Sahibkarlar elektron
ticarətə maraq göstərmir
Azad
sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
2012-ci ilin üçüncü rübünün məlumatına görə, ölkəmizdə 477 min sahibkar var. Ən çox sahibkarın fəaliyyət göstərdiyi sahə isə ticarətdir. Hüquqi şəxs statusu ilə fə-aliyyət göstərən sahibkarların 27 faizi, fiziki şəxslərin 41 faizi ticarətlə məşğul olur.
Sahibkarlar arasında ticarətə meyllilik yalnız Azərbaycanda müşahidə edilən hal deyil. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrində ticarəti özünə fəaliyyət sahəsi seçən sahibkarların sayı çox olur. Formaca dünyada ticarət və onunla bağlı sahibkarlığın inkişafı prosesi ölkəmizdə baş versə də inkişaf xüsusiyyətlərinə görə ciddi fərliliklər hələ də qalır. Daha konkret desək, dünyanın qabaqcıl ölkələrində sahibkarlar ticarət zamanı ən üstün informasiya texnologiyalardan istifadə etdiyi halda Azərbaycanda biz bunu görmürük. ABŞ-da istehlakçıların 75%-i, Avropa ölkələrində isə 60%-i ən azı bir dəfə elektron vasitələridən istifadə etməklə ticarəti həyata keçirir.
Dünyada
15 ildən çoxdur ki, ticarətin bu forması ildən-ilə
sürətlə inkişaf etdirildiyi halda Azərbaycanda sahənin
inkişafı yalnız addımlamaqdan ibarətdir. 2001-ci ilin məlumatına
görə, dünyada elektron ticarətin həcmi 61 milyard
dollar olub. 2007-ci ildə onun həcmi 233 milyard dollara 2011-ci ildə 681 milyard
dollara yüksəlib. On il ərzində
elektron ticarətin həcmi 10 dəfədən çox
artıb. İnvesp.com agentliyinin proqnozuna əsasən, elektron
ticarətin qlobal həcmi 2015-ci ilin sonunda 1,5
trilyon dolları ötəcək.
Azərbaycanda isə
İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə,
2012-ci ilin 9 ayında elektron ticarətin həcmi 1,036 milyon
manat təşkil edib. Ölkə ərazisində
32 hüquqi və fiziki şəxs elektron ticarət fəaliyyəti
göstərir. Elektron ticarət üzrə istehlak
mallarının satışının 80,9%-i hüquqi şəxslərin,
19,1%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
göstərən fiziki şəxslərin ticarət müəssisələrində
həyata keçirilib. Elektron ticarət dövriyyəsinin 94,3%-ni qeyri-ərzaq, 5,7%-ni ərzaq
mallarının satışı təşkil edib.
Müqayisədən
aydın olur ki, Azərbaycan hələlik dünyada ticarətin
müasir formasının tətbiqi yarışında xeyli
geridə qalır. Halbuki, elektron ticarətin
inkişafı sahibkarlar sinifinin əksəriyyətini
formalaşdıran kiçik və orta sahibkarlar (KOS)
üçün büyük üstünlüklər
yaradır. 2011-ci ilin sonunda Azərbaycanda 440 min sahibkar
olub ki, onun da 224,8 mini və ya 51%-dən
çoxu KOS-dır.
Xarici ölkələrin
təcrübəsi göstərir ki, elektron ticarət
KOS-ların dünya ticarətində payının
artmasına köməklik edir. Elektron ticarət
potensial müötərilərin dünyanın hər yerində
satışa çıxarılan məhsullar haqqında məlumat
əldə etməsinə imkan verir. Həmçinin,
daha ucuz və keyfiyyətli məhsulların bazara daxil
olması istehsalçılar arasında rəqabətin
artmasına və büt"n ticarət əməliyyatlarının
xərcinin aşağı düşməsinə kömək
edir. Elektron ticarət həm alıcı,
həm də satıcı üçün bazarı
yaxınlaşdırır, seçim imkanlarını
artırır və yeni satıcılar haqqında məlumatın
daha qısa mıddətdə yayılmasına şərait
yaradır.
KOS-lar adətən
bazarla əlaqələrin zəifliyi, məlumat
azlığı səbəbindən tələbə
uyğun məhsul istehsalında çətinlik çəkirlər.
Elektron ticarət isə KOS-ların ənənəvi
problemlərdən xilas olmasına xidmət edir.
Bu
üstünlüklərini nəzərə alaraq ölkəmizdə
də elektron ticarətin genişləndirilməsi, sadələşdirilməsi
istiqamətində işlər gücləndirilməlidir.
Azərbaycanda 2003-cü ildən bəri
"elektron Azərbaycan" layihəsinin həyata
keçirilməsi istiqamətində çox ciddi işlər
görülüb. Son 8-9 ildə görülən tədbirlər
sayəsində artıq hər bir insan informasiya
texnologiyalarını öz gündəlik həyatında
aydın şəkildə hiss etməkdədir. İnternet
istifadəçilərinin sayının artmasında və
internetin sürətinin yaxşılaşmasında ciddi
dönüşə nail olunub, xidmət sektorunun bütün
bölmələrində elektron fəaliyyət gücləndirilib.
Lakin belə bir şəraitdə elektron ticarətin
inkişafı ləng gedir. Öncə də
vurğuladığımız kimi halbuki bu formada ticarət
sahibkarlara daha çox lazım olan, faydalı ticarət
formasıdır.
Azərbaycanda Elektron
ticarət haqqında Qanun var. 2005-ci ildə qəbul edilən
qanun elektron ticarətin təşkili və həyata
keçirilməsinin hüquqi əsaslarını, onun
iştirakçılarının hüquq və vəzifələrini,
habelə elektron ticarət haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyəti müəyyən
edir. Bu qanunun qəbulundan sonra müəyyən
sənədlər də qəbul olunub. Lakin
bu qanunvericilik o qədər də təkmil deyil və
yaxşı işləmir. Qanunda müəyyən
problemlər var. Birinci problem vergilərlə
bağlıdır. Elektron ticarətlə
məşğul olmaq istəyən şəxs ticarətin bu
formasına görə vergilərin necə tənzimləndiyini
bilmir. Elektron ticarətdə vergi məsələsi
qeyri-müəyyənliyini qoruyur. Mütəxəsislərin
fikrincə, sərmayədarlar qeyri-müəyyənliyi nəzərə
alaraq elektron ticarətin inkişafına investisiya
qoyulmasını riskli hesab edir.
Elektron ticarət yeni
vərdişlər olduğundan və onun inkişafı zərurəti
yarandığından bu sahədə müəyyən
güzəştlərin olması vacidbir. Qanunda
bu güzəştlər yoxdur. Amma
inkişaf etmiş ölkələrdə bu sahələrin təşəkkül
tapdığı vaxtlarda onlara müəyyən güzəştlər
tətbiq olunub. Güzəştlərin
olacağı təqdirdə elektron ticarəein dövriyyəsi
sürətlə arta bilər.
İnternet forumunun prezidenti Osman
Gündüzün mətbuata verdiyi açıqlamalarına
görə, sahibkarların elektron ticarətlə məşğul
ola bilməsi üçün tələb
edilən hüquqi prosedurlar asandır. Onun
fikrincə, elektron ticarətlə bağlı problem
satış prosesi və vergi ilə bağlıdır. Digər mühüm maneə məlumatsızlıqdır.
"Məsələn, məndən dəfələrlə
soruşurlar ki, elektron ticarətə keçməklə mənim
nə xeyrim olacaq" Onlar bilmirlər ki, bu sahəyə
yönəlməklə daha çox qazanc əldə edə
bilərlər. Burda məlumatsızlıq
böyük rol oynayır. İkincisi, bu
marketlərin, kopesitilərin qurulması ilə
bağlıdır. Bu sahə ilə
bağlı hələ inkişaf gedir, peşəkarlar
azdır" deyən O.Gündüz bildirir ki, Azərbaycanda
elektron ticarəti qurub yaradan peşəkarlar azdır. Buna görə də o hesab edir ki, dövlət
qurumları bu sahədə sahibkarlara, investorlara məlumat vermək,
məlumatlandırmaq, həmçinin də, bu sahənin
peşəkarlarını yetirşdirməklə məşğul
olmalıdır. Dövlət bu sahəni
inkişaf etdirmək üçün ciddi işlər
görməlidir.
O.Gündüz əmindir
ki, yaxin gələcəkdə Azərbaycanda ən inkişaf
edən sektorlardan biri elektron ticarət olacaq. O deyir ki,
son illərdə internet vasitəsilə satış edən
firmaların sayında da ciddi bir artım var. Bu firmaların
bazarda yeni olmalarına baxmayaraq müəyyən bir yol qət
ediblər.
İqtisadçı Vüqar Bayramov hesab edir ki,
elektron ticarətlə məşğul olan şirkətlər
əlavə dəyər vergisindən azad olunmalıdırlar.
Elektron ticarət xidməti göstərən
şirkətlər əlavə dəyər vergisindən azad
olsalar, bu onlara stimul verəcək ki, təklif etdikləri məhsulların
qiyməti daha aşağı olsun. Həmçinin
onlar bununla daha çox alıcı cəlb etmək
imkanında olacaqlar.
V.Bayramovun sözlərinə
görə, istehlakçı üçün də müəyyən
çətinliklər var. Belə ki, alıcı elektron ticarətdən
istifadə etməklə hansısa məhsulu alırsa, həmin
məhsul isə keyfiyyətli deyilsə, onun geri
qaytarılması mexanizmi demək olar ki, yoxdur. Çünki elektron ticarətlə məşğul
olan həmin şirkətin konkret ofisi olmadığından,
onlar daha çox alqı-satqını internet vasitəsi ilə
həyata keçirdiklərindən malə geri qaytarmaq çətinliyi
yaranır. Onların tapılması,
malın geri qaytarılması və malın keyfiyyətsiz
olduğunun sübut edilməsi kifayət qədər
böyük vaxt aparır.
Qeyd edək ki, Azərbaycan
hökuməti tərəfindən elektron ticarətin
inkişafı məqsədilə müəyyən tədbirlə
görülür. Buna misal kimi www.b2b.az
"elektron ticarət" portalını göstərmək
olar. Azərbaycan prezidentinin 2008-ci ildə
təsdiqlədiyi "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət
Proqramı"nın həyata keçirilməsi üzrə
Tədbirlər Planında ölkədə "elektron ticarət"in
yaradılması sahəsində işlərin intensivləşdirilməsi
barədə İqtisadi İnkişaf Nazirliyinə
tapşırıq verilib.
Tapşırığın
icrasını təmin etmək üçün
sahibkarların, xüsusilə də kənd təsərrüfatı
məhsulları istehsalçılarının sərbəst
bazara çıxışının dəstəklənməsi
məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən
"elektron ticarət"lə bağlı veb portalı
yaradılıb. Portal Azərbaycanın ilk
elektron ticarət portalı olaraq "B2B" (business to
business) modeli əsasında qurulub. Məqsəd
yerli biznes nümayəndələri, onların istehsal etdikləri
məhsullar və göstərdiyi xidmətlər barədə
informasiyaların potensial alıcılara çatdırmaq yolu
ilə biznes əlaqələrin qurulmasını dəstəkləməkdən,
bazarlara sərbəst çıxışı təmin etməkdən
ibarətdir.
Portal, həmçinin
sahibkarlıq subyektlərinə dünya biznesinə asan
çıxış imkanının yaradılması
missiyasını yerinə yetirir. Portaldan istifadə edilməsi
iş adamlarına istehsal etdikləri məhsullar və
göstərdiyi xidmətlər barədə məlumatların
potensial alıcılara çatdırılması, biznes əlaqələrinin
genişləndirilməsi və bazarlara sərbəst
çıxış imkanlarını yaradır, bu məhsul
və xidmətlərə alıcıların olan tələbatı
barədə informasiyanı formalaşdırır. Müasir elektron informasiya mübadiləsi
texnologiyaları əsasında qurula "elektron ticarət"
portalı sahibkarlara istehsal etdikləri məhsullar/göstərdikləri
xidmətlər barədə məlumatları maraqlı tərəflərə
təqdim etməyə və məhsul/xidmət
alıcılarının tələbatları barədə
informasiyanı əldə etməyə imkan verir. "Elektron ticarət" (E-trade) portalı, eyni
zamanda istifadəçilərə satışla bağlı
məlumat dəstəyi də göstərir.
Hökumətin tədbirləri
bununla kifayətlənməməlidir. Sahibkarlar
arasında electron ticarətə marağı artırmaq məqsədilə
stimullaşdırıcı və onunla bərabər inzibati
xarakterli tədbirlərin görülməsi də vacibdir.
Vasif CƏFƏROV
Ekspress.-2012.-25 dekabr.-
S.-9.