Azərbaycanlı rəssamın daha bir uğuru

 

Mehriban Əfəndi "Cinema & Costume Moulins" festivalında ən yaxşı geyim rəssamı kimi ödülə layiq görülüb

 

Avropanın beynəlxalq "Radiance" mükafatını qazanmış sürrealist Azərbaycan rəssamı, həmçinin, bir çox Azərbaycan filmlərində çalışan geyim quruluşçu rəssam Mehriban Əfəndi daha bir beynəlxalq mükafat qazanıb.

Mehriban Əfəndinin "Lent.az"a verdiyi məlumata görə, o, Fransada keçirilən Beynəlxalq "Cinema & Costume Moulins" festivalında ən yaxşı geyim rəssamı kimi ödülə layiq görülüb. Bu ödül azərbaycanlı rəssama alman kino rejissoru Veit Helmerin "Absurdistan" filmindəki geyim rəssamı kimi işinə görə verilib.

M.Əfəndinin sözlərinə görə, artıq üçüncü dəfədir "Absurdistan" filmi "ən yaxşı geyim" mükafatını alır: "50-dən çox kino festivalının iştirakçısı olan bu film komediya janrında ümumbəşəri sevgi mövzusundadır. 2007-ci ildə Azərbaycanda çəkilən bu filmə 20-dən çox xarici tanınmış Azərbaycan aktyorları cəlb olunub. Quruluşçu rəssam kimi isə tək mən çalışmışam. Əslində, bu layihədə bir çox azərbaycanlı kino işçiləri yer ala bilərdi. Təəssüf ki, tək bir əngəl ingilis dilini mükəmməl bilməməkləri oldu. Ancaq mənim fikrimcə, Azərbaycan kino işçiləri bir çox beynəlxalq nailiyyətlər qazanmağa layiqdirlər".

 

 

Ekspress.- 2010.- 6 yanvar.- S.14.