Bu cinayət cəzasız qalmayacaq...
Xocalıda girov götürülənlərdən 150 nəfərinin
taleyi indiyədək məlum deyil
"İnsanlara
qarşı törədilən vəhşiliklərə,
soyqırımına təqsirkarın və zərərçəkənin
kimliyinə, onun müsəlman, xristian və ya başqa inanc sahibi olduğuna görə
deyil, törədilmiş cinayətə
görə qiymət verilməlidir". Bunu "Azərbaycan" qəzetinə
müsahibəsində hərbi prokuror, ədliyyə
general-leytenantı Xanlar Vəliyev söyləyib.
Onun sözlərinə görə,
orta əsrlər dövrünün kriteriyaları çoxdan
keçib, indi XXI əsrdir. "Çox təəssüf ki,
özünü demokratiyanın beşiyi hesab edən Fransa kimi ölkələrdə
bu təkzibedilməz həqiqətlər
bəzən qəsdən qulaqardına vurulur: "Erməni millətçilərinin və
onların havadarlarının Azərbaycan xalqına
qarşı törədilmiş faciələri, o cümlədən Xocalı
soyqırımını ört-basdır etmək və unutdurmaq, "erməni
soyqırımı"nı qəbul etdirmək üçün beynəlxalq miqyasda
apardıqları təbliğat kampaniyasının
qarşısının alınması sahəsində göstərilən
səylərin artırılması indiki dövrün ən aktual vəzifələrindən
biridir. Bu sahədə
hər bir azərbaycanlının üzərinə
böyük məsuliyyət düşür. Öz
haqlarımızı qətiyyətlə müdafiə etməli,
haqlarımızı pozanları isə cəzalandırmalıyıq.
Bunun mümkünlüyü
haqqında yox, vacibliyi
haqqında düşünməliyik və ardıcıl olaraq bu məqsədlərə
doğru getməliyik! Yolun
uzun və çox
çətin olacağı bizi ruhdan salmamalıdır. Amma
gərəkdir ki, haqlı olmaqla
yanaşı, inandırmağı da bacaraq. Hər kəs nə istədiyimizi və
istədiyimizə nail olmaq
üçün necə
çalışacağımızı aydın
anlamalıdır".
Hərbi prokuror qeyd edib ki,
sübutların toplanmasında və dəyərləndirilməsində
xeyli çətinliklər ola bilər və var: "Amma
problem bunda da deyil! Başqalarını
inandırmağı bacarmaq
lazımdır!" deyən X.Vəliyev Xocalı
soyqırımının 20-ci ildönümü
ilə bağlı prezident İlham Əliyevin xüsusi
sərəncam imzaladığını xatırladıb. Dediyinə görə, sərəncamda faciənin
növbəti ildönümünün qeyd olunması, Xocalı faciəsinin
bütünlüklə dünya ictimaiyyətinə
çatdırılması, dünya
ictimaiyyətində bu faciəyə ədalətli
münasibətin formalaşdırılması, dünya parlamentlərində bu
qətliamın pislənməsi və yaxud
mümkün olan yerlərdə
faciənin soyqırımı kimi
tanıdılması Azərbaycanın xarici
və daxili siyasətinin prioritet
istiqaməti olaraq vurğulanır.
X.Vəliyevə görə,
Xocalı soyqırımının tanıdılması istiqamətində
görülən hər bir tədbirin mühüm əhəmiyyəti
var və bu iş bir daha sistemli və ardıcıl
aparılmalıdır: "Bu, hər kəsin vətəndaş
borcu, insanlıq mövqeyidir! Mən qəti şəkildə
əminəm ki, Xocalı
soyqırımı kimi cinayət cəzasız
qalmayacaq! Xocalı faciəsinin dünyada əsl hüquqi
və siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının
və icraçılarının layiqincə cəzalandırılmasına
nail olunacaq!".
"Xocalı faciəsi zamanı
5379 nəfər deportasiyaya məruz qalıb. 613,
o cümlədən 63 nəfər
azyaşlı uşaq, 106 nəfər
qadın qətlə yetirilib. 8 ailə
bütünlüklə məhv edilib. 1275
nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin,
o cümlədən 68 qadın və 26
uşağın taleyi indiyədək məlum
deyil". Bunu isə
Hərbi Prokurorluğunun Ağır cinayətlərə
dair işlər üzrə istintaq idarəsinin şöbə rəisi Mehman Poladov dünən keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə,
bu iş üzrə 3000 nəfər şahid və zərərçəkmiş
şəxs qismində dindirilib. 800-dən artıq ekspertiza keçirilib. Nəticədə 39 nəfərin (onlardan
18-i keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı
alayının hərbi qulluqçuları, 8-i Xankəndi və
Əskəran Daxili İşlər
Şöbəsinin əməkdaşlarıdır) Xocalı qətliamında
iştirakı tam sübuta
yetirilib. Onlar
axtarışdadırlar.
Ekspertizalarla müəyyən
edilib ki, Xocalının məhv və talan edilməsi nəticəsində
Azərbaycan dövlətinə və vətəndaşlarına
140 milyon manatdan artıq ziyan vurulub. İş üzrə istintaq
tədbirləri davam etdirilir.
Xocalı soyqırımının
20-ci ildönümü ilə bağlı Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
dəyirmi masa keçirilib. YAP-ın icra
katibi Əli Əhmədovun sözlərinə
görə, Xocalıda törədilən qanlı hərbi
cinayət 20-ci yüzilliyin
sonlarının ən dəhşətli soyqırım
aktı oub. "Biz
cinayət törədən şəxslərin məsuliyyətə
cəlb olunması istiqamətində hansı işləri
görə biləcəyimizi düşünməliyik, bu hadisənin dünya
ictimaiyyətinə çatdırılması yollarını
axtarmalıyıq".
Ə.Əhmədov qeyd edib ki,
Pakistan və Meksika parlamentləri Xocalı faciəsinə
soyqırım aktı kimi qiymət verib. "Dünyada bu
soyqırıma etinasızlıq bizi ruhdan salmamalıdır. Əgər iki ölkə bunu
tanıyıbsa, deməli, bu istiqamətdə
səylərimizi gücləndirməliyik. Biz məhz Xocalı
soyqırımının dünyada necə
tanıtdırılması istiqamətində müzakirələrə
üstünlük verməliyik" deyən
Ə.Əhmədov fevralın 26-sı Türkiyədə faciənin
20-ci ildönümünə həsr olunan
yürüşün keçirilməsinin
Xocalı faciəsinin dünyaya tanıdılması
istiqamətində əhəmiyyətli addım olacağını
bildirib.
Xocalı Şəhər İcra
Hakimiyyətinin başçısı Şahmar Usubovun
sözlərinə görə, bu faciə erməni vəhşiliyinin
kulminasiya nöqtəsi olub. "Dinc
sakinlər qətlə yetirilib, onların
müxtəlif əzaları kəsilib. Xocalı faciəsi erməni
xislətinin güzgüsüdür".
Xocalının sağ qalan sakinlərinin
hazırkı durumundan da danışan Usubov bildirib ki,
xocalılılar hazırda ölkənin bir çox ərazisində
yaşayış yerləri ilə təmin olunub, onlar
üçün bütün sosial infrastrukturu olan
yaşayış massivləri salınıb.
Milli Məclisin şöbə
müdiri Nizami Səfərovun sözlərinə görə,
Xocalı soyqırımı ilə bağlı yeni beynəlxalq
məhkəmənin təsis olunması nəzəri cəhətdən
mümkündür. "Bundan ötrü BMT Təhlükəsizlik
Şurasının qərarı olmalıdır".
Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıç bildirib ki, 1992-ci il 26 fevral
tarixi dünya üçün qara bir gündür. "Dünyanın
gözü qarşısında
Xocalıda qətliamlar törədilib".
Tədbirdə H.Kılıç
Xocalı soyqırımı qurbanlarının
doğmalarına başsağlığı verib. "Azərbaycanın
acısı bizim acımızdır".
Bu arada Xocalı sakinlərinin bir
qrupu dünən İstanbulda faciənin 20-ci
ildönümü ilə bağlı mətbuat konfransı
keçiriblər. Xocalı sakinləri Türkiyənin hər
zaman Xocalı soyqırımı ilə bağlı Azərbaycana
dəstək verdiyini, həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında yardımçı olduğunu
vurğulayaraq, "indi əsas istəyimiz budur ki, Türkiyə
Böyük Millət Məclisi Xocalı faciəsini
soyqırımı kimi tanısın", - deyə bildiriblər.
Xocalılılar Qarabağ
probleminin sülh yolu ilə həlli ilə məşğul
olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini də tənqid
ediblər. Onlar Minsk Qrupundan Ermənistana
"işğalçı dövlət" deməyi,
Xocalı hadisələrini soyqırımı kimi qəbul etməyi
tələb etdiklərini vurğulayıblar.
BMT Təhlükəsizlik
Şurasının işğal olunmuş Azərbaycan
torpaqları ilə əlaqədar 4 qətnaməsinin
olduğunu, lakin bunların sadəcə, kağız
parçası olaraq qaldığını qeyd edən
iştirakçılar mətbuat konfransında BMT-yə
ünvanlanan tələblər də səsləndiriblər.
Azərbaycanın müsəlman,
xristian və yəhudi dini icmalarının liderləri də
faciənin növbəti ildönümü ilə əlaqədar
birgə müraciətlə çıxış ediblər
(APA). Müraciətdə
bildirilir ki, dünyada ümumbəşəri mənəvi
dəyərləri inkar edən,
zorakılıq, qətl və təcavüz kimi
anti-humanist fəaliyyətlərə və
qanlı cinayətlərə bəraət qazandıran millət
və din ola bilməz:
"1992-ci il fevralın 26-da
Xocalının 613 dinc, silahsız sakini qətlə yetirilib,
1275 adam əsir götürülüb.
Lakin indiyə qədər Xocalı faciəsi
hələ də beynəlxalq səviyyədə tam şəkildə pislənməyib və günahkarlar layiqli cəzalarını
almayıblar".
Müraciətə QMİ sədri,
şeyxülislam Allahşükür Paşazadə, Rus
Pravoslav Kilsəsinin Azərbaycan və Bakı
Yeparxiyasının yepiskopu Aleksandr və Roma Katolik Kilsəsinin
Azərbaycandakı ordinarisi Vladimir Fekete imza atıblar.
Aynurə
MƏMMƏDOVA
Ekspress.- 2012.- 23 fevral.-S.13.