"Mənim
üçün əsas ölkəmdə
yaşamaq deyil,
ölkəm üçün
yaşamaqdır"
Əlixan
Səmədov: "Azərbaycanda tələbələr
yetişdirmək ən böyük arzularımdan biridir"
Məşhur balaban ustası Əlixan Səmədovun "Milli.az"a
müsahibəsi
- Əlixan
müəllim, ilk olaraq
belə bir sualla sizə müraciət etmək istərdim: ölkədən
getməyinizə səbəb
nə oldu?
- Hər halda, taleyim belə gətirdi. Mənim üçün əsas olan ölkəmdə yaşamaq deyil, ölkəm üçün
yaşamaqdır.
- Musiqiçi ailəsində doğulmusuz.
Yəqin, musiqiçi
olmağınıza ailənizin
də böyük təsiri olub...
- Doğrudur, hər zaman bu barədə danışmışam. Musiqiçi olmaqdan
başqa, musiqini mənə sevdirən rəhmətlik atam İmamxan Səmədov olub.
- Çox maraqlıdır, balaban deyərkən Əlixan Səmədov, Əlixan Səmədov deyərkən
balaban yada düşür. Sizdən başqa balaban
ifaçıları da
var. Sizcə, bu fərqlənmənin səbəbi
nədir?
- Azərbaycanda
hər klarnet ifaçısının çantasında
mütləq balaban da var. Sadəcə, yeri gəldiyi zaman 5-10 dəqiqə istifadə edirlər. Mən isə həyatımı balaban musiqi alətimizə bağladım.
Və Azərbaycan tarixində
ilk dəfə sadəcə
balabanda ifa olunan musiqinin CD-sini hazırlayıb bütün dünyaya səs salacaq şəkildə tanıtmağa
başladım. Artıq 15 ilə
yaxındır ki, bu çalışmalarım
davam edir. Çox yaxın zamanda
"Balaban-8" adlı albomum
işıq üzü
görəcək.
- Sənətdə
bu qədər uğura sahib olmağın
sirri sırf özünüzü və
həyatınızı sənətə
sərf etməyin nəticəsidir, yoxsa
Allah vergisi?
- Hər şey sevgi ilə başlar. Bu, hər sənət
üçün keçərlidir.
Sevdiyiniz
işlə məşğul
olduğunuz zaman nəticəsi də gözəl olur. Amma ən əsası, Allah vergisidir. Sadəcə, qiymətini bilmək
lazımdır.
- Sizin ifanızda olan bir çox musiqilərinizi əsasən
erməni ifaçılar
öz albomlarına daxil edirlər. Bununla bağlı fikrinizi bilmək istərdik.
Ümumiyyətlə, bu məsələyə
qarşı hansısa
addımlarınız olubmu?
- İnanın
ki, mən, sadəcə, öz işimə baxıram.
Hər zaman yenilik arayışı
içərisində oluram.
Gözəl musiqiləri hər
musiqiçi öz albomunda istifadə etmək istəyər.
Əsas odur ki, istifadə
edəcəyi musiqini birinci musiqiçidən daha yaxşı ifa edəcəksə, o zaman başarılı olar. Yoxsa təqlid hər zaman əslini yaşadır!
- Brilliant Dadaşova
ilə bir çox sıx işbirliyiniz oldu. "Çıx yaşıl
düzə" mahnısı
olduqca uğurlu alınıb. Təklif
kim tərəfindən
oldu və bu işbirliyinin növbəti uğurlu nəticəsinin hansı mahnı olacağı gözlənilir?
- Brilliant xanım
Azərbaycan mədəniyyəti
üçün bu günə qədər çox işlər görüb. Onun mahnılarını Azərbaycanda bilməyən
yoxdur. Mənim də çox
sevdiyim sənətçilərdən
biridir. Milli ruhuna heyranam.
İlk dəfə Türkiyədə görüşdüyümüz
zaman, 5-6 il
olar, gələcəkdə
bərabər bir layihəyə imza atmaq üçün danışmışdıq. İnşallah, çox yaxında bu layihəni bütün dünya eşidəcək.
- Sizin həm də Türkiyənin ən məşhur müğənniləri
ilə çox uğurlu işbirlikləriniz
olub. Bunlardan Kerem Cem, Mirkelam,
Sibel Can, Alişanın
adını çəkə
bilərik. Hazırda yaradıcılığınızda
hansı yeniliklər var?
- Hal-hazırda
8-ci albomumu bitirdim. İnşallah, nəsib olursa,
bütün dünyada
müxtəlif dillərdə
çıxacaq. Bu albomda, digərlərindən
fərqli olaraq, iki disk olacaq. Bir çox yeni bəstələdiyim musiqilərim
bu albomda yer alacaq. Və inanıram ki, dünyanın bir çox yerində bu musiqilərə qulaq asacaqsınız.
- Çox qəribə bir xasiyyətiniz var. Pulun bu qədər rol oynadığı bir dövrdə Əlixan müəllim paraya önəm vermir. Maraqlıdır, gəliriniz, sirr
deyilsə, təkcə
konsertlərdəndirmi?
- Bilirsiniz, belə bir mahnı
var -"Kimlər gəldi, kimlər getdi bu dünyadan".
Bunların içərisində pullusu da vardı,
pulsuzu da. Amma bu gün
qəlbimizdə yaşayanlar,
sadəcə, Vətəni,
milləti, xalqı üçün bir iş görənlərdir.
Namərdlərə möhtac
olmayacaq qədər pulum olsun, yetər...
Allaha şükürlər olsun,
albom satışlarından,
konsertlərimdən, dərs
verdiyim yerlərdən
gələn qonorar məni bu günlərə
qədər gətirdi.
Unutmayın, sadəcə bir
sirri sizinlə paylaşım. Bir alboma xərclənən pulla 1 ev
almaq mümkündür.
Evi düşünsəydim, indiyə
qədər 8 evim olardı.
- Balaban haqda yeddi dildə
kitab nəşr etdirmisiz. Nə üçün o kitab haqqında bizim o qədər də məlumatımız
yoxdur?
- "Balaban metodu" adlı kitabım 3 dildə yazılıb.
2008-ci ildə nəşr edildi. Bu kitabla balaban öyrənmək istəyənlərə
az da
olsa, köməyim dəyibsə, buna görə özümü
hər zaman xoşbəxt hiss edirəm.
Ayrıca, bu il çıxacaq olan "Balaban-8" adlı
albomumla bərabər,
kitabdakı bilgiləri
daha da genişlədərək
bu səfər hər halda, 7 dildə olmaq qeydilə DVD şəklində
də görə biləcəksiz. Bu DVD-də balaban haqqında hər məlumata rast gəlmək mümkün
olacaq.
- Bakıda nə zaman görəcəyik
sizi?
- Sağlıq
olsun, ən qısa zamanda Bakıda da məni görmək imkanınız olacaq. Sadəcə, bir az səbr
etmək lazımdır.
- Sizi qardaş Türkiyəyə
bağlayan nədir və yenə də xaricdə yaşayan tanınmış
sənətçilərə ənənəvi sualım:
Bakıya nə vaxtsa dönməyi düşünürsünüzmü?
- Türkiyəyə
gəlmədən öncə
dünyanın bir çox ölkəsində
olmuşdum. Nə zaman ki Türkiyəyə gəldim,
o zaman başa düşdüm ki, "bir millət, iki dövlət" boşuna deyilməmiş.
Sadəcə, yaşayıb
görmək lazımdır...
Bakıya dönmək məsələsinə
gəlincə isə bu mənim ən
böyük arzularımdan
biridir: Azərbaycanda tələbələr yetişdirmək.
İnanıram ki, bir gün bunu
da həyata keçirəcəm...
Ekspress.- 2012.- 23 avqust.- S. 23.