Azərbaycanın keçdiyi üç mərhələ və gedəcəyi yollar

 

   Millət vəkili Əli Məsimli Azərbaycanın "üç amil" prinsipinə əsaslanan optimal inkişaf modelini təklif edir

 

   Hər bir ölkə öz inkişafına davamlı xarakter verməkdən ötrü müxtəlif nisbətlərdə əmək, maddi, təbii, maliyyə, elmi, texniki, sosiokultur, mənəvi və s. bu kimi resurslara malikdir. Eyni zamanda, elə resurslar var ki, müəyyən tarixi zaman kəsiyində həmin ölkənin taleyi üçün həlledici rol oynayır. Bu tarixi məqamda ölkənin öz resurslarından necə istifadə etməsi xeyli dərəcədə onun bu gününü və gələcəyini müəyyən edir.

   Millət vəkili Əli Məsimli deyir ki, müstəqillik qazandıqdan sonra iqtisadi inkişafın Azərbaycan modeli demokratik dövlət quruculuğubazar islahatları ilə müşayiət olunan 3 mərhələdən və 3 böhrandan keçməklə formalaşıb: "1991-1995-ci illəri əhatə edən birinci mərhələni mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçidin itkiləri ilə müşayiət olunan transformasiya böhranı mərhələsi kimi xarakterizə etmək olar. SSRİ-nin süqutu ilə respublikalar və müəssisələr arasında ənənəvi əlaqələrin pozulması, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan ərazisinin 20%-nin işğalı və bunun nəticəsində iqtisadi potensialımızın 16%-nin itirilməsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasiinformasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatına ciddi zərbə vurdu. Həmin illər ərzində Azərbaycan istehsal potensialının demək olar ki, üçdə iki hissəsini itirdi. Hiperinflyasiya, istehsalın, sərmayə qoyuluşlarının və həyat səviyyəsinin kəskin surətdə aşağı düşməsi həmin böhranı xarakterizə edən əsas cəhətlərdir. Belə ki, Azərbaycanda ÜDM 1991-ci ildə 0,7%, 1992-ci ildə 22,6%, 1993-cü ildə 23%, 1994-cü ildə 9,7%, 1995-ci ildə isə 11,8% aşağı düşmüşdü. İnflyasiya səviyyəsi 1992-ci ildə 1012%, 1993-cü ildə 1229%, 1994-cü ildə isə özünün ən yüksək həddinə - 1763,5%-ə çatmışdı. Manatın dollara nisbətdə nominal mübadilə kursu 1992-ci ildə 4,8 dəfə, 1993-cü ildə 6,4 dəfə, 1994-cü ildə 9,7 dəfə, 1995-ci ildə isə 3,8 dəfə aşağı düşmüşdü. Əhalinin pul gəlirlərinin artım tempi inflyasiyanın artım tempindən 1992-ci ildə 2,2 dəfə, 1993-cü ildə 1,4 dəfə, 1994-cü ildə 2 dəfəyə yaxın geri qalırdı. Həmin mənfi meyllər əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü".

   Millət vəkili deyir ki, təhlillər göstərir ki, həmin böhran illərində Azərbaycanın transformasiya itkiləri, həm keçmiş SSRİ-yə daxil olan yeni müstəqil dövlətlərin orta göstəricisi ilə, həm də Şərqi Avropanın keçmiş sosialist ölkələri ilə müqayisədə daha çox olub: "Postsovet məkanına aid olan ölkələrdə 1990-cı illə müqayisədə 1995-ci ildə ÜDM 50%, sənaye istehsalı 55%, kənd təsərrüfatı istehsalı isə 25-30% aşağı düşdüyü halda, Azərbaycanda enmələr ÜDM üzrə 60%, sənaye üzrə 70%, kənd təsərrüfatı üzrə isə 50%-ə çatdı. Azərbaycanda bazar münasibətlərinə keçid istiqamətində islahatların həyata keçirilməsinin ölkənin ağır müharibəyə cəlb edildiyi dövrlə eyni zamana düşməsi transformasiya itkilərinin artmasında ciddi rol oynadı. Bu mərhələyə postsovet məkanında gedən proseslər kontekstindən yanaşdıqda, ən çox itkiyə məhz ərazisində müharibə gedən və müharibə aparan ölkələr (Gürcüstan, Ermənistan, Moldova, Azərbaycan) məruz qaldılar. Bununla belə, Azərbaycanın transformasiya itkiləri Gürcüstan və Ermənistandan az olub".

   O, 1996-2004-cü illəri əhatə edən ikinci mərhələni dinamik inkişaftransformasiya itkilərinin bərpası mərhələsi kimi dəyərləndirir: "Azərbaycan 1996-cı ildən başlayaraq dinamik artım və transformasiya itkilərinin bərpası mərhələsinə keçdi. Həmin dövr 1996-2004-cü illəri əhatə edir. 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin və bundan sonra 30-dan artıq müqavilənin imzalanması və onların ən irilərinin icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerci təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu".

   Millət vəkili deyir ki, bazar münasibətlərinə keçid istiqamətində həyata keçirilən islahatlar 1995-ci ildən sonra ilkin nəticələrini verməyə başladı və Azərbaycan böhranın durğunluq və canlanma mərhələsini sürətlə keçərək artım mərhələsinə qədəm qoydu: "Azərbaycanın iqtisadi artımı 1996-cı ildə 1.3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illər ərzində isə hər il orta hesabla 10% təşkil etməklə postsovet məkanı ölkələrinin orta illik artım tempini üstələmişdir. Bu cür sürətli artım hesabına Azərbaycan transformasiya itkilərinin yerinin doldurulmasına 10 ilə yaxın vaxt sərf etdi. Azərbaycan iqtisadiyyatı transformasiyanın doğurduğu böhrandan çıxandan iki il sonra 1997-1998-ci illərin qlobal maliyyə böhranı dalğası ilə üzləşdi. Həmin böhran Malayziya, Tayland, İndoneziya, Cənubi Koreya, Braziliya, Argentinas. ölkələrdə ciddi maliyyə-kredit fəsadları yaratdı. Böhrana məruz qalan ölkələrdə milli valyutanın məzənnəsi 30%, fond bazarlarında indekslər isə 11 dəfəyə qədər aşağı düşdü. Sözügedən böhran bir çox ölkələrin iqtisadiyyatına ciddi rahatsızlıqlar gətirmiş olsa da, ən çox ziyan, Cənub-Şərqi Asiya ölkələrinə, 1998-ci ildə isə Rusiyaya dəydi. Rusiya 1998-ci ilin avqustunda defolta məruz qaldı, ölkədən kapital axını sürətləndi, səhmlər 20 dəfə ucuzlaşdı, çox qısa zaman kəsiyində rus rublunun məzənnəsi dollara nisbətdə 4 dəfəyə yaxın aşağı düşdü. Ölkədə istehsalın aşağı düşməsi ilə yanaşı, əhali də gəlirlərinin üçdə birindən çoxunu itirmiş oldu. Təhlil göstərir ki, 1997-1998-ci illərin maliyyə böhranının Azərbaycana təsiri sözügedən ölkələrlə müqayisədə çox az olub. Bu, xeyli dərəcədə, həmin dövrdə Azərbaycanın maliyyə bazarının zəif inkişaf etməsi, qlobal maliyyə bazarına çıxışının olmaması, eləcə də ölkədə kreditlə mal satışı təcrübəsinin böhran doğuran səviyyədə olmaması ilə əlaqədardır. Bununla belə həmin dövrdə neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin 75 mln. dollarya 9,8% azalmasına səbəb oldu. Böhrandan ehtiyatlanaraq görülən tədbirlərdən sonra, 2 saylı cədvəlin məlumatlarından göründüyü kimi, manatın orta illik mübadilə kursu 1997-ci ildə 7,7%, 1998-ci ildə 3,1% qalxdı, qiymətlər isə 1998-ci ildə 0,8%, 1999-cu ildə isə 9,5% aşağı düşdü. İqtisadiyyatın pulla təchizat səviyyəsinin aşağı olması, daxili barterin əhəmiyyətli dərəcədə genişlənməsinə, eləcə də müəssisələrin debitorkreditor borclarının sürətlə artmasına gətirib çıxardı. Həmin meyllər ölkədə həm iqtisadi fəallığa mənfi təsir göstərdi, həm də iqtisadiyyatın neftdənkənar sahələrinin rəqabət qabiliyyətini və ixrac imkanlarını məhdudlaşdıraraq idxalı stimullaşdırmağa başladı. Nəticədə, 1998-ci ildə ixrac 22,4% azaldı, idxal isə 35,5% artmış oldu. Ucuz idxalın təzyiqi altında yeni yaradılmış yüngülyeyinti sənayesi müəssisələrinin bir hissəsi müflisləşərək sıradan çıxdı. Bununla belə 1997-1998-ci illərin böhranı digər ölkələrdə olduğu kimi, Azərbaycanda istehsalın aşağı düşməsi, ölkədən güclü kapital axını, milli valyutanın məzənnəsinin kəskin surətdə aşağı düşməsi və daxili istehlakın azalması kimi neqativ hallara gətirib çıxara bilmədi. Əsas kapitala sərmayə qoyuluşları 1997-ci ildə 39%, 1998-ci ildə 23% artdı. Əhalinin pul gəlirləri və orta aylıq əmək haqqı 1997-ci ildə, müvafiq olaraq, 30-59%, 1998-ci ildə isə 20% artdı. Ölkənin ÜDM-i 1997-ci ildə 5,8%, 1998-ci ildə isə 10% artaraq MDB ölkələrinin orta göstəricisini üstələmiş oldu. Beləliklə, 1998-ci ildə Rusiya və digər ölkələrdə böhran tüğyan etdiyi bir zamanda Azərbaycan iqtisadiyyatında sürətli artım başlandı".

   Onun qənatinə görə, üçüncü mərhələdə Azərbaycan iqtisadiyyatı 2005-ci ildə 26,4%, 2006-cı ildə 34,5%, 2007-ci ildə 25% templə daha sürətli artım, iqtisadi artımdan sosial-iqtisadi tərəqqi mərhələsinə keçdi. Azərbaycan iqtisadiyyatı bu mərhələdə qlobal maliyyə-iqtisadi böhranın təsirinə məruz qaldı. "Böhranın dərinləşməsi nəticəsində 2008-ci ilin sonunda dünyanın inkişaf etmiş fond bazarlarında indekslər 40%-dən çox, inkişaf etməkdə olan ölkələrdə isə 50-75% aşağı düş. Beynəlxalq əmtəə bazarında tələbatın aşağı düşməsi nəticəsində xammal və materialların, o cümlədən neftin qiyməti 2008-ci ilin ortalarındakı 147 dollardan, ilin sonunda, 40 dollara enməklə 4 dəfəyə yaxın aşağı düşdü. Dünya maliyyə böhranı digər qlobal problemlərin - enerji böhranının, qlobal iqlim dəyişikliklərinin, dünya ticarətindəki hərc-mərcliyin, beynəlxalq miqrasiyanın güclənməsinin, terrorizmin və hərbi münaqişələrin artmasının və sairənin təsiri altında daha da dərinləşir və həlli mürəkkəbləşir. Azərbaycanda isə 2008-ci il ərzində Dövlət Neft Fondunun valyuta ehtiyatları 4,3 dəfə, Mərkəzi Bankın strateji resursları isə 53% artmışdı. Nəticədə Azərbaycanda böhranın kulminasiya mərhələsində məcmu xarici borcdan 2 dəfə çox - 18 mlrd. dollarlıq valyuta ehtiyatı yaradıldı ki, bu da dünya maliyyə böhranının təsirini azaltmaqdan ötrü etibarlı "təhlükəsizlik yastığı" rolunu oynaya bildi".

   Dünya İqtisadi Forumunun ekspertlərinin qənaətinə görə, 2011-ci ildə və qarşıdakı on ildə ciddi problemlər yarada biləcək risklər arasında makroiqtisadi risklər, kölgə iqtisadiyyatı və korrupsiya, həmçinin iqtisadi artımın resurs cəhətdən məhdudiyyətləri kimi 3 qrup risk daha ciddi xarakter daşıyacaqdır. Bununla yanaşı neftin qiymətinin kəskin surətdə artması yeni böhran yarada bilər. Enerji, ərzaq təhlükəsizliyi və içməli su problemi də getdikcə kəskinləşməkdədir. Qlobal maliyyə böhranı göstərdi ki, dünyada bu qəbildən olan problemləri həll etməkdən ötrü etibarlı institusional mexanizm mövcud deyildir.

   Ə.Məsimli deyir ki, ona görə də davamlı inkişafı təmin etməkdən ötrü həm dünyada gözlənilən meyllər, həm də Azərbaycanın resurs, texnoloji, intellektual, sahibkarlıq, işgüzarlıq və s. potensialı nəzərə almaqla qarşıya fundamental vəzifələr qoyulmalıdır:

   - Azərbaycanda 2012-ci ildən başlayaraq 8-10% səviyyəsində yüksək artım templərinin təmin edilməsi;

   - Azərbaycanın dünyanın 50 ən rəqabətqabiliyyətli ölkəsi siyahısına daxil olması;

   Adambaşına ÜDM istehsalına görə Azərbaycanın dünyanın 50 qabaqcıl ölkəsi siyahısına daxil olması;

   - Yoxsulluğun azaldılması, həyatın keyfiyyətinin yüksəldilməsinin sürətləndirilməsi və insan inkişafı göstəricisinə görə Azərbaycanın dünyanın 50 qabaqcıl ölkəsi sırasına daxil olması;

   - Azərbaycanın dünyanın 50 "ən yaxşı elektron hökumət" sırasına daxil olması;

   - 2020-ci ilə qədər Azərbaycanın innovasiyalı inkişaf ölkəsinə çevrilməsi.

   Onun qənaətinə görə, həmin fundamental problemlərin həllinə nail olmaqdan ötrü, sürətli artıma təsir imkanları getdikcə tükənməkdə olan neft amilinin aparıcı roluna əsaslanan modeldən regionların davamlı tərəqqisinə təminat yaradan milli iqtisadi inkişaf modelinə - Azərbaycanın "üç amil" prinsipinə əsaslanan optimal inkişaf modelinə keçməsinin zamanı çatıb. Azərbaycanın "üç amil" prinsipinə əsaslanan optimal inkişaf modelinə keçməsi dedikdə, insan kapitalından, zəngin resurs potensialından və əlverişli geopolitik üstünlüklərdən istifadə etməklə, inteqrasiya imkanlarından istifadənin səmərəliliyinin artırılması, innovasiyalı texniki-iqtisadi inkişaf modelinə keçidbu əsasda Azərbaycanın rəqabət qabiliyyətinin və əhalinin həyat səviyyəsinin yüksəldilməsinin sürətləndirilməsi nəzərdə tutulur.

   ""Üç amil" prinsipinə əsaslanan optimal inkişaf modeli Azərbaycan iqtisadiyyatında neft amilinin rolunu və əhəmiyyətini inkar etmir. Əksinə neft amilini Azərbaycan iqtisadiyyatının reallığı saymaqla, neft gəlirlərindən səmərəli istifadə edərək insan amilinin önə çıxarılmasını davamlı inkişafın əsas şərti kimi götürür. Buna müvafiq olaraq, təklif olunan inkişaf modeli getdikcə qloballaşan dünyada əsas risk, təhlükə və çağırışları lazımınca dəyərləndirməklə Azərbaycan xalqının özünüqorumainkişaf qabiliyyətinin gücləndirilməsini və bu əsasda ölkənin potensialına uyğun gələn layiqli həyat səviyyəsinin təmin edilməsini nəzərdə tutur",-deyə o qeyd etdi.

   İkinci prioritet - zəngin resurs, neft, qaz və sair resurslardan istifadənin səmərəliliyinin artırılmasıdır. Azərbaycan həm zəngin təbii resurs potensialı, həm də əlverişli tranzit imkanları ilə regionun ən önəmli ölkəsidir. Ekspert qiymətləndirmələrinə görə, Xəzərdə 15-22 mlrd. ton neft və 12-18 trln.kub metr qaz ehtiyatları vardır ki, onun da 23-33%-i və qaz ehtiyatları 28-42%-i Azərbaycana məxsusdur. Neftqaz gəlirlərinin bir hissəsi regionların sosial-iqtisadi tərəqqisinə, təhsilin, elmin. səhiyyənin, mədəniyyətin inkişafına yönəldilməlidir.

   Üçüncü prioritet - Azərbaycanın əlverişli geosiyasi mövqeyindən yararlanaraq, inteqrasiya imkanlarından səmərəli istifadədir. Müstəqillik illərində Azərbaycanın xarici iqtisadi əlaqələri xeyli genişlənsə də, ticarət əlaqələrində sovet dövrünə nisbətən ixracatın strukturunda xammal üstünlük təşkil edir. Əgər əvvəllər Azərbaycanın ixrac etdiyi məhsullar içərisində maşınqayırma, yüngül yeyinti sənayesi, eləcə də kənd təsərrüfatı məhsulları üstünlük təşkil edirneft məhsullarının payı 18-20% idisə, son illər ixracın 90%-dən çoxu neftneft məhsullarından ibarət olmuşdur. İdxalda isə yenə də əvvəlki kimi maşın və avadanlıqlar, eləcə də xalq istehlakı malları üstünlük təşkil edir. Bu onu göstərir ki, Azərbaycanın iqtisadiyyatı balanslı şəkildə inkişaf etmir. Son illər neftdənkənar sahələrdə böyük canlanma müşahidə olunsa da, xarici ticarət baxımından hələ zəif inkişaf edib. Həmin sahələrdə istehsal olunan məhsulların əksəriyyətinin dünya bazarında rəqabətə girmək imkanları çox məhduddur. Hökumət iqtisadiyyatın real sektorunun dəstəklənməsi istiqamətində təsirli tədbirlər kompleksi hazırlayıb həyata keçirməlidir. İstehsala qabaqcıl texnika və texnologiyanın tətbiqi hərtərəfli təşfiqləndirilməli, mənfəətin ən müasir texnikanın alınmasına yönəldilən hissəsi vergidən azad edilməli, eləcə də ölkəyə gətirilən müasir texnikatexnologiya gömrük vergilərindən azad edilməlidir.

 

 

   Bəkir Nərimanoğlu

 

   Ekspress.- 2012.- 14-16 aprel.- S. 10;12.