Hər aktyorun öz mövqeyi
Rəhbərlik sağ
olsun...
Ramiz Məlikov:
"Bu, yuxarılardan verilən
əmrdir, buna necə qarşı çıxmaq olar?!"
Son
zamanlar Akademik Milli Dram Teatrında aparılan islahatlar gündəmdən düşmür.
Teatrın binası əsaslı təmir ediləndən sonra yaradıcı heyəti gücləndirmək üçün
nəzərdə tutulan
müsabiqənin ləğv
olunması və işçilərlə yalnız
birillik müqavilələrin
bağlanması bəzi
söz-söhbətlərin yaranmasına səbəb oldu. Biz də teatrın aparıcı aktyorlarından olan xalq artisti Ramiz
Məlikovla söhbətimizdə
bu məqamlara aydınlıq gətirməyə
çalışdıq.
-
Ramiz müəllim, Akademik Milli Dram Teatrında fəxri adından və statusundan asılı olmayaraq bütün işçilərlə bağlanılan
birillik müqavilə
ilə bağlı söz-söhbətlər gəzir.
Sizin də bu məsələyə münasibətiniz maraqlıdır...
-
Bilirsiniz ki, cənab prezident 2009-2019-cu
illərdə Azərbaycan
Teatrının inkişafı
üçün Dövlət
Proqramı barədə
sərəncam imzalayıb.
Bu sərəncama uyğun
olaraq teatra yeni qüvvələrin, yeni dramaturqların cəlb olunması, teatrın dünyaya inteqrasiyası prosesinə
başlanılıb. 50 il
bundan əvvəlki insanlarla indikilər arasında böyük fərq var. Zəmanə dəyişdikcə, insanların
zövqü, teatra, tamaşalara münasibəti
dəyişir. Baxmayaraq
ki, o illərdə Azərbaycan teatr sənətində nəhəng
sənətkarlar olub.
Düşünürəm ki, insanları teatra bağlayan amillərdən biri də həmin sənətkarlara olan sevgi idi. İndikiləri
heç olmasa, o səviyyəyə qaldırmaq
üçün islahat
aparmaq mütləq lazımdır. Yüksək
keyfiyyətli tamaşalar
hazırlamaq üçün
güclü rejissor nəsli yetişdirilməli,
yaxşı əsərlər
yazılmalıdır. Təəssüf
ki, rəhmətlik İlyas Əfəndiyevdən
sonra teatr üçün yazan dramaturq tapmaq müşkülə çevrilib.
Ondan sonra Azərbaycanda teatrı bilən ikinci böyük dramaturq yoxdur.
-
Son illər Akademik Milli Dram Teatrında onlarla yeni-yeni əsərlər səhnəyə
qoyulub. Bunların bəzilərində siz də oynamısınız.
Belə çıxır
ki, oynadığınız
tamaşaların dramaturji
yükü ürəyinizcə
olmayıb...
-
Bəli, yeni-yeni əsərlər səhnəyə
qoyulub, amma istədiyimiz səviyyədə
olmayıblar. Bu əsərləri
Hüseyn Cavid, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə,
İlyas Əfəndiyevin
pyesləri ilə müqayisə etmək olmaz. Bu gün Azərabaycan teatrı üçün təkcə
Elçin Əfəndiyev
yazır. Anardan soruşanda, deyir ki, "artıq dramaturji əsər yazmıram".
-
Əgər islahatlar teatrın inkişafı üçün aparılırsa,
bəs bəzi xalq artistləri nə üçün narazılıq edirdilər?
Deyilənə görə,
İlham Əsgərov
teatrda bərk əsəbiləşəndən sonra insult keçirib.
-
Yalan sözdür, İlham neçə illərdir şəkərli-diabetdir.
O mənim ən yaxın dostumdur, dəfələrlə demişəm
ki, "səhhətinə
diqqət elə",
amma sözə baxmırdı. Ona həmişə deyirdim ki, "gərək sən hər gün şəkərini yoxlatdırasan". Amma İlham deyilənlərin
heç birinə əməl etmirdi. Şəkərlə oyun oynamaq olmaz. Mənim oğlum da şəkər xəstəsi olduğu üçün bunun nə olduğunu yaxşı bilirəm. Bir balaca başdansoyuqluq
etdi, şəkəri
kəllə-çarxa çıxır.
Yenə, şükürlər
olsun ki, İlham yaxşı qurtardı.
Teatrda isə,
məncə, islahatlardan
narazı qalan yoxdur. Bu, yuxarılardan verilən əmrdir, buna necə qarşı çıxmaq
olar?!
-
Deyilənə görə,
işçilərlə bağlanılan
müqavilədə mətbuatla
əlaqə qurmaq aktyorlara qadağan olunur. Guya, teatrın
rəhbərliyinin icazəsi
olmadan heç bir aktyor mətbuata
müsahibə verə
bilməz. Bu, doğrudurmu?
-
Mən ilk gündən
demişəm ki, bizim müqavilələr
normal hüquqi sənəddir.
Orada teatrın və aktyorların öhdəliklərindən bəhs
olunur. Aktyorun öhdəliyi odur ki, ona təklif
olunan roldan imtina etməməli, vaxtında məşqlərə
qatılmalı, öz
rolunu da yüksək səviyyədə
oynamalıdır. Düşünürəm
ki, ədalətli müqavilədir. Orada mətbuatla bağlı hər hansı qadağa yoxdur.
-
Ötən ilin sonlarına qədər Akademik Milli Teatrının bütün
işçilərinin teatra
müsabiqə ilə
götürələcəyi deyilirdi. Buna görə direktordan başqa bütün işçilər
işdən çıxarılmışdı.
Amma müsabiqə olmasa da, aktyorlar
işdən çıxarılıb
yenidən birillik müqavilə ilə işə götürüldülər.
Bəs rəhbərlikdən
soruşmadınızmı ki, əgər müsabiqə olmayacaqdısa,
bizi niyə işdən çıxarırdınız?
-
Axı dedim, teatrda islahatlar aparılır. Bu islahatlar
da cənab İlham Əliyevin imzaladığı sərəncama
uyğun olaraq həyata keçirilir. Burada rəhbərliyin nə günahı var? Əksinə, rəhbərlik sağ olsun ki, işçilərə
böyük humanistlik
göstərdi, müsabiqəni
keçirmədi.
-
Bayaq dediniz ki, yeni nəsli
teatra cəlb etmək üçün islahatlar aparılmalıdır.
Bu gün çoxları
Mədəniyyət və
İncəsənət Universitetindən
məzun olan gənc aktyorların səhnəyə yaramadıqlarını
iddia edir. Belə çıxır ki, teatrlar öz
aktyorlarını özü
yetişdirməlidir?
-
Bizim dövrümüzdə
teatrların baş rejissorları aktyorluqdan təhsil alan tələbələrin diplom
işinə baxıb istedadı ilə seçilənləri teatra
işə götürürdülər.
Yadıma gəlir, tələbə üçün
Ədil İsgəndərovun
"Qadam, sabah bir mənə dəyərsən" deməsi,
onun sənətdə
bəxtinin açılması
demək idi. Eləcə də Mehdi Məmmədov, Tofiq Kazımov bütün diplom tamaşalarına baxırdılar.
Ona görə də Akademik Milli Dram Teatrına ən istedadlı gənclər cəlb olunurdu. Amma indi bilmək olmur ki, gənclər
teatrlara hansı yollarla işə götürülürlər.
Mədəniyyət
və İncəsənət
Universitetində aldığı
təhsildən asılı
olmayaraq istedadı olan qocaman, təcrübəli
sənətkarlarla bir
yerdə işləyəndə,
onlardan çox şey öyrənir. Biz teatra gələndə, Akademik Milli Dram Teatrında Ağasadıq
Gəraybəylidən, Həsənağa
Salayevdən, Hökumə
Qurbanovadan, İsmayıl
Osmanlıdan, Barat Şəkinskayadan tutmuş,
Məmmədrza Şeyxzamanovadək
nəhəng sənətkarları
görmüşük. O dövrdə
Həsənağa Turabov,
Hamlet Xanızadə, Səməndər
Rzayev, Şəfiqə
Məmmədova, Amalya
Pənahova, Fuad Poladov kimi aktyorlar
gənc olsalar da, çox məşhur idilər. Biz
gözümüzü açıb
nə öyrəndiksə,
bu korifey sənətkarların sayəsində
əldə etdik. Tədrislə teatr həyatı tamam başqa-başqa şeylərdir.
Digər tərəfdən,
bizim tələbə
ikən müəllimləriz
kim idi- Ədil İsgəndərov,
Mehdi Məmmədov, Tofiq Kazımov, Rza Təhmasib, Müxlis Cənizadə kimi nəhəng sənətkarlar. Azərbaycan
teatrı indi bu sənətkarların yetirmələrinin çiynində
dayanıb. Lakin bu yetirmələr artıq bu gün
qocalıblar, onları
kimlərin əvəz
etməsi isə problemə çevrilib...
İLTİFAT
Ekspress.- 2011.- 29-31 yanvar.-S. 19.