"Azərbaycan və tərəfdaşları"

Vaşinqtonda keçirilən konfransda Obama administrasiyası Qarabağ münaqişəsinə diqqəti artırmağa çağırıldı

 

Ceymstaun Analitik Fondunun təşkilatçılığı ilə Vaşinqtonda "Azərbaycan və onun regional, AvropaTranslantik tərəfdaşları" mövzusunda konfrans keçirilib.

   Konfransda ABŞ-Azərbaycan strateji tərəfdaşlığı, ABŞ-ın TransXəzər regionunda siyasəti, Azərbaycanın region ölkələri ilə münasibətləri və beynəlxalq əlaqələri, Dağlıq Qarabağ münaqişəsinin həll olmamasının regional təsirləri kimi geniş mövzular müzakirə olunub. Tədbirdə ABŞ-ın Cənubi Qafqaz regionunda siyasətinin keçmişi və gələcəyi mövzusunda Amerikanın Bakıdakı keçmiş səfiri, Tallində Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza məruzə ilə çıxış edib.

   Brayza Azərbaycan-Amerika münasibətlərinin gələcək perspektivləri, ABŞ-ın Azərbaycanda strateji maraqları və Daqlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda "dinamik gənclər" varonlar beynəlxalq şirkətlərdə, enerji, telekommunikasiya sektorunda işləmək kimi imkanlarının olduğunu bilir və etirazlarını küçələrdə bildirmək üçün bu imkanlardan imtina edib-etməməyi düşünürlər: "Fikrimcə, "ərəb baharı" dövrü etiraz dalğasının böyüməsinin qarşısını saxlayan da məhz həmin bu hesablamalar olub. Lakin buvaxta kimi belə davam edəcək?" ("Amerikanın səsi").

   ABŞ-ın regionda strateji maraqlarından danışan Brayza qeyd edib ki, indiyə qədər bunun təhlükəsizlik, demokratik islahatlarenerji kimi üç istiqamətə yönəldiyi qəbul edilirdi. Onun sözlərinə görə, enerji hər zaman başlıca prioritet kimi götürülsə də, indi regionda iqtisadiyyatın dinamik inkişafı diqqətin məhz bu sahəyə yönəlməsini tələb edir. O, Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlıq münasibətlərinin Əfqanıstanda maraqlar üzərində qurulmasına çalışdığını qeyd edib. Brayzanın bildirdiyinə görə, bu təhlükəsizlik dəhlizinin indi kommersial dəhlizə çevrilməsi prosesi gedir.

   Brayza Rusiyadan elektrik enerjisi alan müharibədən sonrakı Azərbaycanı bugünkü yüksələn xətt üzrə inkişaf edən, artıq dünyanın iri neft-qaz ixracatçılarından birinə çevrilən ölkə ilə müqayisə edib: "Bu, qısa müddət ərzində baş verən heyrətamiz dəyişiklikdir".

   O vurğulayıb ki, ABŞ bu ölkə ilə hökuməti demokratik islahatlarkorrupsiya ilə mübarizə sahəsində təcrübəsini bölüşərək böyük həcmdə görüb. Amerikalı diplomatın fikrincə, ölkə hələ Qərb və ya Avropa standartlarına çatmayıb, lakin düzgün istiqamətdə irəliləyir.

   ATƏT-in Minsk qrupunun keçmiş həmsədri olan Metyu Brayza regionun inkişafı qarşısında ən böyük maneənin Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər nizamlanmaması olduğunu qeyd edib. O, Azərbaycanın xüsusilə aqrar sahədə iqtisadi diversifikasiya imkanlarının məhdudlaşdırılmasını göstərərək, münaqişənin həll olmamasının təhlükəsizliklə yanaşı, iqtisadiyyata vurduğu zərərin ölçülməz olduğunu bildirib. Minsk qrupunun fəaliyyətindən danışan Brayza qrupun münaqişənin nizamlanmasında əsaslı dönüş yarada bilmədiyini etiraf edib, lakin o bütünlükdə danışıqlar prosesinin müsbət bir təcrübə olduğunu deyib.

   APA-nın Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, müzakirələrdə Azərbaycanı təmsil etmiş, Vaşinqtondakı səfirliyimizin müşaviri Nərgiz Qurbanova ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq barədə tədbir iştirakçılarını məlumatlandırıb və iki ölkə arasında konkret olaraq təhlükəsizlik, iqtisadiyyat və demokratikləşdirmə sahələrində qarşılıqlı maraqlara söykənən əməkdaşlıqdan bəhs edib.

   Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rola həsr edilmiş birinci paneldə həmçinin Ceymstaun Fondunun tədqiqatçısı Vladimir Sokor, ABŞ Dövlət Departamentinin Enerji ehtiyatları üzrə məsul əməkdaşı Daniel Ştayn və Böyük Britaniyanın BP şirkətinin Vaşinqtondakı təmsilçisi Qreq Sonders çıxış etiblər. Bu bölümdə Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına açılan enerji infrastrukturlarının ərsəyə gətirilməsində Azərbaycanın qətiyyətli mövqeyi və həmin layihələrin iqtisadi dəyər ilə yanaşı malik olduğu geosiyasi əhəmiyyəti vurğulanıb. Natiqlərin təqdimatlarında TANAP qaz kəmərinin gerçəkləşdirilməsi sahəsində qət olunmuş yol və qarşıda dayanan fəaliyyətlər haqqında məlumat verilib və Azərbaycan qazının Avropa bazarına çıxarılmasının təqdim etdiyi imkanlar və xüsusilə Avropa qaz təchizatının diversifikasiyasına verəcəyi töhfəyə istinad olunub. Eyni zamanda TransXəzər qaz kəməri layihəsi ilə bağlı AB-nin iştirakı ilə aparılan üçtərəfli danışıqlar və onun gələcək perspektivlərindən söz açılıb.

   Con Hopkins Universiteti nəzdində Mərkəzi Asiya və Xəzər İnstitutunun rəhbəri Frederik Starın moderatorluq etdiyi ikinci paneldə ABŞ dövlət katibi yardımçısının müavini olmuş Devid Merkel Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bəyan edib və xarici siyasət sahəsində ABŞ-ı məşğul edən beynəlxalq hadisə və proseslərin çoxluğuna baxmayaraq, cari administrasiyanı Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsini diqqət mərkəzində saxlamağa çağırıb: "Dağlıq Qarabağ münaqişəsi Prezident Obama administrasiyasının "yenidən yüklənmə" siyasətindən səmərəli istifadə edə biləcəyi sahələrdən biridir".

   Brayza Merkelin yüksək səviyyədə müdaxilənin zəruriliyi haqqında rəyini dəstəkləyərək qeyd edib ki, regionun "təcili problemlər"inin həllində iştirakın demokratik administrasiya tərəfindən həyata keçirilməsi mütləq deyil: "Bunu respublikaçı siyasətçilər də edə bilərlər".

   Tədqiqatçılar üçün Vudro Vilson Beynəlxalq Mərkəzindən Aleksandros Petersen Azərbaycan və Türkiyə arasında mövcud strateji tərəfdaşlığa dair fikirlərini iştirakçılarla bölüşüb.

 

  

E.Mirzə

 

Ekspress.-2012.- 19 dekabr.- 11.