Bələdiyyələrin maliyyə
imkanlarını necə artırmalı
İqtisadi
Təşəbbüslərə Yardım İctimai Birliyi
fiziki şəxslərdən əmlak vergisi üzrə vergi
bazasının təkmilləşdirilməsi ilə
bağlı hökumətə tövsiyələr
hazırlayıb
Yerli özünüidarə qurumlarının normal fəaliyyəti
üçün onların maliyyə potensialının
güclü olması vacib şərtdir. Maliyyə
imkanlarının zəif olması bələdiyyələrə
öz səaliyyətlərini tam yerinə yetirməyə
imkan vermir. Nəticədə əhalinin bu qurumlara olan
inamı azalır və cəmiyyətdə bələdiyyələrin
lazımsız qurum olması fikrinin formalaşmasına gətirib
çıxarır.
Yerli özünüidarə qurumları yerli büdcələrdə
toplanan gəlirlər hesabına maliyyələşir.
Statistik məlumatlara görə, yerli büdcələrin gəlirlərinin
təxminən 9%-i fiziki şəxslərin əmlak vergisi
hesabına formalaşır. Fiziki şəxslərin əmlak
vergisi ikinci əsas vergi mənbəyini təşkil edir.
Qanunvericiliklə bələdiyyələrə yerli
vergiləri, o cümlədən fiziki şəxslərdən
əmlak vergisini yığmaq səlahiyyəti verilsə də,
yerli özünüidarə qurumları bu vəzifəni tam
yerinə yetirə bilmirər. Faktiki olaraq bələdiyyələr
üçün tətbiqi məcburi öhdəlik
daşıyan əmlak vergisinin yığımı prosesində
çoxlu problemlər mövcuddur. Bu problemləri
aşağıdakı kimi sistemləşdirmək olar:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
ödəmələr çox aşağı səviyyədədir.
Statistik məlumatlar göstərir ki, 2010-cu ildə ölkə
üzrə əmlak vergisinin proqnozunun icrası 68% təşkil
edib. Ən aşağı yığım Astara, Qobustan,
Saatlı və Gədəbəy rayonlarında qeydə
alınıb. Bu rayonlar müvafiq olaraq proqnoza 1,6%, 2,2%, 3% və
3,3% əməl edə bilib.
Bir sıra bələdiyyələrdə ümumiyyətlə
əmlak vergisini yığmaq təcrübəsi yoxdur. 2010-cu
ildə ölkə üzrə 6 rayonda (Naftalan, Daşkəsən,
İmişli, Mingəçevir, Ağdam və Füzuli) əmlak
vergisi yığılmayıb. Bu rayonlarda cəmi 126 bələdiyyə
fəaliyyət göstərir. Bu onu göstərir ki, ölkə
üzrə bələdiyyələrin ən azı 7,3%-i
fiziki şəxslərdən əmlak vergisi tutmur.
Evlərin inventar dəyərinin olmaması onların
vergiyə cəlb edilməsini mümkünsüz edir. Vergi Məcəlləsinin
198-ci maddəsinə görə, fiziki şəxslərdən
əmlak vergisi onların xüsusi mülkiyyətində olan
binaların inventarlaşdırılmış dəyərindən
tutulur. Ancaq araşdırmalar göstərir ki, fiziki şəxslərdən
əmlak vergisinin vergitutma obyekti olan yaşayış evlərinin
bir çoxunun inventar dəyəri yoxdur. Bu problem
özünü kənd yerlərində qabarıq şəkildə
büruzə verir. Kənd yerlərində evlərin 90%-nin
inventar dəyəri olmadığından onların vergiyə
cəlb edilməsi problem yaradır.
Bəzi hallarda inventar dəyəri olmayan evlər bələdiyyələrin
özləri tərəfindən təxmini qiymətləndirilir
və onlara təxmini vergi məbləği tətbiq edilir. Halbuki
bələdiyyənin bu təşəbbüsü Vergi Məcəlləsi
ilə birbaşa ziddiyyət təşkil edir. Bəzi ərazilərdə
vergi yığımına başqa qurumu cəlb ediblər.
Xüsusilə də şəhər bələdiyyələri
mənzil istismar sahələri (MİS) ilə vergilərin
yığılması məqsədilə müqavilə
bağlayırlar. Bu hal əsasən Bakı şəhərinin
bələdiyyələrinin iş təcrübəsində
rast gəlinir. Vergi Məcəlləsinə görə,
MİS-lərin və bu tipli qurumların vergi
yığımı fəaliyyətini həyata keçirməsi
tam qanunsuzdur.
İqtisadi Təşəbbüslərə Yardım
İctimai Birliyi fiziki şəxslərdən əmlak
vergisinin yığım səviyyəsini artırmaq
üçün hökumətə 3 mexanizm təklif edir:
1-ci mexanizm: Fiziki şəxslərin mülkiyyətində
olan daşınmaz əmlakın (evlərin) kütləvi
inventarlaşdırılmasının təşkili. Bu
mexanizmin dövlət büdcəsi vəsaiti hesabına
ölkə ərazisində olan bütün yaşayış
evlərinin kütləvi
inventarlaşdırılmasını nəzərdə tutur.
Evlərin inventarlaşdırılması Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidmətinin ərazi idarələri tərəfindən
həyata keçirilir.
2-ci mexanizm: Fiziki şəxslərin əmlakının
bazar dəyəri əsasında vergiyə cəlb olunması.
Hazırda əmlakın inventar dəyəri əsasında
vergiyə cəlb olunma qaydalarından tamamilə imtina olunaraq
mülkiyyətin bazar dəyəri əsasında vergitutma
mexanizmi tətbiq edilir.
3-cü mexanizm: Əmlakın sahəsinin
ölçüsünə görə fiziki şəxslərin
əmlakının vergiyə cəlb olunması. Təklif
olunan bu mexanizm fiziki şəxslərin mülkiyyətində
olan bina və tikili qismində əmlakın dəyərinə
görə deyil, sahəsinin ölçüsünə
uyğun olaraq vergiyə cəlb olunmasını nəzərdə
tutur. Hazırda dünyanın bir sıra ölkələrində,
o cümlədən Polşa, Çexiya, Finlandiya, Ukraynada
fiziki şəxslərin əmlakının bu üsulla vergiyə
cəlb olunması təcrübəsindən istifadə olunur.
Məsələn, Polşada fiziki şəxslərin
mülkiyyətində olan yaşayış fondunun hər
kvadratmetrinə görə 0,14 ABŞ dolları, kommersiya məqsədilə
istifadə edilən mülkiyyət obyektlərinin hər
kvadratmetri üçün isə 4,2 ABŞ dolları əmlak
vergisi hesablanır. Ukrayna artıq 2012-ci il yanvarın 1-dən
etibarən əmlak sahəsinin həcminə görə fiziki
şəxslərin mülkiyyətindən vergitutma mexanizminin
tətbiqinə keçəcək. Çexiyada çoxmərtəbəli
mənzillərin hər kvadratmetri üçün 0,06 dollar,
bağ evlərinin və fərdi evlərin hər kvadratmetri
üçün 0,2 dollar, kommersiya məqsədli əmlakın
hər kvadratmetri üçün 0,25 dollar baza vergi məbləği
müəyyən olunub.
Əmlak vergisi dünyanın 130-a qədər ölkəsində
tətbiq edilir. Əksər ölkələrdə bir qayda
olaraq vergi bazası əmlakın bazar dəyəri əsasında
hesablanması mexanizmi tətbiq edilir. Sosial ədalətlilik və
iqtisadi səmərəlilik baxımından bu baza ən
uğurlu mexanizm sayılır.
İqtisadi Təşəbbüslərə Yardım
İctimai Birliyinin ekspertləri hesab edir ki, ilkin dövr üçün
hökumət 1-ci mexanizmi reallaşdıra bilər. Ancaq
sonrakı dövrdə Azərbaycanda da 2-ci mexanizm - əmlak
vergisinin bazar dəyəri əsasında hesablanma mexanizminə
keçidi təklif edilir.
Təşkilat bu mexanizmin reallaşdırılması
üçün aşağıdakı addımların
atılmasına ehtiyac olduğunu qeyd edir:
1. Fiziki şəxslərdən əmlak vergisi üzrə
vergi bazasına dəyişiklik edilir. Fiziki şəxslərin
bina və tikili formasında daşınmaz əmlakının
inventar dəyəri əsasında vergiyə cəlb edilməsi
praktikasından imtina edilir və bu əmlak qanunvericiliklə
müəyyən edilmiş hüquqi mexanizmlərə
uyğun olaraq bazar dəyəri əsasında qiymətləndirilir
və vergiyə cəlb edilir.
2. Vergiyə cəlb edilən əmlak təsnifləşdirilir.
Fiziki şəxslərin mülkiyyətindəki vergiyə cəlb
edilməli bina və tikili formasında olan əmlakın dəqiq
təsnifatı verilir. Bu təsnifat aşağıdakı
kimi qruplaşdırıla bilər:
l Yaşayış məqsədilə istifadə
olunan mülkiyyət. Bura torpaq sahəsinə malik olan və
olmayan fərdi evlər, çoxmərtəbəli binalarda
yerləşən mənzillər və bağ evləri daxil
edilə bilər;
l Qarajlar;
l Sosial və məişət məqsədli müxtəlif
xidmətlərin göstərilməsi üçün istifadə
olunan obyektlər;
l Yuxarıda təqdim olunan təsnifat qrupuna aid olmayan
digər obyektlər.
3. Vergi dərəcələrinin mövcud həddinə
dəyişiklik edilir. Vergi Məcəlləsində təsbit
olunacaq əmlak təsnifatına uyğun olaraq mövcud bazar dəyəri
əsasında fiziki şəxslərin mülkiyyəti
üçün aşağıdakı vergi dərəcələri
müəyyən edilə bilər:
n Yaşayış məqsədilə istifadə
olunan bina və tikililər üçün - əmlakın
bazar dəyərinin 0,1%-i qədər;
n Qarajlar üçün - əmlakın bazar dəyərinin
0,5%-i qədər;
n Sosial və məişət məqsədli müxtəlif
xidmətlərin göstərilməsi üçün istifadə
olunan obyektlər üçün - əmlakın bazar dəyərinin
1,0%-i qədər;
4. Əmlakın
vergitutma bazası azaldılır. Əmlak
sahiblərinin vergi yükünün
artmasına imkan verməmək, vergidən
yayınma hallarının qarşısını almaq, əhalinin daha geniş hissəsini vergiyə cəlb etmək,
əhalidə vergi mədəniyyətini
yüksəltmək məqsədilə vergitutma
bazası azaldıla bilər. Bunun
üçün qanunvericilikdə əmlakın
bazar dəyərinin 50-60%-i intervalında
məbləği əmlakın vergitutma
bazası hesab edilə bilər.
5. Vahid elektron vergi reyestri yaradılır. Daşınmaz əmlakın vergiyə
cəlb edilməsi məqsədilə vahid elektron vergi reyestri yaradılır.
Reyestrə hər bir əmlak üzrə kadastr nömrəsi açılır,
həmin nömrəyə
uyğun yaradılan məlumat kataloqunda mülkiyyətin növü,
mülkiyyətə sahiblik
hüququ, istifadə hüququ, istifadə vəziyyəti, sahəsinin
həcmi, yerləşmə
ünvanı, müqayisəli
satış üsuluna
əsasən sonuncu qiymətləndirmədə əmlak
üzrə müəyyən
olunan bazar dəyəri və s. barədə ətraflı
məlumatlar daxil
edilir.
6. Kütləvi qiymətləndirmə
mexanizminin hüquqi əsasları yaradılır
və qiymətləndirməyə
başlanılır. "Qiymətləndirmə fəaliyyəti
haqqında" qanuna və Vergi Məcəlləsinə
müvafiq dəyişikliklər
edilərək kütləvi
qiymətləndirmənin hüquqi
əsasları yaradılır.
Daşınmaz Əmlakın Dövlət
Reyestr Xidməti yanında daşınmaz əmlakın qiymətləndirilməsi
üzrə komissiya yaradılır. Komissiyaya
Vergilər, Maliyyə
və Ədliyyə nazirliklərinin, həmçinin
bələdiyyə assosiasiyaları
nümayəndələri daxil
edilir. Komissiya ölkə üzrə
daşınmaz əmlakın
kütləvi qiymətləndirilməsi
proseslərinə nəzarət
edir.
7. Əmlak vergisi
bütünlüklə yerli
vergilərə daxil edilir. Hüquqi şəxslərdən əmlak vergisi dövlət vergisi statusundan çıxarılır
və yerli vergilərə daxil edilir. Bunun üçün Vergi Məcəlləsinin
müvafiq maddələrinə
dəyişikliklər edilir.
Hüquqi şəxslərdən əmlak vergisi üzrə vergi bazası "orta illik qalıq dəyəri" əsasında
yox, "bazar dəyəri" əsasında
hesablanması mexanzminə
keçir. Yığılan vergi hüquqi şəxsin yerləşdiyi
ərazinin yerli büdcəsinə köçürülür.
Təşkilatın ekspertləri hesab edirlər ki, hətta
tövsiyələrin qəbulu fiziki şəxslərdən əmlak
vergisi yığımı problemini tam həll edə bilməyəcək.
Bunun üçün mövcud vergiyığma mexanizmlərinin təkmilləşdirilməsi
və ya yeni mexanizmlərin işlənməsi tələb
olunur. Ekspertlərin fikrincə,
yerli vergilərin, o cümlədən fiziki şəxslərdən əmlak
vergisinin yığım
səviyyəsini artırmaq
məqsədilə vergiyığımı
işinin dövlət
vergi orqanına - Vergilər Nazirliyinə həvalə edilməsi bu mexanizmlərdən biri ola
bilər.
Təkliflər Böyük Britaniyanın
"Oxfam" və Almaniya Beynəlxalq Əməkdaşlıq
təşkilatlarının birgə dəstəyilə həyata
keçirilən "Azərbaycanın Mərkəzi Regionunda
yerli idarəçilik və inkişafa vətəndaşların
cəlbi və bələdiyyələrin
bacarıqlarının artırılması" layihəsi
çərçivəsində İqtisadi Təşəbbüslərə
Yardım İctimai Birliyi tərəfindən
hazırlanıb.
Ekspress.- 2011.- 29 sentyabr.- S. 8.