Qeyri-neft
sahibkarlığı
Azad
sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Azərbaycan iqtisadiyyatı üçün 2012-ci il yaddaşlarda qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında (ÜDM) yenidən üstün mövqeyə sahib olması ilə qalacaq. Xatırladaq ki, 2006-cı ilə qədər ÜDM istehsalında qeyri-neft sektorunun üstünlüyü olsa da, həmin ildən etibarən qüvvələr nisbəti neft-qaz sektorunun xeyrinə dəyişdi.
2006-cı ildə neft-qaz sektorunda yaradılan ÜDM-nin həcmi qeyri-neft sektoruna nisbətən 31% çox oldu. Bu ildə neft-qaz sektorunda ÜDM istehsalı 10,09 milyard manat, qeyr-neft sektorunda 7,63 milyard manat təşkil etdi. Neft-qaz sektorundakı üstünlük 2012-ci ilə qədər davam etdi. Düzdür, 2009-cu ildə qeyri-neft sektorunda ÜDM istehsalı az fərqlə də olsa neft-qaz sektorundakı istehsalı qabaqladı. Lakin bu bühranın əlaməti olduğundan mövqe dəyişikliyi dayanıqlı olmadı və 2010, 2011-ci illərdə neft-qaz sektorunda yenidən daha çox ÜDM istehsal edildi.
Lakin 2012-ci ildə qeyri-neft sektorunda ÜDM istehsalı neft-qaz sektorunu yenidən ötdü. İqtisadi proseslərin təhlilindən aydın olur ki, bu dəfəki yerdəyişmə dayanıqlı olacaq və bir daha neft-qaz sektorunun qeyri-neft sektoru üzərində üstünlüyü müşahidə edilməyəcək. 2012-ci ilin 11 ayının nəticələrinə əsasən, yaradılan 48,2 milyard manatlıq ÜDM-nin 24,7 milyard manatı və ya 51,2%-i iqtisadiyyatın qeyri-neft sahələrində təmin edilib. İlin sonuna qədər ÜDM-də qeyri-neft sektorunun payının bir qədər də artacağı güman edilir. Pqornozlara əsasən, gələcək illərdə qeyri-neft sektorunda büyümə sürətinin ümumi iqtisadiyyatda büyümə sürətini qabaqlaması davam edəcək və nəticədə ÜDM-də qeyri-neft sektorunun payı daha da artacaq.
2013-cü il üçün Azərbaycanda
5,3% iqtisadi artım
proqnozlaşdırılır və ümumi
daxili məhsul 56,1 milyard
manat səviyyəsində gözlənilir.
Hökumətdə hesab edirlər ki, 2013-cü ildə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 11,7% artaraq
61,3% (34,4 milyard manat) olacaq. Neft ÜDM-i
isə 2,9% azalacaq.
Hökumətin 2016-cı ilədək olan proqnozuna görə, bu il ÜDM-də real artım 2,2%, 2014-cı ildə 7%, 2015-ci ildə 4,5%, 2016-cı ildə 4,5% olacaq. Azərbaycanın ÜDM istehsalı cari ildə 51,37 milyard manat, 2013-cü ildə 56 milyard manat, 2014-cü ildə 57,6 milyard manat, 2015-ci ildə 62 milyard manat, 2016-cı ildə 66,5 milyard manat təşkil edəcək. Qeyri-neft ÜDM-si isə müvafiq olaraq 2014-cı ildə 38,2 milyard manat, 2015-ci ildə 42,5 milyard manat, 2016-cı ildə 47 milyard manat olacaq.
Qeyri-neft sektorunun inkişafı əslində sahibkarlığın inkişafı anlamını verir. Çünki neft-qaz sektorundan fərqli olaraq burada yaradılan əlavə dəyəri daha çox sayda sahibkar və əmək qüvvəsi təmin edir. Qeyri-neft sektoru inkişaf etməklə əhalinin məşğulluq səviyyəsi yaxşılaşır.
2012-ci il oktyabrın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4,639 milyon nəfər olub, onlardan 4,394 milyon nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Məşğul əhalinin tərkibində muzdla çalışan işçilərin sayı 1,377 milyon nəfər olub. Muzdla çalışanların 848,5 min nəfəri dövlət bölməsində, 528,4 min nəfəri qeyri-dövlət bölməsində işləyib ki, onların da 1,339 milyon nəfəri qeyri-neft sektorunda, 37,1 min nəfəri neft sektorunda özünə iş tapıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1%-i məhsul istehsalı sahələrində, onlardan 2,6%-i mədənçıxarma sənayesində, 5,9%-i emal sənayesində, 2,2%-i elektrik enercisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,8%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 6,7%-i tikintidə, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub.
Xidmət sahəsində çalışanların 24,2%-i təhsil, 19,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 4,2%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i informasiya və rabitə, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyat sahələrində cəmləşib.
Ümumilikdə götürdükdə neft-qaz sektorunda 80 mindən bir qədər artıq işləyən var və bu sahədə fəaliyyət göstərən sahibkarların sayı 100-dən bir qədər artırdır. Amma qeyri-neft sektorunda 3 milyondan artıq insan çalışır və onlar 470 mindən çox sahibkarlıq subyektində özünə iş təmin edib. Deməli, qeyri-neft sektorunun inkişafı sahibkarlığın inkişafı və əmak ehtiyatlarının zənginləşməsi anlamına da gəlir. Yəni, əgər ölkədə əhalinin işlə təminatını yaxşılaşdırmaq istəyiriksə hökmən qeyri-neft sektorunda sahibkarlıq inkişaf etdirilməlidir.
Qeyri-neft sektorunda
məşğulluq yüksək səviyyədə olsa da eyni
sözləri əmək haqları haqqında söyləmək
olmur. 2012-ci ilin yanvar-avqust aylarında ölkə
iqtisadiyyatında muzdla çalışan
işçilərin orta aylıq əmək
haqqı əvvəlki ilin müvafiq
dövrünə nisbətən 8,6% artaraq
387,5 manat təşkil edib.
2012-ci ilin yanvar-avqust aylarında
muzdla çalışan işçilərin orta aylıq əmək
haqqı neft sektorunda 1413,4 manat, qeyri-neft sektorunda 358,7 manat təşkil
edib. Qeyri-neft sektorunda əmək haqqının az
olmasını mütəxəsislər bu sektorun mənfəət
imkanlarının neft-qaz sektoruna nisbətən
aşağı olması ilə izah edirlər.
Bəs, qeyri-neft sektoru üzrə
yaradılan dəyəri daha çox hansı sahələr
üzrə fəaliyyət göstərən sahibkarlar təmin
edir"
2012-ci ilin doqquz ayının nəticələrinə
diqqət yetirsək məlum olur ki, həmin dövrdə
ölkənin qeyri-neft sektorunda 20 milyard manatlıq əlavə
dəyər yaradılıb və ümumilikdə onun 59,2%-dən
çoxu sosial və digər xidmətlər, qeyri-neft sənayesi
və tikinti sahələrinin payına düşüb.
Əlavə dəyərin ən zox hissəsi sosial və digər xidmət sahələrində (24,1%) olub. Qeyri-neft ÜDM-nin 19,5%-i tikinti, 15,6%-i qeyri-neft sənayesi, 13,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 12,1%-i kənd, meşə və balıqçılıq təsərrüfatı, 9,3 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılıb. İnformasiya və rabitənin payı 3,4%, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidməti 2,6% olub.
2012-ci ilin yanvar-sentyabr ayları ərzində
qeyri-neft sektorunda
yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3%
artıb. Qeyri-neft sektorunda
yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi əvvəlki ilin müvafiq
dövrünə nisbətən 3,7% bəndi artaraq
50,3% təşkil edib.
Qeyri-neft sektorunun sahələri
üzrə götürdükdə tikintidə 27,3%, informasiya
və rabitədə 16,7%, turizmdə 16,3%, ticarətdə 9
faiz, kənd təsərrüfatında 6,3 faiz, sosial və digər
xidmətlərdə 3%, nəqliyyatda 2,1%, sənayedə 0,4%
artım qeydə alınıb. Güründüyü
kimi, qeyri-neft sektorunun bütün sahələrində
artım var.
Cari ilin yanvar-sentyabr aylarında
qeyri-neft sənayesində 4,716 milyard manatlıq məhsul
istehsal edilib və bu ölkə üzrə bütün sənaye
məhsullarının 18,3%-ni təşkil edib. Qeyri-neft sənayesinin
məhsul istehsalında emal sənayesinin xüsusi çəkisi
68,4%, elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatının
payı 26,1%, su təchizatı, tullantıların təmizlənməsinin
payı 3%, mədənçıxarma sənayesinin payı isə
2,5% olub.
Emal sənayesinin sahələrinə
diqqət yetirdikdə görürük ki, qeyri-neft sənayesinin
41,3%-i qida məhsulları və içki istehsalında təmin
edilib.
2011-ci ilin müvafiq düvrü ilə
müqayisədə hesablamalara görə cari ilin ilk 9
ayında qeyri-neft sənayesində emal sənayesinin xüsusi
çəkisi 2% bəndi artıb.
Yanvar-sentyabr ayları ərzində
məhsul istehsalı emal sənayesinin 16 bölməsində,
o cümlədən qida məhsulları istehsalında (3,1%),
içki istehsalında (10,5%), toxuculuq sənayesində (2,3 dəfə),
geyim istehsalında (1,6 dəfə), poliqrafiya məhsulları
istehsalında (1,9 dəfə), rezin və plastmas məhsulları
istehsalında (2,9 dəfə), tikinti materiallarının
istehsalında (19,4%), metallurgiya sənayesində (16,6%),
hazır metal məmulatlarının istehsalında (1,7 dəfə),
kompüter və digər elektron avadanlıqların
istehsalında (9,2 dəfə), elektrik
avadanlıqlarının istehsalında (2,1 dəfə), mebel
istehsalında isə (3,1 dəfə), maşın və
avadanlıqların quraşdırılması və təmiri
sahəsində (26%) artıb.
Son 8 ilə diqqət yetirdikdə isə görürük ki, Azərbaycanda
sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı
məhsullarının istehsalı 1.3 dəfə, tikinti sektorunda iş həcmi 3,2 dəfə, nəqliyyat xidmətlərinin
həcmi 2,3 dəfə, rabitə və informasiya
sektorunda xidmətlər isə 6,4 dəfə
artıb. 2011-ci ildə 40-dan artıq sənaye müəssisəsi
istismara verilib, təxminən
100 müəssisənin tikintisi davam edir.
Dövlət büdcəsinin daha etibarlı formalaşmasında da qeyri-neft sektorunun rolu əvəzsizdir. Düzdür, qeyri-neft sektoru 2012-ci ilin sonunda neft-qaz sektorunu məhsul istehsalında qabaqlasa da hələ dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında eyni mövqeyi təmin etməyib. Bununla belə büdcənin gəlirlər hissəsi üçün daha böyük əhəmiyyət daşıyan vergi daxilolmalarında qeyri-neft sektoru liderliyi ələ ala bilib. Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 634 milyon 629,6 min manat təşkil edib ki, bunun da 3 milyard 21 milyon 641,7 min manatı və ya 53,7%-i qeyri-neft-qaz sektoru üzrə təmin olunub. Qeyri-neft sektoru üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 13,9% çoxdur.
Vasif CƏFƏROV
Ekspress.-2012.-27 dekabr.-S.-9.