MDB
dağılacaq..."
Leonid Kravçuk: "Heydər Əliyev yadımda millətçi azərbaycanlı kimi qalıb"
"SSRİ-nin
dağılması barədə danışarkən 90-cı
illəri yox, konkret olaraq birinci katib Leonid İliç Brejnevin
hakimiyyətinin sona çatdığı dövrü və
Brejnevdən sonra ardıcıl hakimiyyətdə olan Andropovun
və Çernenkonun qəfil ölümlərini nəzərə
almaq lazımdır".
Bu
sözləri Ukraynanın ilk prezidenti, Müstəqil Dövlətlər
Birliyinin (MDB) yaradıcılarından olan Leonid Kravçuk
APA-a müsahibəsində belə deyib. Kravçuk
keçmiş Sovet İttifaqının can verməsini belə
xatırlayır:
- Sanki artıq belə bir aura yaranmışdı ki, Brejnevdən sonra birinci katib olanlar ölmək üçün hakimiyyətə gəlirdilər. İnsanlar artıq nəinki birinci katiblərin, ümumiyyətlə, partiya elitasının ölkədəki vəziyyəti dəyişəcəyinə inamı itirmişdilər. Çünki Siyasi Büro heç bir müasir problemi həll etmirdi, əksinə, mövcud durumu elə səviyyəyə salırdı ki, yeniliklər baş verməsin.
Düzdür, Kommunist Partiyasında hansısa islahatlara cəhd olunurdu, lakin bu, əsaslı xarakter daşımırdı, yalnız yerlərdə - ittifaq respublikalarının rəhbərliyindəki dəyişikliklərlə özünü göstərirdi. Mərkəzi Komitə, Siyasi Büronun tərkibi isə dəyişmirdi, bu səbəbdən bəzi siyasi qruplarda və ictimaiyyətdə narazılıqlar yaranırdı. Hətta Siyasi Büronun iclaslarında səslər eşidilirdi ki, "sistem belə davam edə bilməz, dəyişikliklər artıq zəruridir". Nəhayət, bütün bunlar ona gətirib çıxardı ki, hakimiyyətə Mixail Qorbaçov gəldi və yeni bir səhifə açıldı. Qorbaçov gəlişindən sonra bir çox şey bəyan etdi ki, bu da partiyanın işinin yenilənməsini, SSRİ-də islahatların aparılmasını nəzərdə tuturdu. Lakin bu bəyanatların həyata keçirilməsinə partiyanın konservativ qanadı imkan vermədi. Mənim SSRİ Mərkəzi Komitəsinin üzvü kimi iştirakçısı olduğum partiyanın 19-cu toplantısı, Sovet İttifaqı Mərkəzi Komitəsinin 27-ci iclası göstərdi ki, istər mərkəzdə, istərsə də əyalətdəki partiya aparatları dəyişikliklərin tərəfdarı deyillər. Yeniliyin carçısı olan Qorbaçov isə bunlara qarşı qətiyyət nümayiş etdirmirdi. Qorbaçov sadəcə olaraq hansısa formada köhnəni yeni ilə uzlaşdırmaq istəyirdi. Lakin köhnədən qalan qaydaların tərəfdarları çox idi deyə, heç nə alınmırdı. Eyni zamanda bu ərəfədə bu boşluqdan istifadə edərək ittifaq respublikalarında birlikdən ayrılma, azadlıq dalğası vüsət aldı. Bu dalğada daha qətiyyətli insanlar meydana çıxmağa başladı. Bu gərginlik o qədər şişdi ki, Sovet İttifaqının qalıb-qalmamasına ümumxalq səviyyəsində baxılması zərurəti ortaya çıxdı. Biz yeni ittifaq müqaviləsi imzalamaq üçün toplaşan zaman məlum oldu ki, köhnə üsullarla artıq bunu həyata keçirmək mümkün olmayacaq. Yeni metodlar axtarmaq lazım idi, bunu tapmaqda isə onlar çətinlik çəkirdilər...
Qorbaçov
SSRİ-ni saxlamaq istəyirdi. Onun bu istiqamətdə
atdığı addımlardan biri 1991-ci il martın 17-də
ümumittifaq referendumunun keçirilməsi idi.
İttifaqın bütün ərazisində olmasa da, bir
çox yerlərdə bu referendum keçirildi. Amma
göründü ki, referendum da heç nə vermir və
SSRİ-də yeni milli-patriotik qüvvələr qaynamağa
başlayıb. Demək olar ki, nəinki ittifaq, hətta
ittifaqdaxili respublikalar parçalanmaq üzrə idi...
- Necə
oldu ki, referendum uğursuz nəticələndi?
- SSRİ-nin saxlanılması ilə
bağlı keçirilən ümumxalq referendumunda yalnız
bir sual vardı: "İnsan hüquq və
azadlıqlarının təmin edildiyi yeni federasiya
formasında SSRİ-nin saxlanılmasına
razısınızmı?" Referendumdan sonra
ittifaq müqaviləsi ilə bağlı üzv respublikalar
arasında keçirilən iclasa SSRİ tərkibindəki
muxtar vilayət və respublikaların da eyni statusda dəvət
edilməsi təklif olundu. Bunu o vaxtkı
SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov təklif elədi,
SSRİ prezidenti M. S. Qorbaçov da təsdiqlədi. Həmin muxtariyyətləri də üzv respublikalar
kimi bərabər statusda ittifaqın subyekti eləmək istəyirdilər.
Hansı ki, bura Dağlıq Qarabağ Muxtar
Vilayəti də daxil idi. Həmin vaxt mən,
Boris Yeltsin, İslam Kərimov, Nursultan Nazarbayev və bir
çoxları buna ciddi etiraz etdik və məsələnin
reallaşmasının qarşısını aldıq. Çünki bu muxtariyyətlərə status vermək
bütün ittifaq respublikalarının parçalanması
demək idi.
-
Lukyanovun təklifinin əsl müəllifi kim
idi? Bu təklif SSRİ xaricindəki hansısa
qüvvələrdən gələ bilərdimi?
- Bilmirəm... Təklif
bizim üçün çox gözlənilməz idi. Biz gözlənilmədən Novo Oqaryovoya (Moskva vilayəti)
gələndə orada 31 muxtariyyətin nümayəndələrini
gördük və məsələni eşidəndə
şoka düşdük. Qorbaçov bizə
deyirdi ki, artıq bu muxtariyyətlər də respublikalarla eyni
statusda səs hüququna malikdirlər. Bu,
üzv respublikaları parçalamaq demək idi.
Yuxarıda adlarını çəkdiyim şəxslərlə
mən dərhal fəaliyyətə başladıq və bu təklifi
ləğv elədik...
- ...Belarusdakı görüşdə?
- O, necə deyərlər, final
oldu. (Gülür). Çünki
bütün bu sadaladığım daxili proseslərin təsiri
altında biz 8 dekabr 1991-ci ildə - hansı ki mən artıq
Ukraynanın prezidenti idim - Belarusun Belovejskaya Puşa bölgəsində
toplaşaraq Müstəqil Dövlətlər Birliyinin (MDB)
yaradılması haqqında müqavilə imzaladıq. Bu müqavilə Rusiya, Ukrayna və Belarusun - mən,
Rusiya prezidenti Yeltsin və Belarus prezidenti
Şuşkeviçin arasında imzalandı.
-
Çoxları üçün maraqlıdır ki, o
toplantıda Qazaxıstan niyə iştirak etmədi?
- Çünki
SSRİ-nin təməlini bu 3 ölkə və Zaqafqaziya
ölkələri qoymuşdu. O ərəfədə
artıq Zaqafqaziya ölkələrində vahid dövlətçilik
zəif idi və bu proseslərdə iştirak edə bilmirdilər.
Bizim bu görüşümüzün məqsədi
artıq dağılmış ittifaqda olan respublikaların
özlərini dağılmaqdan xilas etmək idi. Bir növ biz rəsmən SSRİ-nin ləğvini
elan etməklə o respublikaları xilas etmiş olduq. O
görüşümüzdə SSRİ dünyanın beynəlxalq
hüquq subyekti kimi ləğv olundu və MDB yarandı. Təbii ki, bundan sonra yeni proseslər başladı,
sizin dediyiniz kimi, ardınca Qazaxıstan da daxil olmaqla, əksər
keçmiş ittifaq ölkələri bu birliyə
qoşulmağa başladılar.
- Bu
proseslərdə Azərbaycanın iştirakı barədə
xatirələrinizi öyrənmək istərdik...
- Azərbaycan da həmin dövrdə
çox çətin yol keçdi. Azərbaycanda
artıq yeni adamlar hakimiyyətdə idilər. Onlar Azərbaycanın əvvəlki kimi
yaşamasını istəmirdilər. Amma
eyni zamanda yeni nəsə yaratmaqda da çətinlik çəkirdilər.
Onlar MDB-yə qarşı çox aqressiv və
mənfi münasibət göstərirdilər. Nəhayət, sizdə artıq idarəçilik təcrübəsi
olan Heydər Əliyev hakimiyyətə gəldi və dövləti
bərpa eləməyi bacardı. Azərbaycan,
nəhayət, MDB-yə üzv oldu. Ölkənizin
ağır iqtisadi durum yaşadığı bir vaxtda
Dağlıq Qarabağ münaqişəsi də yeni
alovlanmışdı. Məhz o dövrdə
Ukraynanın özünün də ərzaq
qıtlığı çəkməsinə baxmayaraq, biz Azərbaycana
50 min ton un ehtiyatının göndərilməsini
təşkil etdik.
- Həmin ərəfədə Azərbaycanın
torpaqları Ermənistan tərəfdən işğal
olunmağa başladı, Dağlıq Qarabağ
münaqişəsi alovlandı...
- Bilirsiniz, həmin vaxt
bütün ölkələrdə milli hərəkatlar
oyanmışdı. O cümlədən Azərbaycanda və
Ermənistanda baş qaldıran bu milli hərəkatların əsas
mübahisə mövzusu Dağlıq Qarabağın hansı
tərəfə məxsus olmasından ibarət idi. Etiraf etmək lazımdır ki, Dağlıq
Qarabağ ərazi baxımından Azərbaycana məxsusdur,
amma etnik tərkibinə görə ermənilər daha
çox idi. Burada yaşayan ermənilər
isə kimsə tərəfindən yönəldilirdi və
şiddətli formada Dağlıq Qarabağın müstəqilliyi
məsələsini qaldırırdılar.
- Kim
tərəfindən yönəldilirdilər?
- Deyə bilmərəm bunu, amma
açıq formada oradakı ermənilər istiqamətləndirilirdi.
Siz məndən soruşacaqsınız ki, bunu
Kreml yönəldirdi ya yox, amma həqiqətən deyə bilmərəm,
ən azından əlimdə bununla bağlı rəsmi
heç nə yoxdur. Amma Ermənistan da bu
yönəltmədən ilham alaraq oradakı ermənilərə
açıq formada dəstək verirdi. Təəssüf
ki, hazırda əlimdə ciddi rəsmi faktlar
olmadığına görə bu məsələ ilə
bağlı məlum ehtimallarımı açıqlaya bilmərəm...
-
Siyasi fəaliyyətiniz dövrü Heydər Əliyevin fəaliyyət
dövrü ilə təxminən eyni vaxta düşür.
Onunla bağlı xatirələriniz bizim üçün
maraqlıdır...
- Mən onu çox yaxından
tanıyırdım, özü də bu tanışlıq
Heydər Əliyevin Azərbaycan SSR-də olan birinci katiblik
dövründən başlayıb. O vaxt H. Əliyev daha
çox Mərkəzi Komitənin iclaslarındakı
çıxışları ilə yadda qalırdı,
hamı ona məğrur Əliyev deyirdi. Heydər
Əliyevin SSRİ Nazirlər Sovetinə birinci müavin getdiyi
vaxtlar da yadımdadır. O vaxt onun üçün hər
şey o qədər asan olmadı. Çünki
o istədiyi yerdən ayrılmışdı, Azərbaycandan.
Mən hesab edirəm ki, o vaxt Kreml onluq deyildi,
çünki H. Əliyev Azərbaycanda özünü daha
yaxşı hiss edirdi, bütün fəaliyyəti Azərbaycanla
bağlı idi. Mənim yadımda H.
Əliyev millətçi azərbaycanlı kimi qalıb.
O, ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə
Azərbaycanı düzgün inkişaf istiqamətinə
yönəltdi.
- O
vaxt Heydər Əliyevin SSRİ-nin birinci katibi olması real
variant kimi səsləndirilirdi...
- Həmin vaxt Heydər Əliyev,
Eduard Şevardnadze və Vladimir Şerbitski SSRİ-də
birinci katiblik üçün üzdə olan şəxslər
idilər. Heydər Əliyev
prinsipiallığına görə daha real namizəd idi.
Lakin Qorbaçov hakimiyyətə gəldi...
Qorbaçov gələn
kimi nəinki əsas rəqibi gördüyü Heydər
Əliyevi, özündən əvvəlki bütün sovet
ağsaqqallarını mərkəzdən kənarlaşdırdı.
Qorbaçov özünə yeni komanda
yığmaq istəyirdi, düşünürdü ki, Heydər
Əliyev kimi özündən təcrübəli adamlarla
işləsə, istədiyini həyata keçirə bilməyəcək,
ona daha gənc kadrlar lazım idi ki, dediklərinə şəksiz
əməl etsinlər.
- Belə
bir söhbət gəzir ki, o vaxt kifayət qədər
potensialı olsa da, türk olması Kremldə Heydər
Əliyevin birinci katibliyə gedən yolunda əngəl
imiş. Birinci katib olmaq üçün slavyan mənşəli
olmağın zəruriliyi önə çəkilirmiş...
- Belə bir fakt var ki, Stalin öləndən
və Beriya məhv ediləndən sonra Siyasi Büronun gizli
iclası çağırılır və orada belə bir qərar
qəbul olunur ki, indən belə Kreml rəhbərliyinə
seçkilər zamanı rus mənşəli şəxslərə
üstünlük verilsin. Ondan sonra Siyasi
Büro səviyyəsində belə bir siyasət
formalaşdı ki, nəinki Kreml rəhbərliyində,
Silahlı Qüvvələrin rəhbərliyindəki ordu
generalları və marşallar da mümkün qədər
ruslar olsun. Bütün slavyanlar yox, ancaq
ruslar. Məsələn, məgər Azərbaycanda marşala layiq hərbçi yox idi?! Əlbəttə vardı, sadəcə, rus
olmadığı üçün o rütbəni ona vermirdilər.
Digər millətlərdən də tək-tük
vardı, əsas heyət ruslar idi. Heydər
Əliyevin Kremldə yüksəlişinə mane olan arqumentlərdən,
ona qarşı istifadə olunan səbəblərdən biri də
bu olub.
- Siz MDB-nin banilərindən birisiniz. Bu qurumun gələcəyinə
necə baxırsınız?
- Mən artıq
düşünmürəm ki, MDB-nın böyük bir
perspektivi olacaq. Artıq bu gün hiss olunur ki, MDB
yararsızdır və parçalanmağa doğru gedir,
dağılacaq. Rusiya və Belarus yeni ittifaq yaratmaq istəyir,
Rusiya, Belarus və Qazaxıstan Gömrük İttifaqı təklif
edir və sair... Yəni MDB-nin çərçivəsində
yeni birliklər yaradılır. Gündə
yeni bir ideya ortaya atırlar. Mən
bunların heç birində güclü bir perspektiv
görmürəm.
-
Ukraynanın hazırkı siyasətini necə qiymətləndirirsiniz?
- Ukraynanın siyasətinin özəlliyi
ondadır ki, ancaq sənədlərdə öz əksini
tapır. Qəbul etdiyimiz rəsmi sənədlərdə
biz əsas siyasi hədəflərimizi müəyyənləşdirmişik.
Bu da Avropaya inteqrasiyadır, Avropa seçimidir.
Ukrayna Avropa ölkəsi olaraq keçmiş
sovet ənənələrindən qurtulub Avropaya sürətli
inteqrasiya yolunu seçib. Lakin bunun indiki
şəraitdə aktiv həyata keçirilməsi ilə
bağlı suala mən yox cavabı verərdim, çünki
indiki halda qeyd elədiyim hədəflərə doğru
gediş çox zəifdir. Bunun obyektiv və subyektiv səbəbləri
var, hansı ki, bu barədə danışmaq çox çətindir...
- Azərbaycan
və Ukrayna arasında hazırkı münasibətlərin səviyyəsini
necə dəyərləndirirsiniz?
- Azərbaycan və Ukrayna
arasındakı münasibətlərə indiki şəraitdən
çıxış edərək yaxşı qiymət vermək
olar. Başqalarından fərqli olaraq, bu iki
ölkə arasında heç vaxt ərazi iddiaları, etnik
qarşıdurmalar olmayıb. Bu gün
Ukraynada kifayət qədər fəal Azərbaycan diasporu var və
buna rəhbərlik edən Rövşən Tağıyevin fəaliyyəti
ilə yaxından tanışam. Maraqlı
da burasındadır ki, mənim şəxsi həyatımda ən
yaxın yeganə dostum da azərbaycanlıdır. Bu
dostum müstəqilliyin ilk illərindən burada Heydər
Əliyevin dəstəyi ilə diaspora fəaliyyətinə rəhbərlik
edən, hazırda Azərbaycan Ağsaqqallar
Şurasının Ukrayna üzrə rəhbəri olan Firudin
Məmmədov geniş nüfuza malik iş adamıdır. Şəxsən mən onunla düz 25 ildən
çoxdur dostluq edirəm. O, 50 ildən çoxdur
Ukraynada yaşayır, İttifaq vaxtı burada tutduğu
yüksək vəzifələrdəki aktivliyi ilə, ondan
sonrakı dövrdə biznes və ictimai fəaliyyəti ilə
Ukrayna hakimiyyətinin hörmətini qazanıb. O, yeganə
şəxsdir ki, burada həm əsl ukraynalıdır, həm
də əsl azərbaycanlıdır. Hazırda
adlarını çəkdiyim insanların ətrafında azərbaycanlılar
diaspora formasında birləşiblər və sayları da
gündən-günə artır ki, bu da təqdirəlayiqdir.
Çünki diaspora fəaliyyəti iki ölkə
arasında münasibətlərin möhkəmlənməsində
əsas arqumentlərdəndir. Mən daim
Azərbaycanın vurğunu olmuşam və indi də belədir.
Elə yaxın zamanlarda da Azərbaycana səfər
etməyi düşünürəm.
Ekspress.-2012.-27 dekabr.-S.-15.