Vətəndaş
cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının
rolu
Müasir
dövrümüzdə ictimai həyatın
demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının
qorunması, cəmiyyətdə harmonik və
sabit inkişafın təmini, hüquqi dövlət quruculuğunun
əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyətinin
inkişafı, dəstəklənməsi cəmiyyətin
əsas hədəf və vəzifələrindən biri kimi
çıxış edir. Vətəndaş
cəmiyyəti dedikdə hər hansı bir
cəmiyyətin formalaşmasında, fəaliyyətində vətəndaşların
fəal rol oynadığı, öz imkanlarını gerçəkləşdirə
bildiyi bir cəmiyyət
başa düşülür.
Belə cəmiyyətdə sərbəst, azad insanlar könüllülük
əsasında yaranmış birliklər, assosiasiyalar
- müxtəlif tipli ictimai
təşkilatlar dövlətin birbaşa
müdaxiləsi olmadan, cəmiyyətin tələblərinə,
qayğılarına uyğun olaraq fəaliyyət göstərirlər.
Mürəkkəb daxili struktura malik
olan vətəndaş cəmiyyətində dövlətə
xas olan şaquli iyerarxik əlaqələrin əvəzində
üfüqi əlaqələr mütləq çoxluq təşkil
edir. Üfüqi
əlaqələr də öz növbəsində
cəmiyyətin mövcudluğunun təmininə
xidmət edən münasibətlərə əsaslanır ki, bunlar da
ilk olaraq, iqtisadi münasibətlərdir. Bundan başqa, sosial, mədəni, mənəvi və əlbəttə
ki, ictimai-siyasi
münasibətləri də qeyd etmək
yerinə düşər. Bu gün ölkəmizdə qeyd
edilən bütün bu
münasibətlər sahəsində ictimai
təşkilatlar fəaliyyət göstərirlər. Bununla da vətəndaşlar
bu kimi təşkilatlar
yaradaraq və ya fəaliyyət
göstərənlərə qoşularaq öz maraqları və azadlıqlarını
təmin etməyə çalışırlar. Bu isə artıq Azərbaycanda vətəndaş
cəmiyyətinin formalaşdığını, onun inkişaf prosesinin getdiyinin göstəricisidir.
Azərbaycan QHT-ləri artıq
öz mövcudluğu ilə ölkədə vətəndaş
cəmiyyətinin inkişafına öz töhfəsini verirlər.
Ölkə
QHT-lərinin bu günə gəlib
çatması yolu heç
də həmişə hamar olmayıb. III
sektor inkişafı dövründə
müxtəlif çətinliklərlə üzləşsə
də, nəhayətdə cəmiyyətdə özlərini
təsdiqləyə biliblər. Artıq demək olar ki, bu
gün vətəndaş cəmiyyəti
institutları ölkədə tərəqqi proseslərinin, novatorluğun modernləşmə təşəbbüslərinin
lokomotivi kimi qəbul
edilirlər. Artıq vətəndaş cəmiyyəti
institutlarının özləri cəmiyyəti irəli aparmaq potensialına malikdirlər.
Bu gün Azərbaycanda ümumilikdə
3000-dən çox QHT dövlət qeydiyyatından keçib.
Qeydiyyata
alınmayan, amma bununla
belə III sektorda öz
fəaliyyəti ilə seçilən müxtəlif sahələr
üzrə ixtisaslaşmış yüzlərlə QHT də
mövcuddur. Ölkədəki mövcud QHT-lərin sayını nəzərə
alsaq, orta hesabla hər 3000 vətəndaşa təxminən
bir QHT düşdüyünü qeyd etmək olar. Kəmiyyət
prizmasından yanaşsaq, bu,
Azərbaycan kimi müstəqillik yoluna təzə qədəm qoymuş
ölkələr üçün heç də pis göstərici
deyil.
Bu gün cəmiyyətin özündə də
QHT-lərə inam artıb. Belə ki, vətəndaş cəmiyyəti
ideyaları, bu institutların fəaliyyəti,
hədəfləri artıq cəmiyyət tərəfindən
daha aydın şəkildə
qavranılmağa başlayıb.
Ölkədə III sektorun
inkişaf perspektivlərindən biri onların sosial problemlərin
həllində dövlətin və özəl sektorun əsas
tərəfdaşına çevrilməsidir ki, bununla
bağlı ilkin təşəbbüslər artıq edilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının sifarişi
ilə "Sosial sifariş
haqqında" qanun layihəsi
hazırlanır. Ekspertlər hesab edirlər
ki, bu qanun
layihəsinin hazırlanması və qəbulu sosial
problemlərin həllində QHT-lər üçün
yeni imkanlar açacaq. Sosial problemlərin
həllində dövlət siyasətində yeni
praktika tətbiq ediləcək. Bu isə QHT-lərin cəmiyyətdəki rolunu daha da
artıracaq.
Konstitusiya Araşdırmaları
Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, bu gün
vətəndaş cəmiyyəti institutları cəmiyyətin
aparıcı qüvvələri tərəfindən
inkişaf proseslərinə əhəmiyyətli töhfə
verəcək, öz missiyası, idealları, dəyərləri
olan təsisatlar kimi qəbul olunmağa başlayıblar. Bunu hazırda vətəndaş
cəmiyyətinin ən böyük uğuru kimi dəyərləndirən
Ə.Nuriyev, bununla belə
vətəndaş cəmiyyəti institutlarına ictimai etimadın arzuolunan
səviyyədə olmadığını da
bildirir. Dediyinə görə,
vətəndaşların böyük əksəriyyəti
vətəndaş cəmiyyəti, III sektor,
onların fəaliyyəti və cəmiyyətin
inkişafına verə biləcəyi töhfələr barədə
kifayət qədər məlumatlı deyillər. "Hətta,
bir çox hallarda vətəndaş cəmiyyəti
institutlarının fəaliyyəti onlarda
neqativ assosasiyalar doğurur. Yeni inkişaf mərhələsində
ilk vəzifələrdən biri də bu problemin həlli üçün
səylərin artırılmasıdır" deyən həmsöhbətimə
görə, vətəndaş cəmiyyəti institutları bütün mümkün
vasitələrlə ictimiyyətlə əlaqələrini
genişləndirməli, daha
açıq olmalı, öz fəaliyyətində
şəffaflıq prinsiplərinə son
dərəcə həssaslıqla yanaşmalıdırlar. III
sektor nümayəndələri özləri,
missiyaları, dəyərləri, fəaliyyətləri
haqqında daha çox
danışmalı, müzakirələr açmalı, məlumat
verməlidirlər.
Müsbət irəliləyişlərə
baxmayaraq, bəzi QHT-lərin fəaliyyətində şəffaflıq,
öz üzvləri və dövlət orqanları
qarşısında hesabatlılıqla bağlı problemlər
hələ də qalır ki, bu da cəmiyyətdə müəyyən
suallar doğurur. Ə.Nuriyevin fikrincə, bu sualların
cavablandırılması, şübhələrin ortadan
götürülməsi və ən əsası illərlə
şüurlarda kök salmış neqativ stereotiplərin dəyişilməsi
üçün vətəndaş cəmiyyəti
institutlarının özləri təşəbbüskar
olmalı və ümumilikdə III sektorun inkişafı ilə
bağlı məsuliyyətlərini dərk etməlidirlər.
İqtisadi Təşəbbüslərə
Yardım İctimai Birliyinin eksperti Samir Əliyev QHT-lərin
eyni zamanda problemlərin aktuallaşdırılmasında,
ictimai müzakirələrinin təşkilində, siyasi
debatların aparılmasında əvəzsiz rol
oynadığını deyərək, bu müzakirələrin
demək olar ki, vətəndaş cəmiyyətinin
bütün üzvlərinin iştirakı ilə
keçirildiyini bildirir. Onun sözlərinə
görə, vətəndaş cəmiyyətinin digər
funksiyası maarifləndirmə tədbirlərinin
görülməsidir. "Maarifləndirmə işlərinin
tərkib hissəsi kimi QHT-lər müxtəlif
bukletlər, bülletenlər, nəşrlər buraxırlar. Bütün bunlar QHT-lərin
vətəndaş cəmiyyətinin nüvəsini təşkil
etməsinin göstəricisidir".
S.Əliyevə görə, idarəetmənin
bütün mərhələsində QHT-lərin məhsullarından
istifadə olunur. Belə
ki, siyasi partiyalar öz
platformalarında, bəyanatlarında, müraciətlərində
ictimai təşkilatların
qaldırdığı problemləri qabardırlar. Mətbuat öz səhifələrində ictimai təşkilatların
araşdırmalarına istinad edir, problemin kəskinliyini
və onun aradan
qaldırılma yollarını işıqlandırırlar.
Dövlət qurumları öz fəaliyyətlərində
çatışmazlıqları müəyyən edirlər.
Beynəlxalq təşkilatlar isə ölkədə
mövcud olan siyasi və iqtisadi proseslər
barədə alternativ informasiya
mənbəyinə malik olurlar.
Əhali və onların ayrı-ayrı təbəqələri
QHT-lərin təşkil etdikləri maarifləndirmə və
təbliğat tədbirlərindən yararlanaraq
öz biliklərini artırırlar.
"Göründüyü kimi, QHT-lər bir tərəfdən
vətəndaş cəmiyyətinin beyin
mərkəzi rolunda çıxış
edir, digər tərəfdən dövlət
qurumlarının qərarlarının cəmiyyətə təsirini
müayinə edir".
Milli Məclisin üzvü Zahid
Oruc müasir cəmiyyətimizdə QHT-lərin mühüm
rol oynadığını deyərək, onların həyatın
müxtəlif sferalarında yer tutduqlarını bildirir. Dediyinə
görə, III sektor hazırda dövlətlə
müxtəlif sahələr arasında əməkdaşlıq
formatında işləyə bilirlər. "Cəmiyyəti
QHT-lərsiz təsəvvür etmək olmaz"
deyən deputatın fikrincə, onlar bir növ dövlət
üzərində arbitr rolunu
oynayırlar və Azərbaycan hakimiyyəti də QHT-lərin
cəmiyyət üçün vacibliyini nəzərə alaraq,
onların inkişafı üçün
hər bir şəraiti yaradır.
Azərbaycanda III sektorun artıq
formalaşdığını deyən həmsöhbətimizə
görə, bununla belə, onların qarşıda görəcəkləri
işlər hələ çoxdur. Eyni zamanda onun sözlərinə
görə, vətəndaş cəmiyyəti
institutlarının potensialının artırılması üçün də müəyyən
işlər görülməlidir. "Onları dövlət
həyatına cəlb etmək üçün
ödəmələrdən azad etmək,
bununla da bu sferaya sahibkarların
yardımını almaq olar.
Bu da sonda
istənilən məsələnin mərkəzləşmiş
hakimiyyət qərarı ilə yox, vətəndaş
cəmiyyətinin mövqeyi ilə həllini
tapması deməkdir. Bu, həm də xalq hakimiyyətin ən optimal
modelidir və insanlar özü özünün
idarəçiliyində iştirak edərək,
bu vasitəylə demokratiyanın güclənməsinə
də tövhə verə bilərlər".
"Tərəqqi və
Demokratiya" İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu
da vətəndaş cəmiyyətinin formalaşmasında
QHT-lərin əvəzsiz rol oynadığı qənaətindədir.
Onun sözlərinə
görə, hər bir QHT ölkə vətəndaşını
ictimai fəaliyyətə hazırlayan mühüm bir qurum, ciddi bir
məktəbdir. "QHT-lər xüsusilə gənclərin,
öz imkanlarını gerçəkləşdirməkdə
çətinlik çəkən hər bir
şəxsin fəallaşmasında, potensialının üzə
çıxmasında da əvəzsiz rol oynaya bilər. Ona görə də, ölkəmizdə QHT-lərin
formalaşması, təcrübə qazanması həmin bu məktəbin səviyyəsinin yüksəlməsinə
yardım edir".
Ümumiyyətlə, Qəşəmoğlu
hesab edir ki, bizə yalnız vətəndaşların rolunun,
fəallığının artdığı cəmiyyət
yox, ölkəmizin tərəqqisinə kömək edə
bilən vətəndaş cəmiyyəti lazımdır. Dediyinə
görə, belə vətəndaş cəmiyyətini quran insanlar, ictimai təşkilatlar isə vətənpərvər,
yüksək mənəviyyatlı olmalıdır. "Bu səbəbdən də indi
bizim QHT-lərin qarşısında olduqca məsul və müqqəddəs bir iş dayanır; müasir dünyanın tələblərinə
cavab verən, eyni zamanda ölkənin tərəqqisində mühüm rol oynayan vətəndaş cəmiyyətinin
qurulması işində məqsədyönlü fəaliyyət
göstərmək. Təbii ki, bu sahədə bütün
məsuliyyəti QHT- lərin üzərinə qoymaq olmaz. Bu
məsələdə həm ziyalıların, həm dövlətin,
həm də müxtəlif iş
adamlarının, biznes qurumlarının,
donorların öhdəsinə çox iş düşür".
Sonda ümumiləşdirərək,
onu deyə bilərik ki, vətəndaş cəmiyyəti
ideyasının daha geniş yayılması, onların
potensialının artırılması, III sektorun
inkişafına mane olan problemlərin həlli QHT-lərin yeni
inkişaf mərhələsi ilə bağlı gözləntilərin
daha aydın ifadə olunmasında yardımçı olacaq.
Qalib İBRAHİMOĞLU
Ekspress.- 2012.- 23 fevral.- S. 5.