Əbədiyaşar Nuri
Yaşar
Unudulmaz sənətkarımız
Yaşar Nurinin əziz xatirəsinə
Ölüm haqdır! Nə qədər
ağır olsa da, bir gün doğulanın bir gün həyatdan
getməsi ilə barışmaya bilmərik. Lakin həyatda
ömür sürmüş elə insanlar var ki, ölüm məfhumunu
onların adı ilə qoşalaşdırmaq olmur. Hər
yada düşdükdə, kimisi hikmətli kəlamları,
öyüd nəsihətləri, kimisi gülümsər
simaları, şux zarafatları, kimisi də
yaratdığı əsərləri, rolları və s. ilə
xoş xatırlanırlar. Respublikanın xalq artisti,
"Şöhrət" ordenli Yaşar Məmmədsadıq
oğlu Nuriyev kimi.
Azərbaycanın sevilən aktyoru,
komik, psixoloji və dramatik rolların məharətli
ifaçısı Yaşar Nurini ekran-efir vasitəsi ilə
ilk dəfə neçə yaşımda
görüb-tanımışam, deyə bilmərəm. Amma tam
əminliklə deyirəm ki, onun iştirakı ilə
hansısa bir veriliş, bədii film, televiziya və ya teatr
tamaşası göstəriləndə, ailəmizdə
hamı bir nəfər kimi televizorun mavi ekranı
qarşısına yığışar və sevə-sevə
seyr edərdik.
1980-ci illərdə hörmətli yazıçımız Anarın ssenarisi əsasında Azərbaycan Televiziyasının "Evləri köndələn yar" tamaşasının çəkilişlərinin bir qismi yaşadığımız binanın (Az.TV-nin yanındakı bina) həyətində aparılırdı. Azərbaycan aktyorluq sənətinin bir sıra ustad sənətkarları həmin tamaşada rol alıblar. Biz onda uşaq idik. Sevdiyimiz aktyorları həyatda canlı seyr etmək olduqca maraqlı idi. Sonralar onun rəhmətlik valideynlərimlə hər dəfə necə mehriban görüşməsinin şahidi olurdum. Hətta Yaşar müəllim hər görüşəndə başıma tumar çəkməyi də unutmurdu...
İllər keçdi...
1995-ci ildə atam məni ilk əmək fəaliyyətinə başlamağım üçün Azərbaycan Radiosunda səs operatoru vəzifəsinə işə düzəltdi. Günlərin bir günü radionun "Ədəbi verilişlər" redaksiyasının baş redaktoru Şəfəq Soltan Əlixanlının dəvəti ilə Yaşar müəllim bir şairin şeirlərini oxumaqdan ötrü radioya dəvət olundu. Səsini lentə mən yazmalıydım. Bu işə bələd olanlar bilir ki, tele-radioda hər şey dəqiqələrlə tənzimlənir. O, gecikmədi, əksinə, deyilən vaxtdan 15 dəqiqə tez gəlmişdi. Materiala bir dəfə baxmaqla "hazıram" dedi. Şeirləri də bir nəfəsə oxudu, dayanmadan, çaşmadan... Ayrılanda kimliyimi bildirdim. Dayandı. Ciddi simasında bir xoş təbəssüm yarandı. Üzü gülümsədi. Ötənləri varaqladı. Valideynlərimi xəbər aldı. Salam göndərdi. Onların haqlarında xeyli səmimi, xoş sözlər dedi. Məlum oldu ki, Yaşar Nuri on yaşından (1971-ci ildən) Azərbaycan televiziyasının uşaq verilişlərində (ələlxüsus, teatr tamaşalarının uşaq rollarında) çəkilib. Orta məktəbdə oxuyarkən Dövlət Televiziyasının "Yelkən" və "Tonqal" (sonralar tanınmış diktor olan əməkdar artist Sevil Hüseynli ilə birgə) verilişlərinin aparıcılarından olub, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Mənim atam, əməkdar jurnalist Tofiq Məmmədov isə o illərdə Televiziya və Radio Verilişləri Komitəsində artıq jurnalist kimi peşəkar fəaliyyət göstərirdi. Hətta dəfələrlə gənc Yaşarı verilişlərə dəvət də edirmiş. Sonralar Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib (Ruhəngiz Qasımovanın "Yollar görüşəndə", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram" "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi" və s.). Teletamaşalarda Yaşar Nuri əsasən baş rolları ifa edib. Nə yaxşı ki, həmin əsərlər televiziyanın "Qızıl fond"unda sənət inciləri nümunələri kimi qorunmaqdadır. Həmin illərdə isə atam uzun müddət Tele-Radionun Partiya Komitəsinin katibi vəzifəsində işlədiyindən, çəkilən və nümayiş etdiriləcək bütün filmlərə və tamaşalara onun da razılığı olmalıymış (o dövrün siyasi ideologiyası bunu tələb edirdi).
Yaşar Nuri 30 yaşında əməkdar artist adına layiq görüləndə, komsomol yaşında olub. O dövrün digər siyasi-ideoloji tələbinə uyğun olaraq gənclərin hansısa ada, təltifə, mükafata layiq görülməsində, ümumiyyətlə, irəli çəkilməsində Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının təqdimatı, rəyi, xasiyyətnaməsi (ən azı razılığı) olmalıymış. Anam Şövkət Abdullayeva isə o illərdə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi işləyirdi. Hətta sənətkarın vaxtilə dediyinə görə, əməkdar artist adını alanda, təltifolunma mərasimində onu ilk təbrik edən və xeyir-dua verənlər sırasında valideynlərim də olublar. Bütün bunları o, valideynlərim haqqında yazdığım kitaba daxil etməkdən ötrü verdiyi müsahibədə də nəzərə çatdırmışdı və həmin səs yazısını ən əziz xatirə kimi arxivimdə qoruyub saxlayıram. Odur ki, Yaşar Nurini ailəmizlə bağlayan doğmalıq telləri xeyli əvvəllərə gedib çıxır...
Tale elə gətirdi ki, 90-cı illərin ortalarında onlar yaşadığımız binanın yanındakı evə köçdülər. Bu dəyərli, səmimi insanla yaranan tanışlığımız o vaxtdan əsl dostluğa çevrildi. Hər dəfə həyətdə rastlaşanda, olduqca mehribancasına görüşər, hal-əhval tutar, körpələrimin başına tumar çəkməyi də unutmazdı...
2007-ci ilin mart ayında Rəşid Behbudov adına Mahnı Teatrında professor Qara Mustafayevlə birgə yazdığımız "Həyat və poeziya" kitabımızın təqdimatı keçirilirdi. Mərasimə respublikanın tanınımış elm, təhsil, mədəniyyət və incəsənət nümayəndələri dəvət almışdılar. Axşam televizayaların xəbərlər buraxılışlarına Yaşar müəllimin verdiyi müsahibələri və haqqımda dediyi yüksək filirləri görəndə qəlbim dağa döndü...
2008-ci ilin dekabr ayında yenə həmin məkanda keçirilən "Ataların sözü - xalqın gözü" kitabımızın təqdimat mərasimində də Yaşar müəllim televiziya proqramlarına verdiyi müsahibələrdə haqqımızda xoş sözlərini əsirgəməmişdi...
2008-ci ilin sentyabr ayı idi. Sevimli kollektivindən hər
zaman ancaq xoş münasibət gördüyümdən, mənim
üçün olduqca doğmalaşan əziz "Space"
kanalının "Hər səhər" proqramında
Yaşar müəllimin növbəti ad günü
keçirilməliydi. Məni də dəvət
etmişdi. Mən də bu münasibətlə bir gecəyə
bu şeri yazmışdım:
Sənət ocağında
dünyaya gəlib,
Sənət zirvəsinə
daim ucaldın.
Sənəti hər şeydən
müqəddəs bilib,
Qədirbilən xalqdan
ilham, güc aldın.
Səhnəmizə qədəm
qoyandan bəri,
Bütün
obrazların bir həyat oldu.
Dediyin kəlmələr dillər əzbəri,
Ruha qida oldu, qol-qanad
oldu.
Bəzən bir nadanın pis cəhətindən,
Yüzlərlə
yaxşılar qalır kölgədə.
Dadaşovun mənfur təbiətində,
Çoxları özünü
gördü bəlkə də"!
İstər teatrda, istər kinoda,
Oynadığın
rollar sevildi yaman.
Ömürlük sən saldın
Elçini oda,
Yolunu gözlədi
Gülnar hər zaman.
Rəhimə xanımın sədaqətinə
Qovuşmaq
özü də bir səadətdir.
Layiq olanı xalq məhəbbətinə
Elə yaşadan da
bu məhəbbətdir.
Oldu ki, bizləri qoydun nigaran,
Üç ay həsrət
qaldıq söz-söhbətinə.
Əl açıb göylərə
Ulu Tanrıdan,
O ki var şəfalar dilədik sənə.
Bilmirəm qeyd edim hansı rolunu,
Onları həvəslə izləyirik
biz,
Tanrı nurlu etsin ömür
yolunu,
Səndən yeni rollar gözləyirik
biz!
Şeiri oxuduqca
gördüm ki, gözləri dolub.
Tamaşaçıları deyə bilmərəm, amma
proqramın iştirakçılarından da
çoxlarının gözləri dolmuşdu...
O vaxt xəstəliyi yenicə
özünü biruzə verməyə
başlamışdı. Üç ay idi ki,
müalicə olunurdu. Və onun Türkiyədən
sağ-salamat geri dönməsi üçün
çoxları kimi biz də çox dualar etmişdik. Onu yenidən səhnədə və efirdə
görəndə, sevincimizin həddi-hüdudu yox idi. Səhv etmirəmsə, qayıdandan sonra səhnədə
ilk rolu Kukla Teatrında səhnələşdirilən "O
olmasın, bu olsun" tamaşasında Məşədi
İbad obrazı olmuşdu. O bu rolda əvvəlkindən
gümrah görünürdü. Xəstəlikdən əsər-əlamət
yox idi
Bu yerdə Yaşar
müəllimin ömür-gün yoldaşının xidmətlərini
xüsusi qeyd etmək istəyirəm. Belə ki, sədaqətli
ömür-gün yoldaşı Rəhimə xanım düz beş il ən ağır, ümidsiz
anlarında Yaşarın başının üstündə
oldu. Onu tək qoymadı. Ona
dayaq, həyan oldu. Məncə, ötən beş il ərzində sənətkarı
yaşadan göydə Allah-Təala oldusa, yerdə də
xalqın sevgisi, həkimlərin dəva-dərmanı, bir də
Rəhimə xanımın sədaqəti oldu. Aylarla
ömür sirdaşıyla bir ayağı burada, bir
ayağı da Türkiyədə olan Rəhimə xanım nə
qədər nigaran gecələri gözüaçıq, səhəri
əlləri dualı qarşılayıb. Həyatının ən ümdə amalı
xalqın sənətkarını qoruyub yaşatmaq olub. Etiraf edək ki, bu sədaqət heç də hər
zaman təsadüf edilməyən bir hadisədir. Elə Yaşar müəllim də ailəsinə
olduqca bağlı insan idi. Bütün
fikri-zikri bir sənəti idi, bir də ailəsi. O, ailəsi
ilə, həyat yoldaşıyla, övladları ilə nəfəs
alırdı. Odur ki, Yaşar Nurinin vəfatı günü
onların evinə başsağlığına gedəndə
və Rəhimə xanımı görəndə, qəhərdən
deməyə söz tapmadım...
...Yaşar Nuri, həqiqətən,
Azərbaycanın sevilən aktyoru, komik, psixoloji və dramatik
rolların məharətli ifaçısı idi. Onun "Topal Teymur"dakı ən kiçik
obrazından tutmuş ən böyük rollarına qədər
hər biri möhtəşəmdir, özünəməxsusdur,
orijinaldır.
Akademik Milli Dram
Teatrında fəaliyyətə başladığı ilk
günlərdən Yaşar Nuriyə xarakterli rollar həvalə
edilib. Səhnədə ilk rolu (1974)
Aleksandr Vampilovun "Övlad" komediyasının
tamaşasında Silva olub.
Bundan başqa o, İlyas Əfəndiyevin
"Bağlardan gələn səs" (1975) dramında Pərviz,
Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında
yazdığı "Bəşərin komediyası və
yaxud Don Juan"da Sqanarel (1977), Əkrəm Əylislinin
"Quşu uçan budaqlar" pyesində (1978) Qasım və
s. obrazlar yaradıb.
O, sadəcə, ssenarini əzbərləyib
kamera qarşısına çıxmırdı. Yeri gələndə,
qəliz rəqs nömrələrini, muğam, estrada,
yaxud aşıq musiqisini eyni məharətlə ifa etməyi
bacarırdı. Bəzən hətta rejissorun
quruluşu ilə razılaşmır, özünəməxsus
improvizələri ilə tamaşaya yeni rəng, çalar, bəzək
və duzluluq gətirirdi. O, səhnədə həmişə
təravətli, dadlı-duzlu idi.
Yaşar Nuri istər
teatrda, istərsə də kinoda bir çox rejissorlarla işləyib
və təbii ki, bu onun daha da püxtələşməyinə
təsirsiz ötüşməyib. Kinorejissor
Şamil Mahmudbəyovun ekranlaşdırdığı
"Dörd bazar günü" filmindəki Seyran obrazı
onun kinoda ilk rolu olub. Bunun ardınca isə o,
irili-xırdalı əlliyə yaxın filmdə müxtəlif
xarakterli sadə insanların, nakəslərin, yaramazların,
fırıldaqçıların, antipodların
obrazlarını tamaşaçının özünə
qaytarıb...
Lakin məndən bir
tamaşaçı kimi soruşsalar ki, Yaşar Nurinin çəkildiyi
onlarla tamaşa və bədii filmlərdəki ən yaddaqalan
obrazı hansıdır, tərəddüd etmədən deyərdim
ki, televiziya tamaşalarında Tariyel Vəliyevin lentə
aldığı "Səndən xəbərsiz"dəki
(1985) Elçin obrazı, kinoda isə əməkdar incəsənət
xadimi Vaqif Mustafayevlə yaradıcılıq birliyindən
yaranan rolları. Belə ki, aktyorun 1988-ci ildən
etibarən görkəmli kinorejissor Vaqif Mustafayevin çəkdiyi
filmlərdəki yaratdığı obrazlar
ayrı-ayrılıqda nəinki milli, eləcə də
dünya kinosunun ən qiymətli nümunələrindəndir.
Onların rejissor və aktyor tandemi bir-birini
tamamlayırdı. Əsasən tragikomik
janrda işlənən filmlərdə aktyor bir tərəfdən
bir-birindən fərqli, eyni vaxtda bir-birini tamamlayan xarakterlər,
özü də milli xarakterlər yaradıb. Peşakarcasına yaratdığı obrazlarda onun
fitri istedadı bütün çalarları ilə
tamaşaçıya təqdim olunurdu. Hər iki görkəmli
sənətkarın yaradıcılıq birliyinin məhsulu
olan filmlər çoxdur: "Bəyin oğurlanması",
"Yaramaz", "Lətifə", "Nə gözəldir
bu dünya...", "Hər şey yaxşılığa
doğru", "Nakəs", "Fransız", "Yoxlama"
və s.
Vaqif Mustafayevin rəhmətlik
Ceyhun Mirzəyevlə birlikdə çəkdiyi "Bəyin
oğurlanması" filminin adını çəkmək
yetər... Orada İsrafil obrazının elə bir hərəkəti,
sözü ola bilməz ki, xalqın
yaddaşında möhkəmlənməsin. Hər
gün baxsaq belə, yenə o film
baxımlılığını itirmir.
Mən hələ
onun iştirakı ilə Vaqif Mustafayevin "Mozalan"
üçün çəkdiyi səhnəcikləri demirəm.
Bu rolları tamaşaçılara sevdirən də
məhz Yaşar Nurinin özünəməxsusluğu, fitri sənətkarlıq
istedadı, çəkdiyi sonsuz zəhmət və
tamaşaçını ələ almaq məharətidir.
Yaşar Nuri
sözün həqiqi mənasında GÖZƏL AKTYOR idi.
Amma bundan öncə o, GÖZƏL İNSAN idi.
Sadə, səmimi, xeyirxah, böyüklə
böyük, kiçiklə kiçik, zarafatından qalmayan,
bir kimsəylə işi olmayan, sənətini, ailəsini və
insanları sevən GÖZƏL İNSAN. Elə
bu cəhətləri ilə YAŞAR NURİ qədirbilən
xalqın qəlbində özünə ƏBƏDİYAŞARLIQ
qazandı.
Allah rəhmət eləsin!
Anar MƏMMƏDOV,
şair-publisist
Ekspress.-2012.-30 dekabr.-S.20.