Texnoparklar ölkə iqtisadiyyatına nə vəd edir?

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Azərbaycan dövlətinin son vaxtlar xüsusi iqtisadi zonalara olan münasibətindən görünür ki, hökumət bundan sonra sənaye parklarına və texnoparkların yaradılmasına daha çox üstünlük verəcək. Xüsusi iqtisadi zonaların digər formalarında olduğu kimi burada da sahibkarlığın inkişafına zəmin olur.

   Həm park ərazisində yerləşən, həm də parkla əlaqəsi olan kənar müəssisələrin inkişafına bu strukturlar öz faydasını verir. Bundan əlavə sənaye və texnologiyalar parklarının xüsusiyyətindən irəli gələrək burada müəyyən sahələr üzrə işləyən müəssisələrin ixtisaslaşması artır ki, bu da onların rəqabət qabiliyyətini yüksəldir.

   Artıq Azərbaycanda 2 sənaye parkı və 3 texnoparkın təsis edilməsi işi həyata keçirilir. Lakin dövlət səviyyəsində göstərilən münasibətdən aydın hiss edilir ki, texnoparklar daha yaxşı gələcək vəd etdiyindən hökumət məhz texnologiya parklarının yaradılmasını sürətləndirə bilər. Bunu bir neçə gün öncə təməli qoyulan Balaxanı texnologiya parkının təməlatma mərasimində prezident İlham Əliyevin bildirdikləri də təsdiqləyir. Prezident qeyd etdi ki, texnologiya parklarının bundan sonrakı uğurlu fəaliyyəti üçün əlavə tədbirlər paketi hazırlanır. "Bu məsələnin qanunvericilik bazası hazırlanır və yaxın zamanlarda dövlət texnoloji parkların daha səmərəli fəaliyyət göstərməsi üçün əlavə güzəştlər paketi təklif edəcəkdir" deyən dövlət başçısı Sumqayıtda, Balaxanıda, Qaradağ rayonunda və digər yerlərdə böyük sənaye komplekslərinin yaradılacağını söylədi. Prezident əlavə etdi ki, texnologiya parklarının ixtisaslaşması prosesi artıq müəyyən edilib - yüksək Texnologiya Parkı, Kimya Texnologiya Parkı və Balaxanı Texnologiya Parkı. "Hər biri öz sahəsini əhatə edirbu parklarda yeni yaradılacaq müəssisələr ölkəmizin sənaye potensialının güclənməsinə xidmət göstərəcək. Əsas məqsədimiz sənaye istehsalını artırmaq, neft amilindən asılılığı azaltmaqqeyri-neft sektorunu inkişaf etdirməkdir" söyləyən İ.Əliyev ölkədə yaradılan sənaye və texnologiyalar parklarında fəaliyyət göstərən şirkətlərə vergi tətilləri veriləcəyini vurğuladı.

   Güzəştlərin artıq ilk əlamətləri görünür. Milli Məclisin ötən həftə keçirilən iclacında Vergilər Məcəlləsinə edilən 130 əlavə və dəyişikliyin bir hissəsi sənaye və texnologiya parklarına aid idi. Yeniliyə əsasən, ölkədə yaradılan sənaye və texnologiya parklarının idarəedici təşkilatı və ya operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi vergidən azad ediləcək. Bundan başqa, parkın rezidenti olan, yəni burada fəaliyyət göstərən hüquqi şəxslərin parkdakı fəaliyyətindən əldə edilən gəlirlər 7 il müddətinə vergiyə cəlb edilməyəcək.

   Dünya iqtisadiyyatında texnoparklar innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilir. Milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında və rəqabətqabiliyyətli olmasında texnoparkların böyük rolu var. ABŞ-ın, Hindistanın, Çinins. ölkələrin informasiya kommunikasiya sektorunun sürətlə inkişafında texnoparklar əsas rollardan birini oynayıb. Bir qayda olaraq texnoparkların yaradılmasının təşəbbüskarları dövlətin iştirakı ilə yerli hökumət orqanları olub. Texnopark strukturlarının yaradılmasına lazım olan vəsaitin 75%-dən çoxunu dövlət verir. Dünya təcrübəsi göstərir ki, texnoparkların yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması, dövlət dəstəyi, vergigömrük güzəştləri, kadr hazırlığı kimi bir sıra şərtlərin yerinə yetirilməsi vacibdir. Hazırda dünyada inkişaf səviyyəsi müxtəlif olan ayrı-ayrı ölkələr də texnoparkların yaradılması və inkişaf etdirilməsi üçün yeni-yeni layihələr həyata keçirilir. Texnoparkların yaradılması həmin ölkədə müəyyən sahələrin sıçrayışlı inkişafına səbəb olur.

   Texnoparklar ilk dəfə 1950-ci illərdə ABŞ-da, daha sonra 1970-ci illərdə FransaBelçikada təsis edilibdaha sonra bütün ölkələrə yayılıb. Sovet dönəmində də texnoparklar olub. 1990-cı ildə Rusiyada, 1991-ciildə Özbəkistanda texnopark təsis olunub. İlk dəfə 1990-cı ildə Rusiya Federasiyasında (RF) "Tomsk elmi texnoparkı" yaradılıb. Sonra onların yaradılması sürətləndi, 1990-cı ildə 2 texnopark, 1991-ci ildə 8, 1992-ci ildə 24, 1993-cü ildə 43, hal-hazırda texnoparkların sayı 80-dən çoxdur.

 

   Texnoparklar xüsusilə İKT sahəsində böyük uğurlar gətirib. Təsadüfi deyildir ki, tanınmış İKT şirkətlərinin 70-80%-i öz fəaliyyətinə texnoparklardan başlayıb.

   Bu təcrübəni nəzərə alaraq Azərbaycan prezidenti 2012-ci il noyabrın 5-də Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkının ("YT Park") yaradılması haqqında fərman verdi. "YT Park" informasiyakommunikasiya texnologiyaları, telekommunikasiyakosmos, enerci səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi olacaq.

   Azərbaycan Prezidentinin 4 may 2009-cu ildə təsdiq etdiyi Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyada qeyd edilir ki, qloballaşma dövründə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması çox zəruri məsələdir. Elmin inkişafı üzrə Milli Strategiyada innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparklar, texnoloci mərkəzlər, biznes inkubatorları şəbəkəsinin genişləndirilməsi də bir vəzifə kimi qarşıya qoyulub. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrasına dair tədbirlər planında isə 2009-2011-ci illərdə elmi-tədqiqat işlərinin istehsalata tətbiqini sürətləndirmək üçün texnoparkların yaradılmasına dair təkliflərin və müvafiq normativ-hüquqi sənədlərin işlənilməsi Milli Elmlər Akademiyasına və digər əlaqədar nazirliklərə tapşırılır.

   Daha bir texnopark yenə də Sumqayıtda yaradılır. 2011-ci ilin sonunda imzalanan fərmana uyğun olaraq Sumqayıtda Kimya Sənaye Parkı yaradılır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri qurulacaq.

   Bu parkda "Azərikimya"nın istehsal etdiyi məhsullardan xammal kimi istifadə edən müəssisələr yaradılacaq və son məhsul istehsal ediləcək. Burada indiyə qədər Azərbaycanda istehsal olunmayan məhsulların istehsalını təşkil edən şirkətlərə bu parkda daha çox üstünlük veriləcək. Yeni etilen-propilen qurğusunun qurulması nəzərdə tutulur. Kanada texnologiyası ilə qurulan bu qurğu təxminən 80-100 milyon manata başa gələcək.

   Sadalanan iki texnoparka qədər isə Sumqayıt şəhərində Sumqayıt Texnologiyalar Parkı artıq yaradılıb. Bu parkda hazırda 10 istehsal müəssisə işləyir. Parkın birinci mərhələsi 2009-cu ilin sonunda işə düşüb.

   Postsovet məkanında bənzəri olmayan bu texnoparkın istismara verilməsi ölkəmizdə elektroenergetikanın inkişafına, onun mövcud potensialının daha da möhkəmləndirilməsinə, enerci müəssisələrinin yenidən qurulmasına və müasirləşdirilməsinə geniş imkanlar açır. Bu iqtisadi kompleksin işə düşməsi ilə Azərbaycanın energetika qurğuları yerli texniki avadanlıq və məhsullarla təchiz olunur. Bölgələrdəki təbii ehtiyatlardan istifadə etməklə ucuz və keyfiyyətli məhsul istehsalı qaydaya salınır. Daşıma xərclərinin və müddətinin azalması hesabına nəzərdə tutulan layihələr daha qısa müddətdə reallaşır və məhsulların maya dəyəri aşağı düşür. Bütün bunlar kompleksdə rəqabətə davamlı məhsulların ixracına geniş imkanlar açır.

   Sumqayıt Texnoparkında elektroenergetika sənayesi üçün məhsullar hazırlanır, zavodlar, sexlər və istehsal xətləri yaradılır. Texnoparkın birinci mərhələsi çərçivəsində müəssisələrin tikinti-quraşdırma işlərində 2300 nəfərdən çox işçi çalışıb. Müəssisə tam işə düşdükdən sonra burada 3 min nəfər, o cümlədən yüksək ixtisaslı mühəndislər daimi işlə təmin ediləcək.

   Təhlillər göstərir ki, texnoparkların yaradılması Azərbaycan iqtisadiyyatının daha sürətlə inkişaf etməsinə təkan verəcək və xarici ticarət əlaqələri xeyli genişlənəcək. Müasir dövrdə dünya iqtisadiyyatının biliklər, texnologiyalarinnovasiyalar əsasında formalaşması və inkişaf etdirilməsi prosesi davam etməkdədir. İnnovasiya adı altında yeni texnologiyalar, yeni məhsul və xidmət növləri, istehsalın, əməyin və idarəetmənin təşkili kimi yeniliklərdən istifadə başa düşülür. İnnovasiyanın yeniliyi, iqtisadi cəhətdən əsaslandırılmış olması, istehlakçıların tələblərini ödəməsi onun zəruri xüsusiyyətləri hesab olunur. Bütün innovasiya strukturlarının yeni növləri arasında elmi texnoloci parklar özünün çoxfunksionallığı, həll etdiyi məsələlərin müxtəlifliyi ilə seçilir.

 

   Texnoparkların yaradılmasının əsas məqsədləri biliklərin və ixtiraların texnologiyalara çevrilməsi, həmin texnologiyanın kommersiya məhsuluna çevrilməsi və bu səbəbdən, tədqiqatlara olan milli xərclərin səmərəliliyinin yüksəlməsi, kiçik elmtutumlu sahibkarlıq sektoru vasitəsilə texnologiyaların sənayeyə ötürülməsi, elmtutumlu firmaların formalaşması və onların bazarda təşəkkülü, elmtutumlu biznes sahəsində müəssisələrin dəstəklənməsi, sənayenin struktur yenidənqurulması, regional qeyri-mütənasib inkişaf səviyyəsinin azalması, məşğulluq probleminin qismən həlli, yüksək texnologiyalar sahəsində elmi-texniki nailiyyətlərin sürətli tətbiqidir.

   Qısası texnoparkların yaradılması ölkədə kiçik və yüksək elm tutumlu sənaye sahələri ilə məşğul olan sahibkarlar sinifini formalaşdıracaq. Texnoparklar həmin sahibkarlara imkan verəcək ki, istehsal etdikləri məhsullar rəqabətə davamlı olsun, xarici alternativləri ilə keyfiyyət yarışında geri qalmasın.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2012.-26 dekabr.-S.-9.