Aqrar sahədə ixtisaslaşma həm sektoru
inkişaf etdirə, həm də
sahibkarlıq fəaliyyətinin səmərəliliyini
artıra bilər
Azərbaycanda aqrar sahənin əsas
problemləridən biri də rayonların kənd təsərrüfatı
məhsullarının istehsalı üzrə
ixtisaslaşmamasıdır. Mütəxəssislərin fikrincə,
bu problem kənd təsərrüfatında mövcud olan digər
problemlərlə müqayisədə daha aktualdır.
Çünki ixtisaslaşmanın olmaması və
ya zəif şəkildə mövcudluğu bir tərəfdən
vəsaitlərdən səmərəli istifadənin, yüksək
məhsul istehsalının qarşısını alır, digər
tərəfdən, sahibkarların renteballi
işləməsinə, mülkiyyətçilərin gəlirinin normal
səviyyəyə çatmasına imkan vermir. Qısası, ixtisaslaşmanın zəif
şəkildə təşəkkül tapması aqrar sektorun
inkişafını əngəlləyir. Halbuki
Azərbaycanda yaxın keçmişə qədər ixtisaslaşma problemi yox idi. SSRİ
dövründə regionların məhsul istehsalı üzrə
ixtisaslaşmasında ciddi nəticələrə
nail olunmuşdu. Hər bir region
elmi və təcrübi biliyə əsaslanaraq
kənd təsərrüfatı sahələri üzrə
ixtisaslaşdırılmışdı. Amma
mərkəzi amirlik sistemi
ləğv ediləndən, kolxoz və sovxozlara aid əmlak özəlləşdiriləndən
sonra yaranan yeni mülkiyyətçilər sovet dövründə mövcud olan "hər bir təcrübə inkar
edilməlidir" prinsipinə aqrar sahədə
də əməl etdilər. Nəticədə üzüm əkilən sahələrdə tərəvəz,
taxıl məhsulları, pambıq əkilən sahələrdə
bostan məhsulları,
heyvandarlığın inkişaf etdirildiyi yerlərdə digər tədbirlər
görüldü və bununla
da uzun illər ərzində
ixtisaslaşma ilə bağlı əldə
edilən müəyyən müsbət təcrübə
aradan qaldırıldı.
Aqrar sahədə böyük uğurlar qazanmış ölkələrin də
təcrübəsi göstərir ki, kənd
təsərrüfatı istehsalçılarının iqtisadi fəaliyyətinin səmərəliliyinin
təmin edilməsində ixtisaslaşmanın mühüm
əhəmiyyəti var. İxtisaslaşma
tələb edir ki, hər bir regionda istehsal ediləcək
kənd təsərrüfatı məhsulunun adı subyektiv rəy əsasında yox,
elmi təcrübə əsasında
müəyyən edilsin.
Mütəxəssislər
kənd təsərrüfatı rayonlarının məhsul
istehsalı üzrə ixtisaslaşmasının əhəmiyyətini
nəzərə alaraq Azərbaycanda da kənd təsərrüfatı
rayonlarının ixtisaslaşdırılmasının
hökmən baş verməli olduğunu bildirirlər. Onlar
ixtisaslaşmış rayonlarda bu prosesin intensivliyinə dəstək
verilməklə yanaşı, "yolunu
azmış" regionların təyinatı üzrə
ixtisaslaşmasının stimullaşdırılmasını da vacib sayırlar.
Kənd
təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov
da bu fikirdədir ki, ixtisaslaşma mütləq
lazımdır və o, istehsalın iqtisadi səmərəliliyini artırmaqda, əməyin
məhsuldarlığını yüksəltməkdə
müsbət təsirə sahibdir. Onun sözlərinə
görə, buna Azərbaycanın iqlim şəraiti də imkan
verir: "İqlim
şəraitimiz fərqli kənd təsərrüfatı məhsullarının
istehsalı ilə məşğul olmağa
imkan yaradır. Dağlıq zonalarda, məsələn, Tovuzun,
Şəmkirin, Gədəbəyin dağ
kəndlərində kartofçuluqla, aran bölgələrdə
pambıqçılıqla, geniş əkin
sahələri olan rayonlar
var ki, orada
taxılçılıqla məşğul olmaq
mümkündür. Elə bölgələr
var ki, orada
heyvandarlığa üstünlük vermək
olar. Yaxud meyvə, tərəvəz
istehsalı ilə məşğul olmaq məsləhətdir.
İxtisaslaşma insanların, bu sahədə məşğul olan fermerlərin də püxtələşməyinə,
bilinin dərinləşməsinə imkan verə bilər. Bu cəhətlər
inkişafa kömək edərdi".
İxtisaslaşmaya dair prinsiplərə
SSRİ dağılandan sonra əməl
edilməməsi məhsul istehsalı sahəsində kəmiyyət
və keyfiyyət göstəricilərinin pisləşməsinə
səbəb olub. V.Məhərrəmov deyir ki, belə vəziyyətin
yaranmasında aqrar sahədə
çalışan mütəxəssislərin sayının
azalmasının da böyük
rolu var: "Sovet dövründə kolxoz
və sovxozlarda işin
təşkili, əkilməli olan məhsulun
müəyyənləşdirilməsi üçün
mütəxəssislər vardı. Onların təcrübəsi,
elmi biliyi yüksək
idi. Kolxozu və sovxozu idarə edənlər də səriştəsiz
adamlar deyildi. Həm elmi, həm də təcrübə tərəfdən
məhsul təyinatı, istehsalı istiqamətləndirilirdi.
Sovet sistemi
dağılandan sonra fermerlər, kəndlilər
özləri müstəqil şəkildə məhsul istehsalı
ilə məşğul olmağa
başladılar. Onlarda təcrübə olsa da, elmi
bilik yox idi. Mütəxəssislərin əksəriyyəti
isə aqrar sahədə olan
məşğuliyyətinə son qoyub, digər sahələrdə
çalışmağa başladılar. Əksər mütəxəssislər
sosial vəziyyətini
yaxşılaşdırmaq üçün
bu addımı atdı. Onların
arasında xarici ölkələrə,
xüsusən də Rusiyaya üz tutanlar da oldu. Buna
görə də hazırda rayonlarda
mütəxəssis qıtlığı müşahidə edilir".
Həmsöhbətimiz
bildirir ki, indi bütün işlər,
əkiləcək məhsulun müəyyənləşdirilməsinə
mülkiyyətçinin özü qərar
verir. Mülkiyyətçilərin isə
elmi biliyi
olmadığı üçün sovet dövründə qazanılan təcrübəni
inkişaf etdirə bilmir.
V.Məhərrəmovun fikrincə, sovet dövründə qazanılan təcrübə
təkmil olmadığından, müəyyən qədər
yanlış olduğundan kənd təsərrüfatı
məhsullarının yetişdirilməsində istənilən
nəticə əldə edilmir, məhsuldarlıq
aşağı düşür. Onun sözlərinə görə, vəziyyətdən
çıxmaq üçün yeni texnologiyanı mənimsəmək və tətbiq
etmək lazımdır. Yeniliklərə isə elmi bilik tələb edilir: "Bu isə yoxdur. Hər bir yeni texnologiyanın tətbiqi üçün
onu öyrənmək, texnologiyanı təklif
edən tərəflərlə əlaqə qurmaq
lazımdır. Belə bir problem
var. Bu problemlərə
görə, mülkiyyətçi, əkinçi əkib-becərdiyi
məhsuldan yaxşı nəticəni əldə edə bilmir. Məhsuldarlıq
aşağıdır, maya dəyəri yüksəkdir,
amma buna baxmayaraq çıxış yolunu
da tapa bilmirlər".
Məhərrəmov
hesab edir ki, bu sahədə onlara Kənd Təsərrüfatı Nazirliyi istiqamət verməlidir. Nazirliyin 9 institutunun olduğunu söyləyən ekspertin
dediyinə görə, institutun mütəxəssisləri
yerlərdə olmalıdır, fermerlərlə birgə iş görməlidir, onları maarifləndirilməli,
istiqamətləndirilməlidir: "Bunlar
olmadığından, ixtisaslaşdırma
aparılmadığından Azərbaycan kənd təsərrüfatı
yerində sayır, ciddi irəliləyiş
yoxdur. Problem ondan ibarətdir ki, elmlə
təcrübə bir-birini tamamlamır, fərqli
şəkildə fəaliyyət göstərir".
V.Məhərrəmovun
fikrincə, ixtisaslaşmanın baş
verməsi üçün hökumət
stimullaşdırıcı vasitələrdən istifadə
etməlidir. Dediyinə görə, stimullaşdırma
hökumətin vəzifə borcudur:
"Kənd Təsərrüfatı Nazirliyi
aqrar siyasət aparır. Aqrar
siyasətin tərkib hissəsi birinci
növbədə təkmil qanunvericilik
bazasının yaradılmasıdır ki,
bu sahə maneçilik
olmadan inkişaf etsin. İkincisi, aqrar siyasətin tərkib hissəsi kimi stimullaşdırıcı tədbirlər
görülməlidir. Bu tədbirlər
sürətli, davamlı inkişafın təmin edilməsi məqsədi
daşımalıdır. Stimullaşdırıcı tədbir
kimi subsidiya, hər
hansı kənd təsərrüfatı məhsulunun
sığortalanması ola bilər. Eyni zamanda, yeni
texnologiyanın gətirilməsində, daha
məhsuldar sortların əldə edilməsində,
yetişdirilməsində və s. məsələlərdə
Kənd Təsərrüfatı Nazirliyinin
kifayət qədər geniş dəstək
imkanları var".
İxtisaslaşma sahibkarlığın
inkişafına da töhvə verir. Həmsöhbətimiz buna
misal kimi Gədəbəydə
kartof yetişdirilməsini göstərdi:
"Hamı bilir ki, Gədəbəydə
istehsal edilən kartofun
keyfiyyəti yüksəkdir və bu cür keyfiyyətli kartofdan
dünyanın hər yerində istehsal olunmur. Eyni zamanda,
Gədəbəydə insanların kartof
yetişdirilməsi sahəsində təcrübəsi var, yəni təcrübə biliyi
yetərincədir. Bundan başqa,
rayonda kartof
istehsalını artırmaq üçün
torpaq resursları da əlverişlidir.
Deməli, burada kartofçuluğu
daha asanlıqla və uğurlu
şəkildə inkişaf etdirmək, məhsul
istehsalını artırmaq mümkündür.
Mümkündür ki,
Gədəbəy kartofunu daxili
bazarla bərabər, Avropaya
da çıxarıb yaxşı gəlir
əldə edilsin. Bu cəhət Gədəbəy
kartofçuluğunun inkişafına, burada istehsalla məşğul
olan fermerlərin, təsərrüfat
subyektlərinin mənfəətinin artmasına səbəb
olardı. Bu misallar
ixtisaslaşmanın hərtərəfli əhəmiyyətli
cəhətlərinin olduğunu göstərir".
Qeyd edək ki,
ölkəmizdə kənd təsərrüfatının tam ixtisaslaşmış sahələri-pambıqçılıq,
meyvəçilik, üzümçülük,
tərəvəzçilik, tütünçülük
sayılır. Azərbaycanda ixtisaslaşma
dərəcəsinə görə isə kənd təsərrüfatı
rayonlarını 3 qrupa bölmək olar: Suvarılan kənd təsərrüfatı
rayonları (Kür-Araz, Lənkəran,
Samur-Dəvəçi ovalıqları, Naxçıvanın
Arazboyu düzənlikləri), Dəmyə
kənd təsərrüfatı rayonları (dağətəyi
və orta dağlıq əraziləri), otlaq və heyvandarlıq rayonları.
Azərbaycanda kənd
təsərrüfatında hələ
ixtisaslaşmamış sahələri isə
baramaçılıq, arıçılıq, çəltikçilik
və sairə sayılır.
Beləliklə,
son onilliklərin təcrübəsi
göstərir ki, iqtisadi
rayonlardan Gəncə-Qazaxda əsas ixtisaslaşma sahələri kartofun
becərilməsi, üzümçülük
və taxılçılıq ola bilər.
Qazax və
Ağstafa, Şəmkir və Samux rayonları üzüm
istehsalı üzrə, Gədəbəy, Şəmkir, Tovuz rayonları kartof
istehsalına, Goranboy rayonu
taxıl istehsalına uyğundur. İqtisadi rayonda, həmçinin
bostançılıq, tərəvəzçilik, meyvəçilik
və heyvandarlıq sahələrini inkişaf
etdirmək olar.
Aran rayonlarında ərazinin düzən
və quru subtropik
iqlimdə yerləşməsi əkinçiliyin
heyvandarlıqdan daha yaxşı inkişaf etməsinə şərait
yaradır. Bu regionda
pambıqçılıq, üzümçülük,
taxılçılıq, quru subtropik meyvəçilik (heyva
və nar) və heyvandarlıq üzrə
ixtisaslaşma artıq gedib.
Bu rayonda tərəvəzçilik
və bostançılıq da inkişaf edib. Qış mülayim keçdiyindən regiondan
qış otlaqları kimi istifadə olunur. Aran iqtisadi
rayonu həm də Azərbaycanın ən
böyük baramaçılıq rayonudur. Abşeronda quru subtropik
meyvəçilik (ağ və qara şanı üzüm
sortları, badam, püstə, əncir, zeytun), tərəvəzçilik, zəfəran
(Bilgəhdə), heyvandarlıq (ət, süd,
yağ, pendir, yun və s.), sənaye təyinatlı
quşçuluq (broyler
təsərrüfatlarının inkişafı), zeytun və zəfəran təsərrüfatlarının
inkişafı uğurludur.
Quba-Xaçmaz iqtisadi rayonu tumlu meyvəçilik
(xüsusilə alma) və tərəvəzçilik
(gecyetişən) üzrə artıq ixtisaslaşıb. Bundan başqa, rayonda kartofçuluq,
taxılçılıq, üzümçülük,
heyvandarlığın, sənaye təyinatlı quşçuluğun (broyler
təsərrüfatlarının inkişafı),
arıçılığın,
balıqçılığın daha da inkişafı mümkündür.
Şəki-Zaqatala
iqtisadi rayonu qərzəxli
(qoz, fındıq, şabalıd) meyvəçilik
və tütünçülük
üzrə ixtisaslaşıb. Bundan başqa rayonda
baramaçılıq, çayçılıq, çəltikçilik,
üzümçülük,
taxılçılıq, qoyunçuluq,
arıçılıq da inkişaf
edib və bu sahələri
bir qədər də irəli aparmaq olar.
Dağlıq Şirvan iqtisadi rayonunda əkinçiliyə nisbətən
heyvandarlıq daha yaxşı inkişaf edib.
Lənkəran iqtisadi rayonu isə sitrus
bitkiləri məhsulları istehsalı, texniki bitkiçilik
(çayçılıq, üzümçülük);
tərəvəzçilik və
bostançılıq məhsulları istehsalı üzrə
ixtisaslaşıb. Yuxarı Qarabağ iqtisadi rayonu üzrə
kənd təsərrüfatının prioritet istiqamətləri
heyvandarlıq, üzümçülük,
taxılçılıq ola bilər.
Vasif CƏFƏROV
Ekspress.- 2012.-
8 avqust.- S. 9.