Vaxtını qoruyan adam

 

Professor İlham Rəhimovun portretində təvazökarlıq ştrixləri

 

İlham Rəhimov "Əməkdar hüquqşünas" oldu

 

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə İlham Rəhimova "Əməkdar hüquqşünas" fəxri adı verilib. İ.Rəhimov bu ada hüquq elminin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Onu tanınmış iş adamı, hüquq elmləri doktoru, professor İlham Rəhimov kimi təqdim etmək, fikrimcə, düzgün olmazdı. Əslində, İlham Rəhimov öz əməlləri ilə ucalan, işi ilə sözü vəhdət təşkil edən, həyatı boyunca ədalət hissini itirməyən, vətəndaş və insan olaraq hamıya qarşı səmimi olmağı bacaran bir iç adamıdır. O, vəzifəsindən, kimliyindən asılı olmayaraq, hər kəslə insanlıq anlamında davranan nurlu ziyalı, özündən asılı olan hər bir ölçünü, əndazəni nümunə səviyyəsində sərgiləyən nəcib şəxsiyyətdir. Şəxsiyyətinin çalarlarına uyğun olaraq, cənab Rəhimov ona müraciət edənləri ilk öncə hüquqşünas kimi dinləyir, sonra müraciətlərə xeyirxahlıq prizmasından yanaşır və... problemin hüquqi yozumunu səlahiyyətləri çərçivəsində tapır.

O, gördüyü işlərin, məşğul olduğu geniş sahələrin verdiyi imkanlardan yararlanaraq elmin, ziyalılığın və xeyirxahlığın vəhdət düsturunu gətirir zamanımıza. İ.Rəhimovun həyatda kimsəyə güzəştə getmədiyi müqəddəs bir prinsipi var - bu, mənəvi saflıq, əməyin, qabiliyyətin vicdanlı, düzgün qiymətləndirilməsidir. Eyni zamanda, ən böyük önəm verdiyi işi, üstün tutduğu əməli elmi potensialı, istedadı və bacarığı olan mütəxəssislərin, alimlərin yetişdirilməsində çəkdiyi zəhmətdir. Üç elmlər doktoru, iyirmidən artıq elmlər namizədinin elmi həyata vəsiqə almasında zəhməti olan bir insan, əlbəttə, qibtə olunacaq əməlləriylə fəxr edə bilər.

Dünyada elə bir adam tapılmaz ki, həyat onu imtahana çəkməsin. Bu mənada, həyat İlham müəllimi də çox imtahana, sınağa çəkib - rahat keçilməsi mümkün olmayan döngələri, eniş-yoxuşlarıyla. Amma o, hər zaman qarşısına çıxan əngəlləri, maneələri aşmaqda özündə güc, qüvvət tapa bilib.

Onun əsl ziyalılara xas bir xüsusiyyəti də odur ki, siyasətçilərdən fərqli olaraq, "vasitə məqsədə bəraət qazandırır" kimi prinsipi məqbul saymır. Qarşısına nəcib məqsədlər qoyan İlham müəllimə bəzən daş, kəsək atanlar tapılsa da, o, həmin nəcib yollarla gedir. Nəcib məqsədə gedən yolun yarısında dayanmaq, nədəsə səhv etmək, sarsılmaq onun xarakterinə tamamilə yaddır. Ona görə, İlham müəllim ömrünün bütün anlarında nələri düzgün yolla əldə etmək mümkünsə, onu əldə etməyə çalışıb, nəyi özünə yaraşdırıbsa, o tərəfə baxıb, onu əldə etmək istəyib. Sadaladığım bu üstün keyfiyyətləriylə İlham müəllim istər ailədə olsun, istərsə də cəmiyyətdə, hamının hörmət bəslədiyi şəxsiyyətə çevrilməyi bacarıb. Bu da, təbiidir. Çünki insan sadə, səmimi, xoşniyyət olanda istər-istəməz ətrafdakıların rəğbətini qazanır.

İ.Rəhimov ömrünün ötən illərinin çoxunu ciddi şəkildə siyasətə yox, elmi fəaliyyətə həsr edib. Xarakterinin bu tərəfi artıq birmənalı formada təsdiqini də tapıb: elm onun üçün bütün məşğuliyyətlərdən cəlbedicidir.

Maraqlı olan məqamlardan biri də budur ki, İlham müəllim hüquq elmləri doktoru adını, sadəcə, hüquqşünaslığın ənənəvi istiqamət və problematikalarının araşdırılmasına sərf etmir. O, postsovet məkanının bütün ölkələrində olduğu kimi, Azərbaycanda da tətbiq olunan Roma hüququnun prinsiplərindəki çatışmazlıqları görür. Britaniya hüququndakı presedentə söykənərək, Roma hüququndakı qanunların aliliyi anlamlarına rəğmən, arxa plandakı boşluqları düşünür. Bu müşküllərin çözülməsinin bir mümkün yolu da Qərbin hələ də qavramadığı, bəlkə də elə bu səbəbdən qəbul etmədiyi İslam hüququ, Şəriətdir. Rəhimov Qərblə Şərqin hüquq müstəvisində sintezi yollarını arayır: "... Bir alim-vətəndaş olaraq, ömrümün bu mərhələsində hüquq elminə bağlılığımdan əldə etdiyim üstünlüklərdən indi də həyatımızın digər sahələrini öyrənmək üçün istifadə etmək istəyirəm. Xeyli vaxtdır, müqəddəs kitabımız Qurani-Kərimi oxuyur, öyrənir, oradakı hüquqa aid məsələlərlə bağlı elmi əsər yazmaq barədə düşünür, lazım olan materialları toplayıram".

İlham müəllimin düşüncəsinə görə, Qurani-Kərimə üz tutmağının bir səbəbi də hüquq sahəsində tətbiq olunan bir çox prinsiplərin Quranda öz ifadəsini tapmasıdır. Ona görə, Müqəddəs Kitabımızın ayələrinə bir hüquqşünas mövqeyindən yanaşır, hər dəfə də yeni-yeni fikirlər tapır.

Frank Herbertin dediyinə görə, qərar qəbul etməkdə çətinlik çəkmək, qərarsızlığın özü də bir qərardır. İlham Rəhimovda qərarsızlıq yoxdur, onun davranışı, sözləri, hərəkətləri də buna dəlalət edir. O gözəl anlayır ki, təşəxxüs, savadsızlıq yalnız arxasında şübhələrlə qorxunun gizləndiyi qala divarının ucaldılması üçündür. Bəşər övladı özünün ən mübhəm istəklərini və əməllərini gizlətməyə çalışsa da, ən xırda bir məqam, bir eyham onun kimliyini mütləq şəkildə gün aydınlığı ilə göstərir. İ.Rəhimovda belə xof yoxdur, çünki o, sözünün sahibi, qərarlarının arxasında duran adamdır.

İlham müəllimin dostlarına olan münasibəti də, kimliyindən asılı olmayaraq, sabitdir, dəyişməzdir. Dostluğu həmişə siyasətdən üstün tutduğu üçün də, bu gün onun dostlarının arasında müxtəlif siyasi əqidəli insanlar var. Onun Elmlər Akademiyasında, Ədliyyə Nazirliyində, eləcə də başqa sahələrdə çalışan, yaxın münasibətdə olduğu dostları çoxdur. Aralarında elələri olub ki, işsiz olduğu vaxtlarda İlham müəllimdən məsafə saxlayıblar, münasibətləri dəyişib, bir yerdə gəzməkdən belə qaçıblar. Ancaq elələri də olub ki, dəyişməyiblər, hətta çətin vaxtlarında onun yanında olublar. İlham müəllim dostlarının heç birini yaddan çıxarmayıb, bu çox mürəkkəb insani münasibətləri yüksəkdə tutub, zamana baxmayaraq, onu qorumağı bacarıb.

İlham Rəhimovun fikrincə, həyatdan axan zamanın ardınca boylanıb təəssüflənmək yox, sabahı düşünmək, qalan vaxtı məzmun və zaman baxımından zənginləşdirmək gərəkdir. Bax, onda ömrümüz-həyatımız qısa olduğuna görə yox, mənalı yaşadığımız üçün şirinlik anlamına gələcək.

Digər tərəfdən, sosial-iqtisadi durumun yaratdığı problemləri önə çəkməkdənsə, hər bir insanın qabiliyyəti müqabilində qiymət alması uğrunda mübarizə aparmaq daha çox faydalıdır, çünki insan öz qabiliyyətinin, intellektinin qiymətini alanda ömrü bir qədər uzanır.

İ.Rəhimovun təbirincə, tarixə nəzər saldıqda məlum olar ki, əksər elm adamları, alimlər bütün zamanlarda acınacaqlı vəziyyətdə yaşayıblar. Ancaq çətinlik içərisində yaşamalarına baxmayaraq, onları elmdən başqa heç nə maraqlandırmayıb. Ona görə də, zəngin həyat sürənlərin əksəriyyətinin unudulmasına rəğmən, elm adamları, alimlər əsərləri ilə tarixdə əbədi qala biliblər. "1990-cı illərin ortalarında mən də alim, professor, hüquqşünas olmağıma baxmayaraq, işsiz idim, ancaq bunun səbəbkarlarını ittiham etməyə yox, bilik və bacarığımın mənə fayda verəcəyi, məni ucalda biləcəyi münbit zəmini tapmağa kökləndim...

... Ən müxtəlif sahənin təmsilçilərinin - mədəniyyət və elm adamlarının, xəstələrin, imkansız insanların, idmançıların, tələbələrin, şagirdlərin, ahılların və qocaların konkret problemlərinin həllinə yardımçı olmaqdan böyük rahatlıq tapıram", - deyir İ.Rəhimov.

   Digər tərəfdənsə, bildirir ki, xeyriyyəçilik işləriylə, özünü reklam xətrinə və ya bu barədə kiməsə danışmaq üçün məşğul olmur: "Mən xeyriyyəçilik işlərilə ona görə məşğul olmuram ki, bu barədə kiməsə danışım, özümü reklam edim, bu addımı atmaqla insanlar qarşısında öz mənəvi borcumu yerinə yetirmək məqsədi güdürəm. Həm də sağ əlin verdiyini sol əl bilməməlidir, axı".

   İlham müəllim ona üz tutanlardan, yardım istəyənlərdən, qapısına gedənlərdən indiyədək heç kimi əliboş qaytarmayıb. Ona müraciət edənlərin əksəriyyəti xəstələrdir. Son bir neçə ildə İlham müəllimin yardımı sayəsində 200-ə yaxın xəstənin üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılıb. Onun xeyriyyəçilik fəaliyyəti çoxşaxəli olduğundan bu fəaliyyət təkcə xəstələrə, imkanı olmayanlara maliyyə yardımı etməklə məhdudlaşmayıb. O, həmvətənlərinin bütün problemlərinə həssaslıqla yanaşmağa çalışıb, məktəblərin, xəstəxanaların, məscidlərin və s. təmirinə, yenilərinin tikilməsinə vəsait ayırmaqdan da çəkinməyib. Məsələn, İlham müəllimin bu yaxınlarda Tovuzda anadan olduğu Cilovdarlı kəndində müasir tipli tibb məntəqəsi inşa etdirməsi dediklərimizin əyani sübutudur. Qeyd edək ki, həmin tibb müəssisəsini o, mərhum həyat yoldaşı Kəmalə xanımın xatirəsinə şəxsi vəsaiti hesabına tilkdirərək cilovdarlıların və ətraf kəndlərin sakinlərinə hədiyyə edib.

Təqdirəlayiqdir ki, İlham müəllimin bu yöndəki təşəbbüsləri onun həmvətənləri tərəfindən də layiqincə qiymətləndirilir. Məsələn, Cilovdarlıdakı açılış mərasimində çıxış edən kənd ağsaqqallarından birı İlham müəllimin xeyriyyəçilik fəaliyyətindən söz açaraq, onu "XXI əsrin Hacı Zenalabdin Tağıyevi" adlandırmışdı.

Onu da qeyd edək ki, İ.Rəhimov ali məktəblərdə təhsil alan imkansız tələbələrin də problemlərinə diqqətlə yanaşır. Hazırda Azərbaycanda və xaricdə ali təhsil alan 20-yə yaxın tələbənin bütün təhsil xərclərini öz üzərinə götürüb. Eyni zamanda, təkcə Rusiyada deyil, digər xarici ölkələrdə yaşayan soydaşlarımızın da işlə təmin edilməsində, himayə olunmasında, hüquqlarının müdafiəsində, müxtəlif problemlərinin həllində yaxından iştirak edir.

... Hər gün, hər an özü ilə dəyişikliklər gətirir. Bu dəyişikliklərin içində qalıb zahirən və daxilən dəyişməmək insandan güc, qüvvə və ağıl tələb edir. Üstəlik də sabit əxlaq və mənəvi üstünlük sərgiləməklə. Bu mənada, ömrünün müdriklik mərhələsini yaşayan İlham müəllim üçün bütövlükdə yaşadığı illərin hamısı maraqlı olub, indi də belə davam edir.

Beləliklə, ömür adlı yolun 61-ci pilləsinə qədəm qoyan, bu yollarda yorulmaq bilməyən, üzü gələcəyə doğru cəsarətli addımlarla irəliləyən İlham müəllim dəyişməyən insanlardandır. Fəqət bu gəlimli-gedimli dünyada çoxmu sabit dəyər və bu dəyərlərə sədaqətli insan qalıb?

 

 

Xanoğlan ƏHMƏDOV

 

Ekspress.-2011.- 14 yanvar.- S.8.