Ya olum, ya
ölüm: məndə yola
vermək yoxdu...
Alim Qasımova qulaq
asanda yadıma həmişə Bəxtiyar Vahabzadənin
"Muğam" poemasındakı məşhur "Daş
ürəklərdə yatan daşları yandırdı
muğam" misrasını xatırlayıram.
Alim Qasımov
muğamı oxumur, yandırır. Muğamla birlikdə onu
dinləyənləri də yandırır, alovlandırır,
qarsıdır...
Bu
ömür Allahın lütfüdür
- Alim müəllim,
"5" əladırsa, "55" ikiqat əla, "əliyyül
əla"dır. Bu gün-sabah 55 yaşı tamam edirsiniz...
- Hələ bir az
var...
- Cəmisi 3 ay
qalıb. Geriyə boylanıb bu illərə diqqət yetirdikdə
ona özünüz "əliyyül əla" qiymətin
verirsinizmi?
- Mən kiməm ki,
Allahın mənə yazdığı bir ömürə,
xoş qismətə qiymət verim. Sadəcə onu qeyd edim
ki, bu illər ərzində istər sənət, istər ailə
mənasında nə qədər gözəl şeylər əldə
etmişəm, Allahın bir lütfü kimi dəyərləndirirəm.
Belə başa düşürəm ki, ömrüm boyu
insafsız hərəkətim olmayıb. Demək olar ki,
nöqsansız yaşamağa çalışmışam.
İnsaf iman kimi bir şeydi. İnsaf insanın içində
yanan bir şam işığıdı. Bu insaf məni
çox şeylərdən qoruyur...
- Əsas nəfsə
qalib gəlməkdir...
- İnsaf demək olar
ki, hər şeyin, bütün həyatın süzgəcidi.
İnsaflı insanla hər iş görmək olar.
Yaxşı mənada. Ona görə də deyirlər ki, insaf
dinin yarısıdı. Uşaqlıqdan məni belə tərbiyələndiriblər,
belə böyüdüblər. İnsaf elmlə bağlı
deyil. Elmli adamlarının çoxunun insafı yoxdu. Kim ki,
yalnız elmlə tərbiyə alır, onda insaf
çıxır yaddan. Kasıb-küsub elmsiz adamlar isə
insafın ətəyindən tutub gedirlər. Elmli dedikdə
"çox bilmişləri" nəzərdə tuturam. Bəzən
deyirlər ki, yaşamaq çox çətin şeydir. Xeyr, əksinə:
yaşamaq çox sadədi. İnsan öz həyatını
özü müəyyənləşdirib qurur. Biz onu istəyirik
ki, həmişə inkişaf edə-edə yaşayaq. Amma elə
bu "inkişaf"da da çoxlu günaha batırıq.
- İrəli getmək
üçün günaha batmaq şərtdimi?
- Mənə elə gəlir
ki, irəli getmək çox çətindi. Elə bil ki, dəryada
üzmək kimi bir şeydi.
"İçimdəki Alim Qasımovu çölə
çıxartmaq asan
olmadı"
- Sizə qədər
"Çahargah"da "Bərdaşt"dan istifadə eləmirdilər,
bir başa "Mayə"yə keçirdilər...
- Yox, məndən əvvəl
də eləyiblər.
- Amma Cabbar
Qaryağdıoğlunun vaxtında. Ondan sonra uzun illər
"Çahargah" "Bərdaşt"sız oxunub...
- Mənə
"Çahargah"ı müəllimim, xalq artisti Ağaxan
Abdullayev elə öyrətmişdi.
- O cür
oxumağınız yəqin ki, çoxlarını
qıcıqlandırır. Çünki rahatlıqla bir
ağız aşağı tonda "Mayə" oxumaqla
başlarını girləyirdilər. Və birdən-birə
siz ortalığa çıxıb "Çahargah"da
"Bərdaşt"ın olmasını camaatın
yadına saldınız...
- Yox, heç kim mənə
bunu irad tutmadı. Amma eşidirdim, arxamca
danışırdılar ki, bu mərdimazar hardan gəldi. Amma
kənd toylarında mənə deyirlər ki, sən bizim
gözümüzü açdın, sən gəldin bizə
aləmlər yaratdın. Əslində belə oxumaq mənim
səsimin olmağından və gənclik ehtirasımdan irəli
gəlirdi. İş burasındadır ki, mən o işləri
etmək üçün dincəlmədən gecə-gündüz
çalışdım. İçimdəki Alim Qasımovu
çölə çıxartmaq asan olmadı.
Özüm danlamışam ki, sənin o zildə nə
işin var...
- Yunus Əmrə
deyir ki, "Məni məndən sorma, bir mən
vardır, mənə
məndən içəri".
- Bilirsinizmi,
məndə yola vermək yoxdu, ya olum, ya
ölüm...
- Alim
müəllim, hərdən
elə zilə qalxırsınız ki, adam bu səsin qırılmağından
qorxur. Bəs siz qorxmursunuzmu
ki, birdən səs sözünüzə
baxmaz.
- Çox
şeyləri mən onu edəndən sonra bilmişəm. Məsələn, o zilləri edəndən
sonra özümü
o qədər danlamışam
ki, sənin orda nə işin
var? Bəlkə də əvvəlcədən
ora qalxmağı düşünsəm, heç
də alınmaz.
Özüm bilərəkdən o cürə zilə qalxsam, səsim oradək bəlkə də getməz. Amma elə ki, özümü
tamam unudub, eşq atəşinə tutuluram, o ifanın dadı tarixdə qalır.
Bəzən nə oxuduğumu heç özüm də bilmirəm...
- Deməli,
oxuyanda özünüzə
nəzarət edə bilmirsiniz?
- Yox,
bəzən elə bir hal yaranır
ki, nə oxuduğumu heç özüm də bilmirəm. Sanki məni
idarə edirlər, kimsə mənə kənardan deyir ki, bu sözdən
sonra bunu deməlisən, bu boğazdan sonra bu zənguləni etməlisən. Eşq
gələndən sonra
səs də gəlir, hal da gəlir, kef də...
- Belə
baxanda görürük
ki, Alim adı sizə təsadüfən qoyulmayıb.
Sanki valdeynlərinizn biliblər ki, böyüyəndə muğam
sizdən soruşulacaq.
Deməli, gənc yaşda ustadlar cərgəsinə qoşulmaq
qismətinizdə varmış...
- Allah hamının
canını sağ eləsin. Bu o demək
deyil ki, Allah bunu mənə götürüb hədiyyə
elədi. Bütün
bu uğurlarla yanaşı, Allah mənə
dözüm, səbr,
tamaha qarşı güc verdi.
Mən evdə yorğan-döşəkdə
yatırdım ki, tərləyim, soyuqdəymə
canımdan çıxsın,
axı axşam insanlar məndən ifa gözləyirlər.
Nə gecəm vardı, nə gündüzüm.
Ömrümün yarısı yorğan-döşəkdə
keçib. Deyirlər, torpağı
əkməsən, bəhrəsini
görməzsən. Sənət
də elə bir şeydi ki, bunu yoğurmasan
xəmir olmaz...
Bir qarın çörək
qazanmağı düşünürdüm
- Alim
müəllim, belə
bir sənətkar olacağınızı əvvəlcədən
düşünürdünüzmü?
- Yox
əşi, mən həmişə bir qarın çörək
qazanmağı düşünürdüm.
Mən elə bilirdim ki, hər kəs
kimi adi səsim var. Ona görə də, müğənni olmaq barədə düşünməmişəm.
Sadəcə mənə
deyirdilər ki, sənin səsindən yoxdu, get xanəndəliyi öyrən. Çox qəribədi ki,
mən çox zəif uşaq kimi doğulmuşam.
Valideynlərim deyiblər ki,
bu uşaq indi ölər, bu saat ölər.
Mən iynələrin hesabına
sağ qalmışam.
- Bəs
niyə oxumurdunuz o vaxtlar?
- Mən
fikirləşirdim ki,
hamı oxuyur da. Çünki gözümü açıb ailəmizdə
oxumaq görmüşəm.
Mənim
atamın da, anamın da gözəl səsi vardı.
- Məhəbbət Kazımovla
birgə imtahan vermisiniz?
- Yox,
Asəf Zeynallı adına Musiqi
Kollecinə o məndən
əvvəl qəbul olunub.
- Eşitdiyimə
görə, qəbul imtahanında "Mirzə
Hüseyn" segahını
oxumusunuz. Siz oxuyanda bütün
məktəb imtahan gedən otağın qapısının ağzına
yığılıbmış ki, görsünlər bu səsin sahibi
kimdir? Yeri gəlmişkən, bu gün gənclər
həvəslə muğam
ifaçılığı sənətinə gəlir
və əksəriyyəti
də sizi təkrarlayır. Bunlar belə
hara gedəcəklər?
Yeni Alim nə vaxt
doğulacaq?
- Bu həyatın
öz qanunu var. Əsl yaradıcı, əsl sənətkar gündə doğulmur axı.
- Sizcə,
yeni bir Alimə ehtiyac varmı?
- Əlbəttə. Gərək
mən də tarixin doğduğunu qəbul edəm.
- Bəziləri
deyir ki, Alim xüsusi məktəb keçib, insanları meditasiya vasitəsilə təsirə
salmağı bacarır...
- Mənə
də bu barədə tez-tez suallar verirlər. İnanın
ki, mən meditasiyanın, yoqanın nə olduğunu bilmirəm, sadəcə Allahın bir lütfüdür ki, səsim insanlara o dediyiniz formada təsir edir.
Abgül
bir az tənbəllik
edir...
- Alim
müəllim, tələbələriniz
var, ifalarına da bir ustad
kimi qulaq asırsınız. Onların arasından
ifasını bəyəndikləriniz
varmı?
- Abgül Mirzəliyevin səsini çox bəyənirəm. Onun gələcəyinə
böyük ümid bəsləyirəm. Deyirlər
bir az
tənbəllik edir. Eləməsin, oxusun, əziyyət
çəksin, öyrənsin.
- Alimin
öz evində gələcəkdə sənətə
gələn olacaqmı?
- Mənim Fərqanədən
başqa Qadir adlı oğlum, Dilruba adlı qızım var. Məcburiyyətlə
olan şey deyil. Heç biri maraq göstərmədi, mən
də üstlərinə
düşmədim. Bu gün evimizdən səhərdən-axşamadək musiqi səsi gəlir. Nəvələrim gözlərini açıb
evdə muğam eşidiblər. Maşallah səsləri
də var, görək də. Gərək özləri istəsin.
- Bu uşaqlartın
üstünlüyü ondadı
ki, Alim Qasımov kimi ustad sənətkar hər gün gözlərinin qarşısındadı.
Alim müəllim, bilirik ki, UNESCO muğamı sizə qulaq asandan sonra Qeyri
Maddi İrs siyahısına qəbul edib, sizin konsertlərdən
sonra Avropa Azərbaycan muğamını
tanıdı. Cənubi
azərbaycanlılar, o cümlədən
iranlılar muğama görə Sizi müqəddəs sayırlar...
- Cənubda
qardaşlarımızın sayı lap çoxdur. Ona görə də belə məhəbbət
göstərmələri daha
çox nəzərə
çarpır. Gedirsən, xoş
qarşılayırlar.
"Rahab" mənə əziyyət verir
- Ən çox sevdiyiniz muğam hansıdır?
- "Rahab"dan başqa bütün muğamları
bir səviyyədə
sevirəm. Bunların birinə
o birisindən daha çox diqqət yetirsəm, sənətimə
xəyanət etmiş
olaram. Amma "Rahab"ı heç sevmirəm. Çox qarışıq muğamdır,
mənə əziyyət
verir.
- Maraqlıdır
ki, mütəxəssislər
"Rahab"ın ən
mükəmməl ifaçısı
kimi sizin adınızı çəkirlər.
- Ola bilər,
mən sadəcə onu adi muğam
kimi oxumuşam. Amma əsl özüm kimi oxuya bilmirəm.
Çünki o muğamın özündə
elə bil nəsə çatmır.
- Axı
bu muğamı da Siz ortalığa
çıxardınız. Çünki Sizə qədər uzun illər bu muğamı heç kəs oxumurdu.
- Bəlkə
də ona görə ki, bu muğamda natamamlıq var. Məndən
əvvəlkilər buradakı
natamamlığa diqqət
yetirməyiblər. Nəsə mənə
bu muğam
çatmır.
İLTİFAT
Ekspress.-
2012.- 28-30 aprel.- S. 18.