Elektron hökumət" sahibkara nə vəd edir?

 

Elektron hökumət ölkənin bütün dövlət strukturlarının öz fəaliyyəti haqqında məlumatları internet saytı vasitəsi ilə vətəndaşlara çatdırılmasıdır.

Eyni zamanda məmur-vətəndaş təmas hallarının minimuma endirilməsidir ki, bu da korrupsiyanın qarşısını xeyli dərəcədə almalıdır.

Azərbaycanda "elektron hökumət" layihəsi "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilməyə başlanılıb. Mütəxəssislər hesab edirlər ki, "elektron hökumət"in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək. Xatırladaq ki, Azərbaycanda Elektron hökumət internet portalının (www.ehdis.az) I fazası artıq istifadəyə verilib. Portal "bir pəncərə" prinsipi ilə işləyəcək. Azərbaycan vətəndaşları elektron portal vasitəsilə müxtəlif dövlət orqanlarının elektron xidmətlərindən istifadə edə biləcəklər. Portal vasitəsilə göstəriləcək elektron xidmətlərin təxmini siyahısı hazırlanaraq Nazirlər Kabinetinə göndərilib və birinci mərhələdə təsdiqdən keçib. Qeyd edək ki, bu ilin aprel ayına qədər portala 16 mərkəzi icra orqanları qoşulub. Onların arasında Daxili İşlər, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Vergilər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Təhsil və Səhiyyə nazirlikləri, Dövlət Statistika Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də var. Portala mərkəzi icra orqanlarının 60-a yaxın elektron xidməti inteqrasiya olunub. İcra orqanlarının portala qoşulması davam etdiriləcək və bütün mərkəzi icra orqanlarının elektron xidmətləri əks olunacaq. 2013-cü ilin ikinci yarısında Azərbaycanda 300-ə yaxın elektron xidmətin istifadəyə verilməsi nəzərdə tutulur. Xatırladaq ki, portaldan istifadə etmək üçün elektron imza kartına sahib olmaq lazımdır. 3 il müddətinə verilən elektron imza kartı fərdi şəxslərə 20-30 manata, dövlət hakimiyyəti orqanları üçün 135 manata, hüquqi şəxslər üçün isə 168 manata təklif olunur. Elektron imzanın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq. Portalda fərdi sahibkarın (vergi ödəyicisinin) istifadəçi kodu ilə qeydiyyatına gəlincə, qeyd edək ki, bəzi istifadəçilər istifadəçi koduna, şifrə və parola malik vergi ödəyiciləridir. Onların təkrar yerli poçt xidmətlərində qeydiyyatdan keçməsi tələb olunmur. Bu zaman onlar bu linkdən (istinaddan) istifadə edirlər. Sistem həmin istifadəçinin həqiqətən qeydiyyatda olan vergi ödəyicisi olduğunu yoxlayır. Əgər həmin vergi ödəyicisi təsdiqlənərsə, o, sistemə daxil olub servis xidmətlərdən istifadə edə bilər. Yoxlama əməliyyatı sistem tərəfindən avtomatik yerinə yetirilir.

Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarına görə, elektron xidmətlər - mərkəzi icra hakimiyyəti orqanları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq digər dövlət orqanlarına, fizikihüquqi şəxslərə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə, tərəflər arasında bilavasitə təmas olmadan göstərilən xidmətlər deməkdir.

İmza sahibini identikləşdirmək üçün nəzərdə tutulanelektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə Sertifikat Xidmətləri Mərkəzinin verdiyi kağız və ya elektron sənəddir. "Azərpoçt"un mərkəzi poçt şöbələrində və filiallarında qeydiyyat mərkəzləri yaradılıb. Onlar e-imza sertifikatları üçün müraciət edən vətəndaşlardan, hüquqifiziki şəxslərdən, eləcə də dövlət hakimiyyəti yerli idarəetmə orqanlarından ərizələri qəbul edirlər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin baş mütəxəssisi, "Elektron imza" layihəsinin rəhbəri Nadir Rəsulov mediaya açıqlamasında deyib ki, elektron ərizələr avtomatik şəkildə onlara daxil olur. Layihə rəhbərinin sözlərinə görə, "Elektron imza" kartı vətəndaşa 30 manata başa gələcək: "Kart 3 illiyə verilir. Bu müddətdə bərabər hüquqlarla məlumatları imzalaya bilərlər. Əslində vətəndaşlar üçün verilən kartın qiyməti digər tariflərə nisbətdə həddindən artıq ucuzdur. Belə bir aşağı qiymət ona görə götürülüb ki, vətəndaşlar bundan istifadə edə bilsin. Nəzərə almaq lazımdır ki, dövlət hakimiyyəti orqanları üçün onun qiyməti 135 manat, hüquqifiziki şəxslər üçün isə 168 manatadır. Dövlət orqanlarında işləyən hər bir şəxs özü üçün harada işləməsi ilə əlaqədar "Elektron imza" kartını ala bilməz. O, bunu ya adi vətəndaş kimi, ya da çalışdığı qurumun tərkibində almalıdır".

Qeyd edək ki, dövlət başçısı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması barədə sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, agentlik elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılması məqsədi ilə yaradılır.

Qeyd edək ki, hazırda sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq, İqtisadi İnkişaf Nazirliyi malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi və nəticələrini təsdiq edən mənşə sertifikatının verilməsi, Azərbaycandan Avropa Birliyi ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi, kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyatı, əmtəə birjası fəaliyyətinə, əlvan metal, tərkibində qiymətli metallardaşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlı elektron xidmətlər göstərilir. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadəyə görə, "Elektron hökumət" dedikdə, dövlət qurumlarının İKT-dən geniş istifadə edərək öz fəaliyyətlərini qurmaları başa düşülür: "Bu baxımdan artıq biznesin elektron bəyannamələri, elektron statistika hesabatları, elektron gömrük bəyannamələrinin və digər sənədlərin internet vasitəsilə təqdim etmək imkanları yaranır. Bunun özü biznes qurumlar üçün yaxşı bir imkanya şəraitdir. Bundan başqa, biznes qurumları bu elektron xidmətlərin yaradılması və fəaliyyətlərində istifadə edilməsini çox geniş surətdə tətbiq edə bilərlər. Bu xüsusilə də dövlət orqanlarının göstərdiyi xidmətlərin elektron şəkildə təqdim olunmasına aiddir. Başqa sözlə, "elektron hökumət"in qurulması həm biznes-dövlət əlaqələrinin yaradılmasında, həm hesabatların təqdim edilməsində, rüsumların ödənilməsində, hətta ödənişlərin həyata keçirilməsində mühüm rol oynayır".

Vəlizadənin dediyinə görə, digər tərəfdən, sahibkarlar dövlət qurumlarından öz fəaliyyətləri barədə lazım olan müxtəlif sənədlərin doldurulmasında bu elektron xidmətlərdən yararlana bilərlər: "Məsələn, ölkədən kənara çıxan hər hansı biznesmen özü ilə apardığı valyuta məbləğini elektron bəyan edə bilər. Bununla da aeroportda deklorasiya doldurmağa ehtiyac qalmazs. Nəticədə "Elektron hökumət"in yaradılması və elektron xidmətlərin geniş tətbiqi biznesin işini asanlaşdırmağa, onun digər biznes subyektləri və dövlətlə əlaqələrinin sadələşdirilməsinə kömək edəcək, sonucda biznesin daha da inkişafına şərait yaradacaq" ("Biznesinfo.az").

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzhesab edir ki, "Elektron hökumət" sahibkara ilk növbədə vaxt udmağa imkan verir: "Sahibkarın dövlətdən aldığı çoxlu xidmətlər, alqı-satqı, ödənişlər və s. var. Sahibkar birbaşa müraciət etdikdə bu, vaxt aparır. Birivar, sahibkar öz ofisindən birbaşa internet vasitəsilə məmurun ofisinə daxil olsun".

Onun qənaətinə görə, sözügedən sistemin ikinci əsas əhəmiyyəti şəffaflıqdır ki, bu da nəticədə korrupsiyanın azalması ilə nəticələnir: "Sahibkarla məmur arsında olan birbaşa əlaqə sıfıra enir. O cümlədən, internetdə lazım olan məlumatlar olduğu üçün sahibkar nəyi, necə təqdim edəcəyini bilir".

Həmsöhbətimizin sözlərinə görə, "elektron hökumət"in yaratdığı üstünlüklərdən birielektron imza ilə bağlıdır: "Sahibkar xarici tərəfdaşlarla müqavilə bağlamq üçün həmin ölkəyə səfər etməli olur. İndi isə onlar bunu ölkədən çıxmadan internet vasitəsilə edə bilir. Bu, həm vaxt itkisinin, həm də əlavə xərclərin qarşısını alır".

O.Gündüz onu da bildirib ki, vergi və digər orqanlara hesabatların elektron formada verilməsi də sahibkarın işini asanlaşdırır. Çatışmazlıqlara gəlincə, mərkəz rəhbərinə görə, elektron imzanın infrastruktur olaraq tam gerçəkləşməməyi müəyyən maneələr yaradır: "Fikrimcə, bunu aradan qaldırmaq üçün adamları arasında maariflənmə işləri aparılmalı, KİV-lərdə və digər mənbələr vasitəsilə onun üstünlükləri açıqlanmalıdır. Çünki adamlarının əksəriyyətinin elektron imza ilə bağlı təsəvvürləri yetərli deyil. Bundan başqa, elektron xidmətlərin tətbiqi regionlarda da artmalıdır. Müşahidələr göstərir ki, hazırda elektron xidmətlər yalnız mərkəzi icra qurumları tərəfindən təqdim edilir. Regionlarda isə işlər əvvəlki qayda ilə aparılır. Bu məsələlər dəyişməli və regionlardakı xidmətlər də elektron müstəviyə keçməlidir".

İqtisadçı-ekspert Samir Əliyev də bütün dünyada kütləvi sürətdə "elektron hökumət"ə keçidin başlandığını deyərək, BMT-nin Elektron hökumətə hazırlıq İndeksinə görə, Azərbaycanın 193 ölkə arasında 96-cı yer tutduğunu bildirib. "Elektron hökumət"in sahibkarlara verdiyi üstünlüklərə gəlincə, ekspertin dediyinə görə, bura operativlik, xərclərin azalması, resursların səmərəli istifadəsi, bürokratiyanın aradan qalxması daxildir.

Qeydiyyatda "Bir pəncərə" sistemini nümunə göstərən Əliyev hesab edir ki, elektron hökumət tam fəaliyyətə başlasa, digər sahələrdə də uğur əldə etmək olar.

 

    

Bəkir NƏRİMANOĞLU

 

Ekspress.- 2012.- 3 avqust.- S. 9.