Müsabiqənin ləğv olunmasının səbəbləri

 

Əbülfəs Qarayev: "İşçilər bir il müddətində teatrda öz bacarıqlarını, istedadlarını sübut etməlidirlər"

 

"Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulan müsabiqənin ləğv olunması tamamilə məntiqli və apardığımız islahatlara tam uyğun olan bir addımdır. Biz ilk öncə bütün işçi heyətini ştatdan çıxartdıq. Bu gün heç kim deyə bilməz ki, mən ömürlük Milli Dram Teatrının aktyoruyam. Bu il onların hər biri üçün sınaq ilidir", -APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, müsabiqənin keçirilməməsi ədalətli qərardır: "Bütün aktyorlar birillik müqavilə üsuluna keçiriliblər. Yəni, onlar bir il müddətində teatrda öz bacarıqlarını, istedadlarını sübut etməlidir. Bir ildən sonra kim teatra lazım olsa, onunla müqavilənin müddəti uzadılacaq".

Milli Dram Teatrında baş rejissor, ikinci rejissor anlayışının olmayacağını söyləyən Ə.Qarayev bütün rejissorların müqavilə ilə fəaliyyət göstərəcəyini bir daha vurğulayıb: "Rejissorlar əsərləri müqavilənin şərtlərinə uyğun olaraq səhnələşdirəcəklər. Bunun özü artıq islahatdır. Çünki bununla rejissorların maddi imkanları artır, digər tərəfdən də onlara bu rəqabətə dözmək, daha maraqlı tamaşalar yaratmağa şərait yaradılır. Biz inqilabçı deyilik. Bu islahatları davamlı, təyinatlı və məqsədli düşünürük. Bu bir il müddətində yeni strukturda çalışacaq teatr artıq yeni şəraitə uyğunlaşacaq, bərabər, ədalətli şərtlərlə öz fəaliyyətlərini davam etdirmək şansı qazanacaq".

 

 

Ekspress.- 2011.- 20-21 yanvar.- S. 23.