Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda ötən
əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən
şənbə
saylarımızda)
1976-cı ildə Azərbaycan
Elmi-Tədqiqat Pedaqoji elmlər İnstitutunda fiziki tərbiyə
və hərbi hazırlıq şöbəsi
açılması respublikada fiziki tərbiyə sahəsində
pedaqoji tədqiqatlara, fiziki tərbiyənin cəmiyyətdə
roluna böyük təkan verdi. Burada məktəblilərin
fiziki tərbiyəsinin elmi əsasları, ümumtəhsil məktəbləri
üçün fiziki tərbiyə üzrə metodiki vəsaitlər
hazırlanırdı.
1977-ci ilin iyul
ayında gənclərin İkinci Ümumittifaq idman
oyunları keçirilmişdi. Azərbaycanı 341
idmançı təmsil edirdi. Onlardan 73-ü mükafata layiq
görülmüşdü. İlk medalları sərbəst
üsulla güləşənlər - İ.Rəhimov
gümüş, A.Məmmədov və F.Abdullayev
bürünc medal almışlar. Azərbaycanın klassik
üsulla güləşənləri - R.Hacıbəyov,
M.Mehrəliyev, K.Akayev və N.Karpatev qazanmışlar (Bax:
yuxarıda adı çəkilən kitab, səh. 100-103).
1980-ci il oktyabrın 17-də Azərbaycan KP MK Bürosunun "S.M.Kirov
adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutunun 50 illiyi
barədə" qərarından beş gün sonra, oktyabrın
22-də Rafiq Rəcəbov rektoru olduğu ali məktəb üzrə əmr
imzalamışdır. Əmrdə deyilir ki, Azərbaycan komsomolunun
60 illiyi və Azərbaycan Dövlət Bədən
Tərbiyəsi İnstitutunun yarıməsrlik
yubileyləri ilə əlaqədar 1980-ci il
oktyabrın 17-dən 24-dək V.İ.Lenin
adına respublika stadionunda
Azərbaycan DBTİ-nin idman-bədii
çıxışına hazırlığın son mərhələsi elan
olunur.
Bu, professor Rafiq Rəcəbovun rektor
vəzifəsində imzaladığı son
qərarı idi. Əlli yaşlı alim, pedaqoq, təşkilatçı
ictimai xadim
qaçış yollarında köhlən atın yəhərindən
cərimə zolağına atılmışdı.
1980-ci ilin noyabrın 25-dən 1989-cu
ilin dekabrın 5-dək
sıxıntılı güzəran keçirən sıravi
müəllimlər arasında qərar tutmalı olmuşdur. Sonrasını isə... arxiv materialları nəql edir:
"Azərbaycan SSR
Xalq Təhsili Nazirliyinə
Professor Rəcəbov
Rafiq Əbdül oğlunu 1949-cu ildən yaxından
tanıyıram. Onun elmi və təşkilatçılıq
qabiliyyəti məni həmişə
maraqlandırmışdır. Universitetdə oxuyarkən
komsomol lideri kimi tanınan R.Ə.Rəcəbov yoldaş
özünün təşkilatçılıq
bacarığı ilə hamını heyran edirdi. Bu keyfiyyətləri
sonralar icra etdiyi yüksək partiya və sovet vəzifələrində
də nümayiş etdirmişdir. R.Rəcəbovun prinsipial həyat
mövqeyi, diqqətəlayiq insani keyfiyyətləri
vardır. Hazırda institutumuzun ən hörmətli
professorlarından sayılan rafiq müəllimin səmimiliyi,
xeyirxahlığı, eyni zamanda özünə, iş
yoldaşlarına və tələbələrə tələbkarlığı
hamıya məlumdur. İnstitutumuzun partiya və ictimai həyatında
ən fəal surətdə iştirak edən professor Rafiq Rəcəbov
yüksək intizamçılıq və
icraçılıq nümunəsi göstərir, mədəni
davranışı ilə seçilir.
Professor R.Rəcəbov
tarix elmləri doktoru kimi elmi səriştəyə malik olan
bir alimdir. Onun tez-tez nəşr olunan məqalə və
kitabları elmi kamillik nümunəsidir. R.Rəcəbov dərin
biliyə, müəllimlik bacarığına və natiqlik məharətinə
malik yüksəkixtisaslı ali məktəb müəllimidir.
Bu yaxınlarda professor R.Rəcəbovun Sov. İKP tarixi
kafedrasına müdir seçildiyini eşitdikdə çox sevindim.
Çünki bu kafedraya yüksək elmi və təşkilatçılıq
bacarığı olan, prinsipial, obyektiv mövqeli mütəxəssis
başçılıq edəcəkdir. Axı o, Azərbaycan
KP MK-nın elm və təhsil müəssisələri
şöbəsinin müdiri, institutun rektoru işləmiş,
pedaqoji işin bütün sirlərinə yaxşı bələd
olan bir mütəxəssisdir.
Fəlsəfə
kafedrasının dosenti Abdulla Əhədov
15 fevral 1989-cu il."
Azərbaycan
Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində Azərbaycan SSR Təhsil naziri Rafiq Babaş
oğlu Feyzullayevin imzası ilə Azərbaycan KP MK-ya məktubu
və R.Ə.Rəcəbov haqqında xasiyyətnamə ilə
də tanış olmaq mümkündür:
"Azərbaycan KP
MK-nın ideoloji şöbəsinə
1989-cu il oktyabrın
4-də M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya
İnstitutu Sov. İKP tarixi kafedrası üzrə (protokol N
30) müsabiqədən keçmiş professor Rəcəbov
Rafiq Əbdül oğlunu kafedra müdiri vəzifəsinə
təsdiq etməyi xahiş edirik.
Nazir R.Feyzullayev
19.10.1989-cu
il."
Nazirin
məktubundan bir ay sonra, 1989-cu il
dekabrın 5-də Azərbaycan
KP MK Katibliyinin aşağıdakı
qərarı çıxmışdır:
"Azərbaycan
Kommunisit Partiyası Mərkəzi Komitəsi Katibliyinin 1989-cu il 5 dekabr tarixli (protokol N 32, paraqraf 6)
Qərarı
R.Ə.Rəcəbov
yoldaş barədə
Rafiq
Əbdül oğlu Rəcəbovun M.Əzizbəyov
adına Azərbaycan Neft və Kimya İnstitutu
Sov. İKP tarixi
kafedrasının müdiri
təsdiq olunmasına
dair Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin təklifi qəbul edilsin.
Azərbaycan
KP MK katibi Ə.Vəzirov
16.12.1989-cu
il."
ARAYIŞ.
Vəzirov Əbdürrəhman
Xəlil oğlu
1930-cu il may ayının 26-da Bakı şəhərində anadan
olmuşdur. Sovet partiya və
dövlət xadimi,
diplomat. 1952-ci ildən
Sov. İKP üzvü. Fəhlə ailəsində
doğulmuşdur. M.Əzizbəyov
adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.
1951-ci ildən İnstitutda ÜİLKGİ MK-nın komsomol təşkilatçısı işləmişdir.
1954-cü ildə Azərbaycan LKGİ MK-nın
katibi, 1956-cı ildə
ikinci katibi, 1957-ci ildə birinci katibi seçilmişdir.
1959-70-ci illərdə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı
(ÜİLKGİ) Mərkəzi Komitəsinin katibi olmuşdur. 1970-ci ildə partiya işinə irəli çəkilmiş, Kirovabad Şəhər
Partiya Komitəsinin birinci katibi seçilmişdir. 1974-cü
ildən Azərbaycan
KP MK sənaye-nəqliyyat şöbəsinin
müdiri işləmişdir.
1976-cı ildən diplomatik işdə olmuşdur. Fövqəladə
və Səlahiyyətli
Səfir rütbəsi
var. Kəlkətədə (Hindistan) SSRİ-nin Baş Konsulu (1976-80), Nepalda SSRİ-nin Fövqəladə və Səlahiyyətli Səfiri
(1980-85) olmuş, 1985-ci ilin
mayından SSRİ-nin
Pakistanda Fövqəladə
və Səlahiyyətli
Səfiridir. Dəfələrlə Azərbaycan KP MK-nın üzvü seçilmiş, 1959-70-ci illərdə
ÜİHMŞ Rəyasət Heyətinin, Lenin mükafatları
Komitəsinin üzvü
olmuşdur. SSRİ Ali
Sovetinin (Səkkizinci çağırış), deputatı
olmuşdur. Oktyabr İnqilabı,
2 Qırmızı Əmək
Bayrağı, Xalqlar Dostluğu, "Şərəf
nişanı" ordenləri
və medallarla (həmçinin ADR-in "Xidmətə
görə" medalı
ilə) təltif edilmişdir. (Bax, Azərbaycan Sovet Ensiklopediyası, 10-cu
cild, Bakı, 1987, səh. 590).
(ardı var)
Teyyub Qurban
Ekspress.-2012.-
28-30 aprel.- S. 15.