Qubanın ağ
alması, yemədik bağ alması…
Sənətkarlıq paytaxtına
infotur
Yola salmaq üzrə olduğumuz ildə Quba rayonu Mədəniyyət
və Turizm Nazirliyinin «2010-2014-cü illər üçün
Xalq Yaradıcılığı Paytaxtları» proqramı
çərçivəsində Azərbaycanın «Sənətkarlıq
paytaxtı» elan olunub. İl boyu bu bununla
bağlı xeyli işlər görülüb.
Mədəniyyət və
Turizm Nazirliyinin təşkil etdiyi infotur da məhz Qubada son bir
ildə görülən işlər, rayonun tarixi-mədəni
irsi ilə tanışlıq məqsədi
daşıyırdı. Nazirliyin Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayevin rəhbərliyilə gerçəkləşən
bu tədbirdə şöbənin məsləhətçisi
Vüqar Məmmədov, nazirliyin mətbuat katibi Zöhrə
Əliyeva və kütləvi informasiya vasitələrinin təqibən
25 əməkdaşı iştirak etdi.
Coğrafi mövqeyinə, zəngin
tarixi-mədəni irsinə, turizm potensialına görə
ölkəmizin rayonları arasında özünəməxsus
yer tutan Quba qədim dövr və orta əsrlərə aid
xalq sənəti nümunələri, çoxsaylı
memarlıq yadigarları ilə sənətkarlığın
çox dərin köklərə malik olması
baxımından seçilir. Rayonun müxtəlif
ərazilərində aparılan arxeoloji qazıntılar
zamanı aşkar edilmiş tunc dövrünə aid bəzək
və məişət əşyaları bu fikrin təsdiqidi. Alban sənətkarlarına aid oraq,
bıçaq, şana, dəhrə və
s. əmək alətləri, qılınc, xəncər, ox və
nizə ucları və sair silah növləri məhz həmin
arxeoloji qazıntıların nəticəsidi.
Əl işlərinin yüksək texniki və bədii
xüsusiyyətləriylə Quba sənətkarları həmişə
buraya gələn qonaqların diqqətini cəlb edib. Bölgədə
sənətkarlığın, demək olar ki, bütün
növləri inkişaf edib. Quba
xalçasının 30-dan çox növü mövcuddu.
«Qollu çiçi», «Pirəbədil», «Ağgül»,
«Çiçi», «Xırdagül çiçi», «Qımıl
xonça» və s. çeşidli xalçalar bütün
dünyada məşhurdu.
Böyük turizm
potensialıyla seçilən rayonun füsunkar təbiəti
- dağlar, bulaqlar, çaylar, yaşıllıqlar aləmi
istirahət üçün əvəzsizdi. Rayonda əsas
4 turizm marşrutu müəyyənləşdirilib:
Quba-İspik-Xınalıq, Quba-Təngaltı-Qonaqkənd,
Quba-Zərqova və Quba-Uzunmeşə. Qubanı
hər yerdə məşhur edən alması, mer-meyvəsi,
özünəməxsus mətbəxi də turistlərin diqqətini
cəlb edən bir başqa özəllikdi. Buraya gələn turistlər rayonun təbii gözəllikləri
ilə yanaşı, uca dağlar qoynunda qədim tarixə
malik Xınalıq kəndi ilə çox maraqlanırlar.
Azərbaycanın
tolerant bir ölkə olmasının canlı nümunəsi
kimi də Quba seçilir, fərqlənir. Burada tatlar, ləzgilər,
ruslar, yəhudilər və s. milli azlıqların nümayəndələri
mehriban şəraitdə, yanaşı yayaşayırlar. Yəhudilərin qədim zamanlardan məskunlaşdığı
Qırmızı qəsəbə xarici və yerli turistlər
üçün maraqlı məkandı.
İnfotur rayon
İcra Hakimiyyətinin başçısı Mübariz
Ağayevlə görüşlə başladı.
İcra başçısı qonaqları salamladıqdan sonra
«Sənətkarlıq paytaxtı»nda il ərzində
görülən işlər, həyata keçirilən layihələrdən
danışdı: «Tədbirlərimizin əsas hissəsi Quba
sənətkarlarının əl işlərindən ibarət
sərgilərin təşkilinə həsr olunub. Bu sərgilərə rayonumuza səfərə gələn
xarici turistlər də böyük maraq göstərib.
Məqsədimiz onları rayonumuzda sənətkarlığın
tarixi və zənginliyi ilə tanış
etməkdir. Əksər tədbirlərimiz Mədəniyyət
və Turizm Nazirliyi nümayəndələrinin
iştirakı ilə baş tutub.”.
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayev artıq üç ildən bəri
həyata keçirilən «Xalq Yaradıcılığı
Paytaxtları» layihəsinin əhəmiyyətindən
danışaraq, proqramın məqsədinin zəngin xalq
yaradıcılığı nümunələrini qoruyub gələcək
nəsillərə çatdırmaq olduğunu xüsusi qeyd
etdi: “2012-ci ilin «Sənətkarlıq paytaxtı» olan Quba Azərbaycanın
qədim mədəniyyət mərkəzlərindən
biridir. Bölgədə tarixən zəngin sənətkarlıq
nümunələri yaranıb. Bu il ərzində
rayonda sənətkarlığın, turizmin inkişafı
istiqamətində, sosial, mədəni, iqtisadi sahələrdə
çoxlu işlər görülüb”.
Mübariz Ağayev
jurnalistlərin suallarına cavab olaraq Qubada aparılan
tikinti-quruculuq işləri barədə söhbət
açdı. O bildirdi ki, hazırda rayon mərkəzində
inşa edilən “Gənclər ev”ində oyun və idman zalları,
kompyuter otaqları, diskoteka meydançaları, bar və
restoranlar, rayona xas olan sənət nümunələrini əks
etdirən guşələr və sair fəliyyət göstərəcək. Gələn il
istifadəyə verilməsi nəzərdə tutulun mərkəzin
mədəni istirahətin təşkilində xüsusi rol
oynayacağı güman edilir.
Azərbaycanda
ilk dəfə bu il Qubada təşkil olunmuş Alma
bayramının mahiyyətindən danışan M. Ağayev i
mədəniyyət və təmizlik üzərində qurulan
və ənənəyə çevrilən bir çox mərasimlərdə
İslam Peyğəmbərinin (s) şəxsi
nümunəsi əsasında yayılmasının zəruriliyi
məsələsinə də toxundu. Bu zaman o,
rayon ərazisində fəaliyyət göstərən məscidlərin
fəaliyyətini də diqqətə çatdırdı.
Daha sonra Qubanın turizm
imkanları barədə də məlumat verən icra
başçısı bildirdi ki, rayonda son illər
böyük istirahət mərkəzləri, müasir
standartlara cavab verən hotel kompleksləri tikilib istifadəyə
verilib: «Bu yaxınlarda ölkə başçısı
Qubada qolf stadionunun tikintisi ilə bağlı sərəncam verdi. Stadionun
yaxınlığında «Riksos hotel»in tikintisi başlanıb.
Burada minlərlə turistin dincəlməsi
üçün şərait yaradılacaq. Turistlərə xidmətin keyfiyyəti həmişə
bizi narahat edib. Bu problemin aradan
qaldırılması üçün rayonda turizm kollecinin
yaradılması üçün aidiyyatı ünvanlara
müraciət etmişik. Gələn ilin
yazında beynəlxalq standartlara cavab verən otel və istirahət
mərkəzlərinin sayı ona çatacaq. Yerli əhəmiyyətli, nisbətən
aşağı göstəricilərə malik belə obyektlərin
sayı isə qırxdan artıqdı. Eyni
zamanda, biz kənd və yaşıl turizmin inkişafına da
diqqət ayırırıq. Bunun nəticəsidir ki,
ötən illə müqayisədə bu il
turistlərin sayı on beş faiz artıb. Bir
sözlə, görülən və hələ görüləcək
işlərə nəzərən demək olar ki, Quba
yaxın zamanlarda müasir və böyük turizm mərkəzlərindən
birinə çevriləcək”.
Səfər zamanı ziyarət
etdiyimiz məkanlardan
soyqırımı məzarlığı
hamını təsirləndirdi. 2007-ci ilin aprelində Quba
şəhərinin şimal-qərb hissəsində,
Qudyalçayın sağ sahilində yerləşən
stadionun yaxınlığında yenidənqurma işləri
aparılarkən aşkar edilən kütləvi məzarlıq
bura yolu düşənlərin hamısını dəhşətə gətirib.
Aparılan araşdırmalar nəticəsində məlum olub
ki, həmin yerdə
1918-ci ildə erməni-daşnakları kütləvi qırğın
törədib. Beş yüz kvadratmetr ərazini
əhatə edən kütləvi məzarlıqda altı
yüzdən çox insanın cəsədi üzə
çıxıb. Cəsədlərin əksəriyyəti
qadın və uşaqlara aiddir. Bir
çoxunun kəllə sümüyündə mismarlar
tapılıb. Bu da erməni quldurlarının dinc əhalini vəhşicəsinə,
hansı qəddarlıqla öldürdüklərinin təsdiqidi.
Aparılan ekspertizalar nəticəsində cəsədlərin
şəxsiyyəti müəyyənləşdirilib.
Arxeoloqların tədqiqatları zamanı o da məlum
olub ki, 1918-ci ilin mayında Bakıda törədilən
qırğınlarla yanaşı, daşnak-bolşevik lideri
S.Şaumyanın tapşırığı ilə erməni
generalı Amazaspın komandanlığı altında Qubaya xüsusi
cəza dəstəsi yeridilib. Onlar burada iki mindən artıq
günahsız insanı qətlə yetirib. Öldürülənlərin
demək olar hamısının kimliyi
araşdırılıb və tam siyahı tutulub.
Məzarlığın
ətrafında böyük memorial kompleks tikilir. Kompleksin tikintisinin 2013-cü ilin mayında başa
çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu məzarlığa diqqətin cəlb
edilməsində əsas rolu həmkarlarımız - yerli
KİV nümayəndələri oynayıb.
Qubada baş çəkdiyimiz
məkanlar çox oldu. Bu məkanlar barədə Quba
Rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Elxan Məhərrəmov infotur
iştirakçılarına məlumat verdi.
Rayon mərkəzindəki Nizami parkının ərazisində
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
muzey binası tikilir. Bina üç mərtəbədən
ibarətdir. Binası qəza vəziyyətində olan A.Bakıxanov
adına Quba Tarix-Diyarşünaslıq
Muzeyi buraya köçürüləcək. İnşası
bu ilin fevral-mart aylarında başlayan muzeyin yeni binası gələn
ilin sentyabrında istifadəyə veriləcək və fond
rolunu oynayacaq, normal şəraitli zirzəmidən və
üç mərtəbədən ibarət olacaq.
Qızğın
tikinti işləri gedən məkanlardan biri də Heydər
Əliyev Parkıdır. 7 hektar ərazini əhatə
edən parkın bir başı Bayraq meydanı
üçün ayrılıb. Yaxınlarda
burada üçrəngli bayrağımız dalğalanacaq.
İnşası davam edən “Yaşıl teatr”
və rayon icra hakimiyyətinin yeni binası da buradadı.
Parkda ötən ilin sentabrında
aşılışı olmuş Heydər Əliyev Mərkəzi
memarlıq üslubuyla diqqət çəkir. Mərkəzin direktoru Elza Orucovanın sözlərinə
görə, üçmərtəbəli binada ulu öndərin
həyat və fəaliyyətini əks etdirən guşələrlə
yanaşı, 3000-ə yaxın kitab fondu olan kitabxana və 4 dərnək
fəliyyət göstərir.
Parkın bir tərəfində
yuxarıda qeyd etdiyimiz Gənclər evi, həmçinin
“Yaşıl teatr”, digər tərəfində isə İcra
Hakimiyyətinin yeni binası inşa edilir. Gənclər evində
rayonun gənc sakinlərinin asudə vaxtlarını səmərəli
keçirməsi üçün lazımi şərait
yaradılacaq. Gənclər evinin yanında Bayraq meydanı
yerləşir. “Yaşıl teatr” isə 500 nəfər
tamaşaçı tutumuna malik olacaq. Burada konsertlər,
festivallar, digər tədbirlər keçiriləcək.
İnfoturun sonuncu ünvanı xalça sənəti ənənələrini layiqincə yaşadan «Aygün» kiçik müəssisəsi oldu. Müəssisənin direktoru Fatma Ağamirzəyeva Azərbaycanın ilk qadın sahibkarlığı təşkilatlarından olan müəssisənin fəaliyyətindən danışdı. 1988-ci ildən bu günəcən müəyyən çətinliklərə baxmayaraq, fasiləsiz çalışan müəssisənin ölkəmizdə xüsusi sənət məktəbi kimi tanınıması faktı diqqətimizi xüsusilə cəlb etdi. Təsadüfi deyil ki, burada xalçaçılıq və modelyerlik peşəsi üzrə dərslər keçirilir, mütəxəssislər yetişdirilir. Tələbələrə dünyaca məşhur Quba xalça məktəbinin qədim texnologiyaları, boya formaları, rəng üslubları öyrədilir.
Beləliklə, 2012-ci ilin «Sənətkarlıq paytaxtı»na səfərimiz maraqlı və zəngin təəssüratlarla yadda qaldı. Amma ən maraqlısı o oldu ki, almanın vətəni sayılan Qubada neçə saat ərzində bizi bircə dənə almaya qonaq edən olmadı…
Seymur Elsevər.
Ekspress.-2012.-8-10 dekabr.- S.- 19.