Misraların
mistikası
Məmmədin misralarının mayası Şərq mistisizmi ilə yoğrulub. Mistik aləmdə şair fani dünyadan ayrılıb ruha doğru qanadlanır. Şərq mistikasında insanı əhatə edən zahiri aləm gerçək aləmlə uzlaşmır.
Məni ruhunda ara,
Ruhundayam, ey mələk.
Bir ah verib dolanır
Başına pərvanətək.
Mistik
duyğular, düşüncələr misradan-misraya, şeirdən-şeirə
keçir və hər dəfə yeni məna, yeni rəng
çalarları ilə könlümüzü ovsunlayır -
"Gül camala qiblə dedim, Bir eşq imiş gül
xatası".
Bir ulu karvan köçünə
Düzülüb gələn
eşqəm, eşq.
Mövlanələr nəfəsindən
Süzülüb gələn
eşqəm, eşq.
Şairin
mistik halı arif oxucuya sirayət edir. Eşq anlamı
şairin mistik halı ilə bağlıdır. İrfani
işartılar, təsəvvüf simvolları Məmməd Dəmirçioğlunun
sevimli obrazlarıdır. Bu obrazlar sistemində "mən"
və "sən" arasında incə bir vəhdət
bağları açıq-aydın görünür. Bu fikri
eynən onun qrafik rəsmlərinə də şamil etmək
istərdim. O, şeirləri ilə ovqatın rəsmini
çəkir, rəsmləri ilə mistik düşüncələrini
aydınladır.
Söz oldum saz nalasından,
Köz oldum yaz lalasından.
Qumru quşlar yuvasından
Baxıb dillənən eşqəm,
eşq.
Vəcdə
gəlib ilhamlı anlarda fani dünyadan, yalan dünyadan vaz
keçmək məqamına qədər "uzun, incə bir
yol" keçən rəssam şairin misraları şəffaf,
emosional və hərəkətlidir;
Mənəm yol əhli, yol bilən,
Haqqa gedən, haqqa gələn,
Haqqın yolunda nə gülən,
Nə də ölən eşqəm,
eşq...
M.Dəmirçioğlunun şeirlərini oxuyuram, rəsmlərinə
baxıram - ruhum bədəndə oynayır.
"Könlümü ovudum hansı dildə mən, Ruh
göyə tələsir, can köçəköçdə".
Tənqidçi Rüstəm Kamal yazır: "M.Dəmirçioğlunun
poetik dilini qəlibləşmiş obrazlardan,
süxurlaşmış formullardan canlı artikulyasiya xilas
edir. Artikulyasiyanın səs obrazı yazıda da
görümlüdür".
Dəmirçioğlu
könül söhbətlərimizin birində demişdi ki, bəlkə
elə şair olmaqdan qabaq rəssam olmalıyammış, mənə
elə gəlir ki, hər dəfə şeir yazanda sözlərin
şəklini çəkirəm. Fikrin, poetik obrazın
portretini fırçaya alıram.
Bir
zamanlar İncə dərəsinin Qaymaqlı kəndində
göy üzündəki quşun yerdə uçan kölgəsini
əliylə tutmağa can atan o balaca oğlan indi
altmış yaşının astanasında,
ömrünün və yaradıcılığının
kamillik dövründə belə düşünür.
Və bir
də mənə elə gəlir ki, onun narahat qəlbində
xəfif nastolji duyğuları yaz bənövşəsi kimi
boynunu büküb gülümsəyir.
Mən
islaholunmaz bir pessimistəm - əslində mənim seçənəyim
yoxdu - bu ovqat mənim könlümün doğal
halıdır.
Durub deyə
bilmərəm ki, Dəmirçioğlu böyük optimistdi,
amma etiraf etməliyəm ki, mən onun ruh yüksəkliyinə
həmişə həsəd aparmışam, qoy bunu o
özü də bilsin...
Bir gecədir,
bir də mən. Bir də Məmmədin şeirləri.
Hardasa quş səsləri damla-damla gecənin qoynuna
süzülür. Hardasa İsaq-Musaq quşları oxuyur.
Özünü görəmmədim,
səsi Nuhdan o yana,
Elə layla oxuyur
yatan baxtım oyana.
Hər dərdə dözəniydim,
dözəmmədim
ayana,
Bu laylanın ləhcəsi
hicran ətri qoxuyur,
İsaq-Musaq oxuyur.
Şair
bu sufiyanə məqamda ilahi həqiqətə qovuşma
anına çox yaxındır - bu, ruhun
azadlığıdır.
Ruhən
azad olan insan zindan divarları arasında belə zaman
dışına çıxa bilir. Mövlananın, Yunis Əmrənin,
Qazi Bürhanəddinin, İmaməddin Nəsiminin, Məhəmməd
Füzulinin, Cəlaləddin Ruminin misraları bu səbəbdən
gövhərə bənzəyir. Onların şeirlərini
oxuyanda kəlmələrin, sözlərin necə
canlandığını, nəfəs aldığını
hiss edirik. Sufi şairlər mücərrəd müəmmalarla
əylənmirlər, onlar Tanrının ətəyinə
toxunmaq amacı ilə şirin candan vaz keçirlər.
Məmməd
Dəmirçioğlu panteizm ilə sufizm arasındakı
özəlliklərin fərqindədir. O, dünyəvi və
mənəvi kamilliyə gedən yoldadır - bu yolun isə nə
əvvəli var, nə də sonu. O, dünyanı və
öz şair mənini təsəvvüf çəmbəri
daxilində görür. Bu çəmbərin içində
o, yalnız şairdi. Təsəvvüf çəmbərinin
sınırlarını aşıb dışarı
çıxan zaman əlinə fırça alır,
dünyaya rəssam gözü ilə baxır.
M.Dəmirçioğlu
poeziyası özünə qədərki minbeşyüzillik
türk şeirinin gələnəklərinə, zəngin ədəbi
irsə bağlıdır - o, bu gələnəklərə
bağlı olduğundan ənənəvi şərq
obrazlarına müraciət edir. Klassik janrlarda qələmə
aldığı şeirlərlə yanaşı, xalq
şeiri formalarında da mükəmməl sənət
nümunələri yaradıb.
Bəzən
mənə elə gəlir ki, M.Dəmirçioğlu
arxitipdi. O, orta çağdan zəmanəmizə təşrif
buyurmuş bir baba dərvişdi. Şair bəzi şeirlərində
bir qədər öncə söylədiyim kimi, zamanın və
məkanın dışına çıxır. Ordan, haqq dərgahından
yer üzünə boylanır. Və Tanrı aynasında
uçan quşun rəsmini görür...
Şərq
poeziyası müdriklik poeziyasıdır.
Şərq
poeziyasının ənənəvi obrazlar sisteminə bir daha
nəzər salaq. Gül, bülbül, könül, aşiq-məşuq,
bədirlənmiş ay, ağac, bulud, yol, gecə, şam, axar
su, şəbu-hicran, qürbət, fani dünya və s.
M.Dəmirçioğlu
poeziyasında bu obrazlar yeni cizgilərlə, çalarlara
süslənir.
Şair Rəfail
İncəşyurd arxadaşı haqqında:
"Məmməd
Dəmirçioğlu şeirinin özəlliklərinin incə
ədəbi məktəbində mövcud olan leytmotivlərlə
eyni və fərqli cəhətləri danılmazdı. Dəmirçioğlu
şeirində Ağamalı Sadiq Əfəndinin vətəndaşlığı,
Məmməd İlqarın dili, Akif Səmədin, Hacı Məhəmməd
Astanbəylinin ruhu var. Bununla belə, Məmmədin
özünün tam fərqli yolu var".
Bu da Barat
Vüsal:
"Azərbaycanın
klassik və müasir mədəniyyətinə və mənəviyyatına
dəxli olan yaxşı bir rəssamın, yaxşı bir
heykəltəraşın, yaxşı bir şairin,
yaxşı bir oxucunun bir adı da Məmməd Dəmirçioğludur.
Onun sözündə, özündə milli kolorit var. Özündən
də, sözündən də Türklük
yağır".
Şairlərin
şairlər haqqında söylədiyi fikirlər professional
tənqidçilərin soyuq rasional, bəzən
yanlış, bəzən qərəzli düşüncələrindən,
alim ədalarından daha səmimidir. Tanıdığım tənqidçilərin
əksəriyyətinin uğursuz şairlər olduğunu
xüsusi ilə vurğulamaq istərdim. Gəlin görək
aldı Tahir Talıblı nə dedi:
"M.Dəmirçioğlunun
şairlik istedadı şeirin sufi-təriqət qatlarından
yol başlayandı. Özü dərvişmisal, iddiasız
könülsüz bir sufidi".
Amma gəlin
bu məqamda şairin özünü, sözünü dinləyək:
Dəmirçioğlu azı
tapdı, çox gördü,
Qanlı sinəm öz yayımdan
ox gördü.
Şərq
poeziyası yüzillər boyu öz məntiq aspektini qoruyub
saxlamışdır. Təsadüfi deyildir ki, bir çox
şərq alimləri öz elmi əsərlərini,
traktatlarını şeirlə yazıblar.
Sufi
poeziya islam dininin mistik qatına enir və bu qatın dərinliklərinə
vardıqca ucalır, kosmik bir aləmə qovuşur.
Tanrı
təkdir. Tanrıya doğru gedən yollar, ona
çatmağın sirləri isə çoxdur.
Bu
yollardan biri də məhz poeziyadır.
Professor
Seyyid Hüseyn Nəsr "İslam incəsənəti və
mənəviyyat" adlı kitabında yazır ki, sadə
dil və konkret metaforalarla həqiqətlərin ən alisini
söyləməyə qadir olan müqayisə edilməz
metafizik Cəlaləddin Ruminin yaradıcılığında
cihadın - insan qəlbindəki xeyirlə şərin
böyük mübarizəsi... insan qəlbinin Tanrı ilə
birləşməsinə mane olan hər şeydən
qurtuluşdur.
Professor
Seyyid Hüseyn Nəsrin qeyd etdiyi cihad sufi
dünyagörüşünün açıqlanmasına
yönəlik ən gözəl nümunədir.
Adıçəkilən
kitabdan bir örnək: "Əttar sufi poeziyasının
klassik dili vasitəsi ilə ekumenizmin yalnız ezoterik
olduğunu sübut etməyə çalışır,
çünki digər formal kainatların mahiyyətini
anlamağa yalnız ezoteriklik imkan verir".
Verdi günaha sirr könül,
Oldu günaha pir könül.
Dəli könlümə bir
könül
Yarıymış, Allaha
şükür.
Mən
çağdaş Azərbaycan poeziyasına gələnək
(ənənəvi) şeiri ilə modernist şeir
estetikasından yanaşmaq tərəfdarıyam. Bu pəncərədən
baxanda bizim şeirimiz necə görünür deyə
sorsanız, etiraf edim ki, ədəbi tənqiddən fərqli
olaraq əsla və əsla bədbin deyiləm.
Gələnəklərə
görə, şeir vəznli və qafiyəli sözdür.
Klassik şərq şeirində çeşidli vəznlər
mövcuddur, gələnəyə görə, şeirin vizual
forması qafiyə və vəzndir.
"Kökü
gələnəyə dayanmayan bir sənət
varlığının əbədiləşməsi imkansızdır"
- deyir ərəb Əlif Naqi.
İngilis
şairi Tomas Eliot isə yazır ki, gələnəksəl
olmayan bir şey gerçəkdən yeni ola bilməz.
İslam
fəlsəfəsinə görə, gözəllik bir
gerçəklik olaraq alqılanır, sənətkar gözəlliyi
yaradan deyil, onu, yəni ilahi gözəlliyi kəşf edən
insandır. Müsəlman sənətkar bu dünyanın fani
olduğuna ürəkdən inanır. Bu üzdən də
klassik şərq şeirində "fani" kəlməsindən
belə çox istifadə olunur.
İnsan
maddə ilə məna, tənlə ruh arasında
yaşayır. Şair bu iki aləm arasında körpü
kimidir.
Şair
gözəl olanı, gözəli ararkən sanki gözəlliyə
ayna tutur. Kainat görən gözlər üçün
gözəllik dəryasıdır. Eşqin və şeirin
mayasında gözəllik qarşısında heyrət
vardır.
Sufilər
"rəbbim, haqqındakı heyrəti artır" deyə
dua edərlər.
Sözə qüdrət gəlməz
Tanrı verməsə,
Ağ kağıza qələm ha
yaza-yaza.
İngilis
şairi Flora Krevinin hind rəssamı Mirad Das ilə ilginc
dialoqundan söz açmaq istəyirəm. Bu dialoqu ona görə
xatırladıram ki, Məmməd Dəmirçioğlu rəssam
və şairdir.
İngilis
şairi çağdaş təsviri sənət aləminə
yaxından bələd olan birisi idi. O, fransız impressionizmini
çox önəmsəyib. Onun rəssamlar arasında
çoxlu dostları vardı, özəlliklə Amadeo
Modilyani sənətinin vurğunu idi.
Flora
Krevin və hindistanlı rəssam şeir və rəsm sənətinin
gənəl özəlliklərini dartışırlar.
Rəssam
deyir ki, bu gün rəsmdə rasa yozdu.
Rasa nədir.
- deyə Flora Krevin soruşur.
Rəssam
bunu belə açıqlayır:
- Bir rəsmin
mütləq rasası olmalıdır. Bu, rəsmin özü
ilə ilgili deyildir, rasa bir rəsmi gördüyünüzdə
və ya musiqi dinlədiyinizdə hiss etdiyiniz duyğudur. Sənətkarın
sizdə oyandırdığı duyğudur.
Flora -
şeirin də rasası varmıdır?
- Əlbəttə,
şeirin özü, ruhu rasadır - deyir rəssam.
İndi Məmməd
Dəmirçioğlunun rəsmlərinin və şeirlərinin
mənim qəlbimdə oyatdığı duyğularla
baş-başayam.
Əgər
bizi əhatə edən aləm sənətkar qəlbində əks-səda
doğurursa, artıq o, əlinə fırça alıb
öz dünyasını yaradır. Fırça,
kağız, kətan, tuş, akvarel, yağlı boya və s.
təsviri sənətin texniki tərəfinə aiddir.
Gerçək sənətin toxumları isə insanın qəlbində,
ürəyində cücərir.
İngilis
şairi ilə hind rəssamının ilginc söhbəti əslində
Qərb mədəniyyəti ilə Şərq mədəniyyətinin
dialoqudur. Və bu dialoq absurd söz oyunu, intellektual rebus deyil,
gerçəkliyin ta özüdür. Bu məqamda Aydın
Talıbzadənin bir fikrini xatırladım. Aydın
Talıbzadə deyir: "Harada YARADICILIQ varsa, orada ALLAH
var".
Adil Mirseyid
Ekspress.- 2011.- 8-10 yanvar.- S. 14.