Üzeyir Hacıbəyli Festivalı
başladı
Sentyabrın 18-də Azərbaycan
Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli III Beynəlxalq
Musiqi Festivalının təntənəli
açılış mərasimi olub. Hər il olduğu kimi,
bu il də dahi bəstəkar Üzeyir Hacıbəylinin
doğum günü təntənəli şəkildə qeyd
edilib. Üzeyir Musiqi Günü Fəxri Xiyabanı ziyarətlə
başlayıb. İlk olaraq mərhum prezident Heydər Əliyev
və akademik Zərifə Əliyevanın məzarları
ziyarət olunub. Daha sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin
qəbirüstü abidəsinə gül dəstələri
qoyublar.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev artıq bir neçə
ildir bu günün təntənə ilə qeyd olunduğunu
bildirib. Azərbaycan musiqisinin inkişafında Ü.Hacıbəylinin
böyük xidmətləri olduğunu deyən nazir bu
böyük insanın xatirəsinin heç vaxt unudulmayacağını
vurğulayıb.
Bəstəkara ehtiram əlaməti
olaraq Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"
operasından kompozisiya səslənib.
Tədbir
iştirakçıları Müslüm Maqomayev, Rəşid
Behbudov, Qara Qarayev, maestro Niyazi və digər mədəniyyət
xadimlərinin də məzarını ziyarət ediblər.
Mərasim Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA)
qarşısında davam etdirilib.
Nazir Ə.Qarayev bu
günü sadəcə musiqisevərlərin yox, həm də
bütün Azərbaycan xalqının bayramı olduğunu
deyib: "18 sentyabrın bayram kimi qeyd edilməsi ənənəsi
Heydər Əliyevin 1995-ci ildə bəstəkarın anadan
olmasının 110 illik yubileyi ərəfəsində
imzaladığı sərəncamla qoyulub. Odur ki, hər il
sentyabrın 18-i ölkəmizdə Üzeyir Musiqi Günü
kimi qeyd olunur. Musiqi bayramında 3 ildir ki, Üzeyir Hacıbəylinin
xatirəsinə həsr olunan beynəlxalq festival
keçirilir".
Nazir qeyd edib ki, bu il də
sentyabrın 18-dən etibarən Heydər Əliyev Fondunun dəstəyi
ilə Azərbaycanda 3-cü Beynəlxalq Musiqi Festivalı
başlayır. 12 gün davam edəcək bu tədbirdə
dünyanın bir çox tanınmış musiqiçiləri
iştirak edəcək.
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə
məlumat verib ki, Heydər Əliyev Fondunun təşəbbüsü
ilə "Üzeyir dünyası" layihəsi çərçivəsində
"Ömür salnaməsi", "Üzeyir Hacıbəyli
ensiklopediyası" kitabları, "Bədii və publisistik
əsərləri", "Leyli və Məcnun",
"Koroğlu" operaları, "O olmasın, bu olsun"
musiqili komediyasının klavir, libretto və CD-ləri
işıq üzü görüb.
BMA rektoru, xalq artisti Fərhad
Bədəlbəyli də bu günün təkcə musiqiçilərin
deyil, Azərbaycan xalqının bayramı olduğunu deyib:
"Bu gün müqəddəs gündür. Üzeyir bəyin
anadan olması xalqımız üçün böyük
xoşbəxtlikdir. O, tanrının bizə bəxşidir.
Üzeyir Hacıbəyli olmasaydı, sözsüz ki, Azərbaycan
musiqisi belə inkişaf edə bilməzdi".
Tədbirdə xalq
artisti Rauf Abdullayev, dirijor Yalçın Adıgözəlov və
digərləri Üzeyir Hacıbəylinin çoxşaxəli
yaradıcılığından danışıb, onun
musiqimizin inkişafındakı xidmətlərinin əvəzsiz
olduğunu deyiblər.
Mərasimdə
Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri,
Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi
Hərbi Orkestrinin ifasında dahi bəstəkarın əsərlərindən
parçalar səslənib.
Üzeyir Musiqi Günü bəstəkarın ev-muzeyindəki
tədbirlə davam edib.
Muzeyin direktoru Sərdar
Fərəcov çıxış edərək dahi bəstəkarın
bütün zamanlarda öz təravətini qoruyub saxlayacaq
ölməz əsərlərindən söhbət
açıb.
Mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva Üzeyir bəyin
yaradıcılığına nəzər salıb. Onun
sözlərinə görə, Şərqin ilk
operasının -"Leyli və Məcnun" əsərinin
100 illik yubileyi münasibətilə UNESCO-nun baş qərargahında
təşkil edilmiş tamaşa Azərbaycan musiqisinin
böyüklüyünü bütün dünyaya
nümayiş etdirib.
Muzeydə
"Üzeyir ömrü kitablarda" sərgisi də
açılıb.
III Beynəlxalq
Musiqi Festivalının
açılış mərasimi isə Filarmoniyada
olub. Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunan
festivalın açılışında
çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Üzeyir
Hacıbəylini Allahın Azərbaycan xalqına misilsiz bir töhfəsi olduğunu deyib. Nazir vurğulayıb ki, onun yaradıcı irsi təkcə
öz xalqı üçün
deyil, bütün bəşəriyyət
üçün çox
dəyərli mənəvi sərvətdir: "Zaman keçdikcə Üzeyir
sənəti dünya xalqları tərəfindən
daha çox sevilir, onun əsərləri
heç bir sərhəd
tanımır. Builki festivalın
proqramı olduqca zəngindir. Festivalda Azərbaycanla yanaşı, Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Koreya Respublikası, Macarıstan, Almaniya və digər ölkələrdən
görkəmli ifaçılar, musiqi
kollektivləri iştirak edirlər".
Festivalın
açılış mərasimində Elnarə Kərimovanın
rəhbərlik etdiyi "Buta" kamera xorunun ifasında
Ü.Hacıbəylinin, eləcə də yerli və xarici bəstəkarların
əsərlərindən parçalar səslənib. "Buta"nın
ilk ifasında Böyük Britaniya musiqişünası Conatan
Ratbonenin aranjmanında Ü.Hacıbəylinin "Leyli və
Məcnun" operasından xalq artist Alim Qasımov və əməkdar
artist Fərqanə Qasımovanın solistliyi ilə bir
parça ifa edilib.
"Buta" kamera xoru
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə 2010-cu ilin noyabrında yaradılıb. Xorun əsas məqsədi
Azərbaycan xor musiqisini və müxtəlif dövrlərə
aid olan dünya musiqi nümunələrini milli və beynəlxalq
festivallarda, müxtəlif tədbirlərdə ifa edib
respublikamızı layiqincə təmsil etməkdir.
Qeyd edək ki,
Üzeyir Hacıbəyli adına III Beynəlxalq Musiqi
Festivalı Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilir.
Festival sentyabrın
30-dək davam edəcək.
Ekspress.- 2011.- 20 sentyabr.- S.
23.