Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

1890-cı ildə Tiflisdə "doğulmuş", qurultayları Avropa ölkələrində, Misirdə və digər yerlərdə keçirilmiş "vətənsiz" terrorçu partiya 18 yaşında Azərbaycan türklərinin əzəli torpaqlarını ermənilərə vətən etmək xülyasına düşmüşdü. "Daşnaksutyun"un Bakı komitəsinin sədri S.F.Mkrtıçyan "Cənubi Qafqaz ərazisini əhatə edən" "Böyük Ermənistan" yaratmaq üçün türklərin qətliamını təşkil edən "Daşnaksutyun"un liderləri arasında idi. 1918-ci ildə Azərbaycan türklərinin ta qədimlərdən yaşadıqları yerlərdə genosidin mahiyyəti bundan ibarətdi, millətimizin taleyi amansız təhlükə qarşısında qalmışdı... Bu təhlükəni dəf etmək yolunu öz əzəli torpağında doğulmuş "Müsavat" firqəsi və onun yaradıcısı Məhəmməd Əmin Rəsulzadə tapdı, 7 yaşlı "Müsavat" 18 yaşlı "Daşnaksutyun"un kürəyini yerə vurdu! M.Ə.Rəsulzadənin təşəbbüsü ilə Azərbaycanda bolşevik-daşnak rejiminə son qoymaq üçün Azərbaycan Xalq Cümhuriyyətinə hərbi köməklik göstərmək məqsədilə Osmanlı dövlətinə müraciət olundu. Azərbaycana göstəriləcək hərbi yardım general-leytenant Nuru paşaya tapşırıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və bütün azəri türklərinin dəstəyi ilə Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Gəncədən Bakıya qədər zəfər yolu qət etdi... 1918-ci ildə Azərbaycan paytaxtının açarını Leninin və daşnakların əlindən almış Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadə hələ 1918-ci ildə türk dünyasının əvəzedilməz bayraqdarı olduğunu sübut etmişdir, onu bu gün Atatürk də daxil olmaqla iyirminci əsrin heç bir şəxsiyyəti ilə müqayisə etmək olmaz. Ulu öndər 1919-cu ildə, Bakının azad edilməsinin ildönümündə "Haqq yerini tutan gün" məqaləsində yazırdı: ""Hər millət müstəqil olaraq yaşaya bilər" - deyə dünyaya qarış nümayişlər yapan bolşeviklər Bakını əldən vermək istəməmişlərdi. "Bakı Sovet Rusiyasından ötrü lazımdır" - deyə Azərbaycan demokratiyasına qəsd etmiş, xoşbəxtliyini türk bədbəxtliyi üzərində quran qüvvələrlə ittifaq bağlamış, mart hadisələri ilə başlayaraq Bakıda axıtdıqları qan seylablarilə Azərbaycanın atəş müqəddəslərini söndürmək istəmişlərdi. Bir tərəfdə bolşevik, daşnaksutyun, menşevik, kadet, daha sonra ingilis, əlavə olaraq alman qüvvələri, digər tərəfdən isə Türkiyə-Azərbaycan qüvvəti qarşı-qarşıya gəlmişdi. Birinci tərəf Bakını Azərbaycandan ayırmaq surətilə siyasi bir qətl icra etmək istəyir, digər tərəf isə son qətrə qanını axıtmaqla olsa da, haqqı yerinə oturtmaq istəyirdi. Azərbaycan türkü mayın 28-də istiqlalını elan eyləmiş, sentyabrın 15-də qəsbkarlar əlində inildəyən paytaxtını xilas etmişdir".

...1920-ci ilin fevralında Azərbaycan bolşeviklərinin birinci qurultayının iştirakçıları arasında Mir Cəfər Bağırovu görməyənlər 1955-ci ildə onun 1918-ci ildə Kürdəmir döyüşündə türklərə əsir düşdüyünü "müəyyən etmiş", bu barədə Moskvaya istintaq materiallarına daxil edilməsi üçün arayış göndərmişlər. Görünür, M.C.Bağırov 1918-ci ildə daşnaklara və onların bolşevik havadarlarına qoşularaq türk qanını tökməkdənsə, türklərə könüllü əsirliyə üstünlük vermişdir. Bəs "uşaqlığı Bağırovun uşaqlığı ilə bir yerdə keçən" Ağababa Əsgər oğlu Yusifzadənin və onun katiblik etdiyi qurultay nümayəndələrinin taleyi necə olmuşdur?

1920-ci il fevralın 11-də Azərbaycan Kommunist firqəsi bolşeviklərinin birinci (gizli) qurultayında 116 nəfər nümayəndə (74 nəfər "Hümmət"çi, 10 nəfər "Ədalət"çi, 32 nəfər "Bakı limanı təşkilatı"ndan və RSDF(b)P-dən) yekdilliklə Lenindən sonra L.D.Trotskini quraltayın rəyasət heyətinə seçmişlər. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra "Bakı limanı təşkilatı"ndan olanlar da inqilabdan qabaq hansı partiyaya mənsub olduqlarını gizlədərək ÜİK(b)P üzvünə çevrildilər. Birinci qurultayın milliyyətcə türk (azərbaycanlı) nümayəndələri isə tərcümeyi-hallarında və kadr anketində "Hümmət" və ya "Ədalət" partiyasının vaxtilə üzvü olduqlarının üstündən xətt çəkmədilər. Məsələn, Azərbaycan bolşeviklərinin birinci qurultayında təftiş komissiyasının üzvü olmuş Əyyub Şirin oğlu Xanbudaqov sonrakı dövrdə Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri, AHİŞ-in sədr müavini, Azərbaycan K(b)P MK katibi və s. vəzifələrə irəli çəkilmişdi. 1936-cı il dekabrın 18-də SSR İttifaqı Xalq Daxili İşlər Komissarlığının həmin il avqustun 5-də imzalanmış 4470 nömrəli qərarına əsasən həbs edilmişdi.

Ə.Ş.Xanbudaqovun öz dəst-xətti ilə doldurduğu şəxsi vərəqində "1918-ci ilin yanvarından "Hümmət" partiyasının üzvü" yazılmışdır.

1956-cı il aprelin 26-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının ədliyyə general-leytenantı Çentsovun (sədr), kollegiya üzvləri ədliyyə polkovniki Kovalenkovun, ədliyyə polkovniki Kostrominovun, kollegiya katibləri kapitan Afanasyevin və ədliyyə kapitanı Smirnovun, SSRİ-nin Baş Prokuroru Rudenkonun, vəkillər Qavrilovun, Kutenkonun, Boqaçovun, Semnoqskinin, Aprakskinin və Qrinevin iştirakı ilə keçirilmiş iclasının hökmündə isə repressiyanın guya Azərbaycanda Bağırov tərəfindən həyata keçirildiyi göstərilir. Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Ə.Ş.Xanbudaqovla əlaqədar həqiqəti üzə çıxaran tutarlı bir sənəd saxlanılır. Sənədi arxivin 1958-ci ildə direktoru olmuş Qəzənfər Hüseyn oğlu Mehdiyev imzalamışdır. O zaman Azərbaycan KP MK yanında partiya tarixi institutu - Sov. İKP MK yanında marksizm-leninizm institutunun filialının arxiv direktoru Azərbaycan KP MK yanında partiya komissiyasının sədri İsmayıl Əsgərov yoldaşa Mərkəzi Komitənin 1958-ci il 28 mart tarixli məktubuna cavab olaraq yazırdı: "Xanbudaqov Əyyub Şirin oğlu əksinqilabi trotskiçi millətçi kimi Xalq Daxili İşlər Kolmissarlığı tərəfindən həbsə alınmış Voroşilov rayon partiya komitəsi bürosunun 1937-ci il 28 yanvar tarixli qərarı ilə partiya sıralarından xaric edilmişdir".

MÜƏLLİFDƏN. Mir Cəfər Bağırov dövründə bir sıra məsul vəzifələrdə çalışmış arxiv direktorunun 1956-cı il avqustun 15-də dəst-xəttilə yazılmış tərcümeyi-halı ilə tanış oluruq: "Mən, Mehdiyev Qəzənfər Hüseyn oğlu 1910-cu ildə kəndli tacir ailəsində XANKƏNDİdə, indiki Stepanakertdə anadan olmuşam. Atam 1912-ci ildə vəfat etmişdir. Atasız qalmış bizi - üç qardaşı iki bacını dayımız, anam nənəmiz saxlamışdır. Dayım Canhəsən kəndinin yoxsul kəndlilərindəndi, hazırda kənd soveti sədri işləyir. Anam nənəm xalça corab toxuyardılar. 1918-ci ildən 1921-ci ilədək mən Kosalar kəndində qolçomaq Murtuzanın muzduru olmuşam. 1921-1925-ci illərdə ibtidai təhsil aldıqdan sonra, 1925-ci ildən 1929-cu ilədək Şuşa pedaqoji texnikumunda oxumuşam. Texnikumu bitirərək, 1929-1931-ci ildə Quba rayonundakı 1-ci Nügədi kəndi orta məktəbinin direktoru, 1931-1932-ci ildə Kirovabadın Sərkər kənd onillik məktəbində pedaqoq olmuşam.

1932-ci ildə Moskva Dövlət Pedaqoji İnstitutunun pedaqoji fakültəsinə qəbul olunmuş, 1936-cı ildə ali təhsil diplomu ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının sərəncamına göndərilmişəm. 1936-cı ildən 1938-ci ilədək Bakı şəhərindəki 20-ci məktəbdə pedaqoq, sonra isə Xalq Maarif Komissarlığında təlimatçı işləmişəm. 1938-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1941-ci ilədək burada təhsil almışam. Aspiranturanı bitirdikdən sonra Azərbaycan SSR Maarif Nazirliyinin sərəncamına göndərilmişəm. Nazirliyin sərəncamı ilə Şuşa Dövlət Müəllimlər İnstitutuna göndərilmiş, institutda dekan vəzifəsində müəllim işləmişəm. Tarix fakültəsinin bağlanması ilə əlaqədar Maarif Nazirliyinin qərarı ilə Kirovabad Dövlət Müəllimlər İnstitutunun tədris-elmi işlər üzrə direktor müavini təyin olunmuşam. Beləliklə, 1942-ci il sentyabrın 5-dən 1943-cü il oktyabrın 25-dək Kirovabadda işləmişəm, öz xahişimlə işdən azad edilmişəm. 1943-cü il oktyabr ayından Azərbaycan K(b)P Bakı Komitəsinin Kirov adına təbliğat təşviqat evinin mühazirəçisi, 1951-ci ilin iyun ayının 25-də V.İ.Lenin adına muzeyin direktoru vəzifəsinə təyin olunmuşam. 1952-ci ilin fevralında Bolqarıstana ezam edilmiş, 1952-ci ilin avqustunadək orada işləmişəm. Xəstələndiyimə görə, Bakıya qayıtmış 1953-cü il may ayının 1-dən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı təyin olunmuşam hazırda bu vəzifədə çalışıram.

İmza: Qəzənfər Mehdiyev

15 avqust 1956-cı il."

Araşdırma göstərir ki, 1956-cı ildə, M.C.Bağırovun məhkəməsindən sonra "Stepanakert"dən əvvəl "Xankəndi" yazan ilk xadim indiki Siyasi Sənədlər Arxivinin sabiq direktorlarından biri Qəzənfər Mehdiyev olmuşdur. Təəssüflər olsun ki, M.C.Bağırov dövrünün kadrlarından olan bu şəxsin adına Azərbaycan Sovet Ensiklopediyasında yer verilməmişdir. Təəccüblüsü bir budur ki, Q.Mehdiyevin doğulduğu "Xankəndi" ASE-nin 1987-ci ildə buraxılmış onuncu cildində yoxdur. "X" hərfi ilə başlayan məqalələr arasında Çindəki "Xandan" şəhəri var, Azərbaycanın tarixi məskəni "Xankəndi" yoxdur. Görünür, 1946-cı ildə Qarabağı "Arsak" adlandırmış daşnak Marietta Şaginyanı 1947-ci ildə Bakıdan qovmuş Azərbaycan rəhbərinin 1956-cı ildəki "Rudenko-Bağırov" dialoqu yada düşmüşdür:

RUDENKO - Müttəhim Bağırov, 1947-ci ildə Nizami təntənələrinə gələn Marietta Şaginyanı siz qəbul etməyib, hələ üstəlik təhqir etmişdiniz, nə üçün?

BAĞIROV - Əsərlərində Qarabağ və Naxçıvan torpaqlarına göz dikdiyi üçün. Mənimlə görüşmək istəyirdi, rədd etdim, dedim ki, nə qədər istəyir verin yeyib-içsin və çıxıb-getsin!

Yeri gəlmişkən, sonralar Şaginyan Azərbaycana dəvət edilmiş, xalqımızın qatı düşməninə "Azərbaycan SSR əməkdar elm xadimi" adı verilmişdi.

"Xankəndi" isə mərhum arxiv direktorunun tərcümeyi-halının ilk cümləsində odlana-odlana qalmış və qalmaqdadır...

 

 

Teyyub Qurban

 

Ekspress.-2011.- 8-10 yanvar.-S. 15.