Qanlı fevral

 

   Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinə başlamasından 24 il ötdü. Düz 24 il. Azərbaycanlı əhaliyə məxsus maşınların, evlərin daşlanıb yandırılmasından, tək-tək adamların döyülüb öldürülməsindən başladı. Sonralar hər gün kütləvi ölüm-itimlər, böyük dağıntı, fəlakət və soyqırımlarla dolu MÜDHİŞ 24 İL...

   Məlumdur ki, Yuxarı Qarabağla bahəm, Azərbaycanın əlavə olaraq 7 rayonu da işğal ediləndən sonra ermənilərlə üzdəniraq atəşkəs barədə saziş imzalandı. Lakin buna baxmayaraq, mərhum şarimiz Xəlil Rzanın təbirincə desək, Ermənistanın 24 il əvvəl başladığı müharibə bu gün də şiddətlə davam etdirilir, yenə də ellərə, obalara şəhid tabutları gətirilir. Soydaşlarımız, məktəb yaşlı uşaqlarımız öz həyətlərində erməni yaraqlılarının açdıqları atəşlərin qurbanlarına çevrilirlər. Deməli, müharibə bitməyib, hələ davam edir.

   Ancaq bilmirəm bu adi bir təsadüf, yoxsa hansısa bir qanunauyğunsuzluqdur ki, 1988-ci ilin fevralında başlayan münaqişədə sonralar baş verən bir sıra qanlı qırğınlar, soyqırımlar əsasən fevral aylarında törədilib.

   Bəli, 1988-ci ilin 13 fevralında Yuxarı Qarabağda ermənilərin anti-Azərbaycan xarakterli plakat və şüarlarla "Miatsum" deyə-deyə Xankəndinin mərkəzi meydanına axışdığı gündən artıq 24 il keçdi. Başqa cür desək, minlərlə soydaşımızın həyatına son qoyan, Azərbaycan xalqına sonsuz fəlakətlər gətirən Ermənistan-Azərbaycan müharibəsi indi ömrünün üçüncü on illiyini yaşayır. Bu müharibədə kifayət qədər ağrı-acıları, böyük itkiləri olan bir qarabağlı kimi bu gün də o fikirdəyəm ki, respublikanın ovaxtkı rəhbərləri Yuxarı Qarabağı Azərbaycandan qopartmaq istəyən erməni şovinistlərinə qarşı çox astagəllik göstərirdi. Onlara qarşı təsirli tədbirlər görmək əvəzinə respublikanın təbliğat vasitələri o vaxt ermənilərə "ağıl-kamal" dərsi keçməyə başladı. Üzdəniraq erməni Qarabağ hərəkatı liderlərinə də elə bu lazım idi. Respublika rəhbərliyinin milli "təəssübkeşliyi"ni sınaqdan keçirən ermənilərin torpaqlarımızın bütövlüyünə qarşı azğın hərəkətləri daha da şiddətləndi. Yenicə közərməyə başlayan münaqişə ocağının vaxtında söndürülməsi üçün respublikanın hüquq-mühafizə orqanlarının görməli olduqları işi öyrədilərək ekranlara çıxarılıb əqidəsi, məsləyi doğru-dürüst məlum olmayan bəzi ziyalılar, pensiyaçılar, hətta erməni zurnaçıları yerinə yetirməli olurdu. Millətə saatlarla "erməni-azərbaycan dostluğunun sarsılmaz"lığı mövzusunda dəbdən düşmüş bayatılar oxuyurdular. Lakin azərbaycan vətənpərvərlərinin bu məsələyə reaksiyası çox kəskin idi. Xalq nəinki Yuxarı Qarabağın, heç Azərbaycanın bircə qarış torpağının da ermənilərə aidiyyəti olmadığını kəskin şəkildə bəyan edirdi.

   Elə ilk günlərdən ermənilər özlərini Yuxarı Qarabağda hakimi -ixtiyar kimi aparır və orada yaşayan azərbaycanlıları daşqalaq edirdilər. Ermənilərin artıq hədlərini aşdıqlarını görən yüzlərlə azərbaycanlı vətənpərvər 1988-ci ilin 22 fevralında Xankəndiyə dinc yürüş etdilər. Lakin bu gün olduğu kimi, o zaman da, ermənilərin mühafizəsində "ayıq-sayıq" dayanan rus qoşunları Əsgəranın 5-10 addımlığında azərbaycanlı vətənpərvərlərin yolunu kəsib onların dinc yürüşünü dayandırdılar. İlk dəfə olaraq yüzlərlə erməninin gözü qarşısında azərbaycanlı vətənpərvərlər Yuxarı Qarabağın ərazisinə -öz doğma torpaqlarına buraxılmadılar. Təbii ki, bu, erməni millətçilərinin ürəyincə oldu və gələcək iğtişaşlar üçün onlara yaxşı stimul verdi. Onlar qarşısı kəsilmiş, əliyalın yürüş iştirakçılarına atəş açaraq Azərbaycanın torpaq təəssüblü iki qeyrətli oğlunun -16 yaşlı Bəxtiyar və 24 yaşlı Əlinin vətən eşqi ilə döyünən ürəyini susdurdular. Təbii ki, rus əsgərləri ermənilərin bir nəfərinin də burnunun qanamasına imkan vermədilər.

   Beləliklə, 22 fevral günü Azərbycan tarixinə qara bir gün kimi yazıldı. Əli ilə Bəxtiyar Azərbaycanın bütövlüyü uğrunda canından keçən ilk şəhidlər olsalar da, təəssüf ki, axırıncı şəhidlər olmadılar. Sən demə, xalqımız qarşıdakı aylarda, illərdə ən çoxu da fevral aylarında hələ neçə-neçə ağır itkilər, çoxsaylı şəhidlər verəcəkmiş...

   Qarabağda vətən torpağı uğrunda tökülən bu nahaq qan sanki Azərbaycan xalqının ümummilli oyanışına təkan verdi.

   Ermənilərsə alçaq niyyətlərinə çatmaq üçün hər cür alçaqlıqlara baş vururdular. Bu işdə onlar nəinki Yuxarı Qarabağda, hətta Ermənistanın paytaxtında da arvadlarını, qızlarını rus hərbçilərə peşkəş edirdilər ki, qoy onlar Yuxarı Qarabağa sahib olmaqda ermənilərə axıra kimi yardımçı olsunlar.

   Tarix boyu üzləşdiyi bütün çətinliklərdə yalnız öz mərdlik və şücaətinə, bir də Ulu Tanrısına güvənən Azərbaycanın qeyrətli ər oğulları "gəmidə oturub gəmiçi ilə dava eləyən", xalqımızın əbədi düşmənlərini o gəmidən vaxtında bayıra atmaq üçün hamılıqla ayağa qalxsa da, respublikanın başçıları bu işdə həmişə onlar üçün buxova çevrilirdilər. Ən çətin anlarda da sivişib aradan çıxırdılar. Düşmən isə belə vəziyyətdən yaxşıca bəhrələnirdi. Yalnız Azərbaycanın vətən təəssüblü qeyrətli oğlanlarının mütəşəkkil birliyi nəticəsində erməni-rus silahlı birləşmələrinin quldur yuvalarına çevrilmiş Naxçıvanik, Ağbulaq, Xoramort, Fərrux, Qazançı, Canyataq, Gülyataq, Mehmanə, Ağdərə, Margüşavan və digər yaşayış sahələri quldurlardan təmizləndi. Lakin təəssüflər ki, aramızda hansısa vəzifəyə çatmaq üçün yeri gələndə arxadan zərbə vurmağı, qələbəyə aparan yolda dərin quyu qazmağı bacaran naqislər də yox deyildi. Qarşısına Yuxarı Qarabağı işğal etmək məqsədini qoyan ermənilərin dünyanın bəzi böyük dövlətləri ilə əlaqə qurmaları, oradakı erməni lobbilərindən yaxşıca bəhrələnib müharibə üçün hər cür maddi baza hazırlamaları o vaxt çoxlarına məlum idi. Ermənistandan fərqli olaraq Azərbaycanın dövlət başçılarının bu istiqamətdə gördükləri iş qənaətbəxş deyildi. Mütəşəkkil şəkildə silahlanmış ermənilərdən fərqli olaraq azərbaycanlılar yaşayan kəndlərin taleyi bir neçə polis işçisinə və ya yerli özünümüdafiə dəstələrinin üzvlərinə etibar edilmişdi. Onların da silah-sursat təchizatı yarıtmaz vəziyyətdə idi. Bir dəfə Quşçulardan olan bir idman müəllimini kəndin camaatı lazımi kömək üçün Bakıya Ayaz Mütəllibovun yanına göndərmişdilər. O müəllimi rayon mərkəzindən aeroporta şəxsi maşınımda mən aparası oldum. Quşçuların müdafiəçilərindən olan müəllim diplomat boyda yeşiyi göstərib dedi ki, prezidentin Quşçular camaatına göstərdiyi köməklik bundan ibarət oldu. Bununla da kəndin müdafiəsinə bir-iki gün dayanmaq olar? Təəssüf ki, o vaxtlar bütünlüklə blokada vəziyyətində qalan Malıbəyli, Cəmilli, Umudlu, Narışlar, İmarət, Qərvənd, Xocavənd, Qaradağlı və s. yaşayış məntəqələrində vəziyyət bundan yaxşı deyildi. O yerlərin sakinləri bütünlüklə erməni-rus silahlı birləşmələrinin yüzfaizli girovuna çevrilmişdilər. O kəndlərdə gündə bir neçə adamı məhv edən erməni yaraqlıları adamları ölüm vahiməsi altında saxlayaraq onlara hələ sağkən mənəvi cəza verirdilər. Belə demək olar ki, Azərbaycan dövlətinin qorumalı, müdafiə etməli olduğu o insanların taleyi, əslində, erməni qaniçənlərinin "mərhəmətinə" buraxılmışdı. Qarabağda sanki ətrafa hər an ölüm qoxusu yayılırdı. Ətraf ərazilərdə yaşayan insanlar o kəndlərdən qızğın xəbəri gözləyirdilər. Vəziyyətlə yaxından tanış olanlar yaxşı bilirdilər ki, belə bir hadisənin baş verəcəyi labüddür. Hadisələrin mövcud cərəyanı, respublika rəhbərliyinin bu yönümdəki biganəliyi yalnız bunu vəd edirdi...

   Bütün bəndi-bərəsi keçilməz dağlıq-qayalıq olan və aylardan bəri blokada şəraitində, atəş altında yaşayan o kəndlərin ikisinin başının üstünü axır ki, ölüm kabusu aldı.

   1992-ci ilin 11 fevralında qaranlıq düşən kimi düşmən yaraqlıları Quşçular və Malıbəyli kəndlərinə doluşub əliyalın köməksiz insanları vəhşiliklə qanlarına qəltan etdilər. Hər iki kənddən 50-yə yaxın adam amansızlıqla qətlə yetirildi. Gecənin qaranlığında qarlı-şaxtalı havada ayağı yer tutub Ağdam tərəfə pənah aparanların bir neçəsi qayadan uçub həlak oldu. Qaça bilməyən onlarla qocanı, qadını, körpəni elə yerindəcə güllələdilər. O qanlı gecədə Azərbaycan daha iki qədim yaşayış məskəni ilə vidalaşdı. Qarlı-şaxtalı o fevral gecəsində sıldırım qayalara dırmaşa-dırmaşa minbir vəziyyətlə gəlib Ağdama çıxan Malıbəyli və Quşçular camaatı bir-iki gün şəhərin mərkəzi meydanında dolaşıb göz yaşı tökdükdən sonra bizlərin tövsiyəsi ilə əldə edilmiş avtoubslara yığışıb Bakıya -Prezident Aparatına gəldilər. Cəmisi bir neçə gündən sonra fəlakətə düçar olan o adamlardan bir neçəsi televiziya ekranlarında göründü. Görünür, hansı şeytansa yağlı dilini işə salaraq "xəmiri sıyıq" millətin kündəsini yapmışdı.

   Təlimatlandırılıb ekrana çıxarılanlanlar hökumətin onlara çox yüksək "qayğı" göstərdiyini, sanatoriya binasında yerlə təmin edildiklərini bildirdilər. Hətta bir-iki nəfər yaşlı adam (birisi qadın idi) Allahdan arzu edirdi ki, "ömürlərindən kəsib prezidentin ömrünə calasın". Bununla da sanki Azərbaycanın Malıbəyli və Quşçular ağrısına "əsas tapıldı". Ermənistanın Azərbaycanda törətdiyi növbəti qırğın barədə isə nəinki beynəlxalq səviyyədə, heç respublikanın özündə də faciəni törədənlərin ünvanına təsirli bir söz deyilmədi.

   Təcavüzkarlıq planlarını maneəsiz olaraq həyata keçirən Ermənistanın silahlı birləşmələri, görünür, tökdükləri qandan, əldə etdikləri qənimətlərdən, yaranmış cəzasızlıq şəraitindən şirniklənərək növbəti qurban kimi bu dəfə Xocavənd rayonunun Qaradağlı kəndini seçdilər. Otuza qədər erməni kəndinin əhatəsində yerləşən və 1200 nəfərdən artıq əhalisi olan Qaradağlı faciəyə qədər 30-dan artıq şəhid versə də, nisbətən yaxşı müdafiə edilir, çətinliklərə baxmayaraq, təsərrüfat işləri ilə də məşğul olurdu. Lakin nə vaxtdan bəri yüzfaizli blokada şəraitində yaşayan Qaradağlının başının üstünü hələ fevralın 15-də kütləvi ölüm təhlükəsi almışdı. Rasiya ilə Ağdamı xəbərdar edib, düşmənin mühasirəni daraltdığını, bir neçə sakinin öldürüldüyünü, həlak olanların dəfninin mümkün olmadığını bildirən, vertolyotla təcili kömək göstərilməsinə çağıran qaradağlıların bütün fəryadları havada eşidilib elə havadan da asılı qalırdı...

   Axır ki, düşmənin silahlı qüvvələri fevralın 17-də kəndin müdafiəçilərinin müqavimətini qıraraq Qaradağlını öz sakinlərinin qanına boyadılar. 120 nəfərdən artıq sakini xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirdilər. Onlardan 84 nəfərinin (əsasən kəndin müdafiəçilərinin) başlarını kəsib kənddəki silos quyusuna doldurdular.

   Təsərrüfatın fermasında məskunlaşmış altı ailəni isə bina qarışıq od vurub yandırdılar. Əksəriyyəti qadın və uşaqlardan ibarət olan 70-ə qədər insanı əsir götürdülər. Düşmənlər od vurub yandırdıqları Qaradağlının külünü həqiqətən göyə sovurdular. Beləcə, 1992-ci ilin 17 fevralında düşmənlər əvvəlkilərdən daha böyük, daha qəddar, daha dəhşətli olan Qaradağlı faciəsini törətdilər. Zənnimcə, bu faciəni soyqırım adlandırmaq daha düzgün olardı. İnsanın damarlarında qanını donduran o faciədən bir-iki gün sonra Azərbaycan tərəfdən hardansa peyda olan bir hərbi vertolyot kəndin üzərində dövrə vuraraq erməni postlarına bir-iki atəş açıb geri döndü.

   Adam bu gün də bu vertalyotu göndərən qansızlara sual vermək istəyir ki, əgər onu göndərmək mümkün idisə, niyə iki gün əvvəl edilməmişdi? Baş açmaq olmur ki, onu eləyənlərin damarlarında doğrudanmı azərbaycanlı qanı axırdı?

   Maraqlıdır ki, ölkə vətəndaşlarının hüquq və təhlükəsizliyinin qarantı olan, respublikanın ərazi bütövlüyünə bilvasitə cavabdehlik daşıyan prezident erməni təcavüzkarlarının törətdiyi bu qanlı qırğını heç olmasa, sözdə pisləyən bir bəyanat da vermədi. Əksinə, elə bil ki, başımıza gətirilən bu qırğınlar kimlərdənsə riyakarlıqla gizlədilirdi. Təsirli tədbirlər görüb itirilən torpaqların geri qaytarılmasını təmin etməli olan hakimiyyət dairələrinin fəaliyyətində anlaşılmaz bir süstlük, astgəllik hökm sürürdü.

   Təbii ki, belə vəziyyət ölkənin daxilində hakimyyətə can atan bəzi qüvvələrə də, bütövlükdə Qarabağa sahib olmaq istəyən erməni təcavüzkarlarına da sərf edirdi. Odur ki, nə Azərbaycan, nə də beynəlxlaq aləm tərəfindən törətdiklərinə lazımi qiymət verilmədiyini görən ermənilər çoxdan bəri "haqq-hesab" çəkmək istədikləri və həmin dövrdə böyük strateji əhəmiyyət kəsb edən Xocalı ilə hesabı çürütmək qərarına gəldilər. Xocalılılar 1988-ci ilin fevralından ta 1992-ci ilin fevralına kimi düşmən qarşısında böyük mətanət göstərərək ermənilərə dəfələrlə yaxşı qulaqburması vermişdilər. Hətta iş o yerə çatmışdı ki, Xankəndidəki ermənilərlə Əsgəran və Ağdərədəki ermənilər maneəsiz gediş-gəliş üçün özlərinə başqa bir yol seçmişdilər. Amma təəssüflər ki, Xocalı boyda şəhər aylardan bəri tamamilə blokada vəziyyətinə düşmüşdü. Əhalinin ərzaqı, yanacağı, döyüş sursatı tamamilə tükənmişdi. Şəhər dörd tərəfdən hər gün atəşə tutulurdu. Lakin düşmən qüvvələri Xocalı üzərinə həlledici hücuma keçməyə hələ cəsarət etmirdi. Ara-sıra Xocalıya uçan vertolyot əlaqəsi də 92-ci ilin yanvarından sonra kəsilmişdi. Odur ki, şəhərdə durum daha da ağırlaşmışdı.

   Xocalının işğalından bir neçə gün əvvəl mən Ağdamın mərkəzi meydanında gözlənilmədən Xocalı özünümüdafiə dəstəsinin komandiri, mərhum Tofiq Hüseynovla görüşdüm. Onunla söhbət əsnasında məlum oldu ki, bir-iki gün əvvəl gecə vaxtı meşəlik yollarla Ağdama gəlib. Bakıya gedərək lazımi yerlərdən kömək istəyib. Müəyyən vədlər alaraq geri qayıdıb. Onunla ətraflı söhbətdən sonra mənə məlum oldu ki, artıq Xocalının ömrü günlər və ya saatlardan asılıdır, hər an Xocalıya hücum edilə bilər. Tofiq müəyyən adamlardan çox az miqdarda avtomat patronu əldə edib elə həmin gizli yolla Xocalıya qayıtdı. Mənsə Aqil Abbasla əlaqə saxlayıb "Ədalət" qəzetinə telefonla "Xocalı əldən gedir" adlı bir yazı diktə etdim. Həmin yazı qəzetin 13 fevral tarixli sayında dərc edildi. Çox təəssüf ki, bizlərin böyük həyəcan və təlaşla yuxarılara çatdırmaq istədiyimiz bu cür məlumatlar bir kimsəni narahat etmirdi. O yazının dərcindən 12 gün sonra Xocalını gözləyən ölüm təhlükəsi reallığa çevrildi.

   Qaradağlı faciəsindən 9 gün sonra -fevralın 25-də gecə saat 10 radələrində hər cür müasir silahla təchiz edilmiş erməni silahlı qüvvələri Rusiyanın Xankəndidəki 366-cı motoatıcı alayının bütün döyüş vasitələri və canlı qüvvəsi ilə birlikdə Xocalı üzərinə hücuma keçdi. Az vaxtda şəhərə daxil olub ona od vurdular. Uşaq-qoca, qadın demədən qarşılarına çıxan hər bir kəsi o saat amansızlıqla qətlə yetirirdilər. Qaniçənlər elə bil qarşılarına məqsəd qoymuşdular ki, Xocalıdan sağ çıxmaq istəyən bir nəfərə də aman verilməməlidir. Məhz buna görə Naxçıvanik tərəfdə əvvəlcədən xüsusi silahlı qüvvələr cəmləşmişdilər ki, Xocalıdan qaçıb Ağdama tərəf gedən insanların hamısını güllədən keçirsinlər. Quduzlaşmış qaniçənlərin əlindən baş götürüb soyuqda-qarda qaçan biçarə isnanlar böyük təlaşla Ağdama çatmağa can atırdılar. Lakin zavallı insanlar Naxçıvanik yaxınlığında pusquda durub onları gözləyən düşmən qüvvələri ilə üz-üzə gəlirdilər. Avtomatlardan, pulemyotlardan, BTR-lərdən açılan atəşlər o gecə yüzlərlə günahsız və köməksiz insanın həyatına son qoydu. Elə bil ki, o müdhiş gecədə təbiət də xocalıların qəsdinə durmuşdu. Ağır yaralılar, əyniyalın olanların, kiçik yaşlı uşaqların çoxusu soyuqda, şaxtada donaraq sabaha sağ çıxa bilmədilər. O vəhşətli gecədə Qaraqaya yaxınlığında 20-ci əsrə Xocalı soyqırımı adlı bir tarix də yazıldı. 1992-ci ilin 26 fevral səhərini Azərbaycan xalqı Xocalı soyqırımı ilə açdı. O dəhşətli gecədə 650 nəfərə qədər günahsız Xocalı sakini yer üzərində haqsızlığın, sahibsizliyin, erməni vəhşiliyinin günahsız qurbanına çevrildi. 1300-ə qədər soydaşımız vəhşilikdə bütün yırtıcıları geridə buraxan erməni qaniçənlərinin girovuna çevrildi. Bəlkə də bunların hamısından daha dəhşətlisi həmişə qeyrət, namus mücəssəməsi sayılan azərbaycanlı qız-gəlinlərin erməni vəhşiləri tərəfindən əsir götürülməsi oldu...

   Mən o müdhiş 26 fevral günündə səhərdən qaranlıq düşənə kimi Qaraqaya yaxınlığında şahidi olduğum, gördüyüm ürəkparçalayan mənzərləri, fəryadları, ölüm-itimləri bu gün də unuda bilmirəm. Əslində, o soyqırımları, o qanlı faciələri, itirdiyimiz o doğma torpaqları unutmağa heç birimizin haqqı yoxdur. Çünki nə qədər ki, itkilərimizin əvəzi çıxılmayıb, şəhidlərimizin qisası alınmayıb, torpaqlarımız düşmən tapdağından azad edilməyib, düşmən əlindəki silah yəqin ki, bir gün yenə sinəmizə tuşlanacaq. Lap 20 il əvvəl olduğu kimi...

  

 

   Eyvaz ƏLİYEV

 

  Ekspress.- 2012.- 25-27 fevral.- S. 18;20.