Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır?
Azərbaycanda ötən əsrin ən
qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
QARAYEV ƏLİHEYDƏR AĞAKƏRİM
OĞLU. "Hümmət" təşkilatından Azərbaycan
K(b)P-nın birinci (gizli) qurultayına nümayəndə. Həmin
qurultayda MK-nın üzvü seçilmişdir. 1919-20-ci illərdə
"Zəhmət sədası", "Azərbaycan füqərası",
"Oktyabr inqilabı" kimi qəzetlərin redaktoru, eyni
zamanda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin
üzvü olmuş, burada sosialistlər fraksiyası tərkibində
Səmədağa Ağamalıoğlu ilə birlikdə fəaliyyət
göstərmişdir. ASE-nin üçüncü cildində
(1979, səh. 60) deyildiyi kimi, "Müsavat parlamentində
hümmətçi bolşevik deputat olan Ə.Qarayev hökumətin
mürtəce siyasətinin ifşası üçün
parlament tribunasından geniş istifadə etmişdir".
MÜƏLLİFDƏN. Azərbaycan
parlamentində əslində rus bolşeviklərinin mənafeyini
güdən iyirmi üç yaşlı şamaxılı
balasının çıxışları "Azərbaycan
Demokratik Respublikası (1918-1920). Parlament. (Stenoqrafik
hesabatlar)" kitabında (bax: Bakı, "Azərbaycan" nəşriyyatı,
1998, səh. 947-953) əks edilmişdir:
Parlamentin 140-cı ilcası
12 aprel 1920-ci il
Parlament iclasının sədri
elan edir ki, Daxili İşlər nazirinin ünvanına Əli
Bayramovun qətli ilə əlaqədar (bu barədə
"Ekspress"in ötən ilki saylarında ətraflı
yazılmışdır - T.Q.) sorğu daxil olmuşdur.
Sorğunun mətni elan olunur. Məsələ
ilə əlaqədar iki dəfə söz alan Əliheydər
Qarayev Əli Bayramovun ölümündə hökumət məmurlarını
günahlandırmışdır, demişdir ki, ideyalı
adamlarla belə mübarizə üsulu yolverilməzdir. Əli
Bayramovun həbsindən sonra onun arvadı, ağbirçək
anası və on iki yaşlı oğlu da həbs
olunmuşdur. Heç bir təqsiri olmayan qadınları və
uşaqları tutub saxlamağa hökumət məmurlarının
ixtiyarı yoxdur.
Məsələ ilə
bağlı daxili işlər naziri M.Vəkilov cavab olaraq
bildirir ki, Əli Bayramovun naməlum şəxslər tərəfindən
vəhşicəsinə öldürülməsi məsələsi
ilə Qarabağdan qayıtdıqdan sonra şəxsən məşğuldur
və bu istintaq işində ikitərəfli münasibət
ola bilməz. Bu qətlin iştirakçıları kimliyindən
asılı olmayaraq cəzalandırılacaqdır. Bir daha bəyan
edirəm ki, qatillər hansı vəzifədə olursa-olsun,
hərbi vəziyyətin sərt qanunları ilə cəzalarına
çatacaqlar.
Məsələnin müzakirəsi
Parlamentin gələn iclasına keçirilmişdir.
Parlamentin 141-ci iclası
15 aprel 1920-ci il
İclas gündüz saat 12.40-da
başlayır.
Sədr - Məmməd Yusif Cəfərov
Katib - Rza bəy Qaraşarov
ƏLİHEYDƏR QARAYEV
("Hümmət") təklif edir ki, Əli Bayramovun
öldürülməsi ilə əlaqədar məsələ
gündəliyin ilk məsələsi kimi müzakirəyə
çıxarılsın.
SƏDR izah edir ki, həmin məsələyə
Parlamentin bugünkü iclasında mütləq
baxılacaqdır, fasilədən sonra.
Ə.QARAYEV sədrin rəyi ilə
razılaşır.
FƏTƏLİ XAN XOYSKİ -
Möhtərəm deputatlar! Bu gün Azərbaycanla İran
arasında müqavilənin layihəsi təsdiq edilmək
üçün müzakirənizə verilir. Biz, Azərbaycan
hökumətinin nümayəndələri bu müqavilənin
bağlanmasından maddi maraq deyil, böyük mənəvi əhəmiyyət
güdürük, müqaviləni imzalamaqla,
xalqımızın iradəsini ifadə edirik, iki qardaş
xalq arasındakı dostluğu ifadə edirik (alqışlar).
İran de-yure Azərbaycanın
müstəqilliyini tanımışdır. Bu, kağız
üzərində deyildir. İran öz öhdəsinə
ölkəmizi hansı tərəfdən olursa-olsun, qəsdlərdən
müdafiə edəcəyini götürür.
Azərbaycanla İran arasında
müqavilə əsasında ticarət sahəsindəki
qeyri-normal hallar aradan qaldırılacaqdır. Hökumət
belə hesab edir ki, Parlament nöqteyi-nəzərimizi
müdafiə edəcəkdir.
M.Ə.RƏSULZADƏ
("Müsavat"), QARABƏY QARABƏYLİ
("İttihad"), ASLAN BƏY SƏFİKÜRDSKİ
("Sosialistlər" fraksiyası), ƏHMƏD BƏY
AĞAYEV ("Bitərəflər" fraksiyası),
"MUXTAR ƏFƏNDİ ƏFƏNDİZADƏ ("Əhrar"
fraksiyası) çıxış edərək, iki xalqın
yaxından əlaqələrinin zəruriliyini qeyd etmiş,
müqavilənin bağlanmasını
alqışlamışlar.
İclasın katibi müqaviləni
maddələr üzrə oxuyur.
Sədr müqaviləni səsə
qoyur.
Müqavilə Parlament tərəfindən
yekdilliklə qəbul edilir. (Gurultulu və sürəkli
alqışlar)
SƏDR gündəlikdəki
növbəti məsələni elan edir - Azərbaycan
Respublikasının Qərbi Avropa və Amerika dövlətlərində
diplomatik heyətinin təsdiqinə dair qanun layihəsinin,
Paris konfransında Azərbaycan nümayəndələrinin təsdiqi
barədə.
FƏTƏLİ XAN XOYSKİ
(Xarici işlər naziri) - Möhtərəm deputatlar! Mən
qanun layihəsi ilə əlaqədar bəzi məsələləri
izah etmək istəyirəm. Biz, əlbəttə,
bütün ölkələrdə Azərbaycanın diplomatik
missiyasının möv-cudluğunu istərdik. Təəssüflər
ki, hazırda Azərbaycan öz adamlarını bütün
dövlətlərə göndərmək imkanından məhrumdur.
Buna görə də hökumətimiz ilk növbədə ən
nüfuzlu dövlətlərə, İngiltərəyə,
Fransaya, İtaliyaya, Amerikaya, yəni Avropada və bütün
dünyada hazırda üstün rol oynayan ölkələrə
diplomatik heyət göndərməyi qərara
almışdır.
Biz İsveçrəyə də
diplomatik heyət göndərmək fikrindəyik.
Çünki bu ölkə sanki bütün dünyanın mərkəzdir.
Hər cür beynəlxalq konfranslar burada, İsveçrədə
keçirilir. Bu balaca ölkədə baş verənlər
dünya siyasətinin gedişinə sirayət edir.
Nəhayət, diplomatik heyət
Polşaya da göndərilir. Bu missiyanın vəzifəsi
bundan ibarətdir ki, bir tərəfdən Azərbaycanla
Polşa arasında, digər tərəfdən Litva, Latviya,
Finlandiya, Estoniya və Rumınya ilə sıx diplomatik əlaqələr
yaradılsın. Bu missiyanın fəaliyyət dairəsinin
geniş olacağını nəzərə alaraq, hökumət
Polşadakı heyətimizin tərkibini iki ştat vahidi
artıracaqdır. Çətinlik ancaq heyət üzvlərinə
hansı pul vahidi ilə məvacib verilməsindədir. Son
vaxtilar hətta frankın məzənnəsi də
aşağı düşür. Ölkəmizin pul vahidi isə,
təəssüflər olsun ki, daha artıq tənəzzülə
yuvarlanır. Bəs nə etməli? Hökumətimiz belə
nəticəyə gəldi ki, hazırda daha sabit dəyərli
ingilis sterlinqindən istifadə etsin.
Çıxışımın
sonunda diplomatik heyətlərin göndərilməsi müddəti
barədə demək istəyirəm. Qanun layihəsində bu
müddət altı aydır. Niyə altı ay? Hökumət
bunu əsəs götürmüşdür ki, burada əyləşməklə
hansı ölkədə hansı heyətdə nümayəndələrimizin
vacibliyini qət etmək olmaz. Bütün bu məsələləri
altı ay ərzində həll etmək, bizə elə gəlir
ki, mümkündür. Əldə etdiyimiz məlumat əsasında
yeni diplomatik heyətlər təşkil oluna bilər, yaxud
mövcud olanların bəzisi ləğv edilə bilər.
ƏLİHEYDƏR QARAYEV
("Hümmət") - Mən bilmək istəyirəm ki,
hökumətimizin dostluq münasibətləri qurmaq istədiyi
ölkələr arasında niyə Sovet Rusiyası yoxdur?
Axı siz nə üçün bütün imperialist
dövlətlərinə diplomatik missiya göndərirsiniz, həqiqi
dostlarımızı yaddan çıxarırsınız? Nə
zaman ki, Lenin güclü idi, siz onun yanına Rüstəmbəyovu
nümayəndə göndərdiniz. (Zalda canlanma, səslər:
yalandır, Denikinin yanına yox, Kuban hökumətinə).
ƏLİHEYDƏR QARAYEV - Bu, sizin
taktikanızdır və bir daha göstərir ki, Sovet
Rusiyası ilə dostluq münasibətləri qurmaq istəmirsiniz.
FƏTƏLİ XAN XOYSKİ
(Xarici işlər naziri) - Mən anlamıram,
çıxış edən natiq məsələnin mahiyyətini
kənara qoyub, niyə boşboğazlıqla məşğuldur.
Soruşur ki, niyə biz Sovet Rusiyası ilə dostluq
münasibətləri qurmuruq? Biz həmişə, indinin
özündə də böyük rus xalqı ilə
xalqımızın sıx münasibətlərinin
mövqeyində olmuşuq və mövqeyindəyik. Əgər
bu münasibətlər tənzimlənməyirsə,
günahı bizdə deyil. Biz üç dəfə Sovet
Rusiyasına müraciət etmişik ki, dostluq münasibətlərimizin
yaradılması üçün danışıqlara
başlayaq. Bügünədək bizim təklifimzə cavab
yoxdur. Çıxış edən natiq (Fətəli Xan
Xoyski Ə.Qarayevin adını dilinə gətirmək istəmir
- T.Q.) nahaq yerə bizi ittiham edir. Əgər o, Rusiya ilə
dostluq münasibətlərinin bərqərar olunmasını
istəyirsə, qoy öz həmfikirlərini məcbur etsin,
bizimlə danışıqlara başlasınlar.
(Alqışlar) Biz həmişə danışıqlara
hazırıq. Bizə göstəriş verməyə
lüzum yoxdur. Göstərişi bu məsələnin həllini
yubadanlara vermək lazımdır.
Bizim
tərəfdən Denikinin yanına nümayəndə
göndərməyimizə gəldikdə isə, deməliyəm
ki, bu, təxribatdır. Biz heç vaxt Denikinin yanına
heç kimi göndərməmişik. Biz nümayəndəmizi
müstəqil Kuban dövlətinə göndərmişik. O
Kuban dövlətinə ki, onun rəsmi nümayəndəsini
Dağlı hökuməti ilə dostluq müqaviləsini
imzaladığı üçün Denikin edam etmişdir.
***
Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin Rusiyaya təslimçilik mövqeyində olan
"Hümmət"çi deputatına Aprel
işğalından sonra hər cür imtiyazlar verildi. Hətta
Ə.Qarayev "Azərbaycan SSR ordusunu müstəqilləşdirməyə
təşəbbüs göstərdiyinə görə"
sonralar repressiya qurhbanı olmuş Çingiz
İldırımın vaxtilə işlədiyi hərbi-dəniz
işləri komissarı vəzifəsini də tutmuşdur.
Azərbaycan Respublikası Prezidenti
İşlər İdarəsi Siyasi Sənədlər Arxivində
"Azərbaycan ordusunun müstəqilliyinə təşəbbüs
göstərən" Çingiz İldırım
haqqında bir neçə material saxlanılır.
Tanış olun:
"12 may 1920-ci il
Teleqram
Dərbənd, hərbi komissar
Korolyova
Xahiş edirəm, əsir alınmış
və hazırda Dərbənddə saxlanılan 591 nəfər
Azərbaycan əsgərinin Bakıya, Azərbaycan Sovet
Respublikasının ordu qərargahının sərəncamına
göndərəsiniz.
Hərbi-dəniz komissarı
İldırım".
1920-ci ilin mayında Dərbənddə
əsir saxlanılan 591 nəfər əsgərin kimlərdən
ibarət olmasını sübut edən sənədlərlə
də arxivdə tanış olmaq olar. Sovet Azərbaycanının
ilk hərbi-dəniz komissarı Çingiz
İldırımın ünvanına yazılmış bir məktubda
oxuyuruq:
"Müstəqil Azərbaycan
Sovet Respublikasının hərbi-dəniz komissarına
Quba qəzası Dəvəçi
sahəsinin Əmirxanlı və Ağsaqqallı kəndlərinin
müvəkkilləri Məstan İskəndər oğlu, Kərim,
Zəkəriyyə və Əlabbas tərəfindən
Ərizə
Yoldaş komissar!
Satqın müsavat hökuməti
Yalamadakı əsgərlərə əmr etmişdi ki, xalq
düşmənlərinə atəş açsınlar.
Aprel ayında bizim dostlarımız, yoldaşlarımız sərhədə
yaxınlaşdıqda övladlarımız olan əsgərlər
xidməti borclarını yerinə yetirərək atəş
açdılar. Atışmadan sonra əsgərlərimiz
öz qardaşları ilə müharibə
apardıqlarını gördülər, atəşi dayandırsalar
da, əsir götürüldülər. Hazırda 80 əsgərimiz
Dərbənd həbsxanasında saxlanılır.
12 may 1920-ci il."
...1957-ci ildə SSRİ Xalq Daxili
Komissarlığının hərbi kollegiyasının qərarı
ilə Çingiz İldırım da, Əliheydər Qarayev də
bəraət aldılar. Bakının mərkəzi
"Kommunist" küçəsinə paralel küçə
"Əliheydər Qarayev" adlandırıldı. SSRİ
dağılandan sonra Azərbaycan Xalq Cümhuriyyəti
Parlament iclaslarının keçirildiyi küçə
"İstiqlaliyyət", "Əliheydər Qarayev" Əhməd
Cavad küçəsinə çevrildi. Təəssüflər
olsun ki, bu gün 2011-ci ildə Azərbaycan Parlamentində əhməd
cavadlar deyil, əliheydərlər çoxluq təşkil
edir.
(ardı var)
Teyyub
Qurban
Ekspress.-
2011.- 22-24 yanvar.- S. 15.