"Azərbaycanla məni çox oxşar cəhət
birləşdirir"
Fransanın
"Eurovision -2012" Mahnı Müsabiqəsindəki təmsilçisi
Anggun əslən indoneziyalı olsa da, 10 ildən
artıqdır ki, Fransada yaşayır və bu ölkənin
vətəndaşıdır. Anggun bir çox dünya musiqi
çartlarında çoxsaylı populyar hitlərə imza
atıb. "Eurovision -2012"-nin favoritləri
sırasında olan və Bakı səhnəsində "Echo
(You and İ)" mahnısı ilə çıxış
edəcək Anggun bu müsabiqədə
çıxış etməkdən şərəf
duyduğunu deyir. APA-ya müsahibəsində isə Fransa təmsilçisi
Azərbaycanın ev sahibliyi etdiyi 57-ci "Euovision"
Mahnı Müsabiqəsi ilə yanaşı, həyat və
yaradıcılığı haqda da maraqlı məqamları
açıqlayıb.
- Azərbaycan
auditoriyasına özünüzü necə təqdim edərdiniz?
- Adım Anggundur.
İndoneziyanın Cakarta şəhərində anadan
olmuşam. Hazırda Fransa vətəndaşıyam və 10
ildən artıqdır ki, Fransada yaşayıram. 9
yaşımdan musiqi ilə məşğul oluram. Musiqini həddindən
artıq sevən bir insan və kiçik qızımla fəxr
edən bir anayam.
- Karyeranıza 20 il əvvəl
başlamısınız. Keçdiyiniz bu
yaradıcılıq yolunun qısa xülasəsini necə verərdiniz?
- Mən karyerama
çox kiçik yaşlarımdan Şərqi Asiyada
başlamışam. İndoneziyada hər bir insanın
genetikasında musiqi ruhu var və hər bir kəsə
çox erkən yaşlarından musiqi tədris olunmağa
başlayır. Mənim ilk albomum İndoneziyada çox
böyük uğur qazandı, bundan sonra bir neçə
albomum çıxdı və Şərqi Asiyanın bir
çox yerlərində 9 milyon tirajla satıldı. Hətta
mən orda özümün səsyazma studiyamı belə
yaratmışdım. Ancaq daha sonra beynəlxalq arenaya
çıxmağı qarşıma məqsəd qoydum və
bununla əlaqədar Avropaya köçdüm.
- Uzun illərdir Fransa
vətəndaşısınız, İndoneziya ilə
xüsusi bağlantınız varmı?
- Əlbəttə, mən
İndoneziyada böyüyüb boya-başa
çatmışam. Mənim ailəm ordadır və mən
onlar üçün çox darıxıram. Amma Fransaya
köçməyim və tamamilə şəxsiyyət kimi
formalaşmağımdan dolayı qürur duyuram. Mən
indoneziyalı köklərə sahib fransızam. Hazırda həyatıma
Parisdə davam edirəm. Həyat yoldaşım fransızdır, "Warner Music" şirkəti ilə işbirliyim davam edir. Balaca bir gözəl qız anasıyam. Bu cür rəngarəng
mədəniyyətin içində
olmaq və bunu bölüşməkdən
zövq alıram.
- Maraqlıdır,
populyar musiqiçi kimi tanınan Anggun "Eurovision -2012" müsabiqəsində
təmsil olunmaq təklifi üzərində
çox düşünüb?
- İnanın
mənə ki, bu təklifə "hə" cavabını verməyim 3 saniyədən
belə az
çəkdi. Çünki mən bir neçə
ildir Fransanı bu müsabiqədə təmsil etmək üçün adımın
hallanmasından xəbərdar
idim, amma rəsmi müraciət olmamışdı. O səbəbdən
də Fransa İctimai Yayım Şirkətindən, Marie-Klaire
Mezerette və Frederik Valenkak tərəfindən zəng
olunanda, sözün həqiqi mənasında təəccübləndim. Mən bu
müsabiqəyə uzun
illərdən bəri
pərəstiş edirəm
və ölkənin bu müsabiqədə təmsilçisi kimi şans qazanmaq həqiqətən də məni çox qürurlandırdı.
- Dünyada
populyarlıq qazanmış
bir neçə mahnınız var. Düşünürsünüzmü
ki, bu məşhurluq
və Fransadan kənarda tanınmağınız
Sizi qalibiyyətə yaxınlaşdırır?
- Əslinə qalsa, düşünmürəm ki,
sadaladığınız amillər
mənim uğurumda hansısa dəyişiklik
edə bilər, çünki biz musiqi yarışması haqqında
danışırıq. Bu musiqi yarışmasının
əsas qəhrəmanı
mahnıdır, müğənni
isə bu musiqini izləyiciyə çatdıran bir vasitəçidir. Düşünmürəm
ki, insanlar mənə Anggun olduğuma görə səs verəcəklər,
fikrimcə, bunun əsas səbəbi mayın 26-da Bakı səhnəsində nümayiş
etdirəcəyim perfomansım
və mahnım olacaq. Hazırda belə, Bakıda
göstərəcəyim perfomans
üzərində çox
ciddi şəkildə
işləyirəm. Tamaşaçıya yeni və gözlənilməz
bir şey çatdırmaq istəyirəm.
Necə ki, müsabiqə mahnısına çəkdirdiyim
kliplə təəccübləndirdim.
Mən təəccübləndirməyi çox sevirəm.
- Fransanı
təmsil etmək qərarı verdikdən sonra İndoneziyadan hər hansısa reaksiya oldumu?
- Bir
çox indoneziyalılar
bu qərarımdan şad olduqlarını bildirdilər. Bilirəm ki, İndoneziya
diasporu əsasən Niderlandda məskunlaşıb
və həmin diaspor da "Eurovision"da iştirakımla
əlaqədar çox
sevincli və həyəcanlıdır. Milyonlarla indoneziyalı ilk dəfə
olaraq "Eurovision" mahnı
yarışmasını bu
qədər yaxından
izləyəcək. Buna
səbəb olduğum
üçün böyük
sevinc içindəyəm.
Bu vaxta kimi
onlar bu yarışmanın varlığından
belə xəbərdar
deyildilər və məhz mənim təmsilçiyimlə bu
müsabiqə ilə
maraqlanmağa başladılar.
- Niyə
müsabiqə mahnınızı
fransız və ingilis dillərində oxumaq qərarı verdiniz?
- Əslində, mahnının
80 faizi fransızcadır,
sadəcə, xorla ifa olunan kiçik
bir hissəsi ingilis dilindədir. Bu addımı atmağımıza
səbəb fransız
dil bilgisinə sahib olmayan çoxsaylı tamaşaçılara mahnının
məğzini çatdırmaqdır.
Baxmayaraq
ki, bu mahnının
iki dildə ifası Fransada bəzi narazılıqlara
səbəb oldu, amma fikrimcə, mahnının məsafədən
tamaşaçılara çatdırılması
mütləqdir.
- Bu mahnı
ilə milyonlarla izləyiciyə hansı mesajı göndərmək
niyyətindəsiniz?
- Düşünürəm
ki, mənim üçün həyatda
əsas amillərdən
biri iki insan arasında olan münasibət -məhəbbətdir. Hazırda bizi
əhatə edən qarmaqarışıq həyat
tərzi, virtual həyata
meyllilik sevməyin və məhəbbətin,
sevgini bölüşməyin
həyatımızdakı önəmini
bizə unutdurur.
İfa etdiyim mahnı isə bu mesajı verir: "Nə baş verməyindən asılı olmayaraq, yeganə önəmli olan şey sən
və mənəm".
Fikrimcə, bu mahnı
hər kəsin həyatında yaşadığı
hisslərlə bağlı
bir mahnıdır və tamaşaçılar
bunu sevəcək.
- "Baku
Crystal Hall"dakı çıxışınız
barədə nə deyə bilərsiniz?
- Auditoriyanı
təəccübləndirmək istəyirəm və bu ideyamı gerçəkləşdirmək üçün çox gərgin işləyirəm.
- "Light your fire" şüarı altında
Azərbaycanın paytaxtı
Bakıda keçiriləcək
şoudan nələr
gözləyirsiniz?
- Azərbaycan
haqqında hər gün daha çox
məlumat alıram və may ayını səbirsizliklə gözləyirəm.
Azərbaycan özünün kökləri, xüsusi ornamentləri, adət-ənənələri,
qədim tarixi, mədəniyyəti olan ölkələrdəndir. Mən İndoneziyada doğulmuşam
və müsəlmanam.
Azərbaycan da mənim kimi Şərqlə Qərbin qovşağıdır.
Bizi birləşdirən
bu cür çox oxşar cəhətlər var. Məhz
Azərbaycanın ev sahibi olduğu ildə Fransanı təmsil etmək şansı qazanmağım məni hədsiz sevindirir. Azərbaycan çox maraqlı ölkədir. Sevinirəm ki,
10 gündən çox
müddətdə Azərbaycanla
tanışlıq imkanım
olacaq və bu 10 gün ərzində ölkəni,
paytaxt Bakını yaxından tanıyacağam.
Bu müddəti boşa verməyəcəyəm
və hər yeri gəzmək, görmək istəyirəm.
Sizinlə canlı görüşməyimə
artıq sayılı
günlər qalıb.
- Fransa
bu mötəbər yarışmada sonuncu dəfə 1977-ci ildə qalib olub. 35 illik fasilədən sonra bu qələbənin
Fransaya məhz Sizin sayənizdə
gedəcəyinə inanırsınız?
- Buna 41 ölkənin
izləyiciləri qərar
verəcək. Bu gün mən nəticə barədə
heç bir şey deyə bilmərəm. Hazırda əsas
məqsədim səhnədə
əlimdən gələni
etmək və mümkün olan ən yaxşı performansı tamaşaçıya
çatdırmaqdır. Bu il bir çox iştirakçılar
xoşuma gəlir və deyə bilərəm ki, yarışmanın səviyyəsi
həqiqətən də
yüksəkdir. Xoşagələn mahnıların sayı çoxdur. İsveç təmsilçisi Lorinin milli finalda
çıxışından bəri onu çox
xoşlayıram. Bu illər ərzində müsabiqədə ən
çox xoşladığım
təmsilçilərdən Patrisiya Kaas, Eldar və Nigar,
Sertap Erener, "Lordi" qrupunun adını çəkə
bilərəm.
- Və
son olaraq Azərbaycan auditoriyasına hansı mesajı göndərirsiniz?
- Bakını
və bu ölkənin hər bir insanını salamlayıram. Hər kəsə dəstəyə
görə təşəkkür
edirəm. "Eurovision"un bir hissəsi
olmaqdan çox xoşbəxtəm. Hamını bir neçə həftəyə Bakıya
səsləyirəm. Bu möhtəşəm şəhəri
silkələməyə və
Məşəlimizi birgə
alovlandırmağa hazır
olaq!
Ekspress.-
2012.- 14-16 aprel.- S. 19.