ARDNŞ neft-qaz və neft-kimya Forumu
ARDNŞ-ın nəhəng layihəsi Azərbaycanda
$15 milyardlıq neft-qaz kompleksi tikiləcək
Aprelin 10-da Bakıda
üçgünlük "ARDNŞ
neft-qaz və neft-kimya Forumu" açılıb.
Dövlət Neft Şirkətinin təşəbbüsü,
"Iteca Caspian" və "INBC Consulting" şirkətlərinin
təşkilatçılığı ilə keçirilən
tədbir Azərbaycanda yeni Neft-Qaz emalı və Neft-Kimya
Kompleksinin (NQNK) yaradılması layihəsinin təqdimatına
və müzakirəsinə həsr olunub.
Tədbirin
ilk iki günündə Forum
iştirakçılarının təqdimatlarının dinlənilməsi,
3-cü günü isə ARDNŞ ilə müxtəlif
iştirakçı şirkətlər arasında ikitərəfli
görüşlərin keçirilməsi nəzərdə
tutulub.
30 ölkədən
140-dan artıq şirkəti təmsil edən 450-dən
artıq nümayəndənin iştirak etdiyi Forumda
aşağıdakı məsələlər müzakirə
edilir:
- Regional enerji
layihələrində Azərbaycan
amili;
- Qlobal
layihələrdə texnoloji
aspektlər;
- Enerji
layihələrinin maliyyə-iqtisadi
aspektləri;
- NQNK və digər
enerji layihələrinin hüquqi, təşkilatı
və başqa aspektləri;
- İrimiqyaslı layihələrin
reallaşdırılması və idarə edilməsi
ilə bağlı məsələlər;
- Belə komplekslərin
tikintisi və istismarında beynəlxalq və yerli təcrübə.
Layihə ilə tanış olmaq imkanı ilə yanaşı,
həmin Forum dünyanın qabaqcıl şirkətlərinə
(rəhbərlik və digər yüksəkrütbəli
nümayəndələr səviyyəsində) neft-qaz
emalı və neft-kimya sahəsindəki təcrübələrini,
texnologiyaları və digər resursları və innovasiya
xarakterli həll variantlarını təqdim etmək
üçün unikal imkan yaradır.
Tədbirə
birbaşa dəstəyi Forumun baş sponsoru olan ARDNŞ
göstərir. Tədbirin sponsorları arasında Foster
Wheeler, UOP, Technip, Baker & McKenzie, Andrade Gutierrez, Axens, Nobel
Oil, OMNI Law Firm, Technicas Reunidas, Air Products, SOCAR Energy Georgia,
Stamicarbon, Azenco, Air Liquide, Petkim, IntraTool və başqaları
var ("Trend").
Karbohidrogen
ehtiyatlarımız:
Proqnozlaşdırılanı 10 milyard ton, təsdiqlənmişi
isə 4,5 milyard tondur
ARDNŞ
prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanın
proqnozlaşdırılan karbohidrogen ehtiyatları neft
ekvivalentində 10 milyard ton təşkil edir. Onun sözlərinə
görə, Azərbaycanın təsdiq olunmuş karbohidrogen
ehtiyatları isə hazırda 4,5 milyard ton
təşkil edir: "Hazırda Azərbaycanda 40 neft-qaz
strukturunun işlənməsi ilə bağlı işlər
aparılır. Bu prosesə 20 ölkədən
50 iri şirkət cəlb olunub. Hazırda
Azərbaycanda gündəlik neft hasilatı 140 min ton təşkil
edir" (APA).
Onun
sözlərinə görə, "Azəri-Çıraq-Günəşli"
(AÇG) strukturunun yerləşdiyi ərazidə daha dərin
qatlarda mövcud olan qaz yataqlarının işlənməsi
ilə bağlı müqavilənin 2012-ci ilin sonuna
imzalanacağı gözlənilir. Hazırda
dərin laylardakı qazın hasilatı ilə bağlı
müqavilənin layihəsi hazırlanır. "Bu layihənin iştirakçıları da
"Azəri-Çıraq-Günəşli" layihəsində
iştirak edən şirkətlər olacaq. İlin sonuna müqavilə imzalanacaq", - deyə
Abdullayev vurğulayıb.
Qeyd edək ki, AÇG
layihəsinin iştirakçıları "BP-Azerbaijan"
(operator - 34,1%), "Chevron" (10,2%), ARDNŞ (10%),
"Inpex" (10%), "StatoilHydro" (8,6%),
"ExxonMobil" (8%), TPAO (6,8%), "Devon" (5,6%),
"Itochu" (3,9%) və "Hess" (2,7%) şirkətləridir.
Abdullayev həmçinin
bildirib ki, Azərbaycanda 2015-ci ildə qaz hasilatının 30
milyard kubmetrə, 2025-ci ildəsə 50 milyard kubmetrə
çatacağı gözlənilir. Onun sözlərinə
görə, həmin dövrdə Azərbaycan Avropanın
enerji təminatında mühüm rol oynayacaq":Avropanın qaza olan tələbatının
2020-ci ildə 70%-ni, 2030-cu ildə isə 88%-ni xarici mənbələr
hesabına ödəniləcəyi ilə bağlı
proqnozları nəzərə alsaq, Azərbaycanın bu sahədə
rolu böyük olacaq. Hazırda ARDNŞ
dünyanın 30 ölkəsinə neft məhsulları ixrac
edir və şirkət gələcəkdə ixrac
coğrafiyasını daha genişləndirəcək".
ARDNŞ növbəti 25
il ərzində məcmu kapital
qoyuluşları 26 milyard manat (təxminən 33 milyard dollar) həcmində
qiymətləndirilir. Bu barədəsə
Dövlət Neft Şirkətinin iqtisadi məsələlər
üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. Onun sözlərinə görə, "bu rəqəm
ilbəil dəqiqləşdirildiyinə görə dəyişə
bilər".
ARDNŞ-ın emal
üzrə vitse-prezidenti David Məmmədov isə forumda
bildirib ki, Dövlət Neft Şirkəti 2015-ci ilədək
mövcud neft emalı kompleksinin inkişafı üzrə
işləri başa çatdırmaq niyyətindədir:
"Bu il biz Heydər Əliyev adına
Bakı Neft Emalı Zavodunda ilkin neft emalı qurğusunun
istehsal gücünün artırılması üzrə
işlərə başlamaq niyyətindəyik və
2014-cü ildə bu işləri başa
çatdırmağı planlaşdırırıq. Hazırda texniki-iqtisadi əsaslandırma
hazırlanır. Podratçı şirkət
seçilib, qısa müddət ərzində "Foster
Wheeler" şirkəti ilə müqavilə imzalanacaq".
Onun sözlərinə
görə, bu il Heydər Əliyev
adına Bakı Neft Emalı Zavodunda benzinin keyfiyyətinin
artırılması işlərinə də başlanacaq:
"Bu istiqamət üzrə layihə hazırlanır. Layihə 2014-cü ildə başa
çatdırılacaq. UOP şirkəti
ilə yaxın gələcəkdə müqavilə
imzalanacaq. Eyni zamanda, 2012-2013-cü illəri
əhatə edəcək dizel yanacağının həcminin
artırılması layihəsi də gündəmdədir.
İndiyədək dizel yanacağının
keyfiyyətinin yaxşılaşdırılması layihəsini
başa çatdırmışıq. Hazırda
bu yanacaq növü "Avro-2" standartlarına cavab
verir".
Yeni NQNK beynəlxalq arenada rolumuzu artıracaq
Yeni neft-qaz və
neft-kimya emalı kompleksinin (NQNK) tikintisinə gəldikdəsə,
ARDNŞ-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq
Qəhrəmanov bildirib ki, layihə üzrə sənədlər
paketi Nazirlər Kabinetinə təqdim olunub.
Bakı
şəhərindən 60 kilometr aralıda - Qaradağ
rayonunda yerləşəcək kompleksin bütövlükdə
2020-ci ilin sonunda istismara verilməsi
planlaşdırılır.
NQNK layihəsi
çərçivəsində illik istehsal gücü
müvafiq olaraq 10 milyon ton və 10 milyard kubmetr təşkil
edən neft emalı və qaz emalı zavodlarının
tikintisi planlaşdırılır. Layihəyə həmçinin
hər il təxminən 2 milyon ton baza
polimerlərin istehsalını nəzərdə tutan neft-kimya
zavodunun inşası daxildir. Yeni kompleksin məqsədləri
üçün avtonom enerci blokuna malik olan ümumzavod təsərrüfatının
tikintisi planlaşdırılır. Bütövlükdə
isə kompleksin konfiqurasiyasına 20-dən çox texnologiya
lisenziyasının tətbiqi ilə təxminən 30 qurğu
daxil olacaq.
Qəhrəmanov
qeyd edib ki, neft emalı zavodunun xammal təminatı ilə bağlı
iki əsas variant nəzərdən keçirilir. Belə ki, xammalın 70%-ni ARDNŞ nefti və 30%-ni
"Azeri Light" nefti və ya 70%-ni ARDNŞ nefti və 30%-ni
"Urals" və "Tengiz" nefti təşkil edə
bilər. "Qaz emalı zavodu
üçün xammal kimi isə əsasən
"Ümid", "Babək", "Naxçıvan"
yataqlarından hasil ediləcək qazdan istifadə nəzərdə
tutulur", - deyə ARDNŞ rəsmisi vurğulayıb
("APA-Economics").
Texniki
iqtisadi əsaslandırmaya əsasən, layihənin ümumi dəyəri
təxminən 15 milyard dollar civarında qiymətləndirilir
və ilkin hesablamalara əsasən, layihə kommersiya
baxımından cəlbedici sayılır. Qoyulan vəsaitlərin
özünü ödəmə müddəti isə təxminən
7-8 il təşkil edəcək.
NQNK layihəsinin
maliyyələşdirilməsində xarici donor təşkilatların
vəsaitlərindən istifadə nəzərdə tutulub.
İnvestisiyaların 30%-nin Azərbaycan tərəfindən,
qalan 70%-nin isə kənardan cəlb olunacaq vəsaitlər
hesabına ödənilməsi planlaşdırılır.
Qəhrəmanov
qeyd edib ki, kənar investorlar qismində xarici bank təşkilatları
və maliyyə institutlarının, yerli investor qismində isə
ARDNŞ və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)
çıxış edəcəyi gözlənilir. Bununla yanaşı, kompleksin həmtəsisçisi
rolunda çıxış edə biləcək ARDNF-in layihənin
maliyyələşdirilməsində kənar kreditor kimi də
iştirak edə bilər. "Belə olan halda, yerli maliyyələşdirmənin
payı hətta 50%-ə çata bilər", - deyə
ARDNŞ rəsmisi vurğulayıb.
Qəhrəmanov
həmçinin bildirib ki, gələn ilin əvvəlində
inşasına başlanması planlaşdırılan kompleks
çərçivəsində ilk olaraq qaz emalı zavodunun
tikintisi nəzərdə tutulur və bu müəssisə
artıq 2017-ci ilin ortalarında istismara verilə bilər.
Yeri gəlmişkən,
ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib
ki, Fond "Azərbaycanda müasir neft-kimya kompleksinin tikintisi
layihəsinin maliyyələşdirilməsində iştirak
edəcək".
Forumda çıxış edən
ARDNŞ-nin NQNK layihəsi üzrə baş məsləhətçisi
Filippo Sionsi bildirib ki, Azərbaycanda yeni kompleksin tikintisi
ölkədə emal sahəsinin inkişafına, habelə
ümumilikdə iqtisadiyyata əhəmiyyətli töhfə
verəcək:
"Bu
irimiqyaslı layihənin həyata keçirilməsi, həmçinin,
həm ölkə daxilində istehlak, həm də xarici
bazarlar üçün məhsul çeşidini genişləndirəcək".
Onun
sözlərinə görə, bu layihənin
reallaşdırılması beynəlxalq arenada Azərbaycanın
rolunu artıracaq.
Forumda
çıxış edən "Cacobs Consultancy" şirkətinin
baş direktoru Piter Boulter isə deyib ki, ARDNŞ-nin bu
kompleksin tikintisində uğurlar qazanması üçün
bütün imkanları var. Onun sözlərinə görə,
bu layihə Azərbaycanın öz neft-qaz resurslarından
istifadəsini genişləndirmək baxımından yaxşı
imkandır.
"Azərbaycanda
belə kompleksin tikilməsi bu sahədə ən maraqlı
layihələrdən biridir", - deyə "Air Products"
şirkətinin satış üzrə meneceri Filip Morris
bildirib.
A.Həmid
Ekspress.- 2012.-
11 aprel.- S.10.