Aqrar sahə innovasiyalarsız inkişaf etməyəcək
Azad sahibkarlığın və
liberal iqtisadiyyatın təşviqi
Beynəlxalq təşkilatlar tərəfinddən aparılan hesablamaya görə, 2030-cu ilə qədər dünyada 420 milyon hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi əhalinin, sənaye müəssisələrinin, infrastruktur sistemlərinin yerləşməsi və deqradasiya prosesi ilə əlaqədar aqrar dövriyyədən çıxarılacaq. Bu müddətdə insanların kənd təsərrüfatı üçün yararlı torpaqlara ehtiyacı isə əksinə artacaq. Dünya əhalisinin sayı 8 milyardı ötəcək və insanların indikindən daha çox kənd təsərrüfatı məhsuluna, xüsusilə də yeyinti məhsullarına ehtiyacı olacaq.
Oxşar proses Azərbaycanda da
gedir. Rəsmi məlumatlara əsasən, ölkəmizdə
kənd təsərrüfatı üçün yararlı
torpaq sahəsi 4,768 milyon hektar, əkin yeri 1,843 milyon
hektardır. 1970-cı ildə 1,128 milyon
hektar sahədə kənd təsərrüfatı məhsullarının
yetişdirilməsi kifayət edirdisə 2011-ci ildə bu
göstərici 1,421 milyon hektara yüksəlib. O cümlədən,
birillik əkin yerləri 863,5 min hektardan
1,2 milyon hektara qədər artıb. 1970-ci ildə
Azərbaycan əhalisinin sayı 5,227 miyon nəfər idi.
O zaman adambaşına düşən yararlı torpaq sahəsi
0,81 hektar təşkil edirdi. 2011-ci ildə
ölkə əhalisinin sayı 9,235 milyon nəfər,
adambaşına düşən yararlı torpaq sahəsi 0,52 hektar oldu. Əkin yerlərində də
1970-cı ildən bəri ciddi artımın olmasına
baxmayaraq adambaşına düşən sahə 0,26 hektardan 2011-ci ildəki 0,2 hektara qədər
geriləyib.
2011-ci ilin məlumatına görə,
dünyada adambaşına düşən əkin sahəsi 0,25 hektardır. Yəni, Azərbaycandan
daha çoxdur. İllər ötdükcə
ölkəmizdə adambaşına düşən əkin
yerləri, kənd təsərrüfatında yararlı sahə
azalmaqda davam edəcək. Bunun bir səbəbi
əhalinin sayının artmasıdırsa, digər səbəbi
torpaqlardan kənd təsərrüfatı məqsədi
üçün düzgün istifadə edilməməsi ilə
əlaqədar torpaqların münbitliyini itirməsidir.
Bu proses ondan xəbər verir ki, Azərbaycanda
gələcəkdə yararlı torpaqların sahəsi bir qədər
də azalacaq. Belə vəziyyətdə yeganə
çıxış yolu kənd təsərrüfatı sahəsi
üzrə çalışan sahibkarlara kiçik sahədə
daha çox məhsul əldə etmək qabiliyyətinin
aşılanmasıdır. Torpaqdan daha səmərəli,
daha peşəkar istifadə olmalıdır. Əks təqdirdə
onsuz da az olan torpaqların bir hissəsi də
sahibarların səhv münsaibəti nəticəsində
yararsız vəziyyətə düşəcək. O zaman
ölkəmiz üçün ərzaq təhlükəsizliyi
daha ağır problemə çevriləcək.
Torpaqdan səmərəli
istifadə edilmənin isə bir yolu var. Müəxəssislərin
fikrincə, yeganə çıxış yolu kənd təsərrüfatında
innovasiyaların tədbiqidir. Hesab edilir ki,
Azərbaycanda indi innovasiyalara ən çox ehtiyac duyan sahə
məhz kənd təsərrüfatıdır. Mütəxəssislər qəti əmindir ki, aqrar
sahənin bütün sektorlarında innovasiyaların tətbiqi
həm torpaqların yararlılığını qoruyar, həm
də aqrar sahədə sahibkarlıq fəaliyyətinin əlverişliliyi
artırar ki, bununla da ölkə əhalisinin kənd təsərrüfatı
məhsulları ilə yerli istehsal hesabına təminatı
tam həllinin tapar.
İnnovasiya dedikdə
nə nəzərdə tutulur? İnnovasiya
yenilikdir. Lakin hər yenilik innovasiya
sayıla bilməz. İnnovasiya elə bir
yenilikdir ki, o tədbiq edildiyi sahədə müsbət dəyişikliklərə
səbəb olur, səmərəliliyi artırır. Konkret olaraq aqrar sahədən söhbət gedirsə,
innovasiya torpağın şumlanmasından başlayaraq, məhsulun
əkilməsindən, ona qulluq edilməsindən,
suvarılmasından, becərilməsindən, məhsulun
saxlanılmasında qədər bütün mərhələləri
əhatə etməsi zəruridir.
Hazırda dünyada torpağın
şumlanmasının elə bir yeni forması var ki, o
torpağın hums qatının (bitkinin yetişməsi
üçün mineral maddələrlə zəngin olan torpaq
təbəqəsi) qorunmasına xidmət edir və sonradan
torpağa daha çox gübrənin verilməsinə ehtiyac
qalmır. Azərbaycanda tədbiq edilən şumlama üsulu
isə köhnə üsuldur və bu üsulla aparılan
şumlama torpağın hums qatını ciddi dərəcədə
dağıdır. Buna görə də, bitkinin
yetişməsi üçün torpağa böyük miqdarda
gübrələrin verilməsi şərtdir.
Əkilən bitkilərin
suvarılması məsələsinə də xüsusi diqqət
ayrılır. Qabaqcıl təcrübədə
əkin sahələrinin damcı və yağış
yağdırma üsulu ilə suvarılmasına
üstünlük verilir. Ölkəmizdə
isə daha geniş yayılan selləmə usuludur. Selləmə
üsulu sudan 10 dəfə artır istifadəyə
səbəb olmaqla bərabər əkin sahələrinin
şoranlaşması ilə də nəticələnir.
Eyni fikri
heyvandarlıq haqqında da demək olar. Azərbaycanda 1,6 milyon baş sağılan iri buynuzlu
heyvanın olduğu bildirilir. Bu heyvanlardan il ərzində 1,6 milyon ton süd sağılır. Müqayisə üçün deyək ki,
İspaniyada 800 min baş sağılan heyvan var və onlardan
bir ildə 6 milyon ton süd alınır.
Bu fakt onu göstərir
ki, ölkəmizdə məhsul istehsalının
artırılmasının yeganə yolunu sahibkarlar daha
çox heyvan saxlamaqda, yaxud kəmiyyəti artırmaqda
görür. Halbuki, sahibkarlar yeni innovasiyaları tətbiq
etməklə (burada yeni innovasiya daha məhsuldar cinslərin
saxlanılması, saxlanma şəraitinin və yemləmənin
yüksək standartlara cavab verməsidir) daha az
sayda heyvandan daha çox məhsul və həm də daha
çox gəlir qazana bilər.
Azərbaycanda son 21
ilin təcrübəsi göstərir ki, yeni innovasiyaların
tətbiqini sahibkarların seçiminə buraxmaq olmaz.
Vaxt gedir, ötən müddət daha böyük torpaq sahəsinin
yararsız hala düşməsinə, əhalinin ərzaq təminatının
çətinləşməsinə səbəb ola bilər. Buna görə də
mütəxəssislər kooperativ təsərrüfatların
yaradılmasına dövlət dəstəyinin göstərilməsini
vacib hesab edir. Onların fikrincə, kənd
təsərrüfatı üzrə fəaliyyət göstərən
fərdi sahibkarlar da dövlət dəstəyinin
olmasını zəruri sayır.
Eyni zamanda dövlət
sahibkarlara verdiyi maliyyə dəstəyinin meyarlarında dəyişiklik
etməlidir. Hazırkı şərtlərdə
dövlət əkilən hər torpaq sahəsinə görə
sahibkara 40 manat subsidiya ayırır. Buğda
əkinində bu məbləğ 80 manatdır. Amma təcrübə göstərir ki, bu cür
subsidiyalaşma siyasəti sahibkarları innovasiyaların tətbiqinə
stimullaşdırmır. Mütəxəssislər
subsidiya ayrılan zaman üstün texnologiyalardan istifadəyə
xüsusi diqqət ayrılmasını tövsiyə edir.
Məsələn, Türkiyədə əkin
sahəsini damçı və ya yağış yağdırma
üsulu ilə suvarmayan sahibkar subsidiya ala bilmir. Dövlət orada qabaqcıl texnologiyalardan istifadə
məqsədilə sahibkara dəstək də verir. Eyni təcrübədən Azərbaycanın da
istifadə etməsi tövsiyə edilir.
"Hesab edirəm
ki, Azərbaycanda aqrar sahədə vahid innovasiya siyasəti
yürüdülməli, bu məqsədlə Milli Məclisdə
"İnnovasiya haqqında" qanun qəbul edilməlidir.
Qəbul ediləcək qanun, proqram və qərarlar innovasiya
sahibkarlığının inkişafına təkan verməklə
yanaşı, eyni zamanda yeni iş yerlərinin
açılmasını (biznes inkubatorları,
texnoparkların, və s. yaradılması) da təmin edə
bilər". Bu fikirlərin müəllifi isə
Milli Məclisin keçmiş deputatı Gülhüseyn
Əhmədovdur. Aqrar sahədə
innovasiya problemləri ilə bağlı məqaləsində
G.Əhmədov qeyd edir ki, hər bir ölkədə aqrar
sektorda həyata keçirilən innovasiya siyasəti -
elmi-texniki istiqamətlərin düzgün seçilməsi, zəruri
iqtisadi şəraitin, o cümlədən kənd təsərrüfatına
maliyyə dəstəyinin mövcud olması ilə şərtlənir.
Onun fikrincə, aqrar sektorda innovasiya sistemi maddi-texniki
resursların mövcudluğu və elmi-texniki potensialla müəyyənləşir.
İnnovasiya siyasətinin məqsədi məhsulun
rentabelli istehsalı, makrosəviyyədə isə innovasiya fəallığının
artırılması üçün şəraitin
yaradılması, elmi mexanizmlərin formalaşdırılmasından
ibarətdir. Məhz həmin mexanizmlərin
köməyi ilə istehsalın təşkilati, iqtisadi,
texniki və texnoloci yeniləşdirilməsi prosesi həyata
keçirilir.
O bildirir ki, innovasiya fəaliyyətinin
səviyyəsi kadrların təhsilindən, texniki-texnoloji
hazırlıq səviyyəsindən, baza ixtisasının
mövcud olub-olmamasından asılıdır. Bu
amil innovasiyanın qavranılmasını və istehsalatda onun
istifadəsindən gözlənilən səmərənin əvvəlcədən
qiymətləndirilməsini təmin edir. Bazar
iqtisadiyyatı şəraitində çoxukladlı kənd təsərrüfatının
səmərəliliyi mütəxəssislərin
hazırlıq səviyyəsindən və işgüzar
keyfiyyətlərindən asılıdır. İstehsalın təkmilləşdirilməsi,
sahibkarlıq, menecment, marketinq və qiymətyaratma, vergitutma və
maliyyə-kredit təminatı, xarici iqtisadi fəaliyyətin əsasları,
habelə hüquq məsələlərinə dair biliklərin
mənimsənilməsi praktik mütəxəssis və rəhbər
işçi üçün zəruri keyfiyyətlərdir.
Kadr ehtiyatlarının zəruri keyfiyyət dəyişiklikləri
aqrar sahə mütəxəssislərinin
hazırlanmasını, əmək bazarında vəziyyətin
dəyişməsi ilə əlaqədar təkrar
hazırlıq və ixtisas səviyyəsinin
artırılması sisteminin təkmilləşdirilməsini
nəzərdə tutur. Bu sistem işçinin bazar
konyunkturunun dəyişməsi şəraitində peşəkarlıq
baxımından səriştəli və mobil, lazım gəldikdə
qısa müddətdə başqa peşə öyrənməyə
hazır, informasiya axınından baş çıxara bilən,
innovasiyaları qavramağı, daim öz ixtisas səviyyəsini
artırmağı bacaran vəziyyətdə olmasına imkan
verən biliklər həcmində fundamental baza təhsili almaq
konsepsiyasını əsas götürməlidir.
G.Əhmədovun qənaətincə,
araşdırma və təhlillər göstərir ki, kənddə
azad sahibkarlığı inkişaf etdirmək, istehsal vasitələri
və torpaq üzərində sahibkarlıq hissini yaratmaq, sərbəst
mütərəqqi təsərrüfatçılıq
üsullarına keçmək, yeni mülkiyyət münasibətlərini
formalaşdırmaq, torpaqdan, texnikadan, sudan və sair maddi
ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə
məhsul istehsalını artırmaq mümkündür. Bütün bu məqsədlərin uğurla
gerçəkləşdirilməsində isə, ilk növbədə
aqrar elm öz sözünü deməlidir. Eyni zamanda, bu sahənin mütəxəssisləri Azərbaycan
vətəndaşlarının gələcəkdə ərzaq
məhsullarına tələbatının elmi
proqnozlarını irəli sürməli, istehsal prosesinin
effektivliyini artırmağa xidmət edən, təcrübədə
özünü doğruldan yeni metodlar üzərində
işləməlidirlər. Bir sözlə,
aqrar sahədə effektiv və əsaslandırılmış
elmi proqnozların irəli sürülməsi Azərbaycanın
ərzaq təhlükəsizliyinin etibarlı təminatı
baxımından son dərəcə vacib və aktual məsələdir.
Vasif CƏFƏROV
Ekspress.-2012.-18 dekabr.-
S.-9.