyub saxlayırıqsa, xalqımızın
yazılı abidələrini - arxiv sənədlərini
gələcək nəsillərə çatdırmaq üçün mühafizə etməliyik.
Xalqımızın
qürur və əzəmət rəmzi olan Sumqayıtda arxivə
münasibət kökündən dəyişilməlidir. Bir
neçə faktı sadalamaq istəyirəm. Sumqayıt
alüminium zavodunun arxivi zirzəmidə yerləşir,
1940-1959-cu illərə aid sənədlər hələ də
işlənib arxivə təhvil verilməmişdir,
ayrı-ayrı şöhələrdədir. Sintetik
kauçuk zavodunda bir çox arxiv sənədi
itirilmişdir.
Sumqayıt Şəhər
İcraiyyə Komitəsinin arxivi müəssisə arxivlərindən
də pis vəziyyətdədir. İcrakomun sədri Ələkbərov
yoldaş və müavini Axundov yoldaş arxiv
materiallarının saxlanılmasına laqeyd yanaşır, nəticədə
Sumqayıtın tarixinə aid sənədlər məhv
edilmişdir. Şəhər arxivi icraiyyə komitəsi
binasının rütubətli zirzəmisindədir. Nə
şəhər partiya komitəsinin katibi, nə də şəhər
sovetinin sədri bir dəfə olsun arxivə baş çəkməmişlər.
Əməkdaşlarımız Sumqayıt şəhər
sovetinin arxivində icraiyyə komitəsinin sessiya və
iclaslarının protokolları əvəzinə... Azərbaycan
KP MK Bürosunun məxfi iclas protokolunu aşkar etmişlər.
Məgər Sumqayıtın rəhbərləri bilmirlər
ki, şəhər arxivində məxfi qərarların
saxlanılması qəti qadağandır? Bu, cinayətdir və
buna yol verənlər cəzalandırılmalıdırlar.
Nazirlik və dövlət
idarə rəhbərləri arasında elələri
vardır ki, hətta arxivin harada yerləşdiyindən xəbərləri
yoxdur. Arxivlər bir qayda olaraq, üçüncü dərəcəli
şəxslərə - təsərrüfat müdirlərinə,
ən yaxşı hallarda dəftərxana müdirlərinə
həvalə olunur. Halbuki Azərbaycan SSR Xalq Komissarları Sovetinin
bu gün də qüvvədə olan 1940-cı il 17 iyul tarixli
qərarında deyildiyi kimi, arxivlər müəssisə rəhbərinin
tabeliyindəki şöbə səlahiyyətindədir.
Soruşulur, respublika hökumətinin qərarına göz
yumanlara kim icazə vermişdir?
Arxiv müdirləri rəhbərlərin
hansı tapşırıqlarını yerinə yetirirlər?
Ali və Orta Təhsil Komitəsinin arxivariusu kabinetlərə
çay aparmaqla məşğuldur. Kommunal Təsərrüfatı
Nazirliyinin arxiv müdiri iş gününü material
çap etməklə keçirir, Ali Məhkəmənin
arxiv müdiri hər gün bir məhkəmə
iclasının katibi təyin olunur.
Respublikanın mərkəzi
dövlət arxivlərində iş şəraitini
yaxşılaşdırmaq üçün hökumət
qayğısına ehtiyacımız vardır. Azərbaycanın
150 illik tarixini hifz edən mərkəzi arxivlərimiz bu
gün də qırx il bundan əvvəlki şəraitdə
olduğu kimi qalmışdır. Buna daha dözmək olmaz.
Axı başqa müttəfiq respublikalarda mərkəzi arxivlər
üçün yeni binalar inşa edilir, Tbilisi, Yerevan,
Aşqabad, Stalinqrad, Velikiye Luki, Saransk, Yoşkar-Ola və digər
şəhərlərdə arxivlər üçün
münasib çoxmərtəbəli binalar tikilmişdir. Ancaq
Bakı şəhərinin baş arxitektoru İvanov yoldaş
Saray şossesindəki kilometryarım uzaqlıqda torpaq sahəsi
ayırır. Bakıda arxiv üçün yeni bina
inşasında niyə digər ölkələrin təcrübəsindən
istifadə etmirik? Məsələn, Fransada arxivlər, bir
qayda olaraq, şəhərin mərkəzində,
yaşıllıqla əhatə olunmuş binalardadır. Onlar
çox düzgün olaraq belə hesab edirlər ki, arxiv nə
qədər şəhərin inzibati-mədəni mərkəzinə
yaxındırsa, ictimayyət üçün sərfəlidir,
vətəndaşlar arxiv sənədlərindən
asanlıqla istifadə edə bilirlər. Bakı baş
arxitektorunun layihəsinə görə isə,
camaatımız bir sənəd üçün
dağda-daşda arxiv ünvanı axtarmalıdırlar.
1959-cu ilin
sentyabrında Bakı Şəhər İcraiyyə Komitəsi
öz qərarı ilə sədr müavini Əliyev
yoldaşa və şəhərin baş arxitektoru İvanov
yoldaşa bir vəzifə olaraq tapşırmışdı
ki, on gün ərzində Bakı şəhər dövlət
arxivi bina ilə təmin edilsin. Doqquz ay keçmişdir, qərar
kağız üzərindədir. Bu barədə Ləmbəranski
yoldaşa müraciətlərimiz də nəticəsiz
qalmışdır. Bakı şəhər dövlət arxivi
Bakı Soveti binasının rütubətli
otağındadır. Biz çalışmalıyıq ki,
bütün arxivləri zirzəmilərdən çıxara
bilək və gələcəkdə bu qızıl mədəniyyət
və tarix fondlarını, zəhmətkeşlərin
yazılı abidələrini işıqlı binalarda yerləşdirək.
Müşavirə iştirakçılarının nəzərinə
çatdırıram ki, Azərbaycan KP MK Bürosu qərara
almışdır ki, 1960-cı ilin oktyabrında nazirlik və
dövlət idarələri arxivlərinə baxış təşkil
olunsun. Baxışın nəticələri Azərbaycan KP
MK-da və respublikanın Nazirlər Sovetində müzakirə
ediləcəkdir. İnanıram ki, ümumi səylərimiz
ilə respublikamızda arxiv işində qayda-qanun və
dönüş yarada biləcəyik.
MÜƏLLİFDƏN.
1960-cı ilin iyulunda hökumət binasında yeganə
müşavirə idi ki, respublika arxiv idarəsinin sədri
yüksək vəzifələrdə çalışan məmurları
sərt tənqid edirdi. Bu məmurlar arasında 1954-1959-cu illərdə
M.C.Bağırovun imzaladığı bir çox qərar və
məktubları maklaturaya qatanlar da vardı. Sumqayıtın
quruculuğunda M.C.Bağırovun tarixi xibmətlərinə
aid materialların şəhər dövlət arxivindən
yoxa çıxması və s. M.Şəkinsi respublikada arxiv
işinin yaxşılaşdırılmasında 1940-cı il
17 iyul tarixli qərara istinad edirdi. Müşavirəyə sədrlik
edən Əli Kərimov da, müşavirədə iştirak
edən nazir müavinləri də yaxşı bilirdilər
ki, bu tarixi qərarı Azərbaycan KP MK katibi
M.C.Bağıorov və Azərbaycan SSR Xalq Komissarları
Sovetinin sədri Teymur Quliyev imzalamışlar. Cəsarətlə
demək olar ki, altmışıncı illərdə Azərbaycan
KP MK-nın birinci katibi Vəli Axundov, Mir Cəfər
Bağırovu - Məmmədəmin Şəkinski idi!
Azərbaycan Dövlət
Arxivində haqqında danışdığımız
müşavirənin stenoqramı saxlanılır. M.Şəkinskinin
məruzəsindən sonrakı hissələrdən bəzi məqamları
nəzərinizə çatdırıram:
ƏLİ KƏRİMOV
- Kim çıxış etmək istəyir?
CAVADOV (Səhiyyə
nazirinin müavini) - Şəkinski yoldaş respublikada arxiv
işinin vəziyyətini hərtərəfli təhlil etdi. Mən
səhiyyə nazirliyinin üvanına deyilən tənqidi
tamamilə qəbul edirəm. Arxivimiz pis vəziyyətdədir.
Şəkinski yoldaşın göstərişi ilə arxiv
idarəsinin 4 nəfər əməkdaşı hazırda
nazirliyə bu sahədə əməli köməklik göstərirlər.
Özüm də Şəkinski yoldaşın yanında
olanda, onun köməkliyi ilə bir neçə çox qiymətli
arxiv materialı ilə tanış oldum. İndiyədək
ağlıma gəlməzdi ki, sən demə, böyük
mikrobioloq və epidemioloq Qamelaya 1901-ci ildə Bakıda
olmuşdur. Biz həmçinin arxivdə adına Bakıda xəstəxana
olan Semaşko haqqında maraqlı materiallarla tanış
olduq. Nikolay Fyodoroviç Semaşko 1901-ci ildə Kazan
Universitetini bitirmiş, 1925-ci ildə şəhərimizə
gəlmişdir.
Ünvanımıza
deyilənlərdən nəticə çıxaracaq və səhiyyə
nazirliyinin arxivini qaydasına salacağıq.
ŞƏKİNSKİ
- Biz isə Sizə köməkliyimizi davam etdirəcəyik.
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2011.-
10-12 sentyabr.- S. 15.