Qanlı gecədən 21 il keçdi...

 

O QANLI GECƏDƏN 21 il keçdi. Həmin GÜN Bakını güllələdilər: rus tankları paytaxtımızı tırtılları ilə şumladı, üzərindən keçdi. Küçələrdə meydanlarda güllələnmiş zirehli texnikanın altında qalmış insanların qanları axırdı. Binalar güllə mərmilərdən dəlmə-deşik edildi. Meyitlər təhqirə məruz qaldı...

 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qürubuna doğru gedən SSRİ barbar bir rejim olduğunu bir daha nümayiş etdirdi. Mixail Qorbaçovun xeyir-duasını verdiyi, kod adı "Zərbə" olan vəhşi əməliyyatda Bakıya 35 minlik ordu yeridildi Kreml Azərbaycanın timsalında bəşəriyyətə qarşı daha bir cinayət işlətdi: Bir gecədə 132 nəfər öldürüldü, 612 nəfər yaralandı, 841 insan qanunsuz olaraq həbsə atıldı.

Yüzlərlə bina dağıdıldı.

Əliyalın xalqın üstünə tankla gedən imperiya ordusu yalnız 13 yaşlı qızcığazdan tutmuş, 76 yaşlı qocaya kimi dinc əhaliyə divan tutması ilə "öyünə" bilərdi.

   O günlərdə baş verənlər milləti hüznə, matəmə salsa da, bu, təhəmmülə, göz yaşları içində boğulmağa aparmadı, xalqın iradəsi çatdı ki, nifrətini qəzəbə çevirsin. Azərbaycan məhz faciəsindən, ağrıdan pərvaz etdi. Xalq ağrını yaddaşına əbədi həkk etdi onu abidəyə - "Şəhidlər Xiyabanı"na çevirdi.

Bu gün matəm günü deyil, şəhidləri, müstəqilliyimizə gedən çətin yolu yad etmə günüdür. məhz bu yaddaş bizi hər il məbədə - "Şəhidlər Xiyabanı"na aparır...

Şəhidlər Xiyabanının girəcəyində Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları Azərbaycanın baş rəssamı Cavanşir Əliyevin dizaynı əsasında xalça yanan şamlardan ibarət qərənfillərdən kompozisiya hazırlanıb. İldönümə hazırlıq çərçivəsində xiyabanın ətrafı təmizlənib, təmir abadlıq işləri görülüb.

20 Yanvar faciəsinin ildönümü ilə bağlı dünən İran idmançıları da Şəhidlər Xiyabanına gələrək, əbədi məşəlin qarşısına əklil qoydular. İrandan yüzlərlə kilometrlər yolu velosipedlə qət edən idmançı qrupun rəhbəri Məhəmməd Sübhani bu yürüşün artıq 11 ildir ki, həyata keçirildiyini bildirdi.

Şəhid oğlunu ziyarətə gələn Səmayə Həsənovanın yarası qaysaqlasa da, buş verənləri hələ unuda bilmir. "Bir oğul itirmişəm. Hər şeyim olan balamı itirmişəm. Əvvəllər hər gün gəlirdim. Amma indi xəstəyəm, mən gedəriyəm. Ara-sıra gələ bilirəm balamın ziyarətinə", - deyən şəhid anası yaşlı gözlərini silərək, övladının məzar daşını öpür.

Şəhidlər Xiyabanını ziyarət edənlər sırasında şəhid anası Səfurə Rəhimova da vardı. 19 yaşlı oğlunu itirən ana hələ bu acıyla barışmadığını deyir. "İdmançı, yaraşıqlı, hündürboy qəşəng oğlan idi. Fəxr edirdim onunla. Ondan sonra atası da çox yaşamadı. Buraxdılar məni bu həyatda tək-tənha. Atası oğlumun ölüm xəbərini alanda infarkt keçirmişdi", - deyən ana göz yaşlarını saxlaya bilmir.

Qeyd edək ki, Şəhidlər Xiyabanına gələnlər arasında məktəblilər, baxça uşaqları da vardı. 309 saylı məktəbin dil-ədəbiyyat müəlliməsi Aygün Əzizova hər il şagirdləri Şəhidlər Xiyabanına gətirdiyini bildirdi. "Bu, bizim qan yaddaşımızdır. Çalışmalıyıq ki, şagirdlərimiz bu günü unutmasınlar. Bunun üçün əlimizdən gələni edirik. Adi günlərdə şəhidlərimiz haqqında danışır, uşaqları mübarizə əzmiylə təlimləndiririk. Bu gün nəsillərə ötürülməlidir. 21 il öncə Sovetlər birliyinin Azərbaycanda törətdiyi bu vəhşiliyi hamı bilməli, unutmamalıdır", - deyən A.Əzizova uşaqlara İlham Fərizə haqqında danışmağa başladı.

Məktəbli Azər Dadaşov da hər il müəllimləri ilə Şəhidlər Xiyabanını ziyarət etdiyini bildirdi. "Hər il müəllimlərimizlə bura gəlib, şəhidlərin məzarlarını ziyarət edirik. Bu gün torpaqlarımızın 20 faizindən çoxu düşmən tapdağı altındadır. Mən böyüyəndə vətənimin keşiyində duracağam. Mən şəhid olmaq istəyirəm Vətən üçün. Mübariz kimi...", - deyən 12 yaşlı məktəbli müəllimlərinin onları mübarizə ruhunda yetişdirdiyini, valideynlərinin isə dönə-dönə "Vətəni qorumalıyıq" deyə xatırlatdıqlarını vurğuladı.  

 

 

İradə CƏLİLOVA

 

Ekspress.- 2011.-20-21 yanvar.- S. 5.