Mir
Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Azərbaycan bolşeviklərinin
birinci qurultayında yekdilliklə qurultayın fəxri rəyasət
heyətinə seçilmiş Lev Davidoviç Trotski dörd
ildən sonra, 1924-cü ildə Bakıya gəlmişdir. 1917-ci
il oktyabr silahlı üsyanının təşkilatçılarından
birini, tanınmış siyasi xadimi Azərbaycan ictimaiyyəti,
ilk növbədə "Hümmət"çilər və
sıravi bolşeviklər səmimiyyətlə
qarşılamış, bu tarixi səfər barədə sənədli
film çəkilmişdir. On iki ildən sonra isə SSRİ
Xalq Daxili İşlər Komissarlığının əmri əsasında
"Hümmət"çilər də "əksinqilabi
trotskiçisi" kimi həbsə alınıb güllələnmişlər.
Azərbaycan Sovet
Ensiklopediyasının doqquzuncu cildində Trotski və trotskizm
haqqındakı məqalədə (bax: ASE. IX cild, Bakı,
1986, səh.360-361) oxuyuruq: "L.D.Trotski (Bronşteyn)
1901-03-cü illərdə iskraçı olmuş, RSDFP-nin
2-ci qurultayından sonra menşeviklərə
qoşulmuşdur. 1912-ci ildə trotskiçilər RSDFP-dən
qovulmuş bütün opportonistləri birləşdirərək
Avqust antipartiya bloku yaratmışdılar. Trotskizm Birinci
dünya müharibəsi dövründə beynəlxalq
sentrizmin tərkib hissəsi idi və imperializm dövründə
proletar inqilabının əvvəlcə bir neçə və
ya hətta ayrılıqda götürülmüş bir
ölkədə qələbəsinin mümkünlüyü
haqqında Lenin müddəasına, bolşeviklərin
imperialist müharibəsini vətəndaş müharibəsinə
çevirmək şüarına qarşı
çıxırdı. 1923-24-cü illərdə trotskizmin
antipartiya cərəyanı kimi formalaşması başa
çatdı. Trotskiçilər leninizmi təftiş etməyə,
onu trotskizmlə əvəz etməyə, partiyanı
parçalamağa, MK-da rəhbərliyi ələ keçirməyə
cəhd göstərirdilər. Partiya trotskizmə qarşı
qəti mübarizə aparırdı. ÜİK(b)P-nın on
beşinci qurultayı (1927) trotskizmin ideyaca və təşkilatca
darmadağın olunmasını başa çatdırdı. Bu
işdə İ.V.Stalinin xidməti böyük idi. Trotski
antisovet fəaliyyətinə görə 1929-cu ildə
SSRİ-dən sürgün edildi və 1932-ci ildə sovet vətəndaşlığından
məhrum olundu".
Cəsarətli siyasi xadim
mühacirətdə də mübarizəsini davam etdirmiş və
altmış bir yaşında, 1940-cı il avqustun 21-də sui-qəsd
nəticəsində dünyasını dəyişmişdir.
SSRİ Xalq Daxili İşlər Komissarlığının
1936-cı il 5 avqust və 1937-ci il 30 iyul tarixli qərarları
əsasında repressiyaya məruz qalmış "Hümmət"çilərin
istintaq materiallarında onun adı da hallandırılır. Azərbaycan
bolşeviklərinin birinci qurultayının nümayəndələri
olmuş "Hümmət" partiyasının üzvlərinin
istintaq materiallarına diqqət yetirin:
İBRAHİM ABDULLA OĞLU
EMİNBƏYLİ. Azərbaycan KP MK-nın M.C.Bağırov
tərəfindən imzalanmış qərarları ilə bir
sıra məsul vəzifələrdə, o cümlədən
Mətbuatda dövlət sirlərini mühafizə edən
baş idarənin (Qlavlitin) rəisi, Azərbaycan K(b)P Mərkəzi
Komitə üzvü. 1937-ci il yanvarın 28-də həbs
olunmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyası Səyyar Sessiyasının (Matuleviç,
Zaryanov, Jiqur) iclas protokollarından:
MÜSTƏNTİQ - Qlavlitin rəisi
kimi siz nə üçün özünüzdə istifadəsi
qadağan edilmiş "Lenin və Trotskinin köhnə
"İskra"sı", M.Hüseynovun "Müsavat
partiyası keçmişdə və hazırda"
kitablarını saxlayırdınız?
EMİNBƏYLİ - Qlavlitin rəisi
kimi mən belə kitabları saxlaya bilərdim.
1937-ci il oktybrın 12-də
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı
ilə "əksinqilabi trotskiçi-zinoyevçi
terrorçu təşkilatın üzvü" kimi ən
ağır cəzaya - güllələnməyə məhkum
edilmişdir. 1955-ci il dekabrın 10-da SSRİ Ali Məhkəməsi
Hərbi Kollegiyası 1937-ci il 12 oktyabr tarixli hökm cinayət
tərkibi olmadığına görə ləğv
edilmişdir. Başqa sözlə, Mir Cəfər
Bağırov tərəfindən rəhbər vəzifəyə
irəli sürülmüş İbrahim Eminbəyli bəraət
almışdır. Onda M.C.Bağırovun günahı nədir?
XULUFLU VƏLİ MƏMMƏDHÜSEYN OĞLU. Azərbaycan bolşeviklərinin birinci qurultayının nümayəndəsi. "Hümmət" partiyasının Gəncə qəza təşkilatını təmsil etmişdir. 1937-ci il yanvarın 28-də həbs olunmuşdur. Axtarış zamanı evindən Trotskinin, Zinoyevin, Buxarnin, Kamenevin kitabları çıxmışdır. Moskva üçlüyünün hökmü ilə 1937-ci il oktyabrın 3-də güllələnmişdir. 20 il sonra, 1957-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə bəraət almışdır.
Mir Cəfər Bağırovun Azərbaycan
SSR Daxili İşlər komissarı və Dövlət Siyasi
İdarəsinin sədri işlədiyi dövrdə
Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin təlimatçısı,
Dövlət Elmi-Tədqiqat İnstitutunun elmi katibi və digər
vəzifələrdə çalışmışdır. M.C.Bağırovun
Azərbaycan K(b)P Mərkəzi Komitəsinin birinci katibi
işlədiyi dövrdə isə "Hümmət"çi
alim 1936-37-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan
filialı Tarix İnstitutunun direktor müavini və Azərbaycan
Şura Ensiklopediyasının nəşri üzrə Komitənin
elmi katibi təyin olunmuşdur. 1937-ci il oktyabrın 3-də Vəli
Xulufluya, 1956-cı il mayın 17-də Mir Cəfər
Bağırova daşnakların və rus şovinistlərinin
eyni mərkəz nöqtəsindən atəş
açılmışdır.
BALABƏY CABBAR OĞLU HƏSƏNBƏYOV.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının
birinci (gizli) qurultayında "Hümmət"in Gəncə
təşkilatını təmsil etmişdir. O, 1899-cu ildə
Gəncə şəhərində anadan olmuşdur. Azərbaycanda
Sovet hakimiyyəti illərində Moskvada Qırmızı
Professura institutunu bitirmiş, bir sıra məsul vəzifələrdə
çalışmışdır. 1936-cı il mart
ayının 30-də Azərbaycan KP(b)P Mərkəzi Komitəsinin
birinci katibi M.C.Bağırovun imzaladığı qərarla
Azərbaycan Şura Ensiklopediyası iqtisadiyyat və kənd təsərrüfatı
şöbəsində redaktor vəzifəsində
çalışmışdır. Professor Balabəy Həsənbəyovun
fəaliyyətinin son dövrü Bakı Dövlət Universiteti
ilə bağlıdır. Məlum olduğu kimi, 1919-cu il
sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin qərarı ilə təsis olunmuş Bakı
Dövlət Universiteti Azərbaycan K(b)P MK-nın 1930-cu il 30
mart tarixli qərarı ilə (o zaman Azərbaycana
Naneyşvili, Stasova, Dumbadze, Kaminskiy, Kirov, Mirzoyandan sonra Gikalo
rəhbərlik edirdi - T.Q.) ləğv edilmişdi. Sovet Azərbaycanın
ilk türk rəhbəri M.C.Bağırov 1934-cü il may
ayının 7-də Bakı Dövlət Universitetinin yenidən
təsis olunması qərarına imza atmışdır. Azərbaycanın
tanınmış iqtisadçı alimi, Azərbaycan K(b)P MK
üzvü B.Həsənbəyov bu böyük elm və tədris
ocağının rektorlarından biri olmuşdu.
Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Nazirliyinin arxivində Balabəy Cabbar
oğlu Həsənbəyovun istintaq işi 12493 nömrəli
qovluqda saxlanılır. Burada oxuyuruq: "...Həsənbəyov
müxtəlif məsələlər üzrə partiyanın
yeritdiyi xəttə əksinqilabi trotskiçi böhtanlar
atmışdır. 1936-cı ildə Həsənbəyov
marksizm-leninizm institutunun işçilərinin və tələbələrinin
partiya iclasında əksinqilabi trotskiçi kimi
çıxış etmişdir. Mir Cəfər
Bağırovun imzaladığı qərarla 1935-ci ildən
Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsində
işləyən professor Balabəy Həsənbəyov
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının
1937-ci il 11 oktyabr tarixli hökmü ilə ən ağır cəzaya
- güllələnməyə məhkum edilmişdir. Bu
hökm 19 ildən sonra, 1956-cı il sentyabrın 15-də ləğv
olunmuşdur".
Həmin hərbi kollegiyanın
1956-cı il aprelin 26-da çıxardığı qərarla
M.C.Bağırov da güllələnmişdir. Bu əsassız
hökm əlli beş ildir niyə qüvvədən
düşmür? Mir Cəfər Bağırov haqqında ədalətsiz
qərarı SSRİ dağılandan sonra da qüvvədə
saxlayanlar onun rektor vəzifəsinə irəli çəkdiyi
Balabəy Həsənbəyova da qara eynəklə
baxırlar.
2000-ci il fevral ayının 10-da
"Bakı Universiteti" qəzeti "BDU-nun salnaməsindən
yarpaqlar" sərlövhəli ayrıca bir səhifə
çap etmişdir. Burada Universitetin ilk rektoru
V.İ.Razumovskidən tutmuş ta hazırkı
başçısı A.İ.Məhərrəmovadək
bütün rektorlar barəsində qısaca məlumat
verilmişdir. M.K.Ələkbərlidən sonra Əziz Əliyev
gəlir. 1935-ci il yanvar ayının 20-də rektor olmuş
Balabəy Həsənbəyov ixtisara düşüb.
Hansı səbəblərlə? Qeyd edək ki, 1991-ci ildə
yaradılmasının 70 illiyi ilə əlaqədar
tarixşünas Aslan Atakşiyevin "Bakı universiteti"
nəşriyyatı tərəfindən buraxılmış
"BDU-nun tarixi" kitabının birinci cildində
universitetin rektorları sırasında B.Həsənbəyovun
da adı və fotoşəkli verilmişdi.
SULTANOV HƏMİD HƏSƏN OĞLU. Azərbaycan K(b)P-nin birinci qurultayının "Hümmət"çi nümayəndəsi 1889-cu il may ayının 5-də Qazax qəzasının Şınıx Ayrım kəndində anadan olmuşdur. Onun həyat və fəaliyyəti barədə ASE-nin doqquzuncu cildində (1986. səh.72) geniş məqalə verilmişdir. Həmid Sultanov on yeddi yaşında, 1906-cı ildə Bakıya gəlmiş, Balaxanı və Ramana neft mədənlərində işləmişdir. 1909-1913-cü illərdə Almaniyada Leypsiq Politexnik İnsititutunda təhsil almışdır, Bakıya qayıtdıqdan sonra, bir sıra neft mədənlərində müdir müavini və müdir işləmişdir. 1917-ci ildən "Hümmət" təşkilatının Mərkəzi Komitəsinin üzvü seçilmişdir. Bakı kommunasının süqutundan sonra bir çox "Hümmət"çilər kimi Azərbaycanı tərk etmiş, Həştərxanda RK(b)P quberniya Komitəsi yanında Müsəlman Komitələri Bölməsinin sədri təyin edilmişdir. 1919-cu ilin iyulunda gizli iş aparmaq üçün Bakıya göndərilmişdir. Azərbaycanda Sovet hakimiyyəti illərində RK(b)P Qafqaz Ölkə Komitəsi Hərbi İnqilab Qərargahının üzvü olmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycan K(b)P MK və Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından müsavat hökumətinə və parlamentinə hakimiyyətin bolşeviklərə verilməsini tələb edən ultimatum təqdim etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti
devrildikdən sonra Həmid Sultanov Azərbaycan Müvəqqəti
İnqilab Komitəsinə üzv seçilmiş, xalq daxili
işlər komissarı, xalq sənaye və ticarət
komissarı və başqa vəzifələrdə
çalışmışdır.
SSRİ Xalq Daxili İşlər
Komissarının əmri əsasında həbsə
alındıqdan sonra həyat yoldaşı Ayna Mahmud
qızı Sultanova da cəzaya məruz qalmışdır.
YERİ GƏLMİŞKƏN.
Bu məqalə üzərində işlədiyim gün, 2011-ci
ilin ilk günündə Az.TV kanalında "Əziz Əliyev"
sənədli filmi göstərilirdi. Qələmi kənara
qoyub ekrana baxdım. Filmdə "Mir Cəfər
Bağırovun qısqanclığından" bəhs edilir,
"Bağırov Azərbaycan ziyalılarını
sürgünə göndərmişdir" ifadəsi
vurğulanır. Tarixi araşdırmalar sübut edir ki, Mir Cəfər
Bağırov heç bir ziyalımızı yurdundan didərgin
salmamış, əksinə, sürgündən xilas etməyə
çalışmışdır. Elə "Şərq
qadını" jurnalının ilk redaktoru, Həmid
Sultanovun zövcəsi və Qəzənfər Musabəyovun
bacısı Ayna xanıma 1935-ci ildə verilmiş töhmətin
M.C.Bağırov tərəfindən götürülməsi
barədə arxiv sənədinə diqqət yetirmək kifayətdir.
Ayna Sultanova 1936-cı il may ayının 3-də, Azərbaycan
SSR Xalq Maarif Komissarının müavini vəzifəsində
işləyərkən M.C.Bağırova müraciət edərək,
ona verilmiş cəzanın üzərindən
götürülməsini xahiş etmişdir.
1936-cı il may ayının 21-də
Azərbaycan K(b)P MK Bürosu aşağıdakı qərarı
qəbul etmişdir:
"Ayna Mahmud qızı
Sultanovanın müraciəti barədə
Azərbaycan K(b)P MK Bürosu qərara
alır:
1935-ci il avqust ayının 25-də
Ayna Mahmud qızı Sultanovaya səhlənkarlıq hərəkətlərinə
görə töhmət verilməsinə dair qərar qüvvədən
düşmüş hesab olunsun.
Azərbaycan K(b)P MK katibi
M.C.Bağırov."
Teyyub Qurban
Ekspress.-
2011.- 15-17 yanvar.- S. 14.