Azərbaycanlı
tələbələr Macarıstanda mədəniyyətimizi
təbliğ edirlər
Azərbaycan mədəniyyəti
Macarıstanda təmsil edilib. Macarıstanın paytaxtı Budapeşt
şəhərində yerləşən
Mərkəzi Avropa Universitetində
təhsil alan azərbaycanlı tələbələr
universitetdə keçirilən Beynəxalq Mədəniyyət
Festivalına qatılıblar. 30-a yaxın ölkənin
qatıldığı bu festvalda
həftə boyunca universitetin əsas foyesində
nümayiş etdirilən
fotolardan ibarət stenddə Azərbaycan
yeməklərinin, rəqslərinin və
paytaxtımızın fotoları yerləşdirilib. Həftə
sonu universitetin yataqxanasındakı yeməkxanada bozbaş, toyuq-ləvəngi
və şirinplov verilib. Günün nəticələrinə
əsasən ən çox sifariş olunan yeməklərin
arasında birinci yerdə
bozbaş, üçüncü
yerdə isə toyuq-ləvəngi
olub.
Bundan əlavə, yeməkxanada
səsləndirilən musiqilər
arasında Azərbaycan
xalq mahnıları, muğamlar və müasir estradamızdan musiqilər də yer alıb. Tədbirin əsas
hissəsi olan mədəniyyətlərin təqdimat
mərasimində Azərbaycan
üçün xüsusi
olaraq ayrılmış
stenddə mədəniyyətimizi
əks etdirən fotolar, masada isə Azərbaycana aid açıqcalar, dolma, şəkərbura, paxlava,
Azərbaycan çayı,
mürəbbələr, nar,
limon, çərəz,
kələğayı, digər
milli atributlarımız
və suvenirlər təqdim olunub.
Bundan əlavə, səhnədə
Azərbaycana aid təqdimatın
nümayiş etdirilməsi,
zəngin tariximizi və mədəniyyətimizi
əks etdirən faktların tamaşaçıların
nəzərinə çatdırılması,
"Yüz bir" rəqsi və "Reyhan" musiqisi isti alqışlarla qarşılanıb.
Qeyd edək
ki, Azərbaycanlı tələbələrin bu
festivalda uğurla mədəniyyətimizi təbliğ
etməsində Azərbaycan
Respublikasının Macarıstandakı
səfirliyi, Azərbaycan
Respublikasının Diasporla
İş Üzrə
Dövlət Komitəsinin
və Macar-Azərbaycan
Dostluq Cəmiyyətinin
böyük rolu olub.
AYXAN
Ekspress.- 2011.- 25 yanvar.-
S. 14.