Sənaye parkları sahibkarlığı necə dəstəkləyir?

 

 Azərbaycan hökuməti yüksək texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı məqsədilə ölkədə sənaye parklarının yaradılmasına başlayıb. Artıq Sumqayıt Kimya Sənaye və Balaxanı parklarının yaradılmasına dair 2011-ci ilin dekabrında prezident fərmanları imzalanıb. Fərmana uyğun olaraq, hər iki ərazidə məhdud məsuliyyətli cəmiyyətlər yaradılıb.

Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Azərbaycan Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin ərazisindən 167,66 hektar torpaq sahəsi və Balaxanı Sənaye Parkının yaradılmasını təmin etmək üçün "Balaxanıneft" Neftqazçıxarma İdarəsinin ərazisindən 7 hektar torpaq sahəsi İqtisadi İnkişaf Nazirliyinin istifadəsinə verilib. Yaradılması nəzərdə tutulan sənaye parklarının ərazisi sənaye sahələri üzrə sektorlara bölünəcək və burada ölkə iqtisadiyyatının prioritet sahələrini əhatə edəcək müəssisələr qurulacaq.

Qeyd edək ki, Azərbaycanda sənaye parklarının yaradılmasına başlanılmasının ciddi əsasları var. Xarici ölkələrin təcrübəsinə istinad edərək deyə bilərik ki, sənaye parkları sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq imkanına sahibdir. Buna görə də müxtəlif sənaye sahələrini inkişaf etdirmək istəyən, ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı olan dövlətlər iqtisadi siyasətlərində sənaye parklarının yaradılmasına, inkişafına yer verirlər. Türkiyə, Almaniya, Polşa, Latviya, Rusiya, Çin və Cənubi Koreya təcrübələri göstərir ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir.

Sanaye parklarının əhəmiyyətli cəhətlərini nəzərə alaraq Azərbaycan hökuməti də sahibkarlığın dəstəklənməsinin bir yolu kimi sənaye parklarının yaradılmasına başlayıb. Ölkədə sənaye parkının yaradılması ilk dəfə 2002-ci ilin sentyabrında imzalanan "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" fərmanda müəyyən edilib. Bundan başqa, sənaye parkının yaradılması prezidentin 2004-cü il fevral tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nda Abşeron iqtisadi rayonu üzrə həyata keçiriləcək tədbirlərə də daxil olunub.

Sənaye parkının yaradılması həmçinin, Azərbaycan prezidentinin 2008-ci ilin avqustunda imzaladığı "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda və yenə də həmin ildə prezident tərəfindən təsdiqlənən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda nəzərdə tutulub. Bununla yanaşı, 2011-ci ilin mayında prezident tərəfindən təsdiqlənən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək tədbirlər planında sənaye parkının yaradılması planlaşdırılıb. Məhz adı qeyd edilən sonuncu dövlət proqramına uyğun olaraq Balaxanı sənaye parkı yaradılacaq.

Artıq sənaye parklarının yaradılması məqsədilə xarici ekspertlərin tövsiyələri öyrənilib.

Bəs, sənaye parkları nədir? Sənaye parkı dedikdə, sənaye sahələrini inkişaf etdirmək üçün ayrılan torpaq sahəsi nəzərdə tutulur. Sənaye parklarının və ya torpaqlarının 3 əsas sahibkarlıq modeli var: dövlət sənaye parkı və onu idarə edən orqan, özəl sektorun mülkiyyətində və idarəsində olan park, dövlətlə özəl sektor arasında dövlət-özəl tərəfdaşlıqları və ya müştərək müəssisələr.

Azərbaycanda yaradılacaq Sumqayıt Kimya Sənaye Parkı dövlət sənaye parkı olacaq. Balaxanı Sənaye Parkı isə qarışıq formada təşkil ediləcək.

Sənaye parkı sahələri həmişə olmasa da, çox vaxt mükəmməl rabitə və nəqliyyat infrastrukturuna, elektrik enerjisinə giriş imkanlarına və işçi qüvvələri ehtiyatına malik olan ərazilərdə yerləşir. Sənaye parkları müxtəlif cür - sənaye torpaqları, sənaye şəhərcikləri, ixrac-emal zonaları, biznes parkları, ali texnologiya parkları, sənaye inkişaf zonaları və eko-sənaye parkları kimi - adlandırıla bilsə də, onların iki ümumi fərqləndirici xüsusiyyəti var. Birincisi, həmin məqsəd üçün ayrılan torpaq sahəsində bir neçə firma bir-birinə yaxın olmaqla yerləşdirilir, ikincisi, onların ümumi infrastrukturu, kommunal xidmətləri, yanğınsöndürmə və təhlükəsizlik xidmətləri və ümumi əraziləri olur. Sənaye parkları həmçinin park fəaliyyətlərini idarə edən ümumi idarəetmə strukturuna da malik olur. Sənaye parklarının üstünlüyü həm də ondan ibarətdir ki, onlar investisiya layihələrinin inkişafını, eləcə də kiçikorta müəssisələrin gəlir əldə etməsi imkanlarını asanlaşdırır.

Sənaye parkında yerləşən biznes müəssisələrindən fərqli olaraq, kənarda yerləşən müəssisələr bəzi çətinliklə üzləşir. O cümlədən, sahibkarlar torpaq əldə etmək üçün müraciət etmək və müvafiq ödənişi həyata keçirmək, torpağı müvafiq istifadə üçün hazır şəkilə gətirmək, kommunal xidmətlərə giriş imkanı əldə etmək üçün əlavə təzminat ödəmək, tullantıların emalı sistemlərini tikdirmək, əraziyə münasib giriş strukturunu təmin etmək, yerli hakimiyyət orqanlarından müvafiq icazələrin alınması prosesində bürokratiya halları ilə üzləşmək, sənaye parkında təklif edilən ümumi xidmətlərin bu ərazidə təklif edilməməsi kimi problemləri həll etmək məcburiyyətində qalırlar. Sənaye parklarında isə biznes təşkilatları bu cür çətinliklər yaşamır. İlk növbədə ona görə ki, sənaye parklarında biznesin təşkilində dövlət maraqlı olur. Bundan başqa, sənaye parklarında xidmətlər ortaq olduğundan, əməliyyatların ümumi dəyəri çox vaxt sənaye parklarında daha sərfəli olurkiçikorta müəssisələr orta biznes imkanlarından bəhrələnir. Düzgün təşkil edilmiş sənaye parklarında biznes sahələrinə icazə və lisenziya məsələləri, qaydalarkommunal xidmətlərə giriş imkanları ilə əlaqədar kömək edə bilər. Bundan əlavə, sənaye parklarına iri şirkətləri cəlb etməklə kiçikorta müəssisələrin inkişafına əlavə dəstək verir, daha böyük iqtisadi rəqabətə davamlılığı təmin edir. Bu isə öz növbəsində biznes mühitinin təkmilləşdirilməsinə gətirib çıxarır.

Düzdür, sənaye parkları əlverişli biznes mühitini tam formalaşdıra bilmir. Bir çox məsələlər müəssisələrin özündən asılı olur. Lakin iri şirkətlərin parklara cəlb edilməsi biznes mühitinin keyfiyyətini bir qədər də artırır.

Sənaye parklarının müvəffəqiyyətlə işləyə bilməsi bir neçə cəhətdən asılıdır. İlk növbədə sənaye parkının yerinin düzgün seçilməsi vacibdir. Sənaye parkının yerləşdiyi ərazi düzgün seçilməyibsə, istehsalat fəaliyyəti ilə məşğul olan çoxlu sayda firmaları cəlb etmək müşkülə çevrilir. Təcrübə göstərir ki, sənaye parklarının dəmiryolu şəbəkəsinə, hava limanına, dəniz və ya çay limanına, yaxud şosse şəbəkəsinə yaxın olması məqsədəuyğundur. Ən yaxın şəhər mərkəzinə çatmaq üçün nəqliyyat vasitələri sürətli, ucuz və etibarlı olmalıdır.

Coğrafi mövqeyindən başqa sənaye parklarının müvəffəqiyyəti ucuz və bacarıqlı işçi qüvvəsinin olmasından, zəruri infrastruktur xidmətlərinin (istehsalat fəaliyyəti ilə məşğul olan firmaların elektrik enerjisi, telefon, internet, çirkab suların emalı sistemləri və nəqliyyat) təşkilnin ucuz başa gəlməsindən, idarəetmə heyətinin peşəkar və sənaye parkı əməliyyatları sahəsində təcrübəli şəxslərdən qurulmasından asılıdır.

Sənaye parklarının inkişafında bura ilk sərmayə qoyan tərəfin nüfuzu, etibarı da önəmlidir. Belə sərmayədarın tapılması sonradan həmin parka digər sərmayədarların da investisiya qoyuluşunda açar rolunu oynayır.

Sənaye parkının uğuru üçün vacib olan digər məqam parkın qurulduğu regionun, sənaye parkının fəaliyyət istiqamətinin böyük perspektiv vəd etdiyini sərmayədarlara çatdırmaq və onlarda buna dair əminliyi yaratmaqadır.

Ekspertlər deyir ki, sənaye parkları kiçik və orta müəssisələrin inkişafı, bazara çıxması üçün əlverişli mühit formalaşdıra bilər. Amma sənaye parkları biznes mühitiya müəssisələrin inkişafına yönəldilən sağlam strategiyaları əvəz edə bilməz. Bundan başqa, sənaye parkları yalnız öz üstünlüklərindən istifadə edə bilən biznes sahələrinə kömək edir. Yəni, inkişaf üçün sənaye parkları bir vasitədir, lakin həlledici, mütləq imkan deyil. Kiçikorta sahibkarların inkişafı daha çox öz bacarıqlarından asılıdır. Sanaye parkları, sadəcə olaraq, bu bacarığın həyata keçirilməsinə əlverişli şərait yaradır.

Onu da qeyd edək ki, sənaye parkları ancaq kiçik və orta sahibkarlıq subyektlərinin maraqlarına cavab verən ərazi deyil. Bu cür ərazilər həmçinin nəhəng şirkətlərin müəyyən layihələrin, xüsusilə də yüksək texnologiyalara əsaslanan layihələrin reallaşdırılması üçün əlverişli məkandır. Buna misal kimi Cənubi Koreyanın "Samsung" şirkətinin ötən ilin sonlarından icrasına başladığı yaşıl enerji layihəsini göstərmək olar. "Samsung" bu layihə üçün ümumi dəyəri 7 milyard dollardan çox olan sənaye parkını qurur. Burada şirkət alternativ enerji vasitələrindən olan günəş batareyalarının istehsalına başlayacaq.

Ümid edək ki, Azərbaycanda da gələcəkdə sənaye parklarının timsalında belə əhəmiyyətli və iri sərmayə qoyuluşundan ibarət olan layihələrin reallaşdırılmasının şahidi olacağıq.

 

 

Vasif CƏFƏROV

 

Ekspress.- 2012.- 24 avqust.- S. 9.