Mir Cəfər
Bağırov və Ağasəlim Atakişiyev
Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır?
Azərbaycanda ötən əsrin
ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb...
Qeyd: Artıq 5 ilə
yaxındır, Teyyub müəllimin Mir Cəfər
Bağırovla bağlı arxivlərdən gün
işığına çıxardığı
materialları, müxtəlif sənədləri qəzetimizin
hər şənbə sayında "Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır" başlığı
altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin
məhkəməsi ilə, məhkəmənin ətrafında
cərəyan edən hadisələrlə və ictimaiyyətə
məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik.
Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur.
Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər
üzə çıxarırdı ki, onların
oxucularımızda maraq doğuracağını nəzərə
alaraq bir çox hallarda mövzudan kənara
çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər
Bağırovun məhkəməsini təqdim edəcəyik.
Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır"
başlığını yalnız rubrika kimi
saxlayırıq.
Araşdırmalar göstərir
ki, 1954-cü ildə Azərbaycan KP MK-nın və Azərbaycan
SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi
Komitəsinin başlıca vəzifələrindən biri də
general Atakişiyevə qarşı yönəldilmiş
materiallar toplamaqdan ibarət olmuşdur.
Aşağıdakı rəsmi sənədə diqqət
yetirin:
"Tam məxfi
Azərbaycan KP MK katibi
İ.D.Mustafayev yoldaşa
Bakı şəhərində əksinqilabi
müsavat hökuməti dövründə
S.İ.Atakişiyevin xidməti fəaliyyətinə dair sənədlərin
surətini tanış olmaq üçün Sizə göndəririk.
Azərbaycan SSR Nairlər Soveti
yanında Dövlət Təhlükəsizliyi komitəsi sədrinin
vəzifəsini müvəqqəti icra edən Əlizadə
16 oktyabr 1954-cü il".
Məktubla və məktuba əlavə
olunan arayışlarla tanış olduqdan üç gün
sonra, 1954-cü il oktyabrın 19-da Azərbaycan KP MK-nın
birinci katibi İ.D.Mustafayev yoldaş dərkənar
yazmışdır: "Səmədov və Əfəndiyev
yoldaşlara. Atakişiyev yoldaşdan izahat tələb edin və
məsələni büroya hazırlayın".
Maraqlıdır, görəsən,
məktubunda "A.İ.Atakişiyev" əvə-zinə
S.İ.Atakişiyev yazan "Əlizadə"nin soyadı necədir?
Araşdırmadan aydın oldu ki, o, Məmməd Əli
oğlu Əlizadədir. O, 1919-cu ildə Zəngəzur qəzasının
Qafan rayonunda anadan olmuşdur. İyirminci illərdə
uşaq yaşlarında ata-anası ilə birlikdə
Bakının Ramana qəsəbəsinə gəlmiş,
burada orta məktəbdə oxumuşdur. 1934-cü ildə Bakı
Neft texnikumuna daxil olmuş, 1938-ci ildə oranı bitirdikdən
sonra indiki Neft Akademiyasına daxil olmuşdur. Müharibə
başlayarkən gənc mühəndis Bakı zenit-artilleriya
məktəbinə daxil olmuş, oranı 1942-ci ildə bitirərək,
Zaqafqaziya cəbhəsinin Bakıdakı Hava Hücumundan
Müdafiə Qüvvələrinin zenit-artilleriya alayında
taqım komandiri olmuşdur. Sonra Zaqafqaziya Hərbi Dairəsinin
zenit-artilleriya alayının batareya komandiri təyin
edilmişdir, 1947-ci ildə ordudan tərxis olunmuş Məmməd
Əlizadə "Orconokidzeneft" trestində əvvəlcə
adi neftçi, sonra geoloq-mühəndis, baş geoloq, trest rəisinin
müavini vəzifələrində
çalışmışdır.
1950-ci ildə Məmməd Əlizadə
SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ikiillik
Ali Məktəbinə daxil olmuş və 1952-ci ildə
buranı bitirdikdən sonra Bakı şəhəri milis idarəsinin
SƏDM Xidməti şöbəsinin rəis müavini
olmuşdur. 1952-ci ildə respublika Dövlət Təhlükəsizliyi
Nazirliyinin Bakı Vilayəti 5-ci şöbəsinin rəisi
işləmişdir. 1954-cü il aprelin 1-də Məmməd Əlizadə
irəli çəkilərək, Azərbaycan SSR Nazirlər
Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi
sədrinin müavini təyin edilmişdir. 1955-ci il iyul
ayında M.Əlizadə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi
sədri olmuşdur. Azərbaycanın DTK işçisi
Moskvanın diqqətindən yayınmamışdır. M.Əlizadə
SSRİ DTK-nın Baş İdarəsi 9-cu şöbəsinin
rəis müavini vəzifəsinə təyin edilmişdir.
İndi də Məmməd Əli
oğlu Əlizadənin 1954-cü il oktyabr ayında Azərbaycan
KP MK-nın birinci katibi İ.D.Mustafayev yoldaşa
ünvanladığı məktuba 5 vərəqdən ibarət
əlavəyə nəzər yetirək:
"Şahidin dindirilməsi
protokolu
5 oktyabr 1954-cü il, Bakı şəhəri
Bakı Hava Hücumundan Müdafiə
Dairəsi Hərbi prokurorunun köməkçisi, ədliyyə
podpolkovniki Praxov (adı, soyadı göstərilmir - T.Q.)
1897-ci ildə anadan olmuş, azərbaycanlı, Bakı şəhər
sakini, bitərəf, fəhlə, hazırda Voroşilov
rayonundakı sənaye kombinatında işləyən,
Bakı şəhəri, Lermontov küçəsi, döngə
5 ünvanda yaşayan Hüseynov Yaqub Əliyeviç ilə
1954-cü il oktyabrın 5-də dindirilmə
aparmışdır. Şahid Hüseynova xəbərdarlıq
edilmişdir ki, istintaqa düzgün olmayan ifadə verəcəyi
təqdirdə Azərbaycan SSR Cinayət Məcəlləsinin
130-cu maddəsilə cinayət məsuliyyəti
daşıyır.
SUAL - İstintaqa nə kimi məlumat
vermək istəyirsiniz?
CAVAB - 1920-ci il yanvar ayının
19-da, Bakı şəhərində hakimiyyət
başında müsavatçılar olan vaxt məni
oğurluqda şübhəli adam kimi həbs edib,
axtarış polisinin Tatarskaya və Bondarnaya (indiki Krupskaya və
Dmitrov adına) küçələrinin tinindəki kameraya
saldılar. Kamerada 6 gün saxlanıldım, sonra zaminə
buraxıldım.
Axtarış polisində
saxlanıldığım günlərdə gördüm ki,
orada Atakişiyev Ağasəlim nəzarətçi işləyir.
Atakişiyev kameranın qapısını açanda mən
onu başdan-ayağa gördüm. Buna görə də
çox dəqiq təsdiq edirəm ki, Azərbaycan SSR
keçmiş daxili işlər naziri Ağasəlim
Atakişiyev müsavat hökumətinin axtarış polisində
işləmişdir.
1954-cü il mart ayında mən bu
barədə sabiq Dövlət Təhlükəsizliyi xalq
komissarı Stepan Fyodoroviç Yemelyanova xəbər verdim. O,
bundan çox təəccübləndi və dedi ki, bu barədə
indiyədək heç nə bilmirmiş.
Əvvəllər Atakişiyevin
müsavat axtarış polisində işləməsinə əhəmiyyət
vermədiyimdən heç kəsə bir söz deməmişəm.
Bunu da bildirmək istəyirəm
ki, Atakişiyevin müsavat axtarış polisində işləməsi
barədə Karpoviç Fyodor Antonoviç də ifadə verə
bilər. O hazırda Rostov şəhərində, Proletar
rayonu, 27-ci Xətt, ev 31 ünvanda yaşayır. Eləcə
də bakılı Kərim məlumat verə bilər.
Sonuncunun familiyasını bilmirəm, buna görə də
onu axtara bilmərəm".
1954-cü il oktyabrın 14-də Azərbaycan
SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik
Komitəsinin Katibliyinin rəisi kapitan D.Məmmədov
aşağıdakı arayışı
hazırlamışdır:
"Azərbaycan SSR Dövlət
arxivinin "Bakı quberniyasının canişin idarəsi"
fondunda 1918-1919-cu illərə aid 35 N-li iş
saxlanılır. Buradakı siyahılardan biri "Müsavat əksinqilabi
partiyası tərəfindən canişin idarəsinə
işləməyə göndərilənlərin
siyahısı və vəzifələri göstərilir".
Azərbaycan dilində ərəb əlifbası ilə
yazılmış 8 səhifəlik siyahının birinci səhifəsində
belə bir hissə vardır: "Dövlət qulluğuna,
canişin idarəsinə, dəmir yoluna və daş işlərinə
qəbul edilənlərin siyahısı". Siyahının
ikinci səhifəsində "Türk müsavat federativ
partiyası tərəfindən hökumət işlərinə
tövsiyə olunanlar göstərilir. Siyahıda (sıra
nömrəsi 55) yazılmışdır: "Ağasəlim
İbrahim oğlu Atakişiyev Əlabbas Rzayev tərəfindən
dəmir yolu məktəbinə oxumağa tövsiyə
edilmişdir".
Siyahı nə imzalanmış, nə
də təsdiq olunmuşdur"."
DTK əməkdaşları 1918-ci
ildə 15 yaşı tamam olmuş Ağasəlim
Atakişiyevi dəmir yolu məktəbinə göndərmiş
Əlabbas Rzayev barədə məlumat toplamışlar. O,
1918-1919-cu illərdə "əksinqilabi müsavat əks-kəşfiyyatında
mühasib", 1919-cu ilin fevralın 16-dan "Azərbaycanda əksinqilabi
müsavat parlamentində stenoqraf" olmuşdur. Bütün
bunlar o deməkdir ki, 1954-cü ildə general-mayor
Atakişiyevin əleyhinə canfəşanlıqla, "dəlillər"
quraşdıranların nöqteyi-nəzərincə, Azərbaycan
Xalq Cümhuriyyəti dövründə ata kişilər əldənqayırma
nakişilərə dönməli, ya bolşeviklərə
qoşulmalı, ya da onlara nökər olmalı idilər.
əvvəli və ardı
var...
Teyyub Qurban
Ekspress.-2012.-30 dekabr.-S.-15.