Bəxti gətirən aktrisa...
Hər dəfə bu xanımla
üz-üzə gələndə onun məşhur
"Retro" verilişindəki aparıcılıq etdiyi
vaxtları xatırlayıram. O zamanlar xalq artisti Həmidə
Ömərovanın yaradıcılığının ən
parlaq dövrü idi. Rejissorlar onu öz filmlərinə
çəkmək üçün bir il əvvəldən
sifariş göndərirdilər.
O vaxtdan bəri çox şey dəyişib.
Həmidə xanım hər bir aktrisanın arzu etdiyi
bütün uğurlara imza atıb, ailə səadətinə
də qovuşub, fəxri adlara da layiq görülüb. Dəyişməyən
yeganə şey onun təbəssümlü
baxışlarıdır...
Tellini "öldürdülər"
- "Qorxma mən səninləyəm"
filminin ikinci hissəsində çəkildiniz? Bu mövzu sizə
tanışdır, maraqlıdır, film çəkilişdən
əvvəl sizə maraqlıdır, yoxsa sonra?
- Mən
belə bir ssenarinin olduğunu bilirdim. Amma
düşünürdüm ki, əvvəlki seriyada olduğu
kimi Telli rolu normal bir roldur, filmin süjet xəttinə təsir
edən obrazdır. Amma ssenarini oxuyandan
sonra xeyli pəjmürdə oldum. Çünki
əvvəl oynadığım Telli obrazından orda əsər-əlamət
görmədim. Filmin ssenarisini Yuli Qusmanın özü
yazıb və daha çox kişi
obrazlarına yer ayırıb, mən cəmi iki yerdə
epizodda göründüm. Ona görə də əvvəlcə
çəkilməkdən imtina etdim. Nəsə, məni
dostlarım birtəhər yola gətirdilər... Qusman mənə
dedi ki, tamaşaçılar bu obrazı çox görmək
istəyirdilər, ona görə Tellini "öldürmək"
istəmədim. Mən də qayıtdım ki, elə
kiçik epizodda görünmək Tellini öldürmək
kimi bir şeydir... Digər suala gəlincə,
aktrisa kimi çəkilmək mənə daha
maraqlıdır. Mən həm də
kinoşünas olsam da, filmləri daha diqqətlə, analitik
baxışlarla izləsəm də, aktrisalığım
"tutanda" dəyişirəm və tamam başqa əhvalla,
daha da maraqla çəkilirəm, baxışım dəyişir.
Yenidən
doğulsaydım, yenə aktrisa olardım...
- Eşitmişəm
Ayaz Salayev sizi filmə dəvət edib, amma imtina etmisiniz.
Deyəsən açıq-saçıq səhnələr
varmış...
- Ayaz Salayev mənə
bir dəfə xəyanətkar qadın obrazını
oynamağı təklif edərək bir filmə dəvət
etdi, amma razılıq vermədim. Çünki
rol əhatəli deyildi və o filmdə qəhrəmanımın
niyə xəyanət etməsinin səbəbləri
tamaşaçıya qaranlıq qalacaqdı. Bu da bir qadın kimi məni narahat elədi və mən
roldan imtina etdim. Həm də siz dediyiniz
kimi, açıq-saçıq səhnələr çox
idi, mən heç vaxt belə kadrlara çəkilməmişəm.
Aktrisa olsam da, belə şeylərə adi baxsam
da, azərbaycanlı olduğumu unutmuram.
- Nə vaxtsa aktrisa sənətini
seçməyinizin peşmançılığını
çəkmisinizmi?
- Bəzən həm mənəvi,
həm fiziki, həm də psixoloji anlamda yorulduğum vaxtlar
olur. Düşünürəm ki, bəlkə
də içimdəki bu enerji ilə başqa sənət
seçsəydim, nələrsə başqa cür olardı.
Amma tam əminliklə deyirəm, yenidən
doğulsaydım, yenə aktrisa olardım. Bu sənət məni xalqa tanıdıb, sevdirib və
bundan sonra da sevdirəcək.
- Elə bir rolunuz varmı ki,
sonradan ona görə xəcalət çəkmisiniz?
- Yox, məni utandıran rolum
olmayıb, amma daha az və daha çox
sevdiyim rollar olub. Adlarını soruşmayın,
sadalamayacağam...
Xoşbəxt
qadın deyiləm, amma bədbəxt də deyiləm...
- Xoşbəxt qadın və
xoşbəxt aktrisasınız?
- Qadın ya xoşbəxt, ya da bədbəxt
olur, amma mən deməzdim ki, bədbəxt qadınam. Amma xoşbəxt qadın da deyiləm. Digər suala gəlincəsə, xoşbəxt yox, bəxti
gətirən aktrisayam.
- Həyatda kimi itirməkdən
qorxursunuz?
- Ən yaxın
adamlarımı. Mən bu qorxu ilə
anamı itirəndə rastlaşdım. Hələ
də bu qorxunun təsirindən qurtula bilmirəm. Gecə-gündüz bu qorxu məni tərk etmir.
Mən kinoya çox bağlı olduğum
üçün öz şəxsi həyatıma vaxt
ayıra bilmədim. Şəxsi xoşbəxtliyim
yadımdan çıxdı, onu gec əldə etdim. Bu gün anamdan sonra məni yaşadan ailəm,
konkret oğlumdur.
- Bir ara
yoldaşınızdan ayrılmağınız barədə
xəbərlər yayıldı, nə dərəcədə
düzgün idi?
- Mən nikahla ərimdən
boşanmamışam, bunlar şayiədir.
- Ailəniz barədə heç
vaxt danışmırsınız...
- Bir oğlum var, Aviasiya
Akademiyasının tələbəsidir. Həyat
yoldaşım mühəndisdir, amma öz ixtisası üzrə
çalışmır, kiçik bizneslə məşğul
olur. Bir də mən şəxsi həyatım
barədə danışmağı xoşlamıram.
Çünki hər kəsin şəxsi həyatı var və
heç kim istəməz ki, başqası
onun şəxsi həyatına müdaxilə etsin. Buna görə də düşünürəm ki,
şəxsi həyatımız özümüzdə qalsa
yaxşıdır. Bir-birimizin şəxsi
həyatına girməyək.
Xoşbəxtlikdən
oğlum aktyor olmadı...
- Oğlunuzun aktyor olmasını
istəmisinizmi, onun aktyorluq qabiliyyəti varmı?
- Yoxdu bu sahədə qabiliyyəti,
amma olsaydı da, mən onun aktyor olmasını istəməzdim.
İstəsəydi... bilmirəm
qarşısına sədd çəkərdim, ya yox. Çünki mənim qarşıma valideynlərim sədd
çəkməyib. Xoşbəxtlikdən oğlum
aktyor olmaq istəmədi...
- Kədərinizi kiminlə
bölüşürsünüz?
- Anamın şəkilləri ilə.
Bir də anasını itirmiş rəfiqələrimlə
söhbətləşib təsəlli alıram.
Anamın ölümündən bir il
keçməyib, avqustun 5-də dünyasını dəyişib,
amma hələ də bu ölümlə barışa bilmirəm.
Məncə ömrüm boyu da barışa bilməyəcəyəm.
Bu dəhşətli itkidir...
3 ildir çörək yemirəm...
- Belə gənc qalmağı necə
bacarırsınız? Plastik əməliyyat
etdirmisiniz, yoxsa pəhriz saxlayırsınız?
- İndiyə qədər
olmayıb, amma indən belə fikirləşirəm. Üzümdə əməliyyat etdirmək istəyirəm,
çünki yaş bunu tələb edir. Bir
də pəhriz saxlayıram. Ağır
yeməklərdən qaçıram. Səhərlər
bir stəkan yaşıl çay içirəm, 3 ildir ki,
çörəkdən də imtina etmişəm. Hər səhər də yarım saat idmanla məşğul
oluram.
- Qadınların həyatından
bəhs edən ssenarinizin taleyi necə oldu?
- İnanın ki,
vaxt azlığından həmin ssenarini yazıb qurtara bilmədim.
Elə bil vaxt uçur, işlərimin
çoxluğundan çatdıra bilmirəm. Universitetdə dərs deyirəm, televiziya, film
çəkilişləri, ora-bura... çatdırmaq olmur.
Boğulmağım rejissora ləzzət elədi...
- Film çəkilişi zamanı
başınıza hansısa ekstremal hadisə gəlibmi?
- Çox olub belə hadisələr,
hansını danışım? Eldar Quliyevin
"Şəhərkənarı gəzinti" filminin çəkilişi
zamanı mən suda batan bir qızı xilas etməliydim.
Özüm də üzməyi bacarmıram.
Elə qəhrəmanım da üzə bilmir.
Çəkiliş Pirallahı adalarında
aparılırdı. Orda da bir metr gedirsən,
su boğazına çıxır. Mən
özümü qəhrəmancasına dənizə atanda
başladım boğulmağa. Əslində
həqiqətən də boğulurdum, amma Eldar müəllim
elə bilirdi rola görə boğuluram. Çünki
Eldar müəllim elə düşünürmüş ki, mən
Moskva Kinemotoqrafiya institutunun məzunuyam, deməli, hər
işi gözəl bacaran peşəkaram.
Məni sudan
zorla çıxarıb sahildə özümə gətirdilər.
Məni anlayan olmadı ki, doğrudan
boğuldum. Amma film inandırıcı
alındı deyə, boğulmağım rejissora ləzzət
elədi. İkinci dublda məni zorla dənizə
göndərdilər, məni rolda xilas edəcək aktyor
Vidadi Həsənova yalvardım ki, mən dənizə
atılan kimi gəlib məni xilas eləsin. Yazıq
Vidadiyə kim idi qulaq asan. Eldar
müəllim filmin taleyinin hayında idi. Əslində
elə mənim taleyim də onun əlində idi, göstəriş
verməyincə Vidadi məni boğulmaqdan xilas edə bilməzdi.
Sirli
gözlər...
- Sevgi həyatınızda
neçənci yerdə dayanır? Sevgidə
daha çox yanmısınız, yoxsa
yandırmısınız?
- İndiki
yaşımda sevgi həyatımda ən axırıncı
yerdə dayanır. Sevgidə də həm
yanmışam, həm də yandırmışam.
- Gözəl qadınsınız,
indiyə qədər haqqınızda heç bir şayiə
yayılmayıb, buna necə nail olmusunuz?
- Buna nail olmaq
lazım deyil, bunu elə həyat özü göstərir. Amma niyə, bir dəfə Ömür Nağdəliyevlə
ailə qurmağım barədə şayiə yayılmışdı.
Ömür mənim tələbə
yoldaşımdır, Moskvada bir institutda oxumuşuq. Həm də o "Gümüşü furqon"
filmində mənim ərimi oynayıb. Bu filmdən sonra
şayiə yayıldı ki, Həmidə Ömürə ərə
gedib...
- Gözlərinizin rəsmini
çəkən olubmu? Gözəl olduğu qədər
də gözlərinizdə kədər var, niyə?
- Gözlərimin rəsmini
çoxları çəkib. Hələ
"Retro" verilişində aparıcı olduğum
vaxtlarda gözlərimin şəklini çəkib redaksiyaya
göndərirdilər. Fotoqraflar da gözlərimin
şəklini çəkiblər. İnstitutuda
oxuyan vaxtlarımda belə şeylər çox olub. Bəzən karandaşla da gözlərimin rəsmini
çəkiblər, çoxunu saxlamışam. Hətta Tahir Salahov kimi dünyaşöhrətli rəssam
mənim şəklimi çəkib. Həmin
şəkil indi Tretyakov qalereyasını bəzəyir.
Mən bunu bilmirdim, 28 ildən sonra Tahir Salahov özü mənə
zəng edib dedi. O şəklin surətini də mənə
göndərdi. İkinci suala gəlincə, gözəlliklə
kədər qohumdur...
AYXAN
Ekspress.-
2012.- 7-9 aprel.- S. 19.