Nobel mükafatı və Nobel tənhalığı
Dostumun
maşınında yol gedirik. Maşın Nobel prospekti ilə
şütüyür. Hava təzəcə qaralıb, şəhər
işıqlarını yandırır, küçə fənərləri
bir-bir arxada qalır, bu şəhərin işıqları elə
bil maşınların arxasınca yüyürür.
Maşınımız
AFFA-nın modern binasını arxada qoyur, qarşıdan
Lunapark görünür. Lunapark bir zamanlar, lap elə bu
yaxınlara qədər Nizami parkı adlanırdı.
Yetmişinci illərin əvvəllərində mən tələbə
yoldaşlarımla həftədə bir dəfə bu
parkın üzgüçülük hovuzunda üzərdim. Payızda
hovuzdan sonra parkın xudmani çayxanasında bir-iki stəkan
pürrəngi çayın ayrı bir ləzzəti
vardı. İndi maşınımız Lunaparka
yaxınlaşdıqca sanki zaman geri fırlanırdı, zaman
geriyə fırlandıqca o uzaq günlərin şirin xatirələri
məni öz ağuşuna alırdı. Lunaparkın Nizami
parkı olmamışdan əvvəl Nobel bağı
olduğunu isə hələ uşaqlıqdan bilirdik - köhnə
bakılılar bu bağa Nobel bağı deyərdilər...
Hər il dekabr
ayının 10-da İvseç Kral Akademiyası Nobel
ödülünə layiq görülmüş görkəmli
adamların adlarını açıqlayır. Nobel
mükafatı fizika, kimya, fizi-ologiya, tibb elmləri sahəsində
xüsusi xidmətləri olan alimlərə, sülh
uğrunda mübarizlərə və ədəbiyyatçılara
verilir. Riyaziyyatçılar Nobel mükafatı haqqında
düşünməsələr yaxşıdır,
çünki riyaziyyat üzrə Nobel mükafatı
yerli-dibli mövcud deyil.
Şəxsən mən
İsveç Akademiyasının bir sıra namizədlərinə
qarşıyam, mənim fikrimcə, Nobel ödülü
çoxdan siyasiləşdirilib. Yalnız son 10-15 ildə Nobel
ödülünə layiq görülmüş insanların
bioqrafiyasına nəzər salın, onda İsveç Akademiyasının
heç də həmişə ədalətli qərar
çıxarmadığı bəlli olacaq.
Allah Alfred Nobelə rəhmət eləsin!
Niyə təəccüblənirsiniz?
Mirzə Cəlil "Allah sənə rəhmət
eləsin, Qoqol" deyəndə heç təəccüblənməmişdiniz.
Maşınımız
Nobel prospekti ilə şütüyür və mən Alfred
Nobel haqqında oxuduqlarımı, bildiklərimi
yaddaşımda sahmana salmağa çalışıram.
Andretta
Alsel plastik rezin firmasının sahibi Emmanuel Nobel ilə ailə
quranda bu vəfalı qadın ər evinə sevən bir
ürək və böyük sərvətlə qədəm
basmışdı. Alfred Nobelin işləri
yaxşı gedirdi, onun öz biznesi vardı və bu biznes
sabit gəlir gətirirdi. Nobellər ehtiyac
nə olduğunu bilmədən gözəl günlər
yaşayırdılar. Tezliklə, daha dəqiq desək,
1827-ci ildə Nobel Stokholmun mərkəzində ikimərtəbəli
ev aldı, Robert və Lüdviq bu evdə
doğulublar.
Altı ildən sonra
Nobellər ailəsinə böyük bir bədbəxtlik
üz verdi, Stokholmun mərkəzindəki ikimərtəbəli
rahat mənzildə yanğın baş verdi, güclü
yanğın bütün binanı
bürümüşdü, binanın divarları
çökdü, hər şey yanıb kül oldu, amma Emmanuel
və Andrietta sevimli övladlarını yanğının pəncəsindən
qopara bildilər, evdən heç nə çıxara bilmədilər,
sənədləri, pulları, xatirələri yanğın
xarabalığına qarışdı.
Nobellər ailəsi
sözün həqiqi mənasında küçədə
qalmışdılar, deyirlər dərd gələndə
batmanla gəlir, yanğından sonra firmanın da işləri
günü-gündən axsamağa başladı, iş o yerə
gəlib çatdı ki, bədbəxt Emmanuel Nobel bankrot oldu.
Emmanuel Nobel bankrot olanda
Alferd bir neçə aylıq körpəydi, əlbəttə
ətrafda nələr baş verdiyini anlamırdı, üstəlik
də səhhəti çox zəif idi, alacaqlılar hər
gün qapısını dbyüb borclarını tələb
edirdilər, Emmanuel çarəsiz qalmışdı, nə
edəcəyini, kimə pənah aparacağını bilmirdi. Nəhayətdə Stokholmdan getmək qərarına
gəldi, daha doğrusu, ölkədən qaçdı.
O, Rusiyada iş tapmaq ümidiylə Peterburqa gəldi, Andretta
qohumlarından bir qədər borc alaraq kiçik bir dükan
açıb ailənin ruzisini qazanırdı, Robert və
Lüdviq küçədə kibrit satırdılar, Alfred həmişə
xəstə olurdu, körpə ürəkçatışmazlığından
əziyyət çəkirdi, bir tərəfdən də lənətə
gəlmiş miqren. Alfred bütün
günü yataqda keçirirdi, xanım Nobelin ürəyi
parçalanırdı. Beləcə illər
ötüb keçirdi, ancaq doqquz ildən sonra ailə yenidən
birləşə bildi, bu müddət ərzində Emmanuel
Sankt-Peterburqda zavod sahibi olmuşdu, ev
almışdı. Ailə artıq Peterburqa yerləşmişdi,
ata oğlanlarının tərbiyəsinə ciddi
yanaşırdı, doqquzyaşlı Alfred isə sanki öz
aləmində yaşayırdı...
Sankt-Peterburqda
məskunlaşmış əcnəbilər - almanlar, ingilislər,
danimarkalılar və isveçlilər istirahət günlərində
görüşərdilər, asudə vaxtlarını öz
vətəndaşları arasında keçirərdilər,
ana dillərində ünsiyyət, adət etdikləri milli mətbəx
onları daha da yaxınlaşdırırdı. Bu məclislərdə
cavanlar bir-biri ilə tanış
olardılar, bu tanışlıq bəzən sevgiyə
dönərdi, ailələr qohum olardılar.
Alfredin on
yeddi yaşı vardı, o, təkliyi, tənhalığı,
sakitliyi sevirdi, səs-küylü məclislərdən uzaq
qaçırdı, xəyalpərəst bir yeniyetməydi,
amma dünyaya çəhrayı eynəkdən baxanlardan
sayılmazdı. Öz içinə
qapılmış, melanxolik gənc adamlarla ünsiyyətdə
çətinlik çəkirdi.
Melanxolik təbiətli gənc
Alfred şeir yazırdı - Alfred Nobel şair ola
bilərdi, amma dinamit ixtira elədi...
Bir dəfə
valideynləri gənc Alfredi özləri ilə
qonaqlığa aparmışdılar. Ev sahibi Dezri
danimarkalı iş adamıydı. Dezrinin gözəl bir
qızı vardı, Alfredi Anna ilə tanış
etdilər, gənc oğlanın həyəcandan dili
tutulmuşdu.
Nobelin
bioqraflarının bütün səylərinə baxmayaraq,
Anna Dezrinin nə fotosu, nə də portreti tapılıb.
Elf (anası onu belə
çağırırdı) ilk baxışdan Annaya
vurulmuşdu. Elf mükəmməl təhsil
almışdı, amma məhəbbət aləmində əcəmiydi.
O, qızlara kompliment söyləməyi, rəqs etməyi
bacarmırdı. O, Annaya sevdiyi şairlərin - Bayronun,
Şellinin, Hötenin və bəzən də öz şeirlərini
oxuyardı, qız dərdindən dəli olmuş
oğlanı həyəcanla dinləyərdi, fəqət
könlü başqasındaydı.
Alfredin rəqibi
diplomat oğlu Frans Lemarj özünü gələcəyin
böyük riyaziyyatçısı kimi görürdü.
Lemarj qız üstündə dava salmadı, bir
neçə riyazi tənlik yazdı, Alfred tənliyi həll
edə bilsəydi, Anna onun olacaqdı. Bəlkə
də Alfred tənliyi həll edə bilərdi, ya da rəqibini
yaxşı bildiyi kimya ilə susdurardı, sadəcə olaraq
özünü itirdi və çıxıb getdi. Alfred uduzdu, Anna Dezri Frans Lemarjın arvadı oldu.
Dərin depressiyaya düçar olmuş Elf xəstələndi,
bir neçə ay yataqdan qalxmadı, zavallı ana gecə-gündüz
oğlunun yatağı başında keşik çəkdi.
Bədbəxt aşiq qızdırmalar
içində "Anna" pıçıldayırdı.
Qırx beş
ildən sonra Parisdə Alfred Nobel vəsiyyətnaməsini
imzalayacaq, vəsiyyətnaməyə görə, milyoner
öz sərvətini hər il veriləcək beş
ödül üçün miras qoyur. Beş nominasiya
arasında riyaziyyat yoxdu, heç bir riyaziyyatçı
İsveç kralının əlindən Nobel mükafatı
almaq şərəfinə nail olmayacaq, məxsusi olaraq
San-Remodan göndərilmiş iyirmi üç min
gül-çiçəklə bəzədilmiş zalda,
doqquz min dörd yüz əlli nəfərlik Nobel servisinin
göz qamaşdıran parıltısını görməyəcək...
Görəsən,
Anna Frans Lemarj ilə xoşbəxt olubmu? Bu sualın
cavabını heç kəs bilmir...
Oxu daşa dəyən Alfred evlənib ailə
qurmadı, ölkə-ölkə, şəhər-şəhər
dünyanı gəzib dolaşdı və əlbəttə
ki, özünü bütünlüklə elmə, elmi
axtarışlara verdi və dinamit
"dünyaya gəldi".
Dinamit
Alfred Nobelə dünya şöhrəti və ağılagəlməz
sərvət gətirdi. O, sərvətini "qara
qızıl" mədənlərinə qoymuşdu, neft
böyük gəlir gətirirdi, amma Nobel sadə adam idi, təmtəraqdan, şan-şöhrətdən
qaçırdı. O, öz içinə qapılmış
tənha adamıydı. Anna Dezridən sonra bir daha bir kimsəni
sevəcəyinə inanmırdı...
Otuz
yaşlı Alfred Nobel "Komedi Fransez" teatrının
aktrisası Sara Bernara aşiq olanda aktrisa artıq Parisi fəth
etmişdi. Parisi fəth eləmiş
aktrisa Alfred Nobelin də ürəyini fəth etdi. Sara Bernar haqqında xoşagəlməz şayiələr
gəzirdi, məhəbbətin gözləri kor olur deyirlər,
amma məhəbbətin qulaqları da sağır imiş,
Alfred Nobel əlini, ürəyini və sərvətini Sara
Bernarın uğrunda qurban verməyə hazır idi. Aktrisanın dinamit kimi təhlükəli bir
qadın olduğu Nobelin ağlına belə gəlmirdi.
Fransız
rəssamı Tuluz Lotrekin "Sara Bernar Rasinin "Fedra"
faciəsində" litoqrafiyasının reproduksiyasına
baxsanız, Nobelin aşiq olduğu qadının
obrazını görəcəksiniz.
Sara Bernar kurtizian bir
qadının qızıydı, atasının kim
olduğu bəlli deyil.
Sara Bernara evlənmək
təklifi etməzdən əvvəl Alfred
tanrıçası kimi sevdiyi anası ilə məsləhətləşmək
qərarına gəlir, xanım Nobel sevimli oğluna
ünvanladığı məktubunda yazırdı:
"Oğlum, bu aktrisa keçən il bizim teatrda
oynadığı rolu ilə məni valeh eləmişdi...
Bilirəm, Fransada bir qadına görə həyatını
alt-üst etmiş adama rəğbətlə
yanaşırlar, ona acıyırlar, adam isə
bununla fəxr eləyir. Sənin vətənində
isə, mənim balam, belələrini axmaq yerinə qoyurlar.
İsveçlilərdən nümunə götür... Elf,
aktyorların şəxsiyyəti səhnədə
oynadıqları rolların cəmindən ibarət amorf
durumdadır, istənilən fomaya düşə bilərlər..."
Xanım
Nobel Parisdən uzaqlardaydı, Sara haqqında gəzən
şayiələrdən, dedi-qodulardan və gerçəklərdən
xəbərsizdi, amma ana ürəyi elə ana ürəyidir,
ana ürəyi əsla yanılmaz.
Xanım Nobelin sözləri
Alfred üçün qanun idi, beləliklə dinamiti ixtira eləyən
adam aktrisa sevdasından vaz keçdi. Əgər
bu sevda baş tutsaydı, səhnə əlbisələri belə
qiymətli daş-qaşlarla işlənmiş Sara Bernar
Nobelin milyonlarını xərcləməyə yer
tapardı...
Avstriya
feldmarşalının qızı qrafinya Berta Kinski hər dəfə
elçiləri geri qaytarırdı. Qrafinya sevəcəyi
adamla ailə qurmaq amacındaydı, belə adam
isə hələ onun uğuruna
çıxmamışdı. Bu minvalla illər ötüb
keçirdi, qrafinya otuz yaşını haqlamışdı,
lakin bir kişi onun ürəyini ovlaya bilməmişdi.
Bertanın
anası feldmarşaldan qalan sərvəti kazinoda qumara qoyub
uduzmuşdu, ailə müflis vəziyyətdəydi.
Məğrur Berta baron fon Zetnerin evində işə düzəldi. Qrafinya illərlə gözlədiyi adama baronun evində
rast gəldi. O, baron fon Zetnerin
oğlu Arturu sevdi. Artur da Burtaya biganə deyildi.
Arturun gizli məhəbbətindən xəbər
tutan Zetnerlər qulluqçu qızı evdən qovdular.
Günlərin
birində Berta Kinski Vyana qəzetlərini vərəqləyərkən
gözü bir elana sataşdı.
Parisdə
yaşayan qırx bir yaşlı çox zəngin cənab
katibə və təsərrüfat işlərinin öhdəsindən
gələ biləcək bacarıqlı bir qadın axtarırdı.
Qrafinya qəzetdə göstərilən adresə
məktub göndərdi, tezliklə xoş xəbər və
Parisə bilet gəldi. Qəzetə elan verən qırx
bir yaşlı çox zəngin kişi
kim olsa yaxşıdı?
Bəli, qəzetə
elan verən adam Alfred Nobel idi. Qrafinya öz işinin öhdəsindən
yaxşı gəlirdi, onlar birlikdə Parisi gəzirdilər,
nahar edirdilər, söhbətləri də tuturdu. Onlar cəmi iki həftə birlikdə nahar edə
bildilər, Alfred təcili harasa getməli oldu, Parisə
qayıdanda isə Berta Kinskini tapmadı.
Qrafinya Vyanaya, doğma
şəhərə dönüb Artur fon
Zetnerlə gizli kəbin kəsdirmişdi. Fon Zetnerlər
Arturun kasıb qızla evlənməsinə qarşı
çıxdılar, sevgililər ailə qəzəbindən
qaçıb on il Rusiyada yaşadılar.
1883-cü
ildə Berta və Artur Parisə köçdülər.
Alfred Nobel və Berta fon Zetner Parisdə
yenidən görüşdülər, kübar feldmarşal
qızından əsər-əlamət qalmamışdı,
Berta tanınmış yazıçıydı və sülh
uğrunda mübarizə komitəsinə
başçılıq edirdi.
Bir qədər qəribə
səslənsə də, dinamitin ixtiraçısı Alfred
Nobel Berta fon Zetnerin rəhbərlik etdiyi
sülh müdafiə komitəsinin ən fəal üzvlərindən
birinə çevrildi.
Avstriya
yazıçısı Stefan Sveyç yazır: "Berta fon
Zetner Sülh Cəmiyyəti yaratmışdı, yorulmaq,
usanmaq nə olduğunu bilmədən konqresdən konqresə
tələsirdi, dövlət başçılarıyla,
diplomatlarla görüşürdü. O, minlərlə
insanı, bütöv xalqları, dövlətləri öz
işinə, dünyada sülh uğrunda mübarizəyə
cəlb etmişdi. O, dəhşətli partlayıcı maddə
ixtiraçısı Alfred Nobeli axtarıb tapmışdı,
onun vicdanını oyatmışdı, Nobel mükafatı
heç olmasa, ildə bir dəfə sülh uğrunda
mübarizə aparan cəmiyyətin varlığını
insanlığa xatırladır".
Stefan
Sveyçin sözlərinə yalnız bir cümlə əlavə
etmək istərdik - Qrafinya Berta Alfred Nobeli
tapmamışdı, onlar bir ömür boyu sadiq, vəfalı
dostlar olmaq üçün bir-birini tapmışdılar.
1905-ci ildə
yazıçı, jurnalist, sülh uğrunda mübariz Berta fon Zetner Nobel sülh mükafatı alan ilk
qadın olaraq tarixə düşdü. Nobel sülh
ödülünü məhz onun üçün təsis
etmişdi...
Jurnalistlərdən birinin
suallarına cavab verən Alfred Nobel özünü belə
xarakterizə edirdi: - "Mənim yaxşı cəhətim -
dırnaqlarımı təmiz saxlamaq və heç kimə
yük olmamaqdır. Çatışmayan cəhətim
- ailə qurmamağım, çox səbrli olmağım, səhhətimin
zəifliyidir, buna baxmayaraq yaxşı iştaham var. yeganə
arzum - sağ ikən dəfn olunmamaqdır. Ən
böyük günahım - var-dövlətə sevgimin
olması..."
Alfred Nobel şair təbiətli
adam idi, gəncliyində lirik şeirlər
yazırdı, amma dinamit ixtira elədi. Könül məsələsində
bəxti gətirmədi, dünyanın ən varlı
adamlarından biri oldu, amma var-dövlət, şan-şöhrət
onu tənhalıqdan xilas eləyə bilmədi...
Ardı var
Adil Mirseyid
Ekspress.- 2012.- 28-30 aprel.- S. 15.