Vergilərdə elektron
audit
E-audit məmurlarla
sahibkarların birbaşa təmaslarını
azaldacaq
Azad
sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Azərbaycanın
Vergilər Nazirliyi tərəfindən göstərilən
xidmətlərin avtomatlaşdırılması, o cümlədən
elektron xidmətlərin siyahısının genişləndirilməsi
istiqamətində atılan addımlardan biri də elektron
audit (e-audit) sisteminin tətbiqi olacaq. Hazırda layihə mərhələsində
olan e-auditin 2013-cü ilin mart ayında xidmətə veriləcəyi
planlaşdırılır.
Vergi audit elektron formada həyata
keçirməklə nazirlik vergi
inzibatçılığında ən müasir
texnologiyanın tətbiqinə müvəffəq olmaq istəyir.
Bu da təsadüfdən deyil. Müasir iqtisadiyyatın əsas
tələblərindən biri məhz vergi
inzibatçılığının sadələşdirilməsidir.
Vergi ödəyicilərinə göstərilən xidmətlərin
avtomatlaşdırılması ilə yanaşı vergi nəzarət
proseslərinin avtomatlaşdırılmasına böyük
ehtiyac var. Bir çox inkişaf etmiş dövlətlər
vergi nəzarət sisteminin əsas hissəsi hesab olunan vergi
yoxlamalarını (audit) müxtəlif elektron audit proqram təminatları
istifadə etməklə tam və ya qismən
avtomatlaşdırıblar. Azərbaycan Vergilər Nazirliyi də
bu istiqamətdə aparılan islahatlarda geridə qalmaq istəmir
və MDB ölkələri arasında ilk dəfə olaraq
e-auditi tətbiq etməkdə israrlıdır.
Qeyd edək
ki, vergi sisteminin sadələşdirilməsi iqtisadiyyatın
liberallaşdırılmasının və rəqabət
qabiliyyətliyinin artırılmasının əsas əlamətlərindən
sayılır. Əgər Azərbaycan hökuməti ölkə
iqtisadiyyatının sərmayəçilər
üçün cəlbedici vəziyyətə gətirilməsini
istəyirsə, şəffaf, sadə və sabit vergi sistemi
qurmağa borcludur.
Açıq etiraf edək ki, Vergilər
Nazirliyi vergi sisteminin sadələşdirilməsi məqsədilə
ardıcıl islahatlar həyata keçirir. Məhz bu
ardıcıl tədbirlərin nəticəsidir ki, indi Vergilər
Nazirliyi Azərbaycanda ən islahatçı dövlət təşkilatı
kimi tanınır.
Nazirlik
islahatlara ilk olaraq 2006-cı ildə vergi
inzibatçılığı proseslərinin elektron qaydada
aparılmasına imkan verən
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemini
(AVİS) tətbiq etməklə başlayıb. Bunun davamı
kimi 2007-2010-cu illərdə vergi ödəyiciləri
üçün elektron bəyannamə, elektron vergi
hesab-fakturalarının göndərilməsi, "onlayn
kargüzarlıq" sistemi tətbiq olunub. 2007-ci ildə isə
sahibkarlıq subyektlərinin "bir pəncərə"
prinsipi ilə dövlət qeydiyyatı Vergilər Nazirliyinə
həvalə edilib və hazırda bütün fiziki və
hüquqi şəxslərin (sərmayəçiləri yerli
şəxslər olan) qeydiyyatı onlayn qaydada aparılır.
İndi vergi ödəyiciləri tərəfindən Vergilər
Nazirliyinə daxil olan bəyannamələrin, orta hesabla 95%-i
elektron formatda göndərilir.
Bununla bərabər
vergi və dövlət rüsumlarının internet vasitəsilə
ödənilməsi üçün elektron xidmətin tətbiqi
ilə bağlı hazırlıq işləri də
yekunlaşdırılıb və 2012-ci ilin aprel ayından
xidmət istifadəyə verilib. Xidmətin tətbiqi
üçün banklarla və digər aidiyyəti qurumlarla
müvafiq kollektiv müqavilələri imzalanıb. Bu yenilik
vergilərin elektron ödəmələr sisteminin
inkişafı məqsədilə atılan bir addımdır
və gələcəkdə vergilərin mobil telefonlar vasitəsilə
ödənilməsi də mümkün olacaq.
Aparılan islahatlar vergi
inzibatçılığının sahibkarlar
üçün rahat və əlverişli olmasına imkan
verməlidir. Artıq burada müsbət nəticələr
var. Dünya Bankının və Beynəlxalq Maliyyə
Korporasiyasının tərtib etdiyi müvafiq hesabatlara əsasən,
vergi sistemində aparılan islahatlardan sonra vergi bəyannamələrinin
tərtib və təqdim edilməsi, vergi ödəmələrinin
aparılması üçün qanunverici normalara riayət
olunmasına sərf edilən orta vaxt göstəricisinə
görə Azərbaycan Mərkəzi Asiya və Şərqi
Avropanın orta göstəricisini, həmçinin orta
dünya göstəricilərini qabaqlayır.
Vergi sistemində islahatların növbəti
addımı öncə də qeyd etdiyimiz kimi, audit
yoxlamalarının elektron formada aparılması olacaq. Bunun
üçün nazirlik Avropa İttifaqının Qonşuluq
Siyasəti çərçivəsində "Kompüter əsaslı
audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər
Nazirliyinə dəstəyin göstərilməsi" Tvinninq
layihəsini həyata keçirməyə başlayıb. Bu
layihə ölkəmizdə vergi auditi sahəsində
inzibatçılığın ən yüksək beynəlxalq
standartlara uyğunlaşdırılmasını nəzərdə
tutur.
2011-ci ilin
mart ayından start verilən layihə Avropa Komissiyası tərəfindən
maliyyələşdirilir və Niderland
Krallığının Vergi və Gömrük
Administrasiyası köməkliyi ilə həyata
keçirilir. Əgər hər hansı bir problem olmasa,
Niderlanddan gələn elektron audit üzrə mütəxəsislərin
köməkliyi ilə e-audit sistemi gələn ilin martında
tam başa çatacaq. Yalnız ondan sonra Azərbaycanda
e-auditin tətbiqi mümkün olacaq.
E-auditin tətbiqi
ilə bağlı işlərin uzun çəkməsi yeni
sistemə yalnız Vergilər Nazirliyinin yox, həm də vergi
ödəyicilərinin hazırlanması ilə
bağlıdır. Layihə ümumilikdə 6 mərhələdən
keçəcək. Artıq mərhələlərin
çoxu keçilib, son iki mərhələ üzrə
hazırlıq işləri görülür.
İlk mərhələdə
"e-audit"in tətbiqi üçün zəruri olan
hüquqi baza hazırlanıb. Onun ardınca müvafiq proqram təminatı,
"e-audit"in tətbiqi ilə bağlı məlumat
bazası yaradılıb. Hazırda "e-audit" üzrə
metodologiyanın hazırlanması və auditorların treninqlər
təşkil edilir. Bunun ardınca "e-audit" sisteminə
uyğun olan orta və iri müəssisələr arasında
istifadə edilən "e-mühasibat" sistemlərinin tətbiqi
praktikası öyrəniləcək. İşlər
tamamlandıqdan sonra "e-audit" sisteminin tətbiqinə
başlanılacaq və bu müddət təxminən 7 ay
çəkəcək. Yeddi ay ərzində "e-audit"in
tətbiqinə hazır olan bir neçə müəssisədə
ilkin olaraq sınaq layihəsinin həyata keçirilməsi nəzərdə
tutulur. Layihə başa çatdıqdan sonra ilkin nəticələr
əsasında "e-audit"in tətbiqi praktikası tədricən
digər orta və iri müəssisələri də əhatə
edəcək.
Bildirək ki, hüquqi baxımdan e-audit adi audit yoxlaması hesab edilir. Yalnız yeni sistem mühasibat sənədlərinin
elektron versiyada müvafiq formatda təqdim edilməsi üçün vergi ödəyiciləri qarşısında
öhdəlik qoyur.
Vergi orqanları isə xüsusi proqramlar vasitəsilə vergi ödəyicilərinin maliyyə
sistemlərinin elektron
versiyalarını təhlil
edə biləcək.
İri və orta müəssisələrin
hər birində elektron mühasibat bazası olacaq və həmin bazanın nüsxəsi elektron daşıyıcılar
vasitəsilə nazirlik
tərəfindən audit üçün
cəlb ediləcək.
Elektron audit zamanı məxfiçilik qaydalarına
ciddi əməl olunacaq. Audit bitdikdən
sonra müəssisənin
mühasibat məlumatlarının
nüsxəsi tamamilə
silinəcək.
Yeni sistemin düzgün və təhlükəsiz
şəkildə işləməsinə
imkan verən əsas vasitə isə güclü proqram təminatı olacaq.
Audit yoxlamalarının əsas məqsədi vergi ödəyicilərinin
vergi öhdəliklərini
dəqiq icra edib-etməməsini yoxlamaq,
həmçinin ödənməyən
vergilərin tam ödənişini
təmin etmək və bu vəziyyəti
yaradan səbəbləri
təhlil etməkdir.
Mövcud qaydalara əsasən,
vergi auditi aparılan zaman mühasibat sənədləri,
hesab-fakturalar, müqavilələr
və vergilərlə
bağlı digər sənədlər araşdırılır,
müəyyən hallarla
bağlı vergi ödəyicilərinin izahatlarına
baxılır.
E-audit təcrübəsindən istifadə
isə vergi orqanlarına şirkətə
getmədən və ya daha az getməklə qısa müddət ərzində böyük
həcmli mühasibat yazılışlarının yoxlanılmasına
imkan yaradır. Proqram təminatından istifadə etməklə yoxlamanın daha tez başa çatdırmağa
imkan verir, auditorlar yoxlamaya daha az vaxt sərf edirlər. Burada ikinci üstünlük
kağıza qənaətdir.
E-audit normalda istifadə edilən kağızı azaldır.
Elektron auditin digər səmərəli cəhəti
vergi ödəyicilərinin
məlumatlarının araşdırılması
üçün əlverişli
texniki üsullardan istifadədir. İstifadə edilən xüsusi proqram bir hesab-fakturanın
iki dəfə qeyd edilməsi, yanlış ayda ƏDV əvəzləşdirilməsinin verilməsi, eyni növ mallara müxtəlif ƏDV dərəcələrinin
tətbiqi kimi digər mühasibat yazılışlarındakı səflərin aşkarlayır.
Nəhayət, e-audit sisteminin tətbiqi
vergidən yayınmaya
qarşı preventiv rol oynamaqla bərabər,
eyni zamanda vergi yoxlamalarına sərf olunan vaxtdan və insan resurslarından daha qənaətlə istifadəyə imkan yaradır.
Bu üstün cəhətlərinə
görə dünyada
e-audit metodlarının populyarlığı
artır. Bir çox
dövlətlər artıq
e-audit metodlarından geniş
istifadə edirlər.
Hazırda elektron audit
təcrübəsi ABŞ, Avropa İttifaqı ölkələri və Avstraliya kimi dövlətlərdə uğurla
tətbiq edilir.
Beləliklə, elektron auditin
tətbiqi Vergilər Nazirliyinə vergi ödəyicisinin ofisinə
getmədən məsafədən
nəzarət imkanları
yaradacaq. Başqa sözlə,
bu, vətəndaş-məmur
təmaslarının azalmasına
və nəticədə
neqativ halların yaranma ehtimalının minimuma endirilməsinə xidmət edəcək.
Sonuncu amil zənnimizcə, daha önəmlidir. Ümumiyyətlə, Vergilər Nazirliyini
tənqid etmək istəyən insanlar hər zaman audit yoxlamaları və burada olan neqativ
halları daha çox qabardır. Həqiqətən də
audit yoxlamalarının mövcud
texnologiyası məmurla
sahibkarın birbaşa
təmasına geniş
imkanlar yaratdığından
biznes strukturlarının
işinə müəyyən
müdaxilə faktlarına
rast gəlinir. Bu mənada hesab edilir ki, e-audit biznesə daha az zərbə
vuracaq. Çünki elektron texniki
üsullar səyyar yoxlamaları azaldacaq, bunların nəticəsi olaraq, auditorların yoxlanılan şəxslərin
sahibkarlıq fəaliyyətinə
müdaxiləsi minimumlaşacaq.
Digər tərəfdən, gözlənilir
ki, e-auditin tətbiqi və genişləndirilməsi korrupsiya
hallarına qarşı
mübarizədə mühüm
rol oynaya biləcək. Buna görə də e-auditin daha tez,
gecikdirilmədən istifadəyə
verilməsi biznes strukturları ilə bərabər, dövlətin
də maraqlarına xidmət edir. Ümumiyyətlə, hökumət çalışmalıdır
ki, bütün mərhələlərdə vergi
ödəyicilərinin vergi
orqanları ilə əlaqələrini elektron
texnologiyalardan istifadə
etməklə həyata
keçirə bilsin.
Vasif CƏFƏROV
Ekspress.- 2012.-
2 avqust.- S. 9.