Mir Cəfər Bağırov və Ağasəlim Atakişiyev

 

               Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

   Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

   Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.

   Mir Cəfər Bağırovun ən yaxın silahdaşlarından biri general-mayor Ağasəlim İbrahim oğlu Atakişiyev haqqında nə bilirik? Bu suala cavab axtarışında yenə də Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivinə üz tutdum. Əvvəlcə arxiv binasının üçüncü mərtəbəsinə - kitabxanasına qalxdım, əllinci illərin dövrü mətbuatını nəzərdən keçirdim. "Kommunist" qəzetinin 1950-ci il yanvar-mart tarixli səhifələrində onun adını, fotoşəklini gördüm, haqqında yazılanları oxudum. Siz də tanış olun.

   "Kommunist" qəzetinin 1950-ci il 10 yanvar tarixli sayının birinci səhifəsində SSRİ Ali Sovetinə seçkilər keçirilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı dərc edilmişdir. İttifaq Parlamentinin sədri N.Şvernikkatibi A.Qorkin yoldaşların imzaladıqları fərmanla seçkilər 1950-ci ilin martın 12-si bazar gününə təyin edilmişdir. Qəzetin həmin il fevral ayında çıxmış saylarında Azərbaycanın hər yerində keçirilən seçkiqabağı yığıncaqları barədə məlumatlar dərc olunmuşdur. Yazılanlardan bəlli olur ki, üçüncü çağırış SSRİ Ali Sovetinə deputatlığa namizədlər arasında Ağasəlim Atakişiyev də vardır. Naxçıvan şəhər seçki dairəsindən xəbər verilir ki, Naxçıvan müəllimlər institutunun müəllim və tələbələrinin seçkiqabağı yığıncağında Ağasəlim İbrahim oğlu Atakişiyev Millətlər Sovetinə deputatlığa namizəd göstərilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan müəllimlər institutunda yığıncaqda iştirak edən 300 nəfərdən çox müəllim və tələbə adından çıxış edən Məmməd Məmmədov demişdir: "Azərbaycan SSR Dövlət Təhlükəsizliyi nazirinin müavini Atakişiyev yoldaşı Naxçıvan respublikasının zəhmətkeşləri yaxşı tanıyırlar. Onu biz SSRİ-nin ikinci çağırış Ali Sovetinə deputat seçmişik. O, bizim etimadımızı doğrultmuşdur".

   "Kommunist" qəzetinin 1 mart 1950-ci il (N43/8255) tarixli sayında deputatlığa namizəd Ağasəlim İbrahim oğlu Atakişiyevin fotoşəkli və qısa tərcümeyi-halı verilmişdir. İnternet səhifələrində A.İ.Atakişiyevin şəklinin və haqqında heç bir geniş yazının olmamasını nəzərə alaraq, 1950-ci ildə dərc olunmuş mətni olduğu kimi oxuculara çatdırıram: "Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 15 yaşından işləməyə başlamışdır. Atakişiyev yoldaş 1921-ci ildən Ümumrusiya Fövqəladə Komisyonu - Birləşmiş Təhlükəsizliyi Nazirliyi orqanlarında işləməkdədir. Vətənin sədaqətli oğlu olan Atakişiyev yoldaş bu illər ərzində məsul tapşırıqları yerinə yetirmiş, sosializm dövlətinin düşmənlərinə qarşı mübarizə etmişdir. Atakişiyev yoldaş 1931-ci ildə Lenin-Stalin partiyası sıralarına daxil olmuşdur. O zamandan etibarən Atakişiyev yoldaş partiyanın bütün tapşırıqlarını namusla yerinə yetirmişdir.

   Atakişiyev yoldaş 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 1941-ci ildə respublika xalq daxili işlər komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə işləyərkən milis orqanlarının bütün fəaliyyətini hərbi zamanın tələblərinə tabe etmək, Azərbaycanın şəhər və kəndlərində inqilabi qayda-qanunu təmin etmək sahəsində böyük təşkilatçılıq işi görmüşdür.

 

   1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Atakişiyev yoldaş Azərbaycan SSR Dövlət Təhlükəsizliyi xalq komissarının birinci müavini olmuşdur. Sonra o, N.Ordusunun hərbi soveti üzvü təyin edilmişdir. 1945-ci ildə ona general-mayor adı verilmişdir. Hazırda Atakişiyev yoldaş Azərbaycan SSR Dövlət Təhlükəsizliyi nazirinin müavinidir. Özünün məsul və şərəfli vəzifəsini namusla yerinə yetirməkdədir.

   Azərbaycan zəhmətkeşləri Atakişiyev yoldaşı ikinci çağırış SSRİ Ali Sovetinə deputat seçmişlər. Sovet hköuməti sosialist dövləti qarşısında böyük xidmətlərinə görə Atakişiyev yoldaşı Lenin ordeni, Qırmızı Bayraq Ordeni, iki dəfə I dərəcəli Vətən müharibəsi ordeni, "Şərəf Nişanı" ordeni, "Əmək igidliyinə görə", "Qafqazın müdafiəsi üçün" və "Almaniya üzərində qələbə üçün" medalları ilə təltif etmişdir.

   Naxçıvan şəhərinin zəhmətkeşləri öz seçkiqabağı yığıncaqlarında yenidən Ağasəlim İbrahim oğlu Atakişiyev yoldaşı Naxçıvan şəhər seçki dairəsindən Millətlər Sovetinə deputatlığa namizəd göstərmişlər".

   Lakin SSRİ parlamentinə deputatlığının üçüncü ilində, 1953-cü il iyun ayının 6-da peşəkar Azərbaycan çekisti və dövlət xadimi bütün imtiyazlarından və vəzifəsindən məhrum edilmişdir. Sovet rejiminin bütün cinayətləri iki türk oğlunun - Mir Cəfər Bağırovla Ağasəlim Atakişiyevin ayağına yazılmışdır. Mikoyan-Xruşşov cütlüyü Ağasəlim Atakişiyevdən sonra onun tutduğu vəzifəyə bir əcnəbini göndərmişdir - Anatoli Mixayloviç Quskovu. Azərbaycan xalqına və Azərbaycana yad olan Quskov kimdir? 1914-cü ildə Moskva şəhərində anadan olmuşdur. 1930-cu ilədək çilingər olmuş, İ.M.Qubkin adına Neft İnstitutunu bitirmiş, 1939-cu ildə SSRİ Xalq Daxili İşlər orqanlarında xidmətə götürülmüşdür. 1945-ci ildə polkovnik rütbəsi almışdır. 1953-cü il avqustun 8-də Azərbaycan SSR daxili işlər naziri təyin edilərkən ona general-mayor rütbəsi verilmişdir. 1954-cü il may ayının 3-də Azərbaycan SSR Nazirlər Soveti yanında yeni yaranan Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilmişdir. Həmin ilin mart ayında Azərbaycan SSR-dən SSRİ Ali Sovetinə deputat seçilmişdir.

   Quskovdan sonra, 1954-cü il aprelin 30-dan 1956-cı il iyulun 10-dək Azərbaycan SSR daxili işlər naziri olmuş Bulıqa burada, Azərbaycanda necə peyda olmuşdur? Andrey Yevstafayeviç Bulıqa 1902-ci ildə Ukraynanın Poltava vilayətinin Kanavi kəndində doğulmuşdur. 1923-cü ildə hərbi piyada məktəbinə qəbul edilmiş, 1926-cı ildən 1941-ci ilədək sərhəd qoşunlarında xidmət etmişdir. Müharibə illərində Şimal-qərb, Kalinin, Şimali Qafqaz, İkinci Ukrayna cəbhələrində, Rumıniya, Macarıstan, Avstriya ərazilərindəki döyüşlərdə olmuşdur. Müharibədən sonra Bulıqa Ukrayna SSR daxili işlər orqanlarında, əvvəlcə Ternopol, sonra Xarkovda çalışmışdır... Bulıqanı "AvropaUkrayna səyahətindən" 1953-cü ildə Kreml başçıları ayıraraq, Mir Cəfər Bağırov və Ağasəlim Atakişiyevə qarşı saxtakarlıq oyunlarına cəlb etmişlər. Ukraynanın Kanavi kəndli balası Bakıda əvvəlcə Sərhəd Qoşunları Dairəsi rəisi, sonra daxili işlər naziri, dövlət təhlükəsizliyi komitəsi sədri işləmişdir. Azərbaycan KP MK Bürosunun üzvü seçilmişdir.

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində üzərində "Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komiteti" yazılmış blankda 1954-cü il aprel ayının 16-da Dövlət Təhlükəsizliyi Komitəsinin sədri A.M.Quskovun imzası ilə Azərbaycan KP MK katibi İ.D.Mustafayev yoldaşa "tam məxfi" məktubu saxlanılır. Məktuba əlavə edilmiş arayışlarda Ağasəlim İbrahim oğlu Atakişiyevin "cinayətkar" fəaliyyətindən bəhs olunur. 1954-cü il martın 23-də Azərbaycan KP Ağstafa rayon komitəsinin katibi Xasməmmədov (adı göstərilməmişdir - T.Q.) 1951-ci ildə baş verənləri belə qələmə alır: "Azərbaycan SSR DİN müavini general Atakişiyev 1951-ci ilin axırlarında Mərkəzi Komitənin təhkimçisi sifəti ilə Ağstafa rayonuna gələrək, 4-5 aya qədər burada bir qrup işçilər ilə aparmışdır. Həmin işin nəticəsi bundan ibarət olmuşdur ki, bu müddətdə rayonda müxtəlif əsassız səbəblər üzündən 74 nəfərə qədər adam günahlandırılaraq həbs edilmişdir. O cümlədən Muğanoı kəndindəki kolxozdan 16 nəfər, Stalin adına kolxozdan 18 nəfər, "İskra" kolxozundan 17 nəfər və nəhayət, bu rayonda olan vəhşi heyvanlar sovxozundan 21 nəfər məsuliyyətə alınmışdır. Hansı ki, onlardan 53 nəfərə qədəri bir az keçəndən sonra bəraət qazanmış və həbsdən azad edilmişdir. Məsuliyyətə alınmış həmin şəxslərin əksəriyyəti kolxoz rəhbər kadrlarından, heyvandarlıq ferma işçilərindən, mütəxəssislərdən və hətta rayornun rəhbər işçilərindən ibarət olmuşdur. Buna misal, aşağıdakı faktları göstərmək olar:

   1. Ağstafa rayon ZDS icraiyyə komitəsinin sadiq sədri Allahverdiyev Allahverdi 1938-ci ildən partiya üzvü, 10 ildən artıq müəllim stajına malik, 12 ilə qədər rayon partiya - sovet rəhbər işlərində işləmiş, raykomun plenumbüro üzvü, rayon, şəhər, həmçinin Azərbaycan SSR Ali Sovetinin deputatı olmaqla, işlədiyi 23 il müddətində heç bir cəza almamış olduğu halda, 1952-ci il yanvar ayının 1-də məhkəmə məsuliyyətinə cəlb edilərək, ona 5 il həbs cəzası kəsilmiş, 2 il səsdən məhrum edilməklə, evi 50 faiz müsadirə olunmuşdur. Lakin 1,5 il yatdıqdan sonra, yəni 1953-cü il mayın 1-də həbsdən azad edilərək buraxılmışdır.

   2. Stalin adına kolxozun sabiq sədri Qurbanov Mustafa və sabiq müsahibi Səmədov daxil olmaqla maldar işçilərdən ibarət 18 nəfər həbs edilmiş və bir ilə qədər yatdıqdan sonra hamısı bəraət qazanaraq buraxılmışdır və s.

   3. Ağstafa rayonunun Muğanlı kəndindəki kolxozun sabiq sədri, 19 illik kolxoz sədrliyi stajına malik Tağıyev Həmid Əsgər oğlu general Atakişiyev və onunla bərabər bu rayona gəlmiş Azərbaycan SSR Respublika prokurorunun sabiq köməkçisi Quliyev tərəfindən 1951-ci ilin noyabrında rayondan götürülmüş, mərkəzdən gəlmiş 48 adam və 8 avtomaşın vasitəsilə gecə vaxtı qəflətən malqarası, əmlakı müsadirəyə alınaraq sayılmış, bununla da kolxoz sədri özü və ondan əlavə 13 nəfər ferma işçiləri tutularaq məsuliyyətə alınmışlar.

   Beləliklə də, 2-3 ayda kolxozun malqarası sahibsiz qaldığından bu müddətdə o kolxozda 148 baş qaramal və 925 başa qədər qoyun tələf olmuşdur. Bunun nəticəsində qabaqlar milyoner olan bu kolxoz ondan sonra təsərrüfatca xeyli ağır vəziyyətə düşmüşdür.

   4. Belə bir faktı da göstərmək çox maraqlıdır ki, general Atakişiyev Ağstafada olarkən, Dakəsəmən kəndində yaşayan Yusubov Meydanalı adlı bir vətəndaş özünün şəxsi mülkiyyətində olan bir baş camışı Ermənistandan gəlmiş bir nəfərə açıq surətdə satmış olduğu zamanda onu aparmaq üçün avtomaşına mindirildikdə, o momentdə yoldan keçən general Atakişiyevə rast gəlmişdir. Atakişiyev tərəfindən bu qanunauyğunsuz və cinayət hesab edilərək, fotoqraf vasitəsilə avtomaşında olan camış və eyni zmanda yol kənarında otlamaqda olan iki baş inəyin şəkli çəkilərək, bu üzərində 6 nəfər vətəndaş hər biri 12-15 ilə qədər həbs cəzasına məhkum edilmiş, fotoşəkil isə əşyayi-dəlil kimi Mərkəzi Komitəyə göndərilmişdir. Avtomaşında tutulan camışın sahibi Ədil və partiyanın üzvü Meydanalı Yusubov həbsdə vəfat etmişdir. Şübhəsiz ki, belə hallar o zaman Ermənistanda yaşayan vətəndaşlar ilə Azərbaycanda yaşayan müəyyən vətəndaşların arasındakı münasibətə də xeyli dərəcədə pis təsir bağışlamış oldu və şübhəsiz ki, o zaman general Atakişiyevonun qruppası tərəfindən bu qədər adamın - kolxoz başçılarının, rayon işçilərinin və mütəxəssislərin haqsız olaraq məsuliyyətə alınması və korlanması kolxozların ictimai təsərrüfatına xeyli zərər vurmaqla, eyni zamanda əməkçilərin də müəyyən narazılığına səbəb olmaya bilməzdi. Buna bir fakt olaraq, o hadisədən sonra Muğanlı kədindəki kolxozçuların tərəfindən yuxarı təşkilatlara dəfələrlə yazılmış kollektiv ərizə və məktubları göstərmək olar.

 

                                                                                                                   Əvvəli ardı var

Teyyub Qurban

Ekspress.-2012.- 22-24 dekabr.-S.-15.