"Yeni
İl şənliyində qış möcüzəsi"
Heydər Əliyev Sarayı dördgünlük konsertlə
uşaqları sevindirdi
Heydər Əliyev Sarayında 2-5 yanvarda
Yeni İl bayramı münasibətilə xüsusi proqram təşkil
edilib. APA-nın məlumatına görə, "Yeni İl
şənliyində qış möcüzəsi" adı
altında baş tutan konsertdə "Çiçəyim"
uşaq teatrı, "Dəcəl qızlar", "Səyyah",
"Azəri inciləri" və "Şənlik" rəqs
kollektivləri çıxış edib.
Konsertdə sarayda yeni istifadəyə verilən
LED ekranlardan da istifadə edilib. Proqram başlamazdan əvvəl
uşaqlar darıxmasınlar deyə ekranda (HD formatda) cizgi
filmləri göstərilib. Saray rəhbərliyi LED ekranlar
üçün Moskvadan xüsusi kompüter effektləri
sifariş edib. Sarayın foyesində animatorlar olub və
uşaqlar tanınmış cizgi filmləri qəhrəmanları
tərəfindən qarşılanıblar. Yeni ilin
atributları sayılan Şaxta Baba və Qar Qız da
uşaqları təbrik edənlər sırasında olub.
Konsert boyu uşaqların əyləncəsinə rəng
qatacaq lazer şousu da təşkil edilib.
Adəti üzrə Heydər Əliyev
Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ
müharibəsi şəhidləri, əlilləri və
iştirakçılarının ailələri, Ramana, Zabrat,
Maştağa, Mərdəkanda yerləşən uşaq evlərinin,
eləcə də Daun sindromlu psixi nevroloji dispanserin sakinlərinə
yerlər verib. Hər gün 100 yer sözügedən
uşaqlar üçün ayılıb və onlara Saray tərəfindən
hazırlanan xüsusi hədiyyələr verilib.
Ekspress.- 2011.- 6 yanvar.- S. 14.