II Beynəlxalq
Muğam Müsabiqəsi
7 gün ərzində Bakıda müxtəlif silsilə tədbirlər
keçiriləcək
Martın 14-dən 21-ə qədər
Bakıda keçiriləcək II beynəlxalq Muğam
Festivalı "Muğam
fəzası" adlanacaq. Bu
barədə dünən Azərbaycan Bəstəkarlar
İttifaqında keçirilən
mətbuat konfransında məlumat verilib.
Tədbirdə çıxış
edən ittifaq sədri Firəngiz Əlizadə bildirib ki, ikinci dəfə
baş tutacaq festival Azərbaycanın müstəqilliyinin
20-ci ildönümünə həsr olunub.
Daha sonra festivalın
proqramı barədə
danışan sədr
qeyd edib ki, təntənəli açılış mərasimi
martın 14-də Beynəlxalq
Muğam Mərkəzində
olacaq.
7 gün ərzində
Bakıda müxtəlif silsilə tədbirlər keçiriləcək.
Belə ki, martın
16, 17 və 18-də UNESCO səviyyəsində keçiriləcək
beynəlxalq elmi simpoziuma
müxtəlif ölkələrin ən
görkəmli musiqişünas alimləri qatılacaqlar. Simpoziumun
materialları kitab
şəklində azərbaycan, rus, ingilis və ərəb
dillərində çap olunacaq.
Martın 18, 19 və 20-də festival çərçivəsində gənc muğam ifaçılarının müsabiqəsi
təşkil ediləcək. Festival çərçivəsində hər gün saat 17.00-da Beynəlxalq Muğam
Mərkəzində muğam
konserti keçiriləcək. Konsertin birinci bölməsində Azərbaycan
xanəndələrinin ifasında yeddi muğam təqdim olunacaq. Konsertin ikinci hissəsində isə digər ölkələrin
ifaçıları çıxış edəcək.
Bununla bərabər, hər gün saat 22.00-da Caz Mərkəzində tanınmış caz ifaçılarımızın
da konsertləri keçiriləcək.
F.Əlizadənin sözlərinə görə, festival çərçivəsində
simfonik konsertlər, görüşlər də
təşkil ediləcək. Opera və Balet Teatrında isə muğam operaları nümayiş olunacaq.
Beynəlxalq Muğam Festivalı
martın 21-də Heydər
Əliyev Sarayında möhtəşəm qala-konsertlə
öz işinə yekun vuracaq.
Festivalın qonaqları
məsələsinə də
toxunan sədr qeyd edib ki,
misirli musiqiçi Yamini Redvan Azərbaycanda
ustad dərsləri keçəcək: "Əvvəlki
festivalda Yamininin ifasını dinləyəndə
çox təəccübləndik.
Çünki biz
nağaranın zərblə
ifasını eşitməyə alışmışıq. Ancaq o bu
alətdə çox zərif
bir ifa sərgilədi.
Ona görə də məhz onun ustad dərslərini
keçirmək qərarına gəldik".
F.Əlizadə ustad
dərsləri zamanı
xalq artisti, xanəndə Alim Qasımov və onun tələbələrinin
çıxış etməsini
istədiklərini söyləyib:
"Çox istərdik
ki, xarici mütəxəssislər onların
ifasını dinləsinlər.
Ancaq Alim
Qasımov İranda olduğu üçün
hələ özü ilə
danışa bilməmişik. Ondan cavab gözləyirik".
Konfransda çıxış edən Mədəniyyət
və Turizm Nazirliyinin incəsənət
şöbəsinin müdiri
Fərəh Əliyeva
festivala hazırlıq
işlərinin hələ
keçən ildən
başlandığını jurnalistlərin diqqətinə
çatdırıb. Onun sözlərinə
görə, beynəlxalq
tədbirə bütün
konsert və teatr salonları cəlb olunub: "İnanırıq ki, ikinci festival da dünyada bu istiqamətdə keçirilən
ən gözəl tədbirlərdən biri kimi böyük əks-səda doğuracaq".
Tədbirdə çıxış
edən Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi bildirib ki, II Beynəlxalq Muğam Festivalı çərçivəsində
təşkil olunacaq Gənc Muğam İfaçılarının Müsabiqəsində
ölkəmizi təmsil
edəcək ifaçıları
müəyyən etmək
üçün fevralın
sonunda Respublika Muğam Müsabiqəsi keçiriləcək. Bu müsabiqənin
üç qalibi festivalda çıxış edəcək. Daha sonra beynəlxalq
müsabiqə barədə məlumat verən rektor
bildirib ki, müsabiqənin
püşkatma mərasimi
martın 17-də olacaq.
Martın 18, 19 və 20-də keçiriləcək
müsabiqəyə qatılmaq istəyən digər ölkələrin
ifaçıları namizədliklərini verməkdə davam edirlər. Ona görə
də, yarışmada iştirak edəcək ölkələrin
tam siyahısı hələ məlum deyil.
Səyavuş Kərimi bildirib ki, qalibləri müəyyən
edəcək
münsiflər
heyəti yeddi nəfərdən
ibarət olacaq. Onun sözlərinə görə, birinci dəfə olduğu kimi, bu dəfə də münsif kürsüsündə
Avropanın dörd, Azərbaycanın üç
təmsilçisi əyləşəcək: "Azərbaycan
tərəfdən münsiflərdə mən, Ramiz Zöhrabov və adını hələ dəqiqləşdirmədiyimiz
bir nəfər də olacaq. Müsabiqənin mükafat
fondunun həcmi də dəyişməyib. Bu
dəfə də
qaliblərə eyni məbləğdə
mükafat təqdim ediləcək. Bu, dünyada keçirilən müsabiqələr
içində qaliblərə verilən ən yüksək məbləğdir".
Xatırladaq ki, 2009-cu ildə
keçirilən ilk müsabiqənin
əsas mükafatı
olan Qran-Prini Təyyar Bayramov qazanıb.
1-ci yerə Özbəkistandan Yulduz
Turbiyev, 2-ci yerə İrandan
Məhəmməd Motamidi,
3-cü yerə isə misirli Mustafa Səid layiq görülüb. Qran-Pri sahibinə 20 min, birinci yerə 15 min, ikinci yerə
10 min, üçüncü
yerə isə 5 min avro mükafat verilib.
İLTİFAT
Ekspress.- 2011.-28 yanvar.- S. 23