Vergi ödəyicilərinin
"elektron-qutu"su
Vergilər Nazirliyinin Vergi ödəyicilərinə
xidmət idarəsinin rəisi Elçin Məmmədov:
"Bu sistem operativ və çevik vergi nəzarətinin
qurulmasına xidmət edir"
Azərbaycan Respublikasının
Vergilər Nazirliyi uzun illərdir
ki, ən müasir
texnologiyalardan istifadə
etməklə kompüterləşdirmə
və modernləşdirmə
sahəsində liderlik mövqeyini qoruyub
saxlayır. Xidmətlərin elektron formatda göstərilməsinə
keçirilməsi üzrə bir çox layihələr digər
postsovet və Avropa ölkələri ilə müqayisədə
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən
xeyli əvvəl və daha səmərəli şəkildə
həyata keçirilib. Keçən ildən Nazirlik elektron
kargüzarlıq xidmətini də vergi ödəyicilərinin
istifadəsinə verib. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə
xidmət idarəsinin rəisi Elçin Məmmədov yeni
xidmətin əhəmiyyətindən danışıb.
- Elektron xidmətlərin göstərilməsinin
əhəmiyyəti nədədir?
- Məlum olduğu kimi, ən yeni
texnologiyaların tətbiqi ilə elektron xidmətlərin
vergi ödəyicilərinin istifadəsinə verilməsi
istiqamətində mühüm irəliləyiş olub və
bunu Avtomatlaşdırılmış Vergi İnformasiya
Sisteminin (AVİS) yaradılmasından sonra Vergilər
Nazirliyinin vergi inzibatçılığı sahəsində
apardığı ən vacib islahatlardan biri hesab etmək olar.
Bu sistemin istifadəyə verilməsi vergi sistemində sənəd
dövriyyəsinin və məlumatların işlənməsi
sürətinin dəfələrlə artmasına, operativ və
çevik vergi nəzarətinin qurulmasına xidmət edir. Elektron
vergi-hesab fakturalarının, e-bəyannamə və
"onlayn kargüzarlıq" sistemlərinin və digər
xidmətlərin tətbiqi isə vergi orqanı ilə vergi
ödəyiciləri arasında əlaqələrin şəffaflaşmasına
gətirib çıxarmış, vergi ödəyicisinə bəyannaməni
internet vasitəsilə təqdim etmək, onun tərtibinə
və düzgünlüyünə nəzarət etmək,
öz şəxsi vərəqəsinə "real vaxt"
rejimində baxmaq imkanları verib. Sadaladığım
bütün bu elektron xidmətlərin mahiyyətini qıcasa
olaraq belə ifadə etmək olar: vergi ödəyicisi öz
fəaliyyəti ilə bağlı istənilən məlumatı
istənilən yerdən əldə etmək və
ötürmək imkanına malik olmalıdır.
- Bu xidmətlərin davamı
olaraq vergi ödəyiciləri üçün onlayn
müraciət etmək imkanı - fərdi "elektron
qutu" (e-qutu) yaradılıb. Onun üstünlüyü nədən
ibarətdir?
- Bəli, 2010-cu ilin martından
"onlayn kargüzarlıq" sistemi tətbiq olunmağa
başlanıb. Bunun üçün www.e-taxes.gov.az
ünvanındakı İnternet Vergi İdarəsində hər
bir istifadəçi üçün fərdi elektron qutu
(e-qutu) yaradılıb. "E-qutu"nun tətbiqi ilə vergi
ödəyicilərinə İnternet Vergi İdarəsinin
"onlayn kargüzarlıq" bölməsindən istifadəçi
kodu, parol və şifrəni daxil etməklə vergi sisteminə
aid istənilən məlumat tipli sənədi tez bir zamanda əldə
edə bilmək imkanı qazanıblar. Bunun nə
üçün vacib olduğunu izah edim - məsələn,
vergi borcu barədə ödəyiciyə adi poçt vasitəsilə
göndərilən bildiriş onun ünvanına vaxtında
yetişməyə və bununla da vergi öhdəliklərinin
vaxtında yerinə yetirilməsində müəyyən ləngimələr
yarana bilər. Həmin bildirişin e-qutuya göndərilməsi
və vergi ödəyicisinin onu oxuması üçün isə
cəmi bir neçə saniyə lazımdır.
Bundan əlavə, bu sistemə
müraciət edən bütün vətəndaşlar Vergilər
Nazirliyinə göndərdikləri sənədin vergi
orqanı daxilində hərəkətini "real vaxt"
rejimində izləyə və icraçının telefonunu
öyrənərək onunla birbaşa əlaqə yarada bilərlər.
Xüsusi qeyd edim ki, həmin sistem vasitəsilə vergi
orqanına göndərilən bütün müraciətlər
rəsmi status alır.
Daha bir üstünlük ondan ibarətdir
ki, vergi ödəyiciləri öz aralarındakı
yazışmalarda da "e-qutu"dan istifadə edə bilərlər.
Vergi orqanlarının istifadəçilərə və vergi
ödəyicilərinin bir-birinə ünvanladıqları məktublar
və cavablar həmin anda ünvana çatacaq, istifadəçilərə
məxsus olan qutuya toplanacaq və məktublara internet vasitəsilə
istənilən yerdə baxmaq mümkün olacaq.
- "Elektron qutu"dan istifadə
prosesi çətin deyil ki?
- Elə vergi ödəyiciləri
ilə rastlaşmışam ki, onlar "elektron qutu"dan
istifadəni mürəkkəb bir proses hesab etdiklərinə
görə bu xidmətdən istifadə etməyiblər.
"Elektron qutu"dan istifadənin əsas prinsiplərini izah
etdikdən sonra onların böyük əksəriyyəti
bizim xidməti atıq özlərinin vərdiş etdikləri
elektron məktublarla müqayisə edərək bu sistemin sadəliyini
başa düşüb.
Özünüz qiymətləndirin
- istifadəçi şifrə-parol və kod vasitəsilə
saytındakı "onlayn kargüzarlıq" altsisteminə
daxil ola və "gələnlər və göndərilənlər"
qutusundan özünə aid məktubları oxuya bilər.
Bundan başqa, istifadəçi vergi orqanına göndəriləcək
müraciətin mətnini hazırlaya, gərək olduqda bura
qoşma fayllar əlavə edə bilər.
Göndərilən sənəd
istifadəçinin "Göndərdiklərim"
qovluğuna yazılır və müvafiq vergi orqanının
"e-kargüzarlıq" sisteminə
ötürülür. Növbəti addım olaraq icra
müddəti və aidiyyəti üzrə göndəriləcək
şəxslər seçilir, məzmun qeyd olunur və
müvafiq əməliyyatlar aparıldıqca sənəd
göndərilir.
- Vergi ödəyicilərinin
"e-qutu"larına göndərilən sənədlərin
oxunma səviyyəsi necədir?
- Bu xidmətin 10 aydan
artıqdır tətbiq olunduğuna baxmayaraq, vergi ödəyicilərinin
"elektron qutu"larına göndərilən sənədlərin
oxunması o qədər də yüksək səviyyədə
deyil. May ayında bu göstərici 4,7 faiz, ilin sonlarında 32
faiz olub, hazırda isə 73 faiz təşkil edir. "Elektron
qutu" ilə göndərilən məktubların oxunma səviyyəsinin
aşağı olması, məncə, bir neçə amillə
bağlıdır. Əvvəldə bəhs etdiyim psixoloji
amillə yanaşı, bu xidmətdən istifadə
üçün zəruri texniki şərtləri də
unutmaq olmaz. Heç kəs üçün sirr deyil ki,
Bakı istisna olmaqla, ölkəmizin regionlarında kompüter
texnologiyalarının inkişafı aşağı səviyyədədir.
İnternet sisteminə giriş olmadan isə bu sistemdən
istifadə etmək mümkün deyil.
Bununla belə, obyektiv çətinliklərin
olmasına baxmayaraq, müsbət dinamika göz önündədir.
Lakin biz əldə olunan göstəriciləri
yaxşılaşdıra bilərik və
yaxşılaşdırmalıyıq. Bu məqsədlə
bütün zəruri məlumatlandırma və təbliğat
işlərini aparırıq. "Onlayn
kargüzarlıq", "e-qutu" və ondan istifadə, sənədin
onlayn rejimdə göndərilməsi və vergi orqanından
göndərilən hər hansı sənədin oxunması
qaydası vergi ödəyicilərinə izah edilir, bir
çox halda prosesin vizual şəkildə nümayiş
etdirilməsi təmin olunur.
İmkandan istifadə edərək
mən bir daha bütün vergi ödəyicilərinə
müraciət etmək istəyirəm ki, əgər sizin fərdi
elektron qutunuzda oxunmamış sənədləriniz varsa,
"onlayn kargüzarlıq" sisteminə daxil olun və sizə
göndərilmiş sənədlərlə
- İnternetə
çıxışı olmayan vergi ödəyiciləri
"e-qutu"da hər hansı məlumatın
olub-olmadığından necə xəbər tuturlar? Bu istiqamətdə
hansı işlər görülüb?
- Bu, həqiqətən, çox
mühüm məsələdir. Artıq dediyim kimi, respublika
üzrə vergi ödəyicilərinin 93,7 faizinin vergi
orqanlarından şifrə-parol (pin-kod) aldığına
baxmayaraq, heç də bütün vergi ödəyicilərinin
internetdən daimi, hətta məhdud şəkildə istifadə
etmək imkanı yoxdur. İnternetə
çıxışı olmayan ödəyicilər Vergilər
Nazirliyinin müxtəlif bölgələrdə
yaratdığı vergi ödəyicilərinə xidmət
terminallarından "e-qutu"ya məlumat göndərə
bilərlər. Bu cür terminallar vergi ödəyicilərinə
xidmət üçündür və bir daha xatırlatmaq istəyirəm
ki, onların göstərdikləri bütün xidmətlər
pulsuzdur. Əlbəttə, vergi ödəyiciləri internet
xidmətləri göstərən digər müəssisələrin,
məsələn, internet klublarının xidmətlərindən
istifadə edə bilərlər. Biz, həmçinin müxtəlif
üsullarla vergi ödəyicisinin e-qutusunda oxunmamış məktubların
olması ilə bağlı məlumatın ona
ötürülməsinə çalışırıq. Məsələn,
vergi ödəyicisinin mobil telefonuna bu barədə mesajın
göndərilməsi, yaxud onun elektron ünvanında xəbərdaredici
işarənin yerləşdirilməsi və s.
Başlıcası odur ki, vergi ödəyicilərinin
artıq böyük bir qismi e-qutunun üstünlüklərindən
xəbərdardırlar və biz bu istiqamətdə məlumatlandırma
və izahat işlərini hər gün davam etdiririk.
- Elektron xidmətlərlə
bağlı daha hansı yeniliklər nəzərdə tutulur?
- Vergi ödəyicilərinə
göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi,
e-xidmətlərdən istifadənin kütləviləşdirilməsi
ən aktual vəzifələrimizdəndir. Burada məqsəd
perspektivdə vergi ödəyiciləri ilə canlı (fiziki)
əlaqə formalarını məhdudlaşdırmaq və
xidmətlərin elektron formada qəbul edilməsinin kəmiyyətinin
və keyfiyyətinin genişləndirilməsinə şərait
yaradan müasir informasiya texnologiyalarından istifadə etməkdir.
Bu məqsədlə vergilər naziri cənab Fazil Məmmədov
"Vergi orqanları tərəfindən vergi ödəyicilərinə
göstərilən xidmətlərin inkişafı
Konsepsiyası"nın təsdiq edilməsi haqqında 2011-ci
il yanvar 6 tarixli əmr imzalayıb. Bu əmrdə bir sıra
addımların atılması, məsələn, fərdi
sahibkarların "onlayn" rejimdə qeydiyyatının
aparılması, vergilərin elektron formada ödənilməsi
üçün tədbirlərin görülməsi və s.
nəzərdə tutulur.
Qənirə
MƏMMƏDLİ
Ekspress.- 2011.-
29-31 yanvar.- S.7.