2011-ci il
"Turizm ili"dir
Prezident:
Bu il Bakıda 5 beşulduzlu hotel açılacaq
Prezident İlham Əliyevin sədrliyi
ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilib.
AzərTAc xəbər verir ki,
dövlət başçısı iclası giriş nitqi ilə
açıb. İqtisadi inkişaf naziri Şahin Mustafayev, Mərkəzi
Bankın sədri Elman Rüstəmov, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, gənclər və idman
naziri Azad Rəhimov rəhbərlik etdikləri qurumların il ərzində
gördüyü işlər barədə məlumat veriblər.
Daha sonra prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.
"Bütövlükdə deyə
bilərəm ki, 2010-cu il ölkəmizin inkişafı
üçün çox əhəmiyyətli il olmuşdur.
2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf
etmişdir.Mən çox şadam ki, Azərbaycanda
aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində
həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə
iqtisadiyyatı inkişaf etmişdir. 2009-cu ildə ümumi
daxili məhsul 9,3 faiz, keçən il isə iqtisadiyyatımız
5 faiz artmışdır. Əksər ölkələrdə
həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül
müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə
ki, bizim uğurlarımızın əhəmiyyəti daha da
artır",-deyə dövlət başçısı
iclasın açılışındakı
çıxışında bildirib.
Ötən il makroiqtisadi vəziyyət
sabit qalıb, inflyasiya cəmi 5,7 faiz təşkil edib, əhalinin
pul gəlirləri isə 12,3 faiz artıb, gəlirlər
inflyasiyanı üstələyib, sosial müdafiəyə dəyərli
töhfələr verilib. Ölkədə yoxsulluğun səviyyəsi
9,1 faiz təşkil edib, 7 il ərzində Azərbaycanda
yoxsulluq 4-5 dəfə aşağı düşüb.
2010-cu ildə iqtisadiyyata 15,5 milyard
dollar vəsait qoyulub, daxili investisiyalar xarici sərmayələri
üstələyib.
Qeyri-neft sektoruna qoyulan investisiyalar
neft sektorundakından çoxdur. 15,5 milyard dollardan 9,3 milyard
dolları qeyri-neft sektoruna qoyulan sərmayədir.
Ötən il bütün sosial
proqramlar uğurla icra edilib, minimum əmək haqqı və
pensiyanın baza hissəsi artırılıb, 550 min nəfər
ünvanlı sosial yardım alıb, 40-dan çox tibb müəssisəsi,
70-dən çox məktəb, 5 olimpiya mərkəzi, mədəniyyət
ocaqları və digər sosial infrastruktur obyektləri tikilib və
təmir edilib.
İnvestisiya proqramında sosial
yönümlü layihələrin icrasının 2011-ci ildə
də davam etdiriləcəyini deyən prezident ötən il 70
mindən çox yeni iş yerinin
açıldığını, onlardan 53 mininin daimi
olduğunu bildirib. Regionların Sosial İqtisadi
İnkişafı Dövlət Proqramının icrasına
başlanandan - 2004-cü ilin fevralından bu günə qədər
ölkədə 900 mindən çox yeni iş yeri
açılıb.
2010-ci ildə ölkədə 51
milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilib. Bu il qaz hasilatı və
ixracı daha da artacaq.
"Bizim uğurlu
inkişafımız gələcək illərdə də
davam edəcək" deyən İlham Əliyev ötən
il ölkədə baş verən təbii fəlakətin fəsadlarının
uğurla aradan qaldırıldığını, evlərini
itirən vətəndaşların yeni mənzillərlə təmin
edildiyini deyib. Bildirib ki, 3000-dən çox ev təmir edilib,
1500 ev yenidən tikilib, hazırda 700-800 evin tikintisi davam
etdirilir. "Bunu etmək üçün isə güclü
iqtisadi potensial lazımdır" deyən prezident Azərbaycanın
valyuta ehtiyatlarının artıq 29,4 milyard dollara
çatdığını diqqətə
çatdırıb.
2010-cu ildə Dağlıq
Qarabağ münaqişəsinin həllində irəliləyişə
nail olunmadığını deyən dövlət
başçısı vurğulayıb ki, buna səbəb Ermənistanın
əvvəlcə razılaşdırılmış məsələlərə
yenidən qayıtması, vaxtı uzatmaq və işğal
etdiyi torpaqları azad etmək niyyətində
olmamasıdır.
"Azərbaycan vətəndaşları
Dağlıq Qarabağa qayıtmalıdırlar" deyən
İlham Əliyev 2010-cu ildə beynəlxalq təşkilatlarda
münaqişə ilə bağlı Azərbaycanın
mövqeyinin daha da möhkəmləndiyini vurğulayıb. O
bildirib ki, Azərbaycan danışıqlar prosesində
konstruktivlik nümayiş etdirir və ölkənin ərazi
bütövlüyünün bərpası qeyd-şərtsiz
yerinə yetirilməlidir.
Dövlət
başçısı ölkədə ordu quruculuğu
istiqamətində işlərin davam etdirildiyini, bu sahəyə
ayrılan vəsaitin artırıldığını, yeni
texnika və silahların alındığını, 2011-ci
ildə orduya ayrılan xərclərin 3 milyard dollardan
çox olacağını deyib.
Prezident 2011-ci ildə
qarşıda duran vəzifələrdən danışarkən
vurğulayıb ki, makroiqtisadi sabitlik qorunmalıdır":Əminəm
ki, inflyasiya birrəqəmli olacaqdır. Biz xüsusilə
istehlak bazarına nəzarətimizi gücləndirməliyik.
Bu sahədə böyük işlər görülüb və
davam etdirilməlidir. Qiymətlərin süni şəkildə
şişirdilməsinə yol verməməliyik, azad rəqabəti
təmin etməliyik, inhisarçılıq meyllərinin
qarşısını almalıyıq. Lazımsız
yoxlamalar aparılmamalıdır, xüsusilə hüquq
mühafizə orqanları tərəfindən lazımsız
yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı
daha da sürətlə inkişaf etdirək, buna daha
böyük təkan verək".
Sahibkarlara kreditlərin verilməsi
davam etdirilməli və bu sahədə əlavə tədbirlər
görülməlidir. Dövlət başçısı bəyan
edib ki, bu il kənd təsərrüfatının
stimullaşdırılması, ərzaq təhlükəsizliyinin
təmin olunması, taxıl istehsalının
artırılması, böyük fermer təsərrüfatlarının
yaradılması ilə bağlı əlavə tədbirlər
davam etdirilməlidir.
İlham Əliyev 2011-ci ildə
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə
bağlı işlərin davam etdirilməsi, ölkədə
kosmik sənayenin yaradılması istiqamətində tədbirlərin
görülməsi, orduya ayrılan xərclərin
artırılması, müdafiə sənayesi sahəsində
yeni müəssisələrin yaradılması ilə
bağlı da tapşırıqlarını verib. Ölkədə
quruculuq işləri davam etdirilməli, Bayraq Meydanının ətrafında
abadlıq işləri bu il başa
çatdırılmalı, dəniz kənarında yerləşən
sənaye zonası ordan çıxarılmalıdır.
Dövlət
başçısı qeyd edib ki, elə etmək
lazımdır ki, ticarət, məişət, iaşə
obyektlərində nağd şəkildə ödəmələr
minimuma endirilsin, kredit kartlarına üstünlük verilsin.
Biznes mühitinin
yaxşılaşdırılması üçün əlavə
tədbirlər görülməli, bürokratik əngəllər
aradan qaldırılmalı, rüşvətxorluğa və
korrupsiyaya qarşı mübarizə daha da ciddi
aparılmalı, ictimai nəzarət gücləndirilməlidir.
Neft Fondundan transfertlərin yalnız investisiya
yönümlü layihələrə sərf olunmasına
çalışılmalıdır.
Dövlət
başçısı 2011-ci ili "Turizm ili" elan edilməsi
təşəbbüsünü irəli sürüb. Bu il
Bakıda 5 beşulduzlu hotelin açılacağını
deyən prezident "bu, dünyada analoqu olmayan bir hadisədir
ki, bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana
açılacaq",-deyə prezident bildirib.
A.Xəlil
Ekspress.- 2011.- 15-17
yanvar.- S. 2.