Dahilər çox gec başa düşülür, amma tarixin yaddaşında əbədi qalırlar

 

Lütfi Zadə Tehranda ingilis təmayüllü "Albroz" adlı peresvitran missioner kollecində təhsilini davam etdirmiş, sonralar Tehran universitetinin mühəndis-elektrik fakültəsinə daxil olmuşdu.

1942-ci ildə həmin universitetdə təhsilini uğurla başa vuran gənc alim Amerika Birləşmiş Ştatlarına gedir. Lütfi Zadə 1944-cü ildən ABŞ-da yaşayır. 1946-cı ildə Masaçusset Texnologiya İnstitutunu bitirib. 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya universitetində doktorluq dissertasiyası müdafiə edib professor elmi dərəcəsi alıb. Bir müddət bu universitetdə çalışdıqdan sonra dünya şöhrətli alim Norbert Vinerin təşəbbüs və təkidi ilə Berklidəki Kaliforniya universitetinə keçib. Elə həmin vaxtdan professor Lütfi Zadə fasiləsiz olaraq bu universitetdə çalışır.

Harada işləməsindən asılı olmayaraq professor Lütfi Zadədə elmi araşdırmaya, yenilik yaratmağa güclü meyl və maraq olmuşdur. Berklidəki Kaliforniya universitetində işlədiyi dövrlərdə bu işə daha geniş meydan yaranmışdır. Ardıcıl elmi araşdırmalar nəticəsində 1965-ci ildə onun "Qeyri-səlis məntiq nəzəriyyəsi" meydana gəlmişdir. Misilsiz elmi əhəmiyyətə malik olan bu nəzəriyyə elə ilk andan Amerika elmi ictimaiyyəti tərəfindən soyuq qarşılanmış və nə az, nə də çox, düz 20 il bu soyuq münasibət beləcə davam etmişdir. Ayrı-ayrı dönəmlərdə həm Lütfi Zadənin özünə, həm də yeni elmi kəşfinə hücumlar olmuşdur. Hətta çox sonralar, bu unikal kəşfin praktik nəticələri Yaponiyada böyük əks-sədaya səbəb olanda belə Amerika elmi ictimaiyyəti professor Lütfi Zadənin yaxasından əl çəkməmiş, onun yeni elmi istiqamətini "yalançı", "zərərli" elmi istiqamət adlandırmışlar. Çox da uzaq olmayan bir zaman kəsiyində - 1989-cu ildə ABŞ-ın Milli Elmi Cəmiyyəti qəflətən Berklidəki Kaliforniya universitetinin professoru Lütfi Zadənin qeyri-səlis məntiqə aid dərsliklərinin elmi kitabxanalardan yığışdırılması, müsadirə edilməsi, "yalançı elm" olduğu üçün dərsliklərdən, dərs proqramlarından çıxarılması məsələsini ortaya atmışdır. Amma Amerika Milli Elmi Cəmiyyəti tərəfindən həyata keçirilən bu "təmizləmə" əməliyyatı öz müsbət bəhrəsini verməmişdir. Çünki artıq professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi öz praktik bəhrəsini verməyə başlamışdı. Bu nəzəriyyə ilkin olaraq dünya informasiya texnologiyalarında çox ciddi dəyişikliklərə səbəb olmuş, diqqəti çəkən irəliləyişlər yaratmışdır. Həmin səbəbdən də başabəla Amerika elm məmurları bu yeni riyazi fənnin və onun tətbiqinin inkişafını dayandıra bilmədilər. Professor Lütfi Zadənin bu elmi nəzəriyyəsi, elmi kəşfi ilk öncə çox şeyi özünə yaxın buraxmayan Gündoğan ölkə adlandırdığımız Yaponiyanın nəhəng sənaye və elektron şirkətlərində öz tətbiqini tapdı.

Məqam düşmüşkən onu deyək ki, professor Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsini ortaya qoymaqla həm dünya şöhrəti qazandı və həm də yeni riyaziyyatın əsasını, bünövrəsini qoydu. Bununla da həm dəqiq, həm də ictimai elmlərdə dərin iz buraxdı. Onlara yeni yanaşma üsulları yaratdı. Lütfi Zadə öz qeyri-səlis məntiq nəzəriyyəsinin kökündə duran modeli əsaslı surətdə həyata yaxınlaşdırdı, reallığa körpü saldı. Hazırda sənayenin bir çox sahələri qeyri-səlis məntiq üzərində qurulub. Müasir kompüter, paltaryuyan maşın, fotoaparatlar və s. qeyri-səlis məntiq nəzəriyyəsi əsasında hazırlanır və gəlirlər milyardlarla ölçülür.

Bu yerdə Lütfi Zadə ilə əlaqədar önəmli bir cəhəti qabartmaq yerinə düşərdi. Bu onun güclü türk inadkarlığı xarakterinə malik olma xüsusiyyətidir. Bəli, onun xarakterinin əsas aparıcı xüsusiyyətlərindən biri və ən başlıcası türk inadkarlığıdır. Başladığı işi mütləq axıra çatdırmaq cəhdidir. O, məqsədinə çatmamış heç vaxt geri çəkilən deyil. Məşhur olmaq üçün ona nə az, nə çox düz 25 il, onun kəşfinin qiymətləndirilməsi üçün isə 30 il lazım oldu. Başqaları bəlkə də buna tab gətirməzdi. Amma Lütfi Zadə bu məşəqqətlərə dözdü və qələbə çaldı. 1995-ci ildə Lütfi Zadə təşkilatında elektrik və elektronika üzrə 300 min alim-mühəndisi olan İEEE-nin Şöhrət medalını aldı. Təqdimat mərasimi Vaşinqtonda keçirildi. ABŞ da, dünya kütləvi informasiya vasitələri də Lütfi Zadəni tanıdı və qəbul etdi. Elə bunun nəticəsidir ki, bir vaxtlar Amerikada zərb-məsələ çevrilmiş "Nyutondan başlayan dünya elmi Eynşteyndə qurtarır" deyimi indi "Nyutondan başlayan dünya elmi Lütfi Zadədə qurtarır" deyimi ilə əvəzlənmişdir.

Bir ömürdə çoxlu sayda elmi nəzəriyyə irəli sürən və dünya elmində inqilabi çevriliş yaradan professor Lütfi Zadə XX və XXI əsrin ən böyük elm nəhəngidir. Müqayisə həmişə xətalıdır, ancaq daha anlaşıqlıdır. Fikir verin, Albert Eynşteyn elmin fizika sahəsində inqilab etdi və özünə kimi Nyuton mexanikasının hər şeyə qadir olduğu fikrini aradan qaldırdı. Nəticədə bu və ya digər elmi nəzəriyyələrin və ideyaların işləmə sərhədləri müəyyən edildi. Aydın oldu ki, bu sərhədə kimi Nyuton mexanikası - yəni klassik mexanika işləyirdi. Amma bundan sonra yüksək sürətlər mexanikası, Eynşteyn nəzəriyyəsi işləməlidir.

Dünya elm tarixindən bizə yaxşı bəllidir ki, Lütfi Zadə 1965-ci ildə qeyri-səlis məntiq nəzəriyyəsini təklif etməklə Aristotelin binar məntiqinin çərçivəsini yaxşı mənada dağıtdı, genişləndirdi. Riyaziyyatı ikiləşdirdi. Bu gün dünyada, dünya universitetlərində iki riyaziyyat oxunur, iki riyaziyyat tədris edilir. Bunun biri klassik riyaziyyat, o biri isə Zadə riyaziyyatıdır. Artıq bu, sübuta ehtiyacı olmayan bir həqiqətdir: riyaziyyat dəyişəndə elmin dilləri və onlara yanaşmalar da dəyişir. Fikir verin, Lütfi Zadə gözümüz qarşısında fizikanı, kimyanı, təbiət elmlərinin əksəriyyətini dəyişdi və bu dəyişmələr onların sərhədlərini genişləndirdi.

Artıq 90 illiyini qeyd etməyə hazırlaşan professor Lütfi Zadə indi bir addım da irəli getməyi təklif edir: ikiqat qeyri-müəyyənlik. Yəni ehtimalla qeyri-müəyyənliyi birləşdirmək, ikiqat qeyri-müəyyənliyi nəzərə almaq və reallığa bir addım da yaxınlaşmaq. Xatırladaq ki, bu elmi ideya, elmi istiqamət ətrafında bir vaxtlar Albert Eynşteyn də baş sındırmışdır. Hətta ölümündən bir neçə saat əvvəl "imkanlar nəzəriyyəsi" ifadəsini işlətmişdir. Bu elə qeyri-səlis məntiqdir ki, indi onun bazasında Lütfi Zadənin təklif etdiyi ikiqat qeyri-müəyyənlik bərqərar olur.

Xatırladaq ki, Lütfi Zadə elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşflərdir. Elə bunun nəticəsidir ki, indi dünyanın ən məşhur aparıcı şirkət və firmaları Lütfi Zadə nəzəriyyələrinə, Lütfi Zadə elmi ideyalarına dayaqlanırlar. Hamımızın yaxşı tanıdığı Yaponiyanın Hutaçi, Matsusita, Mitsubişi, Şarp, Nissan, Kanon, Fuci, Mitsubişi Elektrik, Toşiba, Omron, Sanyo, Sany-Trintron, Daevoo, Qoldstar (LC), Samsunq, Neq, Honda, eləcə də Amerikanın Ceneral Motors, Ceneral Eleqtriq, Motorola, DuPant, Kodak və yüzlərlə ölkələrin minlərlə tanınmış sənaye şirkətləri bu dahi alimin elmi nəzəriyyələrindən bəhrələnərək sıçrayışla inkişaf edir və böyük iqtisadi səmərəyə nail olurlar.

Professor Lütfi Zadə yaşının bu ahıl və müdrik çağında da məhsuldar işləyir. O, NATO-nun və NASA-nın aparıcı mütəxəssisidir. Həmişə olduğu kimi yenə də tez-tez dünyanın müxtəlif ölkələrində qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqədar keçirilən Beynəlxalq elmi konfranslara qatılır. Bu konfranslara sədrlik edib dünya alimlərini yeni istiqamətlərə yönəldir. Bununla paralel yaşadığı Berkli şəhərində öz adına olan "İnstitute Zadeh - ZİFT" informasiya texnologiyaları institutuna direktorluq edir. Yeridir deyək ki, professor Lütfi Zadə ünlü alman alimi Maks Plankdan sonra dünyada yeganə alimdir ki, hələ sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz var.

Mükafatlara o qədər də meyli olmayan dahi alimin aldığı mükafatlar da yetərincədir. O, ayrı-ayrı vaxtlarda Yaponiyanın elmə ayırdığı ən nüfuzlu Honda və Okava mükafatlarını almışdır. Bir vaxtlar idarəetmə sahəsinə əvəzsiz elmi töhfələr bəxş etmiş və nüfuzlu Beynəlxalq qurumların fəxri qızıl medallarına layiq görülmüş dörd nəfərin (Harri Nuquist, Riçard Belman, Rudolf Kalman və Karl Astrom) sırasına daxil edilmişdir. O, həm də bir sıra Beynəlxalq elmi təşkilatların, elmi qurumların üzvü, fəxri üzvüdür. Bununla yanaşı o, Qriqor Moisil, "Rudolf Oldenburqer", "Riçard B.Hamminq", "Kempe de Feriye" və onlarca başqa qızıl medal və platin fəxri nişanlara layiq görülmüşdür. Bununla yanaşı ona qeyri-səlis məntiqin atası adı verilmiş, ABŞ Milli Mühəndislik Akademiyasına üzv, Azərbaycan Milli Elmlər Akademiyasına fəxri akademik seçilmişdir.

Soruşula bilər: dahi alimi bu nəhəng işləri görməyə sövq edən nədir? Cavab birmənalıdır: gördüyü işə sonsuz sevgi, nəzəriyyə və kəşflərinin praktik nəticələrini görmək arzusu!

Yeridir deyək ki, dahilərlə əlaqədar müxtəlif zaman kəsiyində bir-birindən maraqlı fikirlər söylənilmişdir. Məsələn, alman filosofu Artur Şopenhauer demişdir: "Dahilər heç vaxt özləri üçün mənfəət güdmür, öz kəşfləri ilə dünyanın gedişatını dəyişdirirlər". Fransız yazıçısı və tənqidçisi Marsel Sesiro isə öz müşahidələrini belə ümumiləşdirmişdi: "Dahi insanlarda xüsusi cazibədarlıq olduğu üçün insanlar elə ilk baxışdan onları sevməyə başlayırlar".

Bəli, hər iki fikirdə reallıq toxumlarının rüşeymləri vardır. Və hər iki müsbət keyfiyyət professor Lütfi Zadənin timsalında öz əksini tapmışdır. Doğrudan da Lütfi Zadə xüsusi cazibədarlığı olan, ilk baxışdan sevilən və həm də özü üçün mənfəət güdməyən, öz kəşfləri ilə dünyanın gedişatını dəyişdirməyə çalışan bir alimdir. Belə fədakar dahi alimlər həmişə yox, yüz ildə, min ildə bir dəfə olur. Zamanında çox gec anlaşılsalar da, sonradan dərk edilib əbədilik tarixinin yaddaşında qalırlar...

 

 

Möhbəddin Səməd

 

Ekspress.- 2011.- 8-10 yanvar.- S. 12.