Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

 Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə  saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   Əslində nə baş vermişdir? 1920-ci ildə "zirehli qatar"la Azərbaycana gətirilmiş yadellilərin arxivlərdə isti yuva tapmış tör-töküntüləri polkovnik M.Şəkinskinin əmri ilə altmışıncı illərdə bir-bir vaqonlardan düşürülmüşdür, Azərbaycan arxivinin milli zəmində, gənc milli kadrlar hesabına tərəqqisinə addım atılmışdır. Dövlət arxivində tanış oludğumuz iki sənədi oxuculara təqdim edirəm:

 

   "Azərbaycan SSR yerli sənaye naziri Məmmədov yoldaşa

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi nazirliyimizin müdiri vəzifəsinə Suğra Əliyeva yoldaşı təklif edir. S.Əliyeva yoldaş iki ilə yaxındır ki, Arxiv İdarəsində baş inspektor vəzifəsində işləyir, arxiv işinə yaxşı bələddir.

   Məlumat üçün nəzərinizə çatdırıram ki, arxivinizin keçmiş müdiri Barxudarova arxiv materiallarını qanunsuz olaraq məhv etdiyinə görə prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuş, lakin nədənsə xalq məhkəməsi "müdrik hökm" çıxarmışdır - "cüzi əhəmiyyət daşıdığına görə" cinayət işinə xitam verilmişdir.

   Azərbaycan SSR Nazirlər Soveti Yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski.

 

   12 noyabr 1960-cı il."

 

   Arxiv İdarəsi rəisinin Azərbaycan SSR Ali Məhkəməsinin sədri Musayev yoldaşa ünvanladığı rəsmi məktub da maraq doğurur:

 

   "Azərbaycan SSR Ali Məhkəməsində arxiv materiallarının saxlanılması, işlənməsi və uçotu Arxiv İdarəsi tərəfindən konkret göstərişlərə və metodik köməkliyə baxmayaraq, indiyədək qeyri-qənaətbəxş vəziyyətdədir.

   Ali Məhkəmənin arxiv materialları bir-birinə əks istiqamətdə yerləşən üç müxtəlif yerdədir. Keçmiş Ədliyyə Nazirliyinin arxivi zirzəmidə (Telefonnı döngəsi) qalmışdır. Burada 1920-ci ildən 1951-ci ilədək 72 min müəssisənin materialları, başlıca olaraq xalq məhkəmələrinin 27 minə yaxın sənədləri çirkab içindədir. Arxiv müdiri Ayrapetovanın fəaliyyətsizliyi nəticəsində makulatura üçün ayrılmış 20 min iş qovluğu döşəmədə qalaq halında atılıb qalmışdır.

   Azərbaycan SSR Ali Məhkəməsinin arxivi (Poluxin küçəsi 11) də zirzəmidədir. Burada 1920-ci ildən 1954-cü ilədək olan müddətdə 75 min iş saxlanılır. Materiallar baxımsız vəziyyətdədir. Bir hissəsi döşəməyə atılmışdır.

   Azərbaycan SSR Ali Məhkəməsinin və xalq məhkəmələrinin arxiv materiallarının saxlanılmasında, uçotunda və işlənməsində qayda-qanunun bərqərar olunmasını təmin etmək məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsini xahiş edirəm.

   1. Mövcud qaydalara uyğun olaraq, Azərbaycan SSR xalq məhkəmələrinin (1920-1923-cü illər), Azərbaycan SSR Ədliyyə Komissarlığının (1920-1930-cu illər) və Azərbaycan SSR Prokurorunun (1920-1939-cu illər) sənəd materiallarını mərkəzi dövlət arxivinə təhvil verilməsi üçün hazırlamaq.

   2. Cari ilin sonunadək əhəmiyyət kəsb etməyən sənəd materiallarının seçilib ayrılmasını başa çatdırmaq. Azərbaycan SSR Ali Məhkəməsinin bütün arxiv fondlarının tam uçotunu aparmaq, saxlanılması şəraitini yaxşılaşdırmaq.

   3. Dəmir yolu xətti üzrə məhkəmələrin arxiv materiallarının Bakı Dəmir yolu Mərkəzi vağzalının binasına gətirilməsini və münasib otaqda saxlanılmasını təşkil etmək.

   4. Arxiv müdiri Ayrapetova yoldaşı vəzifəsinə uyğun olmadığına görə işdən azad etmək.

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski.

 

   17 oktyabr 1960-cı il."

 

   Araşdırmalar göstərir ki, M.Şəkinski kadr siyasətində Mir Cəfər Bağırov ənənələrini davam etdirmişdir - kadrların hazırlanması işi milli zəmin üzərində qurulmalıdır. Bu cəhətdən 1960-cı il martın 15-də Azərbaycan SSR Ali və Orta İxtisas Komitəsinin sədri professor Şirəli Məmmədova göndərilmiş rəsmi məktub diqqəti cəlb edir:

   "Hörmətli professor! Respublikamızda arxiv işinin olduqca qeyri-qənaətbəxş vəziyyətinin başlıca səbəblərindən biri idarə və rayon arxivlərində ixtisaslı arxiv işçilərinin olmamasıdır. Belə ixtisaslı kadrları hazırlayan bir tədris müəssisəsi respublikamızda yoxdur. Moskva Dövlət Tarix-Arxiv İnstitutu isə Mərkəzi Dövlət Arxivlərində yerləşdirilmək üçün kadrlar hazırlayır. Bunu nəzərə alaraq, Arxiv İdarəsi Sizdən xahiş edir ki, 1960/1961-ci tədris ilindən etibarən respublika kitabxanaçılıq texnikumu nəzdində orta ixtisaslı arxiv işçiləri (arxiv müdirləri) hazırlayan xüsusi şöbə açılsın. Nəzərində tutulan arxiv şöbəsində tədris Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi tərəfindən tərtib edilmiş proqram üzrə Azərbaycan və rus dillərində tədris olunsun, Gürcüstan SSR, Ermənistan SSR və Dağıstan MSSR-dəki Azərbaycan rayonlarından da arzu edən şəxslər texnikuma qəbul olunsun.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi bunu da bildirir ki, şöbənin təşkilində, tədris planının tutulmasında və pedaqoji kadrların seçilməsində Sizə köməklik göstərəcəkdir.

 

   Azərbaycan SSR Arxiv İdarəsinin rəisi M.Şəkinski."

 

   1960-cı il aprelin 2-də Azərbaycan SSR Nazirlər Sovetinin Ali və orta ixtisas təhsili Komitəsindən alınmış rəsmi cavab M.Şəkinskini məyus etsə də, qətiyyətindən döndərə bilməmişdir. Komitənin məktubunda oxuyuruq:

   "1960/1961-ci tədris ilində kitabxanaçılıq texnikumu nəzdində orta ixtisaslı arxiv işçilərinin hazırlanması üzrə xüsusi şöbənin açılması mümkün deyildir. Ona görə ki, texnikuma bütün ixtisaslar üzrə qəbul planı hökumət tərəfindən təsdiq olunmuş və buna müvafiq iş aparılır.

   Məktubunuzda irəli sürdüyünüz məsələ ilə əlaqədar Siz Azərbaycan SSR Dövlət Plan Komitəsinə müraciət edə bilərsiniz.

 

   Komitənin Plan-maliyyə şöbəsinin müdiri S.Hüseynov."

 

   İki gün sonra, aprelin 5-də M.Şəkinskinin imzaladığı aşağıdakı məktub yola salınmışdır:

 

   "Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Plan Komitəsinin sədri Ə.İbrahimov yoldaşa

   Nəzərinizə çatdırıram ki, respublikamızda dövlət idarələrinin və rayonların icraiyyə komitələrinin arxivləri üçün mütəxəssislər hazırlayan heç bir tədris müəssisəsi yoxdur. Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi Sizdən xahiş edir ki, kitabxanaçılıq texnikumu nəzdində orta ixtisaslı arxiv işçiləri hazırlamaq məqsədilə ayrıca şöbə təşkili məsələsinə baxasınız. Arxiv şöbəsində tədris bir il müddətində Azərbaycan və rus dilləində SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş proqram əsasında aparılacaqdır.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski.

 

   5 aprel 1960-cı il."

 

   Nəhayət, M.Şəkinskinin həllini inadla tələb etdiyi bir iş baş tutmuşdur. Azərbaycanın müxtəlif rayonlarından gənclər Bakıya gələrək kitabxanaçılıq texnikumunun arxiv işçisi şöbəsinə daxil olmuşlar. Artıq Arxiv İdarəsi azərbaycanlılardan ibarət kadr ehtiyatı yaratmışdır. Sonrakı illərdə M.Şəkinskini millətçilikdə təqsirləndirən zatıqırıqlara cavabı sərrast olmuşdur: "Necə olur, arxivdə Sverdlovskidən gələnlərə iş yeri tapılır, Siyəzəndən gələnə yox? Bizə ana dilini, ərəb əlifbasını yaxşı mənimsəmiş arxivçilər gərəkdir. Arxiv sənədlərimizin çoxu əski əlifbada, latın qrafikasındadır, yalnız rusca deyildir". Altmışıncı illərdə Azərbaycan vətənpərvərləri ilə Arxiv İdarəsinin rəhbəri canlı ünsiyyət körpüsü yaratmışdı. Bu mənada Azərbaycan Dövlət Arxivində rastlaşdığımız bir məktub diqqəti cəlb edir:

 

   "Arxiv İdarəsinin rəisi polkovnik Şəkinskiyə

 

   Bakı şəhər səhiyyə şöbəsinin 14 N-li şəhər xəstəxanası Sizdən xahiş edir ki, işdən çıxmış və ixtisasca pedaqoq olan L.Qerşkoviçin yerinə xəstəxanamızın arxivinə münasib işçi məsləhət görəsiniz.

 

   14 N-li xəstəxananın baş həkimi İ.R.İsmayılov."

 

   Vətəndaş İ.F.İsaverdiyeva isə K.Y.Voroşilovun bir neçə soydaşımızla olan fotosunu M.Şəkinskiyə göndərmişdir. Arxiv rəisi şəkildəkilərin kimlər olduğunu müəyyənləşdirə bilməmiş, ərkyana bunu K.Y.Voroşilovun üzərinə qoymuşdur. Məktubla tanış olun:

 

   "Sov. İKP MK Rəyasət Heyətinin üzvü K.Y.Voroşilov yoldaşa

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinə vətəndaş İ.F.İsaverdiyeva tərəfindən bir foto-şəkil hədiyyə edilmişdir. Burada Siz həmyerlilərimiz arasındasınız.

   Bu fotonun tarixi əhəmiyyətini nəzərə alaraq, hörmətli Kliment Yefremoviç, Sizdən xahiş edirik ki, məktuba əlavə olunan fotonun harada, hansı şəraitdə çəkildiyini bizə bildirəsiniz.

 

   Ünvanımız: Bakı şəhəri, Malıgin küçəsi, 6.

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."

   Məmmədəmin Şəkinskinin 1960-cı il mart ayının 28-də SSRİ İnşaat Bankının Azərbaycan kontorunun rəis müavini Bəşirzadə yoldaşa rəsmi məktubu xahişnamə deyil, tələbnamədir:

   "SSRİ Nazirlər Sovetinin "SSRİ dövlət arxiv fondu haqqında" 1958-ci il 13 avqust tarixli Əsasnaməsinə uyğun olaraq, Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi bu yaxınlarda İnşaatbankın Azərbaycan Kontorunda arxiv sənədlərinin saxlanılması vəziyyəti ilə tanış olmuşdur.

   Məlum olmuşdur ki, Sizin sərəncamınızla bütün arxiv işi Kontorun dəftərxana rəisinə həvalə edilmişdir ki, bu da SSRİ Nazirlər Sovetinin 13 avqust 1958-ci il tarixli qərarını pozmaq deməkdir. Xahiş edirəm, səhvinizi düzəldəsiniz və arxivi əvəzçiliklə işləməyən mütəxəssisə tapşırasınız. Yalnız bu halda arxivinizin vəziyyətini kökündən yaxşılaşdırmaq, İnşaatbankın Azərbaycan Kontorunun qiymətli sənəd materiallarından elm və xalq təsərrüfatı üçün geniş istifadə etmək mümkündür.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."

 

 

   (ardı var)

 

  Teyyub Qurban

 

            Ekspress.- 2011.- 24- 26 sentyabr.- S.15