Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin "sosialistlər fraksiyası" tərkibində Əliheydər Qarayevlə yanaşı, digər "Hümmət"çi deputat - Səmədağa Ağamalıoğlu (Ağamalov) da olmuşdur. Ancaq o, Əliheydər Qarayev kimi parlament iclaslarında yerli-yersiz çıxış edərək Rusiya bolşeviklərinin mövqeyini təbliğ etməmişdir, milli dəyərləri üstün tutmuşdur. Fikrimizə yəqinlik gətirmək üçün Azərbaycan parlamentinin əlli iki yaşlı deputatının (1867-ci il dekabrın 27-də anadan olmuşdur) 1920-ci il mart ayının 4-də keçirilmiş parlament iclasında "Dövlət büdcəsi haqqında qanun layihəsi"nin müzakirəsi zamanı çıxışına nəzər yetirmək kifayətdir. (bax: "Azərbaycan Demokratik Respublikası. 1918-1920. Parlament. "Bakı, "Azərbaycan" nəşriyyatı, 1998, səh.908)

   AĞAMALIOĞLU SƏMƏDAĞA ("Hümmət") - Büdcə haqqında qanun bizim üçün yeni qanundur, buna görə bu məsələyə olduqca diqqətlə yanaşmalı və qanun layihəsini hərtərəfli müzakirə etməliyik. Dövlətin bütün maliyyə-iqtisadi həyatı büdcənin necə tərtib olunmasından asılıdır. Buna görə də ilk növbədə biz büdcənin mahiyyətini aydın təsəvvür etməliyik. Büdcə dövlətin mədaxil və məxaric xərclərinin məcmuudur. Hər bir dövlətin mədaxil və məxaric xərcləri isə hökumətin fəaliyyət istiqamətlərindən irəli gələn müəyyən qanunlara əsaslanır. Dövlət büdcəsinin tərtibi formalarına gəldikdə, biz İngiltərə təcrübəsindən faydalana bilərik. Orada parlamentə seçdiyi deputatlar vasitəsilə xalqın özü bu məsələni həll edir. Əfsuslar ki, hökumətimiz büdcə məsələsində ancaq Rusiya və Almaniya təcrübəsindən istifadə etmişdir.

   Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində aqrar komissiyasının sədri seçilmiş Ağamalıoğlunun dedikləri bu gün də öz qüvvəsini itirməmişdir.

   Lakin Səmədağa Ağamalıoğlu da "sosialist fraksiyası"nın digər "Hümmət"çi üzvləri kimi Azərbaycanın gələcəyini "ölkəni sovetləşdirməkdə" görmüşdür. AXC devrildikdən sonra onun parlamentinin aqrar komissiyasının sədri S.Ağamalıoğlu Sovet Azərbaycanının ilk torpaq komissarı olmuşdur. 1922-ci il avqustun 11-də Moskvada Leninlə görüşmüş, yeni əlifbaya keçmək üçün təkliflərini bəyan etmişdir. Sonralar Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri təyin edilmişdir. 1922-ci ildən 1929-cu ilədək Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Dövlət xadimi və publisist həm də Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin üzvlərindən biri idi. SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü 1930-cu il oktyabrın 6-da Moskvada vəfat etmiş və orada dəfn olunmuşdur. Vəfatından yeddi il sonra, 1937-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının Hərbi Kollegiyasının qərarı əsasında Səmədağa Ağamalıoğlu "xalq düşməni" elan edilmiş, 1957-ci ildə bəraət almış, adına ali məktəb, kənd və küçələr verilmişdir. İyirminci yüzilliyin sonlarında yenidən Səmədağa Ağamalı oğlu "arzu-olunmaz şəxs" kimi qadağalara məruz qalmışdır. Bütün bunlara görə Mir Cəfər Bağırov məsuliyyət daşıyırmı?

   BÜNYADZADƏ DADAŞ XOCA OĞLU. Azərbaycan bolşeviklərinin birinci (gizli) qurultayının nümayəndəsi. "Hümmət" partiyasının üzvü. 1888-ci il aprel ayının 8-də Bakı qəzasının Fatmayı kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra Bakıdakı rus-tatar məktəbində oxumuşdur. Ailə vəziyyətinin ağırlığı üzündən uşaq yaşlarından ağır zəhmətə qatılan D.Bünyadzadə daş karxanasında arabaçı, H.Z.Tağıyevin toxuculuq fabrikində fəhlə, dəmirçixanada usta köməkçisi və s. işlərdə çalışmışdır.

   1917-ci il Fevral inqilabından sonra Dadaş Bünyadzadə Nəriman Nərimanovun sədr olduğu "Hümmət" təşkilatının katibi seçilmiş, Bakı Sovetinin üzvü, Bakı qəzası üzrə müvəkkil və ərzaq şöbəsinin müdiri olmuşdur. 1918-ci ildə Bakı Kommunasının məğlubiyyətindən sonra Həştərxana getmiş, burada Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlığın sədri seçilmişdir. İlk dəfə - 1918-ci və 1920-ci ildə Moskvada V.İ.Leninin qəbulunda olmuşdur.

   Azərbaycanda Sovet hakimiyyəti illərində Dadaş Bünyadzadə xalq maarif komissarı, xalq torpaq komissarı, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan Xalq Komissarları Sovetinin sədri, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları xalq torpaq komissarı vəzifələrində çalışmış, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. 1937-ci ildə əksinqilabi "Hümmət"çi təşkilatın üzvü kimi həbs edilmiş, 1938-ci ildə güllələnmişdir. 1957-ci ildə ölümündən on doqquz il sonra ona bəraət verilmişdir. Bakıda adına ali məktəb, küçə verilmişdir, Fəhləlikdən dövlət xadiminədək yol keçmiş D.Bünyadzadə bu gün unudulmuşdur. Ona bəraət verənlər onun qəniminə çevrilmişlər. Günahı Mir Cəfər Bağırovun üstünə atmaq kişilikdən deyil!

   HÜSEYNOV MİRZƏDAVUD BAĞIR OĞLU. 1918-ci ildən "Hümmət" partiyasının üzvü. Azərbaycan bolşeviklərinin birinci (gizli) qurultayınının nümayəndəsi. 1894-cü ilin martında anadan olmuşdur. 1913-1917-ci illərdə Moskva Kommersiya İnstitutunda təhsil almışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin üzvü və hərbi inqilab qərargahının sədri kimi müsavat hökumətinə qarşı silahlı üsyanın təşkilatçılarından biri olmuşdur. 1920-ci ilin iyul ayında Moskvada Leninlə görüşmüşdür. 1920-1922-ci illərdə Azərbaycan İnqilab Komitəsinin sədr müavini, xalq xarici işlər komissarı, xalq maarif komissarı, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Ali İqtisadi Şuranın sədri, Rusiya Sovet Federativ Sosialist Respublikası xalq milli işlər komissarının müavini, Zaqafqaziya Sovet Federativ Respublikası Xalq Komissarları Sovetinin sədr müavini, ZSFSR xalq xarici işlər komissarı və maliyyə komissarı vəzifələrində çalışmışdır. 1930-33-cü illərdə M.D.Hüseynov Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. 1937-ci il repressiyasına məruz qalmış "Hümmət"çiyə 1957-ci ildə bəraət verilmişdir.

   CƏBİYEV HƏBİB PİRCAN OĞLU. Azərbaycan bolşeviklərinin birinci (gizli) qurultayının nümayəndəsi. 1919-cu ildən "Hümmət" təşkilatının katibi.

   Həbib Cəbiyev 1899-cu ilin sentyabrında Bakının Balaxanı kəndində xırda neft sahibkarı ailəsində anadan olmuşdur. 1911-ci ildə Bakı Kommersiya məktəbinə daxil olmuş, məktəbin son kursunda oxuyarkən "Hümmət"in Balaxanı şöbəsinin katibi seçilmişdir. 1919-cu ilin əvvəllərində "Hümmət"in fəal üzvü kimi Gəncə, Qazax, Tovuz, Gədəbəy və Şuşada təşkilatın özəklərini yaratmışdır. Azərbaycanda Xalq Cümhuriyyəti dövründə gizli iş aparan Həbib Cəbiyev Şuşada partiya konfransı keçirmək üçün hətta "çoban libasında" Qarabağa gedibmiş. (bax: Oqtay Qasımov. "Bizim və sizin Balaxanı". "Elm və həyat" nəşriyyatı, 2002. səh. 107)

   On birinci qızıl ordunun Azərbaycanı işğalından sonra digər "Hümmət"çilər kimi H.Cəbiyev də rəhbər partiya işlərinə irəli çəkilmişdir. 1920-21-ci illərdə Şamxor, Qazax, Tovuz qəzalarına fövqəladə komissar göndərilmiş, sonra Balaxanı partiya komitəsində işləmişdir. 1922-23-cü illərdə H.Cəbiyev Moskvada çıxan "Qızıl Şərq" jurnalının redaktoru vəzifəsində çalışmış, 1923-27-ci və 1929-30-cu illərdə Bakıda "Kommunist" qəzetinin redaktoru olmuşdur.

   Həbib Cəbiyev 1930-cu ildən başlayaraq Moskvada məsul partiya və dövlət işlərində, SSRİ Kolxoz Mərkəzinin sədr müavini, SSRİ Xalq Yeyinti Sənayesi Komissarlığı Siyasi İdarəsinin rəis müavini vəzifələrində işləmişdir. Lenin ordenli partiya və dövlət xadimi 1938-ci il aprel ayının 12-də "əksinqilabi "Hümmətçi"" təşkilatın üzvü kimi güllələnmiş, 1957-ci ildə ona bəraət verilmişdir.

   Araşdırmalar göstərir ki, 1956-cı ildən başlayaraq SSRİ-nin bütün müttəfiq respublikalarında repressiya qurbanlarına bəraət verilməsi prosesinə başlanılmışdır. Yalnız Azərbaycanda bu proses bir nəfərin - Mir Cəfər Bağırovun ünvanına yönəldilmişdir. Azərbaycan rəhbərinin qanunsuz həbsinə bəraət qazandırmaq üçün dəridən-qabıqdan çıxan respublika partiya rəhbərliyi Xruşşovun və Mikoyanın təbliğatına uymuşdur. 1956-cı il yanvarın 25-27-də keçirilmiş Azərbaycan KP-nin XXI qurultayında hətta M.C.Bağırovun qarşıdakı açıq məhkəməsinin dəqiq tarixi də elan olunmuşdu - 1956-cı ilin mart ayı. (Rəhbərlərimiz tələsmişdilər, məhkəmə apreldə oldu - T.Q.)

   Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Azərbaycan KP-nin XXI qurultayının stenoqrafik məlumatları saxlanılır. Hesabat məruzəsində oxuyuruq: "İstintaq göstərdi ki, M.C.Bağırov özünün keçmiş antisovet düşmən fəaliyyətinin ifşa olunacağından ehtiyat edərək hər cür təxribatçı metodlarla - şantaj, yalan, böhtan, intriqa, istintaq işlərinin saxtalaşdırılması və s. yollarla Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparmış fəal inqilabçıları məhv etdirib".

   İmam Mustafayev "Bağırovun məhv etdiyi inqilabçılar" arasında Nəriman Nərimanovun, Səmədağa Ağamalıoğlunun, Qəzənfər Musabəyovun, Əliheydər Qarayevin, Ruhulla Axundovun, Sultan Məcid Əfəndiyevin, Dadaş Bünyadzadənin, Müzəffər Nərimanovun və başqalarının adlarını çəkir. Məgər Azərbaycan KP MK-nın birinci katibi bilmirdi ki, adlarını çəkdiyi görkəmli şəxsiyyətləri Mir Cəfər Bağırov tək yüksək qiymətləndirən olmamışdır? Bilmirdi ki, onların hamısı Kremlin repressiya haqqındakı hökmü ilə aradan götürülmüşdür? Bilmirdi ki, Ruhulla Axundov "repressiya olunmalı şəxslər" siyahısına sol-eserlər partiyasının üzvü kimi düşmüşdü? Nərimanov Nərimanovun əmisi nəvəsi Müzəffər Nərimanova gəldikdə, arxiv materialları sübut edir ki, daha çox kimin adına "şantaj, yalan, böhtan, intriqa" sözləri yaraşır.

   Nəriman Nərimanovla Mir Cəfər Bağırovun iyirminci illərin əvvəllərində daşnaklara qarşı necə mübarizə apardıqları barədə "Ekspress"in ötən ilki saylarında oxuculara müfəssəl məlumat verilmişdir. Azərbaycan bolşeviklərinin birinci (gizli) qurultayının rəyasət heyətinin fəxri sədri, 1925-ci il mart ayının 19-da müəmmalı şəkildə vəfat etdi, Qızıl Meydanda dəfn olundu, 12 ildən sonra "xalq düşməni"nin yaxın qohumları məhrumiyyətlərə məruz qaldı. Nəriman Nərimanova dərin hörmət bəsləyən M.C.Bağırov onun əmisi nəvəsi Müzəffər Nərimanovun qayğısına qaldı. Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan sənədlər bunu bir daha sübut edir. 1937-ci ildə Azərbaycan K(b)P Bakı Komitəsinin ikinci katibi vəzifəsində çalışan M.Nərimanov həmin ilin yanvar ayında təbliğatçı və təşviqatçıların müşavirəsində deyirdi: "Biz kütlələrin beynəlmiləl tərbiyəsi işində mətbuatın rolunu yüksəltməliyik, mətbuatımız trotskizm, velikorus və yerli millətçilik, milli təmayülçülük halları ilə qəti mübarizə aparmalıdır. Məgər bu bir fakt deyilmi ki, Bakıda milli təmayülçülər trotskiçilərlə və müsavatçılarla eyni düşərgədə peyda olmuşlar. Sizlərə təkcə bir misal gətirmək istəyirəm. Bakıda hamınızın yaxşı tanıdığı Ağababa Yusifzadə vardı, qatı milli təmayülçü. Eyni zamanda, o, həm əksinqilabçı trotskiçilərlə, həm də müsavat qrupları ilə əlaqədə idi. Başqa bir milli təmayülçü - Nəbi Tağıyev trotskiçi əksinqilabi təşkilatla əlaqə saxlayırdı, eyni zamanda müsavat qrupunun tərkibində idi. Biz konkret faktlar əsasında partiya təşkilatlarına, kommunistlərə, gənclərə xalq düşmənlərinin iç üzünü necə açmağı, onları necə darmadağın etməyi və divan tutmağı öyrətməliyik".

 

 

   Teyyub Qurban

 

   Ekspress.-2011.- 29-31 yanvar.-S. 14.