"Bakı xanı Hüseynqulu xanın nəvələrindənik"

 

   Cahangir Novruzov: İnşallah, Yaşar sağalsın, onunla bir tamaşada oynayacağıq...

 

   Bir çox tanınmış incəsənət xadimimiz Azərbaycanda kənarda fəaliyyət göstərir. Müsahibimiz onlardan biri - sevimli aktyorumuz, uzun illər Şəki Dövlət Dram Teatrının və Musiqi Komediya Teatrının baş rejissoru olmuş Cahangir Novruzovdur.

   Cahangir müəllim artıq 16 ildir ki, Türkiyədə türk qardaşlarımıza teatr sənətinin sirlərini öyrədir. Hərdən vaxt tapanda Vətənə də baş çəkir...

   -Doğrusunu deyim ki, mən Musiqi Komediya Teatrının qısa bir müddətdə düzələcəyinə inanmırdım. Çünki bu teatrda köklü islahatlar lazımdır. Musiqili Komediya Teatrının aktyor heyətində sənətinə böyük hörmət etdiyim, o teatrda aktyor kimi xidmətləri olan mərhum Hacıbaba Bağırovun yanlışlıqla işə aldığı, səsi, musiqi və teatr səriştəsi lazımi səviyyədə olmayan bir sıra adamlar var. Onlar arasında ola bilsin istedadlar var, amma onların heç olmasa müəyyən təlim almalari lazımdır. Musiqili Komediya Teatrı açıldığı ilk illərdə də Nəsibə xanımla bərabər bir-iki nəfər teatr təhsili görmüş aktyorlar vardı. Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, İbrahim Şünasi kimi aktyorların təhsili yox idi. Amma istedad sahibi olan bu insanlar Şəmsi Bədəlbəyli kimi pedaqoqun rəhbərliyi altında peşəkar səriştə sahibi oldular. Onlara musiqili teatrda zəruri olan vokal və musiqi dərsləri bilikli müəllimlər tərəfindən verildi. Bu aktyorlar rəqs etməyi öyrəndilər. Ona görə də bu sənətkarlar indiyədək xatirələrimizdə yaşayırlar, adları hörmətlə anılır.

   - Rəhmətlik Əlabbas Qədirov deyirdi ki, Nəsibə Zeynalova mənim tələbəm olub. O zamanlar artıq Nəsibə xanım Azərbaycanın xalq artisti idi...

   - Oxumaqdan, təhsil almaqdan heç kəs utanmamalıdır. Düzdür, hesab edirəm ki, Musiqili Komediya Teatrındakı insanların bir qismi oradan təmizlənməlidir, lakin onlara başqa teatrlarda iş vermək lazımdır. Bu zəmanədə onları çölə atmaq olmaz. Əgər Musiqili Komediya Teatrının düzəlməyini istəyirsinizsə, mən bunu başqa şəkildə görürəm. Azərbaycanda Musiqili Komediya Teatrının uzun illərə söykənən ənənələri var. Bu ənənələri zamana uyğun bir şəkildə inkişaf etdirmək lazımdır. Bəzən kiçik hisslərimizin köləsi olaraq, özümüzü, millətimizi sahib olduğu şeylərdən məhrum edirik. Əgər bir insan ona tapşırılan işi vicdanla yerinə yetirmirsə, buna görə rəhbərlik neyləsin?

   - Yəqin ki, xəbəriniz var, Azərbaycan teatrının 10 illik inkişaf proqramı qəbul edilib. Artıq 2009-cu ildən başlayaraq islahatlara da başlanılıb?

   - O islahatlarla bağlı keçirilən iclaslarda mən olmamışam. İslahatlarda professional sənət zehniyyəti olmalıdır, bizdəsə, sadəcə, məsələnin maliyyə və təşkilati tərəfinə önəm verilir. Hörmətli Polad Bülbüloğlunun nazir olduğu dövrdə mən Musiqili Komediya Teatrırının baş rejissoru, həm də bədii rəhbəri idim. O dövrdə teatrın binasının əsaslı təmiri məsələsi həll edilirdi. Hələ bilinmirdi ki, bina söküləcək, ya yox. Bina söküldü, düşünürəm ki, bu, doğru addım idi. Baxmayaraq ki, o teatrın hər daşı mənə babam Cahangir Zeynalovu xatırladırdı. Çünki binanın metal skeleti çürümüş ve kağız kimi yırtılırdı. O teatrın mərkəzi 3 lojasının sağ tərəfindəki lojasını Cahangir Zeynalov illik kirələyirdi. Nənəm- rəhmətlik Hüsniyyə xanım "Qayınana" tamaşasının premyerasında sol lojada oturanda dedi ki, baban Cahangirin dövründə o loja mənim idi, anan niyə məni bu tərəfdəkinə gətirdi?.. Ona görə də, o bina mənim üçün bəlkə Azərbaycanda hər şeydən daha dəyərli idi. Bina söküləndə parketləri, daşları insanlar evlərinə daşıdılar. Mən isə bir mismarına belə göz dikmədim. 125 ildən bəri Azərbaycan teatrına varı və canı ilə xidmət edən bir nəslin üçüncü nümayəndəsi olaraq teatrdan bir çöp götürsəm, o teatrı şəxsi mənfəətlərimə görə işlətsəm, o biri dünyada babama Nəsibə xanıma nə cavab verərəm? Azərbaycan reallığında teatr sahəsində qarşılaşdığım bəzi məqamlar mənə bir az qəribə gəlir. Bəlkə də bu gün Türkiyədə olmağımın səbəbi budur. Bəlkə məndən vaz keçilməsinin xeyrimə oldu. Çünki mən bura qayıtsaydım, hər gün müharibə edəcəkdim. Çünki mən talan etmək üçün yox, qurmaq, yaratmaq üçün gələcəkdim.

   - Bəzən belə iddia edilir ki, Azərbaycan teatrında düşünən beyinlər qalmayıb?

   - Xeyr, niyə ki? Bu gün teatr sənətində Azərpaşa Nemətov kimi bir rejissor var. Azərpaşa çox peşəkar birisidir. Azərpaşa Nemətov tək Teatr Xadimləri İttiifaqının deyil, Akademik Milli Dram Teatrının başında durmalı, bu teatrın bu günkü sənət siyasətini istiqamətləndirməlidir. Həmçinin Vaqif İbrahimoğlunun adını çəkmək istəyirəm. Teatrı bilən insandır, heyif ki, bugün bir az xəstədir. Türkiyədə müalicə olunanda onu da, Yaşarı da (Yaşar Nuri- red.) ziyarət etdim. Yaşar da artıq ayağa durur. Ağciyər infeksionundan müalicə olunur. İnşallah sağalınca onunla bir tamaşada oynayacağıq.

   - Planda varmı?

   - Planda yoxdur, amma təki sağ-salamat sağalıb qayıtsın, Yaşarla bir tamaşanı plana salmaq bizim üçün nədir ki?

   - Əvvəllər, Sizi yeni televiziya tamaşalarında, filmlərdə görürdük. Hazırda yeni çəkildiyiniz filmlər varmı?

   - Elə keçən il "Ölüm növbəsi" filmində oynamışam. Bu il üçün Bakıdan elə bir təklif almamışam. Amma Türkiyədən bəzi təkliflər almışam. Ssenarilər var, onları gözdən keçirib bir tamaşa hazırlamalıyam.

   - Cahangir müəllim, neçə ildir Türkiyədə yaşayırsınız, özü də Adana kimi böyük şəhərdə konservatoriyanın dosentisiniz, tələbələriniz də məşhur filmlərdə, seriallarda çəkilirlər. Bəs Sizi nə üçün türk filmlərində görmürük?

   - Mən orada sırf pedaqoji fəaliyyətlə məşğulam. Vaxtımı əsasən bu işə sərf edirəm. Məni elə bu fəaliyyətimlə də Türkiyədə kifayət qədər tanıyırlar. Türkiyədə dövlət teatrlarında bir neçə ildən bir sınaq imtahanları keçirilir. Orada dövlət müəssisələrinə yalnız imtahanla işə götürürlər. Bildiyimə görə, Türkiyədə dövlət teatrlarının 1000-dən çox aktyora ehtiyacı var. Lakin ötən il dövlətin gücü 42 yeni aktyor ştatı açmağa çatdı. 1996-cı ildə fəaliyyətə başlayan Adana Çukurova Universitetinin Konservatoriyasının 7 yetirməsi bu imtahandan keçdi. Təsəvvür edirsiniz, bu nə deməkdir? Bütün ölkə üçün nəzərdə tutulan 42 yerin 7-ni mənim tələbələrim qazandı. Bu da mənim pedaqoji fəaliyyətimin statistik göstəricisidir.

   - Cahangir müəllim, dərslərinizdə Azərbaycan dramaturgiyasından istifadə edirsinizmi?

   - İstifadə etməmişəm...

   - İcazə verməyiblər?

   - İcazə məsələsi deyil. Əvvəla bizim ədəbiyyatın türkcəyə tərcüməsi lazımdır. Təəssüf ki, Türkiyə türkcəsində kitablarımız, əsərlərimiz çox azdır. Eyni kökdən olsaq da, Azərbaycan və Türkiyə türkcələri çox fərqli dillərdir.

   - Amma burada insanlar Anadolu türkcəsində kitab alıb oxuyur, əsərlər də səhnəyə qoyulur.

   - Alıb oxuyurlar ona görə ki, kitablar bura gətirilir. Digər tərəfdən türk dilinə burada maraq var. Azərbaycan dili Türkiyədə elə təbliğ olunmur axı. Burada insanlar peyk antenaları vasitəsilə yüzlərlə türk kanalına baxırlar. Amma Türkiyədə cəmisi 3-4 Azərbaycan kanalı yayımlanır ki, Azərbaycan Dövlət Televiziyasından başqa, onların da səviyyəsi, keyfiyyəti proqramlarının daha yaxşı olmasını arzulayırıq... 200-ə yaxın türk kanalının yanında bizim 3-4 telekanalımız çox azdır. Hələ aparıcıların danışıq tələffüzünü demirəm. Əvvəllər aparıcıların danışığına çox diqqət verilirdi...

   - Babanız Cahangir Zeynalovun çoxlu mülkləri, torpaqları olub. Onların yerini bilirsinizmi, sənədləri sizdə varmı?

   - Hüsü Hacıyev küçəsindəki şahmat məktəbinin yerində babamın bir mülkü olub ki, içində 300 nəfər tamaşaçı yerləşən teatr zalı, 40 otağı varmış. O binanı SSRİ dövründə sökdülər. Abşeronda bizim nəslə aid çoxlu torpaq sahələri var. O yerlərin halallığını halal insanlara verirəm, halal olmayanlarasa vermirəm. Mən hələ Cahangir Zeynalovu bir kənara qoyuram, atam tərəfdən Bakının harasının bizə aid olduğunu desəm təəccüblənərsiniz. Qızım Nəsibənin təsadüfən arxivdən əldə etdiyi bir sənədə görə, sonuncu Bakı xanı Hüseynqulu xanın nəvələrindənik.

   - Onda siz həm Tofiq Bakıxanova, həm Eldar Mansurova qohumsnuz ki?!.

   - Bəli Mansurovlarla da, Bakıxanovlarla da qohumuq.

   - Atanız Mütəllim Novruzovdan kamança çalmağı öyrənmisinizmi?

   - Mənə məxsusi olaraq öyrətməsə , ondan muğam barədə bir şeylər götürmüşəm. Bir az pianoda çalmağı bilirəm.

   - Bəs atanızın kamançasını indi kim dilləndirir?

   - Atam rəhmətə gedəndən sonra kamançanı dilləndirən yox idi. Mən Türkiyədə olanda böyük sənətkarımız Habil Əliyev mənə zəng edib, dedi ki, "Cahangir, kamançam qırılıb, atanın kamançısını mənə verərsənmi?" Habil müəllim yaxşı bilirdi ki, atamın kamançası çox dəyərli alətdir. Dedi ki, qədər istəyirsən, pul da verirəm. Rəhmətlik atam da, anam da Habil müəllimin xətrini istəyirdilər sənətinə yüksək qiymət verirdilər. Mən özüm onun sənətinin böyük vurğunuyam. Dedim ki, o kamançanın qiyməti mənim üçün əvəzedilməzdir. Atam sizə böyük dəyər verirdi. O kamança evdə səssiz qalmaqdansa, sizin əlinizdə səslənərsə, atamın ruhu daha şad olar. Habil müəllimə həmçinin dedim ki, Allah ömrünüzü uzun eləsin, sizdən sonra o kamança yenidən bizim evə qayıtmalıdır. Habil müəllim özü mənimlə razılaşdı. Bununla bağlı mən ondan imzalı kağız da istəmədim, bizə görə bu, ayıb olar. Yəni, kişilərin arasında dürüst söz olub. Bilənlər bilir ki, kamança alətini xaricdə səsləndirən ilk musiqiçilərdən biri mənim atamdır. O, 1953-cü ildən Həbib Bayramovla bir çox xarici ölkədə qastrolda olub. Radionun bütün canlı konsertlərini atam ifa edirdi, qəribədir ki, konsertlər lentə yazılanda artıq atam orada işləmirdi. Hörmətli Zeynəb Xanlarovanı, Elmira Rəhimovanı, Flora Kərimovanı səhnədə ilk dəfə atam müşayiət edib. Onu tanıyan musiqiçilər yaxşı bilirdilər ki, atam Mütəllimin "Cahargah"ı bir başqa olub. Yaşlı vaxtında soruşdum ki, səhnəyə niyə çıxmırsan? Dedi ki, saçım ağarıb, səhnəlik deyiləm, bundan sonra saçımı yenidən rəngləyə bilmərəm. O adamın dünyagörüşü beləydi... Mən elə ata-ananın oğlu, babalarımın nəvəsiyəm dürüst yaşamağı onlardan öyrənmişəm. Nəvələrimə dürüst yaşamağı öyrədirəm.

  

 

  İltifat HACIXANOĞLU

 

  Ekspress.- 2011.- 26 yanvar.-S.10.