Generallara böyüklük edən polkovnik...
Yola
saldığımız həftə Türk
dünyasının böyük oğlu, XX əsrdə Türkiyənin siyasi həyatına damğasını vurmuş şəxsiyyətlərdən biri, dünya
bozqurdlarının əfsanəvi lideri Alparslan Türkeşin vəfatından
15 il ötdü.
Türkeşin adı
şöhrətinə, nüfuzuna,
özündən sonra qoyub
getdiyi siyasi irsinə
görə ölkənin prezidenti və baş naziri
postlarını tutmuş bir
çox siyasi xadimlərdən
daha parlaqdır.
Halbuki o, dövlətdə heç
vaxt ən böyük
vəzifələri tutmayıb, yalnız baş
nazirin müavini olub. O, heç general rütbəsi də almayıb, ancaq polkovnik ola-ola generallara böyüklük edib. O,
Azərbaycanın böyük dostuydu. Onun üçün Quzey
Kıbrıs, Türkiyə və ya Azərbaycan
ayrı-ayrı üç dövlət deyildi, bu üç
dövləti vahid görür,
üç qardaş
deyə tanıyırdı. O, bu xüsusda çox səmimiydi.
Vəfatından keçən bunca illərdən
sonra onu doğulduğu yavru vətənində
(Quzey Kıbrısda),
yaşadığı ana vətənində
(Türkiyədə), tez-tez
anıldığı ruhunun vətənində
(Azərbaycanda) sevimli edən məhz budur.
Bu 15 ildə o, millətsevər,
vətənpərvər insanlar tərəfindən
bir gün belə yaddan çıxmadı, həmişə
anıldı, həmişə ehtiramla
xatırlandı.
Alparslan
Türkeş 1917-ci il
noyabrın 25-də Kiprdə, Lefkoşa
şəhərində doğulub.
1933-cü ildə ailəsi ilə birlikdə İstanbula
köçüb. 1936-cı ildə Kuleli hərbi məktəbindən leytenant rütbəsiylə məzun olub. 1940-da Geliboludaki 58-ci piyada alayında tağım komandiri
vəzifəsində xidmət edib.
1944-cü ildə baş leytenant
rütbəsindəykən
yazıçı Nihal Atsızla birlikdə
"İrqçilik-Turançılıq" ittihamı ilə
mühakimə olunub, 9 ay
10 gün Topxana hərbi
həbsxanasında yatıb.
1945-ci
ildə hərbi tribunalın qərarı ilə
azadlığa buraxılıb, 1947-ci ildə bəraət
alıb və təkrarən orduya dönüb. 1955-ci ildə Türkeş
Hərbi Akademiyanı bitirib. Daha sonra ABŞ-a göndərilib
və orada hərbi akademiya
və piyada məktəbini qurtarıb.
1955-1957-ci illər arasında Vaşinqtonda
NATO-nun daimi komitəsində
Türkiyə Müdafiə Nazirliyinin
nümayəndəliyində çalışıb. 1959-cu ildə
Almanyada Atom və
Nüvə məktəbinə göndərilib və
buradakı təhsilindən sonra polkovnik rütbəsi alıb. 1960-cı il çevrilişindən sonra
bir sıra zabitlərlə birlikdə Alparslan Türkeş də
ordudan təqaüdə
çıxarılaraq Hindistandakı səfirliyə müşavir vəzifəsinə göndərilib.
Sürgündəykən
MBK başqanı Cemal Gürselə məktub
yazaraq Yüksək Ədalət
Divanında mühakimə olunan sabiq baş nazir Adnan Menderesin
və onun yaxınlarının edam edilməsinin doğru
olmayacağını bildirib. 1963-cü
ildə ölkəsinə qayıdıb. Siyasətə
atılıb. Dostları ilə birlikdə Cümhuriyyyətçi
Kəndli Milllət Partiyasına daxil olub. 1965-ci ildə partiyanın sədri olub. Millət vəkili seçilib. 1969-cu ildə CKMP-nin
Milliyətçi Hərəkat Partiyasına (MHP) çevirib. 1975-ci ildən sonra
"Milliyyət cəbhə" adı verilən koalisiya hökumətlərində baş nazirin müavini olub. 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib, 4.5 il məhbus həyatı yaşayıb.
1987-ci ildə siyasətlə məşğul olmaq
yasağı götürüldükdən sonra
yenidən MHP-yə daxil olub.
Qurultayda partiyanın sədri seçilib, Yozqatdan millət
vəkili seçilərək yenidən parlamentin
üzvü olub.
1997-ci ildə, aprelin 4-də 80
yaşındaykən vəfat edib. Bu, bütün şüurlu həyatı 20-ci əsrin qeyri-stabil siyasi həyata malik Türkiyəsində təlatümlərdə,
hərbi çevrilişlərin iztirablı dönəmlərində
keçən Türkeşin ömür yolunun qısa
məcmusudur. Onun həyatının bir hissəsi də xaricdə təhsildə və
sürgündə, daxildə məhbəsdə keçib.
Ekspress.- 2012.-
7-9 aprel.- S. 17.