Heç kimə bənzəməyən aktrisa
Vaxtilə Azərbaycan
tamaşaçısı bu aktrisanı ilk dəfə Cəfər
Cabbarlının "Solğun çiçəklər"
pyesi əsasında hazırlanmış tamaşada Sara
obrazı ilə tanımış və ilk
tanışlıqdan da sevmişdi. Sonralar o, Gənc
Tamaşaçılar Teatrında onlarla, özü də fərqli
obrazlar yaratdı. Amma onun Sarası unudulmadı...
Mehriban Abdullayeva ilə
çalışdığı teatrda görüşdük.
Mehriban xanım az danışıb, çox iş görməyi
sevən aktrisalarımızdandır. Bununla belə, onu
danışdırmağa nail ola bildik.
- "Səhnəmizin
Sarası" - illərlə sizə belə müraciət
olunurdu. Yəni siz aktrisa kimi ilk obrazınızla sənətə
vəsiqə qazanmağı bacardınız...
- Sara mənim peşəkar
səhnədə ilk obrazım oldu. Sonralar onlarla fərqli
rollar oynasam da, tamaşaçı hələ də məni
Sara kimi xatırlayır.
Ümumiyyətlə,
aktrisa olmağım həm təsadüf, həm də bilərəkdən
məqsədə doğru atılan bir addımdır. Hələ
orta məktəb illərində özfəaliyyət dərnəklərində
rəqs ansamblına qatılmışdım. Həkim olmaq ən
böyük arzum olsa da, tale məni İncəsənət
institutuna gətirib çıxardı. Aktrisa olmağı
heç xəyalımdan belə keçirməmişdim. Hələ
də unutmuram, aktyorlara necə sitayiş edirdim, onlara əlçatmaz
kimi baxırdım. Vaxt, zaman yetişdi, bir zamanlar əlçatmaz
kimi baxdığım aktyorlarla eyni səhnəni
paylaşdım.
- Əlçatmaz saydığınız
aktyorlardan hansı sizə örnək oldu?
- Tələbəlik
illərində belə hallara sıx təsadüf olunurdu, yəni
hər tələbə özünü bir aktyora bənzədirdi.
Ancaq mən heç kimə bənzəməyi
düşünmədim, istədim ki, bu həyatda öz yolum
olsun, özüm olmağı bacarım. Bilmirəm nə dərəcədə
özüm ola bilmişəm, ancaq, ümumiyyətlə, bu sənətə
gələn hər bir kəsə, yaşından asılı
olmayaraq böyük rəğbət bəsləyirəm, hətta
onların qarşısında baş əyirəm ki,
bütün çətinliklərə baxmayaraq sənəti
yaşadırlar, çətinliklərə tab gətirərək
səhnədə olmağı qarşılarına məqsəd
olaraq qoymağı bacarırlar. Hələ sənətə
yeni gələnlərin sənət yanğısını
görəsiniz, cüzi miqdarda aldıqları pula baxmayaraq
onları sadəcə səhnə
düşündürür.
- Ancaq Sizin səhnəyə
gəldiyiniz dönəmlərdə teatr heç bir maddi vəd
vermirdi...
- Sadəcə, mənim
səhnəyə gəldiyim dövr deyil, ümumiyyətlə
səhnə heç bir zaman heç bir aktyora maddi vəd verməyib.
Hər şey aktyorun gücünə bağlıdır və
ən önəmlisi şans məsələsidir. Hətta bəzi
hallarda şans istedaddan da öncədir. Elə istedadlı aktyorlar
var ki, arxa planda qalırlar, şansları olmadığı
üçün bu sənətdə heç bir şeyə
nail ola bilmir.
- Bəlkə onlar bir
qədər tənbəl olduqları üçün
şanssızdırlar?
- Məsələ tənbəl
olmaqda deyil. Məsələn, mən tənbəl deyiləm,
bu sənətdə gecə-gündüz bilmədən can
qoyuram.
- Ancaq deyim ki, bir
aktrisa olaraq Siz hər zaman özünüzü arxa planda
saxlayırsınız...
- Axı nəyə
görə mən özüm haqqında
danışmalıyam, özümü təqdim etməliyəm
ki?! Tamaşalarımı izləsinlər, ildən-ilə
inkişaf edən sənətimə baxsınlar... Mən
özümə, sənətimə hər zaman tənqidi
yanaşıram. Ekranda özümə heç baxmıram,
çünki baxınca ilk olaraq tənqidi tərəfdən
yanaşıram.
- Əslində, bu,
yaxşı əlamətdir - öz işinə tənqidi
yanaşmaq məsuliyyətdən xəbər verir...
- Bildiyiniz kimi, əvvəllər
bizdə elə imkanlar yoxdu ki, tamaşaları lentə
aldıra bilək, ona görə də nəyi necə
etdiyimizdən xəbərsizdik. Ancaq hazırkı imkanlar hər
yeni tamaşanı çəkərək izləməyə
şərait yaradır. Bu da o deməkdir ki, hər gün yeni
bir tapıntı, yeni bir inkişafa doğru addım atırıq.
- Sizin karyeranızda
"Solğun çiçəklər" tamaşası
böyük rol oynadı...
- 1986-cı ildə
tamaşanın məşqlərinə başladıq,
institutu yenicə bitirmişdim, 1987-ci ilin mart ayında isə
"Solğun çiçəklər" çəkildi. O
dövrdə televiziya tamaşalarına həm böyük
ehtiyac vardı, həm də çox yer verildiyi
üçün mütəmadi olaraq yeni tamaşalar
yaranırdı. Ağakişi Kazımovun quruluşunda
hazırlanan tamaşada Sara obrazının mənə həvalə
ediləcəyini, doğrusu, bilmirdim. Həmin ərəfələrdə
mən kitabxanalara çox gedərdim. Yaxşı yadımdadır
ki, Cəfər Cabbarlının kitabını götürərək
"Solğun çiçəklər" pyesini yenidən
oxumağa başladım. Qəribədir ki, ilk andan Sara
obrazına məndə maraq yarandı. Əslində Sara
obrazı ilə aramızda oxşarlıqlar olduğu
üçün diqqətimi çəkirdi.
Öz-özümə "Saranı necə oynayaram" dedim.
Teatrlarda yeni mövsümün başlaması yeni
tamaşalara start götürüldüyü bir məqamda
Ağakişi müəllim mənə "Solğun
çiçəklər"in ssenarisini verərək
"Oxu və Sara obrazına diqqət et" dedi. Məhz o
anda hiss etdim ki, insan bir işi görmədən öncə ürəyində
bir şeylər hiss edər. Tamaşa çəkildi,
tamaşaçılar tərəfindən qəbul olundu və
sizin sözlərinizdən sonra bir daha hiss etdim ki, hələ
də unudulmayıb. Ancaq Saranı oynadığım zaman
obrazın məsuliyyətini o qədər də hiss etmirdim.
İllər sonra, yəni bu sənətdə peşəkarlıq
qazandıqdan sonra başa düşdüm ki, məni
tamaşaçıya sevdirən Sara obrazı əslində
çox məsuliyyətli obrazdır.
- Deyilənə
görə, hər aktyordan obrazda nəsə var. Sara obrazı
ilə aranızda olan oxşar cəhətlər varmı?
- Əslində, Sara ilə
mənim xarakterimdə oxşar cəhətlər çoxdur.
Saranın məsumluğu, utancaq olması, bir qədər aciz
olması kimi xüsusiyyətlər mənə çox
yaxındır. Və bu yaxınlıq obrazın daha da təbii
alınmasına çox yardım etdi.
- Obraza əlavələriniz
oldumu?
- Ümumiyyətlə,
hər hansı bir tamaşanın hazırlıq prosesində
istənilən obraza əlavələr olunur. Ancaq Sara
obrazı üzərində çalışdığım
zaman təcrübəm olmasa da, bəzi səhnələrdə
əlavələr etmək fikrimi rejissora bildirsəm də, qəbul
etmədi. Bu baxımdan rejissorun istədiyi formada rolu canlandırmışam.
Ancaq çox sonralar Ağakişi müəllim etiraf etdi ki, gərək
mənim əlavələrimi qəbul edəydi.
- Bu illər ərzində
kifayət qədər obrazlara imza atdınız. Sara
obrazına oxşayan hər hansı bir rolunuz varmı?
- Tam olaraq Sara
obrazına bənzəyən rol olmasa da, dramatik səpkili
rollarım çox oldu. Hətta həmişə məndən
soruşurlar, bəlkə də mənə irad tutaraq
soruşurlar ki, "niyə həmişə dramatik rollar
oynayırsan?". Təbii ki, bu, mənim xarakterimdən irəli
gəlir. Həmçinin dəyişkən, fərqli
rollarım da olub. Məsələn, Mikayıl Müşfiqin
həyatına həsr olunan və Ağakişi Kazımovun
quruluşunda hazırlanan "Müşfiq"
tamaşasında Dilbər obrazını oynamışam. Əkrəm
Əylislinin "Yazığam, sevmə məni"
tamaşasında Şirin obrazını, "Ana
laylası"nda ana obrazını oyanamışam. Ağaxan
Salmanlının quruluşunda "Məhəbbət bir bəladır"
tamaşasında daha fərqli obrazı oynamışam.
"Romeo və Cülyetta" tamaşasında Ledi Kapuletti
rolunu, "Əcəl atı" tamaşasında 70
yaşlı qadını oynayıram.
- Hər aktrisa gənc
yaşda 70 yaşlı obrazla səhnəyə
çıxmaz. Demək ki, siz çox cəsarətlisiniz?
- Sadəcə cəsarət
deyil, aktrisa yaşından asılı olmayaraq bütün
rollarda özünü sınamalıdır. Təsəvvür
edin ki, mən 70 yaşlı qadın obrazında səhnəyə
çıxarkən anam belə məni tanımayıb.
Tamaşa bitdikdən sonra anam mənə deyir ki, "niyə
sən səhnədə yoxdun", onun sözü məni
güldürdü. Çünki 70 yaşlı obraz əsas
rollardan biri olduğu üçün bütün səhnələrdə
görünür. Deməli, obrazın xarici
görünüşünü tam olaraq göstərməyə
nail ola bilmişəm ki, nəticədə anam məni
tanıya bilməyib. Bundan başqa, uşaq
tamaşalarında, "Qaraca qız"da tamam fərqli bir
obrazla - Pəricahan obrazında səhnəyə
çıxmışam, "Pəri cadu"
tamaşasında tamam fərqli obrazla - Hafizə xanımla səhnəyə
çıxmışam, hətta "Dovşanın ad
günü" tamaşasında tülkü obrazını
belə yaratmışam. "İncəbel qarı"da
küpəgirən qadını oynayıram, sonra da onu qəşəng
bir qızla əvəz edirəm. Yəni bir tamaşada iki fərqli
görüntüdə səhnədə oldum ki, bu da o qədər
də asan deyil.
- Dəyişik, fərqli
xarakterlə oynadığınız obrazlar nə dərəcədə
sizə mane olur və ya əksinə nə dərəcədə
kömək edir sizə?
- Bilirsinizmi səhnənin
öz qanunları var. Bəzən elə obrazlar olur ki, həmin
obrazlarda özümü görməyə bilərəm, ancaq
sonrakı proseslərdə rolu qəbul edirəm,
çünki bu sadəcə bir rol, başqa bir xarakter deyə
düşünürəm. Ümumiyyətlə isə hər
dəfə yeni bir rol üzərində işləyərkən
öz-özümə deyirəm ki, "bu məndə
mütləq alınmalıdır", yəni alınmamaq
söhbətini qəbul etmirəm. Həyatda isə o sərhədləri
götürə bilmirəm.
- Çünki səhnə
qanunları başqa, həyatın qanunları tamam başqadır...
- Təbii ki, bir-birindən
kəskin surətdə fərqlənir. Məsələn, mənim
20 il əvvəlki illə 20 il sonrakı düşüncələrim
arasında fərq çox böyükdür. Dünən
tamam fərqli düşünürdüm, illər sonra
artıq tamam fərqli düşünürəm. Təcrübəsiz
vaxtlarımda olan təzyiqləri fikirləşincə
düşünürəm ki, onlara necə dayanmışam.
İndi o təzyiqlərə davam gətirə bilməzdim.
Deməli, təcrübəsiz vaxtlarda insan bəzi məqamların
fərqində olmur.
- Təcrübəli
aktyorun təcrübəsizdən fərqi nədir?
- Təcrübəsiz
hər zaman özünü güclü sayır, yəni məsuliyyət
hissi bir qədər arxa planda qalır, ancaq təcrübəli
aktyor üçün öncə məsuliyyət hissidir. Təcrübəli
özünə qarşı çox tələbkar olur.
- Rola necə
hazırlaşırsınız?
- Maraqlı sualdır.
Mənim rol üzərində hazırlığım, yeni bir
tamaşada mənə rol həvalə edildiyi andan
başlayır. Özümü bütünlüklə
obrazın daxili aləminə həsr edirəm. Məsuliyyət
hissi o qədər güclü olur ki, hətta bəzi hallarda
belə Mehriban olduğumu unuduram, obrazın taleyini
yaşayıram. Hər dəfə səhnəyə
çıxanda fərqli talelərlə
tamaşaçıların qarşısına çıxmaq
və tamaşaçıları sənətlə heyrətləndirmək...
Məncə əsl sənət möcüzəsi elə
budur.
ULDUZƏ
QARAQIZI
Ekspress.- 2012.-
21-23 aprel.- S.18.