Bir igid can
verirdi...
... Hardan biləydi ki,
bu gecə onun bahar ömrünün vaxtsız gələn
payız gecəsi olacaq. Hardan biləydi ki, ailə dostları
ilə birgə özünün və ilk övladı
Günay üçün qeyd etdiyi doğum gününün
bir daha təkrarı olmayacaq, bir daha dostları ilə süfrə
arxasında oturmayacaq. Kaş ki, insan oğlu baş verən təhlükələri
öncədən hiss etmə qabiliyyətinə malik ola biləydi...
Azərbaycanın Milli
Qəhrəmanı Aqil Məmmədov hər şeydən xəbərsiz
sevimli qızının sevincini dostları ilə
paylaşırdı...
1992-ci il 5 avqust...
O zaman Qubadlı, Zəngilan
və Laçın rayonunun ərazisində
erməni hərbi birləşmələrinə qarşı vuruşan batalyonların hamısını
özündə birləşdirən və bu
bölgədə yeganə polk olan N saylı hərbi hissənin komandiri, polkovnik Nüsrət
Hüseynov məni və komandiri
olduğum kəşfiyyat
tağımının (bu
tağımı bölgədə hamı "Qaranquş" kimi
tanıyırdı) bir neçə üzvünü iş
otağına çağıraraq, bizlərə növbəti
tapşırıq verdi. Biz ertəsi gün
Laçın rayonunun ermənilərin nəzarətində
olan Suarası kəndi
yaxınlığındakı "Susuz dağ" (həmin yüksəkliyə
"Qızartı" da deyirlər)
adlandırılan yüksəkliyə getməli və orada vəziyyətin necə olması haqda məlumat toplamalıydıq.
Tapşırıq olduqca məsuliyyətli,
həm də çətin idi. Çünki yüksəklik baxımından əlverişli
olan bu mövqedə
ermənilər lazımi qədər güc
toplamışdılar. Buna baxmayaraq, hərbi tapşırıq yerinə
yetirilməliydi. Yeri gəlmişkən, polk komandiri uzun müddət Rusiyada qulluq etdiyi üçün çox vaxt rusca danışırdı. Yaxşı
yadımdadır, o məni tağım komandiri vəzifəsinə təyin edərkən,
"Bax ha, belə bir söz var:
razvetçik, eto smertnik. Ölməkdən qorxmursan
ki?" demişdi.
O bu sözü hər
dəfə əməliyyata getməzdən öncə bir daha təkrarlayırdı.
Bu dəfə də elə oldu. Komandirin adət etdiyim ənənəvi sözlərini
eşitdikdən sonra onun
otağını tərk edib sabahkı əməliyyata
hazırlaşmağa getdik. Elə həmin
gün bizim kəşfiyyatçılardan
Aqilin 25, onun ilk övladı olan
Günayın isə bir yaşı tamam olurdu. Çox
yüksək səviyyədə olmasa da ata-balanın ad gününü qeyd etdik. Sabah isə kəşfiyyat
tağımına məxsus olan
maşınla polkun həyətindən 18
nəfərlik heyətlə əməliyyata yollandıq. Gedəcəyimiz yer
minalanmış sahə olduğu üçün heyətə Elçin
Abdullayevin rəhbərlik etdiyi
4 nəfərdən ibarət minaaxtaran qrupu və 2 nəfər bələdçi (o yerləri daha
yaxşı tanıyan adam)
qatılmışdı. Nəhayət ki,
biz Azərbaycan ordusunun
nəzarətində olan Səfyan kəndinə
çatdıq. Son dəfə bu kənddə bizə
verilən tapşırığı müzakirə etdik və tağımın iki
üzvünü - Fuad
və sürücü Rövşəni orada saxlayaraq, qalan uşaqlarla əməliyyata
start verdik. Çətinliklə
də olsa qalın meşə ilə hədəfə
doğru irəliləyirdik. Meşənin
dərinliyində olduğumuz üçün ermənilər bizi görmürdülər. Ancaq
biz onların üzbəüz
dağın çılpaq sahəsində yerə minalar basdırdıqlarını
müşahidə edirdik. Görünmədiyimizə
baxmayaraq, hər dəqiqə
üstümüzə güllə yağışının
yağacağını da gözləyirdik.
Dəstənin bütün
üzvləri bir nəfər kimi tapşırığın nə qədər
məsuliyyətli və nə qədər təhlükəli
olduğunu anlayırdı. Lakin buna baxmayaraq,
uşaqlar özlərini çox
qürurlu göstərir və hərdən
zarafatlarından da qalmırdılar.
Dəstəmizdəki sapyorlar öz işlərini ustalıqla yerinə
yetirirdilər. Məhz onların sayəsində
minalanmış sahədən heç bir itki vermədən keçdik. Yüksəkliyə
yaxınlaşdıqca həyəcanlar artırdı. Çünki bizi
qarşıda daha yaxşı mövqedə
olan və yetərincə
silahlanmış düşmən gözləyirdi. Ona görə də 2-3 dəqiqədən sonra hansı hadisənin baş
verəcəyini və nə ilə üzləşəcəyimizi
heç kəs bilmirdi.
Hələ də yüksəkliyə doğru
irəliləyirdik. Nəhayət ki, heç bir maneəyə rast gəlmədən ermənilərin 100-150
metrliyindən keçməklə, təxminən 9-10 saat ərzində deyilən yüksəkliyə
qalxdıq. Burada gördüklərimizə
inanmadıq. Çünki düşmənlər
həmin mövqedə xeyli silah-sursat və ərzaq qoyaraq
getmişdilər. Vaxt itirmədən əməliyyatın
uğurla və itkisiz
başa çatması haqda
polka xəbər verdim.
Daha sonra isə bizim avtomatlarımızda olan
30 patronluq daraqları ermənilərin
atıb getdikləri və 45 patron tutuma malik olan
daraqlarla əvəzlədik. Təəssüflər
olsun ki, ac-susuz olsaq da, orada özümüzlə
götürdüyümüz ərzaqdan
istifadə etməyə vaxt tapmadıq.
Artıq günəş
dağların arxasına keçmiş və qaranlıq
çökmüşdü. Bizsə hər üç
tərəfdən düşmənlə əhatə olunan mövqedəydik. Sanki
ermənilər də elə bunu gözləyirmişlər.
Çox çəkmədi ki, eyni vaxtda
bizim mövqeyimizi üç tərəfdən müxtəlif silahlarla atəşə tutdular.
Yüksəklik baxımından mövqeyimiz
heç də pis deyildi. Odur ki,
uşaqlara iki-iki, üç-üç səpələnib postda özlərinə mövqe
tutmalarını tapşırdım. Yağış
kimi üstümüzə yağan
güllələr başımız üzərində
bir-birinə dəyərək tükürpədici səslər
çıxarır, özümüzə səngər seçdiyimiz ağacların yarpaqlarını
didib başımıza tökürdü.
Saatyarım davam edən bu
atışma zamanı baş qaldırmaq belə mümkün
deyildi. Ancaq hər saniyəsi ölümlə nəticələnə
biləcək bu vaxtda
dəstəmizin ən ucaboylusu və bəlkə
də ən qorxmazı olan Aqil Məmmədov avtomatla
müqayisədə daha böyük
güc tələb edən minaatanla elə ayaq üstəcə
düşmən istiqamətinə - Mazutlu
kəndinə atəş açırdı. Sanki açıq-aşkar ölümlə
güləşirdi. Nəhayət ki, eyni vaxtda müxtəlif
istiqamətlərdən bizi atəşə
tutan düşmən atəşi
dayandırdı. Bu zaman
biz yenidən bir yerə
cəmləşdik. Rabitəçimiz də daxil
olmaqla 18 nəfərlik dəstənin 5 üzvünün yox olduğunu gördük. Bununla da biz
həm polkla, həm də
yaxınlıqda olan postlarla
əlaqəni itirdik və 11 nəfərlə
mühasirədə qaldıq. Bir neçə
saat gözləməli olduq.
Artıq üstümüzə yağan
güllə yağışı dayanmışdı. Hər iki tərəf susurdu. Belə
də gəldiyimiz yolla geri
qayıtmaq qərarına gəldik. Qalın meşənin
zülmət qaranlığı daha da vahiməli olmuşdu. Hətta
bir addım qabağı belə görmək
olmurdu. Bir-birimizdən aralı
düşməmək üçün
sıraya düzülərək ağacların,
kol-kosların arası ilə aşağı düşürdük.
Azacıq dayanıb dincəlmək istədik. Birdən kəşfiyyatçılardan
Mayıs dedi: "Komandir,
siz evlisiniz, ona görə də icazə verin,
qabaqda mən gedim".
Cavabımı gözləmədən ön
cərgəyə keçdi, biz də onun ardınca
dağı enməyə başladıq. Sapyorların işləməsi
üçün imkan
olmadığı üçün
artıq onlar da bizim sırada yer
almışdılar. Düşmən tərəfindən
minaların toxum kimi səpildiyi
yerdən ölümü gözümüz
önünə alaraq keçirdik.
Ancaq hər an
partlayışın baş verəcəyini
də gözləyirdik. Və birdən sanki sakitlik hökm sürən qaranlıq gecədə
yerdən dağları lərzəyə gətirən gurultulu səslə bütün
dünyanı işıqlandıra biləcək günəş
çıxdı. Hər şey bir neçə saniyə içərisində
baş verdi.
Hamı yerə sərilmişdi. 4-5 saniyə əvvəl hökm sürən qaranlıq və sakitlik yenə də öz
yerini tutdu. Ancaq hadisədən sonra
hamı özünü itirmiş,
sanki başqa dünyaya düşmüşdük.
Mənə elə gəlirdi ki,
hamımız ölmüşük və
ölüm elə belə olur.
Çox çəkmədi ki, bizdən 15-20 metr
aralıda Aqilin səsi gəldi: "Ay, ayağım...!" Sırada 3-cü olan Aqilin bu
səsi həqiqətən də məni ayıltdı. Digər
tərəfdən isə məndən öndə gedən Qalibin harayı eşidildi:
"Gözlərim çıxdı, gözlərim!".
Tez ayağa qalxdım
və "Uşaqlar, durun, Aqillə Qalib yaralanıb" -
dedim və Aqilin səsi gələn istiqamətdə getdim. Ona
yaxınlaşıb əlimi onun ayağına toxunduranda dəhşətə
gəldim. Aqilin sol ayağı minaya
düşmüşdü. Ayaq küt balta ilə əzilmiş
ət parçasına bənzəyirdi. Əsgər çəkməsi
onun ayağından çıxmış, ayaq özü isə
təsəvvüredilməz haldaydı. Dəstənin
digər üzvləri isə Qalibin harayına
getdilər. Aqilin ayağını bintlə
sarımaq mümkün
olmadığından, yaranı mənim köynəyimlə
bağladıq və qıçını üç
yerdən jqutla sıxdıq. Buna baxmayaraq, qanaxmanın
qarşısını ala bilmədik.
Uşaqların hər ikisi çox qan itirdikəri üçün ölüm
təhlükəsi vardı. Vaxt itirmədən
yaralıları götürüb
"Suarası" kəndi istiqamətində
aşağı düşməyə başladıq. Xeyli yol getmişdik.
Artıq ermənilərin nəzarətində olan
yerlə bizimkilərin nəzarət etdiyi
yer arasında cəmi 300 metr
məsafə qalırdı. Tərslikdən həmin məsafə
ağacsız idi. Ermənilərə məxsus
zirehli hərbi maşınlarsa yolumuzun üstündəydi. Bu
çılpaq yeri ancaq
möcüzə nəticəsində keçə bilərdik.
Gözlədiyimiz möcüzə baş
verdi, ancaq onda çox gec idi. Nə isə... Səhərə
qədər meşəyə çəkilib gözləməli
olduq. Yayın ortası olmasına baxmayaraq, meşə olduqca
soyuq idi. Heç yerlə əlaqə saxlaya
bilmədimiz üçün hamı
sakitcə bir-birinin üzünə
baxırdı. Ancaq ağrıdan
sızlayan Aqillə Qalibin səsi sükutu pozurdu. Bu zaman Aqil
ağrıdan iki dəfə uca səslə qışqırdı. Mən ona, "Aqil, ermənilər
iki addımlığımızdadır,
atəş açıb qaranlıqda hamımızı
qırarlar" - dedim. Bundan
sonra Aqil son nəfəsinədək səsini
çıxarmadı və bununla da o bizlərin sağ-salamat qalmağımıza kömək
etmiş oldu. Aqilin yaralanmasından saatlar
keçirdi, qanaxma isə
dayanmırdı. O, üzünü mənə
çevirib sakitcə
"üşüyürəm" dedi. Mən
Mayısla birlikdə yerə uzanıb onu
sinəmiz üstünə uzatdıq. Onun
yaralanmış sol ayağı mənim sağ ayğımın üstündə olduğu üçün
axan qan çəkməmin
içərisinə dolurdu. Aqilin üşüməsi getdikcə daha da şiddətlənir,
anbaan halsızlaşır və
danışmağı belə bacarmırdı. Bütün bunlara rəğmən
o özündə güc
tapıb son sözünü,
bəlkə də vəsiyyətini söylədi: "Bilirəm,
mən artıq öləcəm. Siz
yazıqsınız, bir daha
buralara gəlməyin. Qızım
Günayısa sizə tapşırıram". O, bundan sonra
bir daha
danışmadı. Dan yeri
söküləndə isə onun nəfəsi
artıq xırıldayırdı. Hiss olunurdu ki, ölümdən
qorxmayan, vətənini,
torpağını, millətini dəlicəsinə sevən bu qəhrəman əsgər ölümə can vermək istəməsə də, ölüm özü
artıq ona yaxınlaşırdı.
Başı dizlərim üstündə olan
kəşfiyyatçı birdəfəlik gözlərini yumdu və dünyasını dəyişdi.
11 nəfər olan dəstəmizin bir üzvünü də
itirdik.
Az sonra günəş
dağların arxasından yenidən boylandı və hər
tərəfi işığa qərq etdi. Bütün
ümidləri yerdən-göydən üzülən dəstə
üzvləri bir-birinə baxsa da, heç kəs sükutu
pozmaq istəmirdi. Gah gözlərim önündə
dünyasını dəyişən Aqilə, gah yaraları
sızlayan Qalibə, gah da dəstənin digər üzvlərinə
baxırdım. Saat bəlkə də 11 olardı. Gözlənilmədən
göyün üzünü duman-çən aldı və hər
tərəf yenidən zülmət gecəyə döndü.
Deyəsən, gec də olsa gözlədiyimiz möcüzə
baş vermişdi. Bizim orada qalmağımız şübhəsiz
ki, az sonra Qalibin də ölümü ilə nəticələnəcəkdi.
Üzümü uşaqlara tutub "Allah deyəsən, bizim
üçün yol açıb. Getmək lazımdır,
durun, vaxt itirmədən gedək. Ancaq hazır vəziyyətdə
olun, hər an ermənilərlə üzləşə bilərik.
Unutmayın ki, son qanımıza qədər onlarla
döyüşəcəyik" dedim və Aqilin meyitini də
götürüb yola düzəldik. Bütün çətinlikləri
dəf edərək, Azərbaycan ordusunun nəzarətində
olan sahəyə keçdik. Qalibi xəstəxanaya
çatdırıb, onu xilas edə bildik.
Beləliklə, bizim
son tapşırığımız və bir gecənin faciəsi
Milli Qəhrəman Aqil Məmmədovun ölümü, 1-ci
Qarabağ Müharibəsi əlili olan Qalibin isə
gözünü itirərək dünya
işığından məhrum olması ilə başa
çatdı.
Şahid olduğum bu
hadisə mənə o qədər təsir etmişdi ki, məhz
bu düşüncələr altında keçirdiyim hissləri,
qəhrəmanın son anda dilə gətirdiyi sözləri
poetik formada qələmə aldım.
İntiqam MƏMMƏDOV
Ekspress.-
2012.- 9 fevral.- S. 8.