"Bu həyat ondan baş açanlarındır"

 

   "2006-cı ildən xalq artistiyəm. "Qızıl dərviş" Prezident mükafatı almışam. Artıq qocalmışam, yetmiş bir yaşım var. İstəyirəm Prezident təqaüdü alım, ömürlük təqaüd. Müraciət eləmişəm. Ev istəyirəm, heç olmasa birotaqlı olsun. Üç otaq istəmirəm, bir otaq istəyirəm. Yeni Suraxanıdan gündə gedib-gəlmək olmur. Üç avtobus dəyişirəm. Bu il qar yağdı, üç dəfə yıxıldım, yaxşı ki, ayağım qırılmadı. Altmış beş yaşımdan teatrdan çıxardıblar, müqavilə ilə işləyirəm. Yaşlı insanam, əlbəttə, bu illər yuxu kimi görünür. Bu gün sabaha ümidlə yaşayıram..."

   Sevimli aktyorumuz Ağaxan Salmanlının istəkləri çoxdur, iradları da az deyil, amma sabaha ümidlə baxır. Aktyorların təbiəti belədir: səhnə nikbin olmağı tələb edir. Gülüş ustalarımızı səhnədən izləyənlər onların həyatda mövcud olan problemlərindən xəbərsizdirlər. Kim deyərdi ki, Ağaxan Salmanlı kimi xalq artisti problemlərin əlindən bilmir ki, haraya qaçıb canını qurtarsın...

   - Ağaxan müəllim, olub ki, qocalıqdan belə bəhs edirsiniz, yaşın fərqi var ki?

   - Adamı ruhlandıran sözdü...

   - Az qala hamıya "cavan oğlan" deyə müraciət edirsiniz, maşallah siz cavansınız...

   - Məqsədin məni ruhlandırmaqdısa, məncə, bacardın...

   - Bu yaxınlarda qəzetlər 130 yaşlı bir nəfərin həyatından yazmışdılar. Atası 150 il yaşayıbmış, 130-150 yaşla müqayisədə 70 yaş orta yaş sayıla bilər...

   - Əslində, yaş məsələsi heç yadıma belə düşmür. Bəzən ətrafdakılar yadıma salmasa, heç yadıma düşməz. Soyuq qış günlərındə ayaqlarımın hərəkətinin zəifləməsi yaşımı yada salır. Məncə, bu məsələdə genlər rol oynayır. Atam 76 yaşda, anam 80 yaşda "stop-kran"ları çəkiblər. İndi bilmirəm məndə "stop-kadr" vaxt olacaq... Hər halda imkan daxilində çalışıram hər günümü mənalı keçirim, fəaliyyətdən qalmayım, xüsisilə gənclərə hər mənada yardım əlimi kəsməyim. İstər məsləhətlərlə, istər maddi mənəvi cəhətdən. İndiki gənclərin maddi imkanı olmasa da, tamaşalara dəvət olunmaq istəklərini çox bəyənirəm. Mənim dəvətlərimin onları sevindirməsi məni sevindirir. Mən bu işi böyük həvəslə görürəm. Hərdən eləsi olur ki, özünü teatr həvəskarı kimi göstərsə , bu dəvətdən istifadə edə bilmir. Məncə bu nadanlıqdır. Qaldı ki, yaş məsələsinə, çox-çox illər əvvəl əl cizgilərimlə yaşımı təyin etmişdilər - 90 il yaşayacağımı söyləmişdilər. Ancaq bu, o qədər vacib deyil. Çünki əl cizgilərinin göstərdiyi başqa, talenin yazdığı başqadır. Odur ki, gəl, bu məsələni biz açıq saxlayaq...

   - Yaş həm böyük təcrübədir, yaşadıqlarınız, gördükləriniz həyatınıza hansı formada təsir edib?

   - Gördüklərimin müxtəlifliyini nəzərə alsaq, oyatdığı təsir müxtəlifdir. Həyatda hər şey nisbidir. Birinə yaxşı görünən, digərinə pis, başqa birinə mənasız, dəyərsiz görünə bilər... Söz vermisənsə, əməl eləməlisən. Yalanı sevmirəm -dənəm, suyam, nəyəm-buyam... Nadanlıqdan son dərəcə hirslənirəm. Bəzən yaxşı mənada verilən, ancaq boş xarakterli tamaşaçı sualları məni darıxdırır. Acıqla nəsə eləməkdən lap zəhləm gedir. Kiminsə acığına, dediyi acı sözə əvəz axtarmaq, kimisə acılamaq mənlik deyil. Lakin özünü müdafiə etmənin tərəfindəyəm. Nadanə başa salmağı özümə borc bilirəm, heç mənə dəxli olmasa belə, yenə susmaram.

   Bu həyatda əziyyət çəkdiyim məqamlardan biri utancaq olmağımdır. İndiyə kimi bu xasiyyətimin əziyyətini çəkirəm.

   "Ayıb bilərlər" deyə çox vaxt fəaliyyətimi saxlamişam. Həyatda haqq da, nahaq da çoxdur, amma bu anlayışların özünə yanaşmalar müxtəlifdir. Ona görə bu həyat ondan baş açanlarındır.

   - Heç "dünyaya yenidən gəlsəydim, nələr etməzdim" düşüncəsinə qapılmısınızmı?

   - Həyata yenidən gəlmək qeyri-mümkün oldugu üçün mən heç vaxt belə fikrə düşməmişəm. İncidiyim, küsdüyüm vaxtlarım olub. Təbii ki, belə məqamlarda vəziyyətdən çixmaq üçün ən optimal yollar axtarmışam. Amma dünyaya yenidən gəlsəydim, belə vurardim, belə yıxardım, lap desək belə qurardım kimi fikirlərə dalmaq Don Kixotluq, bir növ boş şeydir, baş yormağa dəyməz, məsləhət deyil.

   - Həyat dərya kimidir, gücü olan xilas olur, olmayanı isə boğulur... Bəziləri həyata belə yanaşır...

   - Müdrik bir deyimdir. Dərya, yəni dəniz - bu, elə yaşadığımız çalxalantılı dünyadır. Kim güclüdür, kim ağıllıdır, hətta fəndgirdirsə, deməli, dünya onundur. Bu məsələ bütün genişliyi, rəngarəngliyi ilə nagıllarımızda izahını tapıb. Məsləhət görərdim ki, övladlarımızı, balalarımızı milli nağıllarımızla böyüdək.

   - Niyə məhz bizim nağıllarla?

   - Başqa nağıllarla müqayisədə bizim nağıllarımızda ibrətamiz, müdrik, dəyərli fikirlər dərya qədərdir. Bu dəryadan mütləq yararlanmaq lazımdır.

   - Təəssüf ki, zəmanə dəyərlərimizi arxa plana keçirib...

   - Sadəcə, indiki dövrdə deyil, əvvəlki dövrlərdə belə olub. Əvvəlki dövrlə bağlı çox oxumuşam. Yaşadıqlarımı ətrafımdakılardan eşitdiklərimi üst-üstə gəlib, belə nəticə çıxarıram ki, elə həmişə belə olub. Son 200 illik tariximizdən çox misallar gətirmək olar ki, mütilik, qorxu, ehtiyat bizi sifətdən çixarib. qoruyub saxlaya bilmişiksə, böyük qənimətimizdir.

   - Aktyorların həyatı çox çətindir, çoxlarını yalnız səhnədə xoşbəxt görürsən...

   - Aktyor həyatının çox kəskin fərqlənən iki üzü var: qara. üzünü tamaşaçı görür, qara üzünü isə aktyor özü yaşayır, əgər buna yaşamaq demək olarsa. Lap dəqiq desək, aktyor yaşamır, sürünür. Tamaşaçıların bundan xəbəri yoxdur, kənardan üzünə vurulurlar, sonra da gec olur. Aktyorun həyatı ta qədimlərdən həmişə acılı, çətin olub. O sovet ideologiyasi idi ki, aktyorlar təbliğat üçün ona çox lazım idi. Ona görə bir qədər diqqət mərkəzinə çəkilmişdilər guya...

   - Milli teatr çətinliklərdən, problemlərdən yaxa qurtara bilmir...

   - Məncə Azərbaycan teatrı axtarışlarını daha gərgin, daha canfəşanlıqla davam etdirir, bir sözlə, yaşamaq uğrunda mübarizə aparılır. Bu günlərdə teatra aid təşkil olunan tədbirlər, teatrı qorumaq uğrunda cəhdlər daha tutarlıdır. Bunu mən sizə yarım əsrdən artıq səhnə təcrübəsinə malik olan bir şəxs kimi deyirəm. Ancaq bu başqa məsələdir ki, bizə verilən imkandan dərəcədə faydalana bilirik. Yəni bacarırıqmı, həmin səviyyəyə çatdira bilirikmi özümüzü? Bu, çox önəmli bir sualdır. Ötən əsrin əvvəlinə nəzər yetirək. Heç olmaya-olmaya nələr yaratdılar. O dövrün sənətkarları əsl sənət əsərləri ortaya qoydular. İndi olub bəs? Bütün şərait yaradılıb: binalar yüksək səviyyəli, zəngin dramaturgiya var, maddi imkanlar da var. Bəs qalır, çatmır? Sadəcə yaratmaq. Düşünürəm ki, teatrı bu vəziyyətdən ancaq yaradıcı insanlar çıxara biləcək.

   - Gerçəkdən , teatrlarımızın binaları son dərəcə müasir dəbdə təmir olunublar, müasir avadanlıqlarla təchiz olunublar, amma problem teatrın içi ilə bağlıdır...

   - Tamamilə səninlə həmrəyəm. Yaradıcılığa gələndə eynilik, təkrarlanma, millilikdən uzaqlıq, məncə, bu xüsusiyyətlər əsrin bəlasıdır. Bu hallar incəsənətin başqa növlərində özünü büruzə verir. Çıxış yolu yaradıcılıqda bir daha yaradıcılıqdadır.

   - Azərbaycanda hər zaman güclü aktyor məktəbi olub yeni-yeni istedadlı aktyorlar yetişib. Amma indi aktyorlar arasında elə xoşagəlməz rəqabət var ki... Belə rəqabətə necə münasibət bəsləyirsiniz, özünüz belə oyunların qurbanı oldunuzmu?

   - Dediyiniz o eybəcərlikləri mən teatrlarda görmürəm. Tamaşaların səviyyələri müxtəlif ola bilər, zəif ola bilər, ancaq eybəcər tamaşaların şahidi olmadım. Doğrudur, bəzi telekanallar ifrata varır, xüsusilə komediya janrlı verilişlərdə, seriallarda. Məncə onlar tamaşaçını artıq bezdirib qaçırdıblar əcnəbi kanallara. İndi həsrətdəyik öz kanallarımızda hazırlanacaq səviyyəli, ədəbli, ruhumuza yaxın, sırtıq yox, incə yumorlu seriallara. Mən nikbinəm inanıram ki, onlar da qayıdacaqlar haqq yoluna, əsl sənət yoluna!

 

 

  ULDUZƏ QARAQIZI

 

  Ekspress.- 2012.- 14-16 aprel.- S. 18.